Məhkəmə qərarları › İş №1(101)-1154/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1154/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1154/2025 18.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X2, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rafiq oğlu Müdafiəçi “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə üzbəüz yerləşən yaşadığı nömrəsiz evdə tüfeyli həyat tərzi keçirdiyinə görə dayısı Zərərçəkmiş şəxs Rafiq oğlu həmin evə gəlib ona irad tutaraq «cındır» adlandırdığı üçün sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla qəsdən bir zərbə vuraraq Zərərçəkmiş şəxs diafraqmanın zədələnməsi və sol tərəfli hemotraksla müşayət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfüz edən bir ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, habelə sol saidin cızığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə günü dayısı onunla söhbət etmək məqsədilə evə gəlmiş və dayısının yanında uzaq qohum da olmuşdur. O isə zənn etmişdir ki, onu döyəcəklər və qorxaraq özünü qorumaq üçün bu hadisə baş vermişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Bıçağı isə evdə stolun üstündən götürmüşdür. Əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə sayılan marixana qəbul etmişdir və buna görə də realibitasiya mərkəzində müalicə almışdır. O, xx.xx.2024-cü il tarixdə səhər saat 15 radələrində evdə yatdığı zaman dayısı Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, o evdə olduğunu bildirmişdir. Daha sonra Samir ona bildirmiş ki, onların qapısndadır, qapını açsın. O də həyətə düşüb qapını açmış, Samir həyətə daxil olmuş və ardınca Şəhriyar həyətə daxil olmuşdur. Bundan sonra Samir və Şəhriyar onun qaldığı otağa daxil olmuşlar və o də onların ardınca otağa daxil olmuşdur. Daha sonra isə dayısı Samir gecə evə gəlmədiyi üçün ona bildirmişdir ki, «sən cındırsan nə üçün evə gəlmirsən». O də Samirə cavab olaraq «cındır özünsən demişdir». Bundan sonra Samir arxaya baxaraq Şəhriyara işarə etmişdir ki, içəri gəlsin. Bundan sonra Şəhriyar otağa daxil olmuş və Samir ona sinəsindən iki əli ilə geriyə itələmiş və aralarında sözlə mübahisə yaranmışdır. O qorxmuş ki, Samir və Şəhriyar ikisi onu döyəcəklər deyə həmin vaxt o, kravatının yanında balaca şkafın üstündə olan meyvə doğramaq üçün qoyduğu mətbəx bıçağını sağ əlinə götürüb dayısı Samir üstünə gəldiyi üçün onun sol tərəfindən bir zərbə vuraraq xəsarət yetirmişdir. Daha sonra isə Şəhriyar Samiri otaqdan çıxarıb xəstəxanaya aparmışdır. O, isə bıçağı götürüb evdən çıxmış və Əmircan qəsəbəsində göl deyilən ərazidə bıçağı gölə atmış və daha sonra isə evdən çıxıb şəhərə bulvara getmişdir. Həmin vaxtdan da küçələrdə qalmış və gizlicə ara bir evə gəlib paltarlarını dəyişib getmişdir. Həmin vaxtlarda nə anası nə də bacısı evdə olmamışdır. xx.xx.2024-cü il tarixdə o əvvəllər yaşadığı Papanin adlanan məhlədə tanışları ilə damino oynadıqları zaman polis əməkdaşları gəlib onu 31 -ci PB-nə dəvət etmişlər, daha sonra isə Suraxanı RPİ-nin İŞ-nə təqdim etmişlər. Hadisə zamanı o hər hansı bir xəsarət almamışdır. Baş vermiş hadisə zamanı Şəhriyar ona hər hansı bir xəsarət yetirməmişdir. O, fikirləşmiş ki, Samir və Şəhriyar onu evdə döyəcəklər, ona görə də Samiri qorxudmaq məqsədi ilə bıçaqla vuraraq xəsarət yetirmişdir, onun məqsədi Samiri öldürmək olmamışdır. Əməlindən peşmandır. Hazırda dayısı olan zərərçəkənlə barışmışlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Rafiq oğlu ifadəsində bildirmişdir ki, Hadisə Orucun dediyi kimi olmuşdur. Yəni, hadisə Orucun qorxması nəticəsində baş vermişdir. Özünün məqsədi isə həmin günü Orucu danlamaq olmuşdur. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Orucla əvvəllər arasında heç vaxt belə mübahisə olmamışdır. Orucun bıçağı hardan götürdüyünü görməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs Rafiq oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bacısı oğludur. Bacısı oğlu Oruc narkotik vasitə alüdəçisi olduğundan Orucu 2 dəfə reabitasiya mərkəzinə yerləşdirilib müalicə etdirmişlər. Son zamanlar Oruc yaşadığı ev getmədiyindən o bacısı Xəyalənin və bacısı qızı Nəzrini təhlükəsizlik üçün evlərinə gətirmişdir, Oruc isə evə gəlmirmiş. xx.xx.2024-cü il tarixdə o Orucun evdə olduğunu bilib onların evinə getmiş ki, Oruca nəsiyyət versin ki, evində olsun narkotik vasitələr qəbul etməsin, əgər hərəkətlərin davam etdirərsə bacısı və bacısı qızını evinə buraxmayacaq, öz evində saxlayacqdır. O, Orucun yaşadığı evin darvazasının qarşısında durub Orucla telefonla əlaqə saxlamış, Oruc bir neçə dəqiqəyə evə gələcəyini bildirmiş və daha sonra darvazanı açmış və o həyətə keçmişdir. Oruc ona demiş ki, həyətdə söhbət edək, o isə bildirmiş ki, evdə söhbət edək. Həmin vaxt əmisi oğlu Şəhriyar onunla olduğundan ona həyətdə gözləməsini bildirmişdir. Daha sonra o və Oruc evə daxil olmuşlar. Həmin vaxt Oruc aqresiv olmağa başlamış, o Orucdan ondan nə üçün aqresiv danışdığını, yəni nə üçün evin içində o başa bu başa getdiyini soruşmuş, Oruc isə ondan nə istədiyini soruşmuşdur. O isə Oruca bildirmişdir ki, sakitləşsin söhbət etsinlər ki, nə üçün narkotikdən istifadə etməyi tərgitmir. Həmin vaxt Orucla aralarında sözlə mübahisə yaranmış və o Orcu əli ilə sinsindən itələmiş və ona «cındır» demişdir. Bundan sonra Oruc əsəbləşərək sağ əli ilə onun sol qolunun altından bir zərbə vurmuşdur. O elə bir ağrı hiss etməmişdir. Oruc isə kravatın üzərinə çıxmış, həmin vaxt ona istilik gəlmişdir. Orucun zərbə vurduğu yerə öz əlini sürtdükdə qan axdığını hiss etmişdir. Həmin vaxt Şəhriyar içəri daxil olmuş və ondan qan axdığını görüb Orucu sakitləşdirmiş və Şəhriyar onu öz avtomobilnə mindirərək TTY xəstəxanasına gətirmişdir. Orda ona ilk tibbi yardım göstərmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla ona bir zərbə vuraraq xəsarət yetirmişdir. Orucun əlində nəsə olduğunu onu vurduqdan sonra bilmişdir, lakin dəqiq nə olduğunu görə bilməmiş, bıçaq olduğunu düşünmüşdür. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qohumlarıdır. xx.xx.2024-cü il tarixdə Samir ona bildirmişdir ki, Orucla söhbət etməlidir. O da Samirə etraz etməmiş və birlikdə Orucla söhbət etməyə getmişlər. Evə çatdıqda Oruc onları qarşılamışdır. Sonra onlar evə keçmişlər, o isə həmin vaxt həyətdə gözləmişdir. Sonra isə evin içində onların ucadan danışıqlarını eşidib başa düşmüşdür ki, onlar dalaşırlar, lakin o bıçaqlanma anını görməmişdir. İbtidai araşdırma zamanı Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur, Təqsirləndirilən şəxs isə xalası nəvəsidir. Onların hər ikisi ilə münasibəti normaldır, heç bir düşmənçiliyi və əbavətləri yoxdur. Samirin bacısı oğlu Oruc bir neçə gün imiş ki, evə gəlmirmiş və buna görə də Samir öz bacısını və bacısı qızını öz evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o və Samir birlikdə qonaqlığa getmək üçün o Samirin evinə gəlmişdir ki, oradan birlikdə getsinlər. Həmin vaxt Samir ona bildirmişdir ki, Oruc evə gəlmişdir gedib Orucla söhbət etsin və onu reyabiltasiya mərkəzinə müalicə üçün yerləşdirsin. O də Samirə etraz etməmiş və birlikdə Samirin bacısı evinə getmişlər. Orada Oruc darvazanı açmışdır, Samir və o həyətə daxil olmuşlar, daha sonra isə Samir Oruca bildirmişdir ki, evə keçsinlər və xəstəxanada müalicə olması barədə söhbət etsinlər. Həmin vaxt o həyətdə gözləmişdir. Samir və Oruc evə daxil olmuşlar, onlar ucadan danışdıqları üçün o onların səsini eşidirmiş və həmin vaxt Samir Oruca bildirirmiş ki, o dava etmək üçün gəlməmişdir, onu müalicə etdirmək üçün gəlmişdir. O də onların ucadan danışıqlarını eşidib elə başa düşmüşdür ki, dalaşırlar və o içəri daxıl olmuşdur. Görmüş ki, Samir və Oruc üzü-üzə dürüb, Oruc qışqıraraq buraya gəlməyin deyirdi. O Samiri kənara çəkib həmin otaqdan çıxardıqda Samir ona bildirmiş ki, Oruc onu vurmuşdur və onu xəstəxanaya aparsın. O də içəri daxil olmuş və Oruca bildirmişdir ki, onlar gedirlər sakitləşsin. Bundan sonra Samiri ona məxsus olan Hunday Santafe markalı avtomobilnə mindirib, ilk öncə təcili yardıma aparmış, oradan isə TTY briqadası Samiri Sabunçu xəstəxanasına aparmışdır. O də təcili yardımın arxasınca oraya getmişdir. Orada Samirə ilk tibbi yardım göstərmişlər və əməliyyat etmişlər.O otağa daxil olduqda Oruc Samirə xəsarət yetirmişdir, Orucun Zərərçəkmiş şəxs nə ilə xəsarət yetirdiyini görməmişdir, o içəri daxil olduqda da Oruxcun əlində hər hansı bir əşya görməmişdir. Ona görə də dəqiqliklə bir söz deyə bilməmişdir. Hadisə Orucun yaşadığı ünvan 3 ünvanda baş vermişdir. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Orucla reyabiltasiya mərkəzinə yerləşdirmək məqsədi ilə söhbət edəcəkdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, Zərərçəkmiş şəxs Rafiq oğlunun bıçaqlanması ilə əlaqədar olaraq polis idarəsinə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün şəxsin tutulması barədə axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, axtarışda olan şəxs Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşı tərəfindən tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.4-cü maddəsinə maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 946 nömrəli rəyində qeyd olunmuşdur ki, 1989-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs Rafiq oğlunun bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: Diafraqmanın zədələnməsi və sol tərəfli hemotoraksla müşayət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən bir ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası, sol saidin cızığı. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin daxilə nüfuz edən torakoabdominal deşilmiş-kəsilmiş yaralı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol saidin cızığı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 280 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin istifadə etmə hallan olub. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyi Məhkəmə Psixİatrik Ekspertiza Mərkəzinin PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-cİ il tarixli 184 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2025-ci il tarixli 280 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin istifadə etmə hallan olub. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs ittiham elan etmək üçün onun tutulması barədə axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə o, tutulmuşdur. Cinayət işinin materiallarında olan, Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 946 nömrəli rəyində qeyd olunmuşdur ki, 1989-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs Rafiq oğlunun bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: Diafraqmanın zədələnməsi və sol tərəfli hemotoraksla müşayət olunan döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən bir ədəd torakoabdominal deşilmiş-kəsilmiş yarası, sol saidin cızığı. Qeyd edilən xəsarətlər deşicikəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənmişlir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə döş qəfəsinin daxilə nüfuz edən torakoabdominal deşilmiş-kəsilmiş yaralı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol saidin cızığı sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan, Səhiyyə Nazirliyi Məhkəmə Psixİatrik Ekspertiza Mərkəzinin PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025cİ il tarixli 184 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onu bağışlamasını və təqsirləndirilən şəxsin gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin digər qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat (10 saat 6 manat hesabı ilə, 20 saat 11 manat hesabı ilə) vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin, maddi sübutun, mülki iddianın və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 280 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar