Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1154/2022 28.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə, saat 22 radələrində şəxsiyyəti istintaqa məlum olmayan “Rasim” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,370 qram və 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan külli miqdarda narkotik vasitə heroini və 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,125 qram və 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan psixotrop maddə metamfetamini sonuncuya 240 manat pulu “online” qaydada ödəməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımış, 03 fevral 2022-ci il tarixdə, saat 18:30 dəqiqədə ünvan 4 ünvanın qarşısında olarkən Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə gətirilib qeyd edilən inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman göstərilən 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,370 qram və 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan külli miqdarda narkotik vasitə heroin və 1 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,125 qram və 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan psixotrop maddə metamfetamin əynində olan şalvarın sağ yan cibinə yerləşdirdiyi üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan çantanın içərisindən aşkar edilərək ondan götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində göstərdi ki, o, uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir, son zamanlar heroin və metamfetamindən istifadə etmiş, narkotik vasitəni adını bilmədiyi şəxslərdən öz istifadəsi üçün almışdır. Son zamanlar Yasamal ərazisinə çox gedib-gəlməmək üçün narkotik vasitəni 3-4 gün istifadə etmək üçün almışdır. O, narkotiki alandan sonra dostları ilə yığışıb istifadə etmişdir ki, evə rahat gedib çata bilsin. Saxlanıldığı gün narkotiki alıb tək yaşayan dostunun evinin qabağına gəlmiş, evə girmək istəyərkən evin qarşısında “Hyundai Tucson” markalı maşın görmüşdür. Maşından bir cavan oğlan düşüb ona yaxınlaşmış, əlini uzatmış, ona salam verib söz soruşmuşdur. Ona maşına oturmağını demişlər, o, birinci oturmaq istəməmişdir, hay-küy düşməsin deyə məcbur olub maşına oturmuş və onu Polis İdarəsinə gətirmişlər. Onun üzərində 1 qram heroin, 0,2 qram metamfetamin olmuş, onları 40 manata almışdır. Üzərinə şəxsi axtarış keçirilərkən aldıqları üzərindən çıxmışdır. Ona çoxsaylı təzyiq göstərilmiş, onun üzərinə daha artıq çəkiylə narkotik vasitə qoyulmasına razılıq vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təsadüf nəticəsində təxminən 10 il əvvəl narkotik vasitə heroin, daha sonra isə psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. Sonradan isə bədənində olan küt ağrıları müvəqqəti olaraq “sakitləşdirmək” məqsədli ilə mütəmadi olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. O, həmin vasitə və maddəni “çəkməklə” qəbul etmişdir. Belə ki, o, adətən qəbul etdiyi həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində müxtəlif yerlərdə, tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmişdir. O, tutulmamışdan təxminən 2 və ya 3 ay əvvəl istifadəsində olan, hazırda adını və ya hesabını xatırlamadığı “facebook” sosial şəbəkəsi üzərindən tanıdığı, hal-hazırda hesabını və ya sosial şəbəkə istifadəçisi adını xatırlamadığı, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, əslən azərbaycanlılar kimi davranan, deməsinə görə “Rasim” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona özünün narkotik vasitə və psixotrop maddələri satdığını, əgər gərəkərsə onun bank hesabına pul göndərib bu kimi maddələrin yerini ona bildirərək ala biləcəyini qeyd etmişdir. Bunun üçün o, “facebook” sosial şəbəkəsi üzərindən həmin şəxslə əlaqə saxlayıb öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə istədiyini bildirmişdir. Belə ki, o, 02 fevral 2022-ci il tarixdə həmin şəxsin ona göndərdiyi hazırda xatırlamadığı bank kartı hesabına pul göndərməklə ondan təxminən 12-15 qram çəkidə narkotik vasitə heroin və təxminən 1-2 qram çəkidə psixotrop maddə metamfetamin almaq barədə razılaşmışdır. O, hazırda yerini xatırlamadığı “milliön” ödəmə terminalı vasitəsi ilə razılaşdığı 240 manat pulu adını “Rasim” kimi ona bildirən şəxsə göndərmişdir. Bir qədər sonra həmin şəxs ona istədiyi narkotik vasitə və psixotrop maddənin yerini bildirmişdir. O, online xəritə vasitəsi ilə həmin yerin Əhmədli qəsəbəsində yerləşdiyini görüb, hazırda xatırlamadığı ünvana saat təxminən 21-22 radələrində tək olaraq avtobusla getmişdir. Həmin vaxt o, xəritəyə əsasən yaşayış binasının yan tərəfində yerləşən daşın altına qoyulmuş kiçik ölçülü kisə tapmışdır. O, həmin kisənin içərisinə baxaraq orada hərəsinin içərisində iki ədəd büküm olan, ayrı-ayrılıqda 2 ədəd şəffaf rəngli sellofan büküm görmüşdür. Həmin bükümlərdən birinin içərisində (iki büküm olmaqla “kakos”) narkotik vasitə heroin, digərinin içərisində isə (iki büküm olmaqla “patı”) psixotrop maddə metamfetamin olmuşdur. O, həmin vasitə və maddələri götürüb cibinə qoyaraq yaşadığı evə gəlmişdir. Bu zaman o, həmin heroin bükümlərindən birinin içərisində olan maddənin bir hissəni “çəkərək” təklikdə istifadə etmişdir. Yerdə qalan hissəsini isə istifadə etmək məqsədi ilə saxlamışdır. 03 fevral 2022-ci il tarixdə, günortadan sonra o, gəzmək üçün yaşadığı evdən çıxarkən bir gün əvvəl əldə etdiyi qeyd edilən, hər birinin içərisində iki ədəd büküm olan, cəmi iki ədəd bükümü özü ilə götürüb üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan çantanın içərisinə qoyub əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə yerləşdirmişdir. Onun məqsədi həmin vasitə və ya maddələrdən istifadə etmək üçün üzərində saxlamaq olmuşdur. Sonra o, tək olaraq evi tərk edib uşaqlıqda yaşadığı Yasamal rayonu, V.Əliyev küçəsinə gəlmişdir. Bu zaman saat 18:30 radələrində o, tək olaraq həmin küçədə, 186 saylı ünvanın qarşısında dayanarkən ona yaxınlaşan 2 nəfər mülki geyimli şəxs özlərini Yasamal RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. O, həmin şəxslərdən birinin Şahid1, digərinin isə Şahid2 olduğunu bilmişdir. Bu zaman qeyd edilən şəxslər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün onun Yasamal RPİ-yə getməsini təklif etmişlər. O da polis əməkdaşları ilə birlikdə həmin vaxt Yasamal RPİ-yə gəlmişdir. Həmin idarəyə çatdıqda onun şəxsiyyəti müəyyən edilmiş, həmçinin Yasamal RPİ-nin təhqiqatçısı Tural Abdullayev tərəfindən idarənin xidməti otaqlarından birində ona hüquqları izah edilərək aydınlaşdırılmışdır. Həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmiş, hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 22 saylı Vəkil bürosundan vəkil X4 polis idarəsinə gələrək ona təqdim edilmişdir. Həmçinin onun şübhəli şəxs qismində tutulması ilə bağlı müvafiq rəsmiləşdirilmə aparılmışdır. Daha sonra ona üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və o, həmin çəkilişdən imtina etməmişdir. Təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış və götürmədə o, müdafiəçi N.Canıyev və onu polis idarəsinə gətirmiş polis əməkdaşları iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər hansı bir əşyanı, maddəni təqdim etməsi tələb edilmişdir. Bu zaman o, əynindəki göy rəngli idman şalvarının sağ yan cibində olan çantanı çıxarıb içərisində olan 2 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlərdən birinin içərisində iki ədəd olmaqla şəffaf sellofanda qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digər şəffaf rəngli bükümdə isə içərisində iki ədəd büküm olmaqla ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələrin olması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. O, həmin maddələri özünün istifadə edəcəyini polis əməkdaşlarına bildirmişdir (cild 1, iş vərəqi 65-66). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 fevral 2022-ci il tarixdə ona xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat idarənin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra müvafiq əməliyyataxtarış tədbirləri keçirilməsi üçün onun və Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə rəhbərlik tərəfindən əmr imzalanmışdır. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, üzvü isə Şahid2 təyin edilmişdir. Həmçinin tərəfindən 03 fevral 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 03 fevral 2022ci il tarixdə, saat 18:30-da tərəflərindən Yasamal rayonu, V.Əliyev küçəsi 186 ünvanında Təqsirləndirilən şəxs saxlanılaraq ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilməklə, onu özləri ilə birlikdə Yasamal RPİ-nin inzibati binasına gətirmişlər. Bundan sonra raportla idarənin rəisinə məruzə edilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində və paltarlarında, əşyalarında olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi məqsədi ilə müvafiq araşdırmanın aparılması Yasamal RPİ-nin təhqiqatçısı Tural Abdullayevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prossesual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun hüquqlarının dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmçinin həmin prossesual hərəkət qabaqcadan bütün iştirakçılara, o cümlədən Vüqar Qurbanova məlumat verilməklə videoçəkilişlə müşayiət edilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər hansı bir əşyanı, maddəni təqdim etməsi tələb edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibində olan üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan çantanı çıxarıb içərisində olan 2 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlərdən birinin içərisində iki ədəd olmaqla şəffaf sellofanda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, digər şəffaf rəngli bükümdə isə içərisində iki ədəd büküm olmaqla ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri 02 fevral 2022-ci il tarixdə, saat 21-22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində hazırda ünvanını xatırlamadığı yerdən, daşın altından götürərək sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni İran İR-nın vətəndaşı kimi bildiyi, üzdən görmədiyi şəxsdən “online” aldığını, həmin şəxsi heç vaxt görmədiyini bildirmişdir. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən digər heç bir əşya və ya maddə aşkar edilməmişdir. Onun üzərindən götürülmüş qeyd edilən vasitə və maddələr öz bükümlərində təhqiqatçı tərəfindən göstərilən çantanın içərisinə yerləşdirilməklə boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol tərəflərindən tanış olduqdan sonra imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki vasitə və maddələr məhkəmə kimyəvi ekspert tədqiqatından keçirilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 2 ədəd şəffaf sellofana qoyulmuş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,370 qram və 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,125 qram və 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və faktiki yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin Cinayət Axtarış şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 54, mənzil 6-da qeydiyyatda olmaqla faktiki yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə Yasamal rayonu ərazisində əməliyyat tədbirləri keçirilərək cinayət başında yaxalanması və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat tədbirləri həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş əməliyyat tədbirinin keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə daxil olmuş məlumatın yoxlanılması, tədbirin həyata keçirilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrdən saat 18:30 radələrədək “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10-cu bəndini və CPM-nin 445.2-ci maddəsini rəhbər tutaraq Şərifzadə küçəsindən V.Əliyev küçəsi, ev 186 ünvanına kimi xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında güdmə həyata keçirilmiş və nəticədə o, saxlanılmış və ona Yasamal rayon Polis idarəsinə getməsi təklif olunaraq RPİ-nin inzibati binasına dəvət edilmişdir (cild 1, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən yan tərəfləri qara rəngli, orta tərəfi göy rəngli 11,5x8 sm ölçülü, üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan əl çantasının içərisində 2 şəffaf sellofana qoyulmuş hər birində iki ədəd olmaqla, şəffaf sellofanda olan heroinə və metamfetaminə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs şəffaf sellofanda olan iki ədəd maddənin “patı” və digər şəffaf sellofanda olan iki ədəd maddənin “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, bu narkotik maddələri 02 fevral 2022-ci il tarixdə, saat təxminən 21-22 radələrində internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi şəxsdən sifariş ilə onlayn aldığını, həmin narkotik maddələri Əhmədli qəsəbəsindən tanımadığı ünvandan daşın altından götürüb sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. 03 fevral 2022-ci il tarixdə, saat 18:30-da ünvan 7 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər qara rəngli, orta tərəfi göy rəngli 11,5x8 sm ölçülü üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan əl çantasının içərisində olan 2 ədəd şəffaf sellofana qoyulmuş, birində iki ədəd olmaqla qəhvəyi rəngli şəffaf sellofonda, digər iki ədəd ağ rəngli şəffaf sellofanda olan maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (cild 1, iş vərəqi 33-34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/706 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №42” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd əl çantasının içərisində 2 şəffaf sellofana qoyulmuş 2 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 10,370 qram, 1,129 qram, ümumi təmiz çəkisi 11,499 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkisi 1,125 qram, 0,155 qram, ümumi təmiz çəkisi 1,280 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 40-46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli, 5(004)-1352022 nömrəli qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 80). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərində şəxs axtarış və götürmə aparılarkən qeydə alınmış videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin videoyazıya baxış keçirilmiş, baxışla müəyyən edilir ki, Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Tural Abdullayev saxlanılan şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs özünü təqdim edərkən xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olduğunu, subay, orta təhsilli olduğunu, işləmədiyini, əvvəllər məhkum olunduğunu, ünvan 1-də yaşayaraq pasport qeydiyyatında olduğunu və sair anket məlumatlarını bildirir. Daha sonra təhqiqatçı, saxlanılan şəxs X7 nə səbəbə saxlanıldığını bildirərək ona hüquq və vəzifələrini izah edir, sonuncuya üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə və ya psixotrop maddə varsa masanın üzərinə qoyaraq təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq sağ əli ilə əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən üzərində “KalsiMaq D2 vitamin və minerallar kompleksi” yazısı olan kiçik ölçülü çantanı çıxararaq masanın üzərinə qoyur. Həmin çantanın içərisi təhqiqatçı tərəfindən açıldıqda orada hər birinin içərisində iki ədəd büküm olan iki ədəd şəffaf sellofan bükümlər aşkar edilir. Bükümlər nəzərdən keçirilərkən həmin şəffaf rəngli sellofan bükümlərdən birinin içərisində iki ədəd olmaqla şəffaf sellofan bükümlərdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddənin, digər şəffaf rəngli bükümdə isə içərisində iki ədəd şəffaf sellofanda ağ rəngli, kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrdən iki bükümünün içərisindəki maddənin narkotik vasitə heroin (“kakos” kimi tanınan), digər iki bükümün içərisindəki maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilsə də, onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı maddə və ya əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni internet vasitəsi ilə tanış olduğu İran İRnın vətəndaşı kimi özünü ona təqdim edən şəxsdən “online” vasitəsi ilə bir gün əvvəl, saat 21-22 radələrində Bakı şəhəri, Əhmədli qəsəbəsindən alaraq üzərində saxladığını, həmin gün isə saat 18:30-da ünvan 8 ünvanının qarşısında saxlanılaraq Polis idarəsinə gətirildiyini bildirir (cild 1, iş vərəqi 81-82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-5328/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrəyə daxil olub-çıxmış zənglərin və sms mətnlərinin siyahısı, anten dairəsinin ünvanları, həmçinin abunəçilər haqqında məlumatların əks olunduğu CD diski təqdim olunmuşdur (cild 1, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrəyə daxil olub-çıxmış zənglərin və sms mətnlərinin siyahısı, anten dairəsinin ünvanları, həmçinin abunəçilər haqqında məlumatların əks olunduğu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-5328/22 saylı məktubu ilə Yasamal RPİ-yə göndərilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəsi zamanı əldə edilmiş məlumatlar 01 yanvar 2022-ci il tarixdən 02 fevral 2022-ci il tarixə kimi olan müddəti əhatə edir. Belə ki, baxışla müəyyən edilir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə və həmin nömrədən digər nömrələrə 01 yanvar 2022-ci il tarixdən, 02 fevral 2022-ci il tarixə kimi telefon zəngləri və sms yazışmaları edilmişdir. Bundan əlavə baxışla müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixə kimi müxtəlif nömrələrdən sms-lər daxil olmuş və ya göndərilmişdir. Diskdə əksini tapmış məlumatlar, o cümlədən sms mətnlərinin məzmununda iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumatın olması müəyyən edilməmişdir (cild 1, iş vərəqi 105). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat tapşırığına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 091-5141-1222 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin və külli miqdarda narkotik vasitənin hansı mənbədən və ya kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı barədə bir sıra əməliyyat məlumatları əldə edilsə də, sonuncunun məhz kimə və nə vaxt narkotik vasitə və ya psixotrop maddəni satması faktını hələlik müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsinə əsasən onun üzərindən aşkar edilmiş psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə etdiyini göstərdiyi İran İR-nın vətəndaşı “Rasim” adlı şəxsin barəsində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmiş, həmçinin onun həmin ifadəsinin həqiqəti əks etdirib-etdirməməsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1398 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlaməti aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. X5 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 116-118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1881 saylı rəyindən görünür ki, müayinə zamanı X6 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 119-120). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş və özündə videogörüntüləri əks etdirən 1 ədəd DVD disk, üzərindən götürülmüş ümumi təmiz çəkisi 11,499 qram olan narkotik vasitə heroin və 1,280 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 11,399 qram narkotik vasitə heroin və 1,210 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş, 1 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 125-133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət içinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi, “Rasim” adlı şəxsin şəxsiyyətini müəyyən edərək əməlinə hüquqi qiymətin verilməsi, Təqsirləndirilən şəxs bu kimi vasitə və maddələri əvvəllər satması faktlarının araşdırılaraq hüquqi qiymətinin verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqi 135-136). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün narkotik vasitənin yalnız istifadəçisi olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması, üzərində daha az narkotik vasitə aşkar olunması, polislərin təzyiqi nəticəsində daha çox narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların müxtəlifliyi, ayrı-ayrı bükümlərə bükülməsi, habelə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib, üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 2016-cı il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 107-108,109-115). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayətə görə təyin edilmiş cəzadan azad edildiyi vaxtdan iki ildən çox müddət keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 05 fevral 2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25-26, 71-73). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 03 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 11,399 qram təşkil edən narkotik vasitə heroin və ümumi təmiz qalıq çəkisi 1,210 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 11,399 qram təşkil edən narkotik vasitə heroin və ümumi təmiz qalıq çəkisi 1,210 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1154/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1154/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver