Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1156/2021 12.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X3, Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundzadə küçəsi, ev 24də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə saat 10 radələrində təsadüfən rastlaşdığı tanışı Zərərçəkmiş şəxslə əvvəlcə yaşadığı evin yaxınlığında yerləşən marketdə, sonra isə Zərərçəkmiş şəxs təklifi ilə sonuncunun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində birlikdə çörək yeyib spirtli içki qəbul etdikdən sonra 19.01.2021ci il tarixdə saat 02 radələrində alkoqol sərxoşluğu vəziyyətində aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onu söyüb təhqir etməsini cüzi səbəb kimi bəhanə edərək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə evin mətbəxindən soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış mətbəx bıçağını götürüb heç bir əsaslı səbəb olmadan sərxoş vəziyyətdə olmaqla ona qarşı müqavimət göstərmək və aktiv hərəkətlər etmək imkanına malik olmamaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs badalaq vurub yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurduqdan sonra öz cinayətkar əməllərini davam edərək qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla onun bədən səthinə ardıcıl çoxsaylı zərbələr vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən dörd ədəd, döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd, sol bazu nahiyəsinin üç ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin ön səthinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən iki ədəd, sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən bir ədəd, qaraciyərin yaralanmasına və daxili qanaxmaya səbəb olan qarının ön səthinin qarın boşluğuna nüfuz edən bir ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid cəmi 12 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib onun öldüyünü düşünərək hadisə yerini tərk edib polis bölməsinə gedərək törətmiş olduğu cinayət barədə məlumat vermiş, dərhal sonra hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs vaxtında 3 saylı Şəhər Klinik xəstəxanasına çatdırılaraq orada ona ixtisaslı tibbi yardım göstərilib həyatı xilas olunduğundan bilavasitə cinayəti törətməyə yönəldilmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə saat 20 radələrində siqaret almaq üçün yaşadığı evdən çıxıb yaxınlıqda yerləşən qonşusu Nadir kişinin işlətdiyi ərzaq mağazasına getmişdir. Həmin vaxt saat 22 radələri olmuş və mağazaya daxil olduqda orada satıcı Nadir və yaxınlıqdakı küçədə yaşayan Andrey adlı tanışını görmüşdür. Andrey mağazada 250 qramlıq “Xan” arağını yenicə içməyə başlamış, Nadir kişi də Andreyə müştərilərə mane olmaması üçün həmin arağı bir qədər kənarda içməyi demişdir. O da zarafatyana burada nə baş verdiyini soruşmuş, Andrey ona həmin arağı birlikdə içməyi təklif etmiş, o da razılaşmışdır. X9 kişidən birdəfəlik istifadə üçün plastmas stəkan götürmüş, onlar mağazadan çıxıb kənara çəkilmişlər. Andrey hər ikisinin stəkanının araqla doldurmuş, stəkanda olan arağı Andrey bir nəfəsə, o isə üç dəfəyə içmişdir. Bundan sonra yaşadığı evə getmək istəmiş, Andrey də öz evinə getdiyi üçün onlar birlikdə getməyə başlamışlar. Andreyin evinin qarşısına çatanda ona öz evində çay içməyi təklif etmişdir. Onlar Andreyin yaşadığı evə daxil olduqda onlar mətbəxə keçmişlər. Andrey çay hazırlamağa başlamış və ona kompyuterdə müxtəlif fotoşəkillər göstərmişdir. Bir qədər söhbət etdikdən sonra Andrey araq içmək istədiyini, lakin pulunun olmadığını deyərək ondan araq almağımı xahiş etmişdir. O da Nadir kişinin mağazasının bağlandığını, digər mağazaya getmək lazım olduğunu demişdir. Onlar saat 23:30-da Andreylə birlikdə digər mağazaya getmişlər, Andrey çöldə gözləmiş, o, mağazaya girib nisyə 0,5 litrlik araq istəsə də satıcı 0,7 litrlik araq qaldığını bildirmiş və ona həmin miqdarda “Armada" markalı araq vermişdir. O, mağazadan çıxıb küçədə onu gözləyən Andreyə 0,5 litrlik araq əvəzinə 0,7 litrlik araq aldığımı demişdir. Andrey də sevinmiş, çünki sonuncu spirtli içki aludəçisi olmuşdur. Onlar birlikdə Andreyin evinə getmişlər, yolda başqa mağazadan da siqaret almışlar. Onlar mətbəxə daxil olanda Andrey əvvəlcə araqla içmək üçün acı bibər çıxarmış və masaya iki ədəd su stəkanı qoymuşdur. Onlar içməyə başlayanda Andreyə bibərlə araq içə bilmədiyini demiş, Andrey də toyuq əti, pendir, paştet və s. hazırlamışdır. Arağı içdikdən sonra araqdan bir qədər qalmış, Andreyin halı dəyişmiş, sonuncu tez-tez söyüşlər işlədərək danışmağa başlamışdır. Andrey söyüşlə danışdığı üçün o, artıq araq içə bilmədiyini, getmək istədiyini demişdir. Andrey də etiraz etmiş və hələ də arağın qaldığını bildirmişdir. O arağı içə bilmədiyini dedikdə, Andrey ona həyətə çıxıb siqaret çəkməyi təklif etmişdir. Onlar həyətə çıxıb siqaret çəkərək söhbət edəndə Andrey onunla yenə də əsəbi formada danışmışdır. Sonra qəflətən Andrey onun paltarının yaxasından tutaraq təhqiramiz sözlərlə onun bayaq onunla araq içən oğlan olmadığını demiş və onu kimin göndərdiyini soruşmuşdur. O da həmin vaxt spirtli içki təsiri altında olsa da nisbətən ayıq olmuş, hərəkətlərini idarə edə bilmişdir və baş verənləri dərk etmişdir. Bu səbəbdən Andreyi sakitləşdirməyə çalışmış, onlar yenidən evə keçəndə o, artıq vəziyyətin dəyişdiyini görüb getmək istəmişdir. Lakin Andrey ona icazə verməmiş və həmin vaxt saat 02 radələri olmuşdur. Bir qədər keçdikdən sonra o, getmək üçün evin giriş qapısının içəri tərəfdən qarşısında paltarlarını geyinəndə Andrey mətbəxdən gəlib onun nəslini söyərək getməməyini tələb etmişdir. O da əsəbiləşib mətbəxə keçib Andreyin paltarının yaxasından tutub onun ayağından badalaq verməklə mətbəxin döşəməsinə yıxmış və əli ilə Andreyə bir neçə zərbə vurmuşdur. Bundan sonra çıxıb getmək istədikdə hiss etmişdir ki, Andrey ayağa qalxıb əlinə nəsə götürmüşdür. O, bunun bıçaq olduğunu gördükdə Andreyə yaxınlaşıb onu vurmaması üçün bıçağı onun əlindən almışdır. Sonra həmin bıçaqla Andreyin qarın nahiyəsinə bir neçə zərbə vurmuşdur. Andrey bu zərbələrdən yerə yıxılsa da hələ də qışqırmış, söyüş söyüb müqavimət göstərmişdir. O da Andreyin müqavimətini qırmaq üçün yerdə onun sinə nahiyəsinə bıçaqla bir neçə zərbə vurmuşdur. Sonuncu zərbədən sonra bıçağın tiyəsinin əyildiyini görmüş, həmçinin bıçağın üzərində heç bir qan izi olmamışdır. O, düşünmüşdür ki, bıçaq kiçik ölçülü olduğu üçün və ya Andrey qalın paltar geyindiyi üçün onun bədəninə girməyib. Sonra bıçağı döşəməyə atıb cəld evi tərk etmiş, həyətyanı sahənin darvazası bağlı olduğu üçün aça bilməyib hasarın üstündən aşıb, qaçaraq yaşadığı evə getmişdir. Yaşadığı evdə nə baş verdiyini fikirləşmiş, Andreyin qan itirmədən ölə biləcəyini düşünüb piyada Suraxanı RPİ-nin 32-ci PB-yə getmiş və hadisə barədə məlumat vermişdir. Sonra polis əməkdaşları ilə birlikdə Andreyin evinə getmişlər. Andrey mətbəxdə olmamış keçib yataq otağında uzanmışdır. Sonra ərazi Sabunçu RPİ-nin 13-cü PB-yə olduğundan 13cü PB-nin əməkdaşları da oraya gəlmişlər. Həmin yerə gələn təcili tibbi yardım avtomobili gəldikdən sonra Andrey özü yeriyərək həmin avtomobilə minmişdir. Andreyi öldürmək niyyəti olmamışdır, Andrey onu söyüb təhqir etdiyi üçün və onu bıçaqla vurmaq istədiyi üçün bıçağı onun əlindən alıb onu bıçaqla vurmuşdur. Andreyi bıçaqla vurarkən sonuncu qalın geyindiyindən, həm də qan çıxmadığından elə bilmişdir bıçaq ona dəymir. Andreylə əvvəldən münasibətləri yaxşı olmuş və hazırda da onlar barışmışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə saat 12 radələrindən saat təxminən 21 radələrinə qədər evində tək 3 ədəd 250 qramlıq “Xan” markalı araq içmişdir. Həmin araqlar bitdikdən sonra yenə də spirtli içki içmək istəmiş və saat 22 radələrində küçəyə çıxıb yaşadığı evin həyətində yerləşən qonşusu Nadirin işlətdiyi mağazaya getmişdir. Həmin mağazaya daxil olub satıcı Nadirə yenə pul ödəyərək “Xan” markalı araq almış və əhvalı yaxşı olduğu üçün satıcı Nadirə birlikdə araq içməyi təklif etmişdir. Nadir ilk öncə imtina etmiş və iş başında olduğunu bildirsə də sonra az miqdarda spirtli içki içməyi qəbul etmişdir. Onlar mağazada plastik stəkanla bir qədər araq içmişlər, sonra Nadir artıq içməyəcəyini bildirib, alıcılara mane olduğunu və getməli olduğunu bildirərkən mağazaya digər qonşusu Təqsirləndirilən şəxs daxil olmuşdur. Orxan onlardan zarafatyana nə baş verdiyini soruşmuş, Nadir də Andreyin araq içdiyini, arağı götürüb getməyi və harada istəyirsə içə biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs birlikdə araq içməyi təklif etmiş, sonuncu da razılaşmışdır. O, Nadirdən 1 ədəd Orxan üçün plastik stəkan almış və Nadirin mağazasından çıxıb mağazanın giriş hissəsindən bir qədər kənarda dayanaraq Orxanla araq içmişlər. Onlar birlikdə həmin arağı içib bitirmişlər, sonra yaşadıqları evə tərəf getməyə başlamışlar. Onun evinin qarşısına çatanda o, Orxana bildirmişdir ki, içdikləri araq ona bəs etməmişdir, yenidən araq içmək istəyir, lakin pul yoxdur. Onlar birlikdə yaxınlıqda yerləşən başqa mağazaya getmişlər, Orxan mağazaya daxil olub 0,7 litrlik “Armada” markalı araq almış, onlar birlikdə onun yaşadığı evə gedəndə başqa mağazadan da Orxan ədədlə siqaret almışdır. Orxanla birlikdə yaşadığı evə daxil olanda saat 23 radələri olmuşdur. O, Orxana komputerində əvvəlki istifadəsində olmuş avtomobilin şəkillərini göstərmiş, sonra onlar evin mətbəxinə keçmişlər. O, Orxanla birlikdə yemək yemək yemələri üçün süfrəyə soyuducudan toyuq əti, pendir, paştet götürüb qoymuşdur. Onlar mətbəxdə əyləşib araq içməyə başlamışlar. Arağı içdikcə o, daha da sərxoş olmağa başlamış və həmin andan sonra nə baş verdiyini xatırlamamışdır. Özünə gələndə görmüşdür ki, 3 saylı Şəhər Kiniki Xəstəxanasındadır. Orxanla əvvəllər münasibətləri həmişə yaxşı olmuş, sərxoş olduğu üçün Orxana söyüş söyməsini xatırlamır, sərxoşluqdan səhəri gün xəstəxanada ayılmışdır. O, təqsirləndirilən şəxsin yaxınları tərəfindən ona maddi yardım edildiyni, hazırda təqsirləndirilən şəxsələ barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2002-ci ildən yaşadığı evin qarşısında ərzaq mağazası işlədir. 2021-ci ilin yanvar ayının ortalarında saat 22 radələrində həmin mağazada olarkən qonşuluqda yaşayan, milliyətcə rus olan Andrey mağazaya gəlmişdir. O, Andreyin davranışından hiss etmişdir ki, o sərxoşdur. Andrey ona araq verməyi demiş o da Andreyə 1 ədəd 250 qramlıq araq vermişdir. Sonra Andrey ona həmin arağı birlikdə içməyi təklif etmiş, o da məcbur qalıb Andreyin tez çıxıb getməsi üçün az miqdarda onunla araq içməyi qəbul etmişdir. Andrey az miqdarda, özünə isə bir qədər çox araq süzmüş və onlar araq içmişlər. Bundan sonra o, bunun kifayət olduğunu bildirərək Andreydən getməsini demişdir. Andrey mağazadan çıxıb getmək istəyərkən mağazaya digər qonşu Təqsirləndirilən şəxs gəlmişdir. Orxan zarafatyana burada nə baş verdiyini soruşmuş, o da Orxana və Andreyə arağı götürüb getmələrini və harada istəyirlər içmələrini demişdir. Orxan və Andrey mağazadan çıxsalar da mağazanın girişində araqdan içib, sonra çıxıb getmişlər. O, Andrey və Orxanın hara getdiklərini bilməmiş, həmin gün gecə saatlarında adını xatırlamadığı qonşulardan biri ona zəng edərək Andreyi bıçaqlandığını demişdir. Səhər saatlarında Andreyin anası Jenyadan Andreyin xəstəxanada cərrahiyə əməliyyatı keçirdiyini, çoxsaylı bıçaq zərbələri aldığını öyrənib bilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 yanvar 2021-ci il tarixində saat 03 radələrində X5 RPİ-nin 32-ci PB-dən bir şəxsin digər şəxsə xəsarət yetirməsi, hadisə baş verən mənzilin 13-cü Polis Bölməsinin ərazisinə aid olması barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu ilə birlikdə qeyd edilən hadisə baş verən yerə, ünvan 2 ünvanının qarşısına gəlmişlər. Həmin vaxt 32-ci Polis Bölməsinin əməkdaşları artıq orada olmuşlar və təcili-tibbi yardım stansiyasına məlumat verilmişdir. Bu səbəbdən onlarla eyni vaxtda təcili-tibbi yardım avtomobili də gəlmişdir. Digər şəxsə xəsarət yetirdiyi bildirilən, sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsi avtomobilə əyləşdirmiş, Polis Bölməsinə yola salıb evə daxil olmuşlar. Evdə sakinlərdən yalnız milliyətcə rus olan 1 şəxs olmuşdur. Həmin şəxs yataq olan otaqda yataqda əzgin şəkildə oturmuş vəziyyətdə olmuş və əynindəki paltarlar qanlı olmuş və qan hələ də axmaqda davam etmişdir. Həmin şəxs bədən xəsarəti almasına baxmayaraq aqressiv formada davranmış, qışqır-bağır salaraq təhqiramiz ifadələr işlətmiş və ətrafındakıları qovmuşdur. Onlar təcili-tibbi yardım əməkdaşlarının köməkliyi ilə həmin şəxsi təcili-tibbi yardım avtomobilinə əyləşdirmiş və 3 saylı Şəhər Kliniki Xəstəxanasına yollamışlar. Sonra hadisə yerinin mühafizəsini təşkil edib 3 saylı Şəhər Kliniki Xəstəxanasına yollanmışlar. 3 saylı Şəhər Kliniki Xəstəxanasında xəsarət alan şəxsin cərrahiyyə əməliyyat olunduğunu öyrənmişlər. Təqsirləndirilən şəxs davranışında xüsusi hal aşkar etməmiş, hadisənin təsirində sakit formada avtomobilə əyləşmişdir. Orxanla hər hansı danışığı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxsı 13-cü Polis Bölməsinə təhvil vermişlər. Evdə mətbəxin ətrafında qan izləri olmuşdur. Bıçaq isə evə giriş qapısının yaxınlığındakı ayaqqabı rəfinin üzərində olmuşdur. Bıçaq adi mətbəx bıçağına bənzəmiz və orta ölçülü olmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi ilə qismən, zərərçəkmişin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan şəxsin könüllü gəlməsi haqqında 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Saburov X4 RPİ-nin 13-cü polis bölməsinə könüllü gedərək, cinayət əməlini törətməsini etiraf etmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 19 yanvar 2021-ci il tarixli protokollardan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 21 yanvar 2021-cu il tarixli 4(008)-36/2021 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının 19.02.2021-ci il tarixli, 86 N-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin sağ yarısının ön səthinin döş və qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd; qaraciyərin yaralanmasına və daxili qanaxmaya səbəb olan qarının ön səthinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd; döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 4 (dörd) ədəd; döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən l(bir) ədəd; sol bazu nahiyəsinin 3 (üç) ədəd (cəmi:12 (on iki) ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 19.01.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna sərbəst qanın və havanın yığılması) və qaraciyərin yaralanmasına səbəb olan döş qəfəsinin ön səthinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd; sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən 1 (bir) ədəd; qaraciyərin yaralanmasına və daxili qanaxmaya səbəb olan qarının ön səthinin qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd (cəmi;4 ədəd) deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya; döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən 4 (dörd) ədəd; döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz etməyən l(bir) ədəd; sol bazu nahiyəsinin 3 (üç) ədəd (cəmi: 8) ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi və müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 19.03.2021-ci il tarixli, 3/403 N-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq – zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06.05.2021ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq üzərində cinayətin izlərini saxladığına görə maddi sübut kimi maddi sübut kimi tanınmış və saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlama yerinə verilmişdir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 16.02.2021-ci il tarixli, 349 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan emosional davamsız şəxsiyyət pozuntusu psixi (ruhi) xəstəlik hesab edilmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, emosional davamsızlıq, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri, həmçinin hadisə şəraiti nəzərə alınmaqla o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək fikri olmaması kimi ifadələrini özünü müdafiə xarakterili ifadələr kimi qiymətləndirir və inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar cinayət törətdikdən sonra polis bölməsinə gedərək könüllü təslim olması, müsbət xarakterizə olanması və zərərçəkmiş şəxslə barışıq əldə etməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələblərinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə görə isə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci və 29, 120.2.9-cu maddələrinin sanksiyasının son həddinin dörddə üçünün dördə üçündən yəni 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından artıq cəza təyin oluna bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi ilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən DİN Bakı şəhər Sabunçu RPİ-nin sübutlarının saxlanc yerində saxlanılan iş üzrə maddi sübut olan 1 ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxslərin cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- 19 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– 19 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən DİN Bakı şəhər Sabunçu RPİ-nin sübutlarının saxlanc yerində saxlanılan iş üzrə maddi sübut olan 1 ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1156/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1156/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver