Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1157/2024 12.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X10 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Lerik rayonu, Babakücə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, “Tornado” Mühafizə şirkətində mühafizəçi işləmiş, məhkumluğu olmayan, Lerik rayonu Babakücə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, ünvan 23-cü il tarixli qərarına əsasən barəsində əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-2507/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvə saxlanmış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 6,315 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 22 sentyabr 2023-cü il tarixdə saat 19:40 radələrində Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü Polis bölməsinə gətirilmiş, bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 6,315 qram olan kustar üsulla hazrılanmış narkotik vasitə heroin və 01 ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmamışdır. O, “Tornado” mühafizə şirkətində mühafizəçi kimi işləmişdir. Onun işi Bakı şəhəri, H.Əliyev prospektində yerləşən “Baku Tower” adlı binanın mühifəzəsini təşkil etmək olmuşdur. 22 sentyabr 2023-cü il tarixdə saat 08:00 radələrində işə çatmışdır. Həmin gün saat 19:00 radələrində işi təhvil verib çıxdıqdan sonra saat 19:40 radələrində onu Bakı şəhəri, Nizami rayonu, XR.Ulutürk küçəsinin yaxınlığında polis əməkdaşları saxlamış, sonunculardan biri vəsiqəsini göstərib özünü təqdim etmiş və birlikdə 23-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 23-cü Polis Bölməsinə getmişdir. Burada onun telefonunu almışlar və o, könüllü şəkildə telefonunun parolunu sonunculara təqdim etmişdir ki, telefonuna baxış keçirə bilsinlər. Onu otaqların birində bir saatdan çox saxlamışlar. Daha sonra “Niyaməddin” adlı mülki geyimli şəxs ona yaxınlaşıb ona “Sən vətən xainisən, sən xayanət etmisən” demiş, üzünə tüpürərək təhqir etmiş və saçından tutaraq dartmışdır, o, nəyə görə ona vətən xaini dediyini soruşduqda ona lal olmağı deyib əlinə qandal vurmuşdur. Ona vətən xaini olduğu üçün bunla bağlı ittiham olunacağını və onun ağır cəzalara məhkum olacağını bildirmişdir. Bundan sonra Niyaməddin ona bildirmişdir ki, o ya narkotik vasitənin istifadəçisi olmağını etiraf etməli, ya da onu vətən xaini kimi məsuliyyətə cəlb edəcəklər və ailə üzvlərini də bölməyə gətirib onları narkotik vasitələrin dövriyəsi ilə bağlı məsuliyyətə cəlb edəcəklər. O daha ağır məsuliyyətə cəlb edilməmək və ailə üzvlərini qorumaq üçün onların bu təkilifi ilə razı olmuşdur. Bundan sonra o, əməliyyatçılarla birlikdə təhqiqatçı Rəşad Vəliyevin otağına daxil olmuşdur. Bundan sonra polis əməkdaşlarından biri ona stolun üzərində olan bir bükümdə içərisində ona məlum olmayan qara rəngli maddə olan bükümü və 01 ədəd elektron tərəzini göstərərək bunlar cibinə qoymağını çəkiliş başlayan zamanı ona dedikdə cibindən çıxarıb təqdim etməyini bildirmişlər. O, tərəzinin nə məqsədlə olduğunu soruşduqda onlar ona narahat olmamağını, onun narkotik vasitələrin istifadəçisi kimi sənədləşdiriləcəyini, tərəzinin güya aldığı narkotik vasitənin miqdarını müəyyən etmək məqsədi ilə daşıdığını bildirmişlər. Bundan sonra o, razılaşmış və həmin bükümü və 01 ədəd tərəzini əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Çəkiliş zamanı təqhiqatçının təklifindən sonra əynində olan şalvarın sol yan cibindəki özünə məxsus mobil telefon, içərisində siqaret dənələri olan siqaret 1 qutusunu və bir ədəd alışqanı, şalvarın sağ yan cibindən isə 1 ədəd bükümü və 1 ədəd tərəzini təqdim etmişdir. Həmin əşyalarla bağlı verilən suallara cavab olaraq həmin bükümdə olan maddənin “heroin” olduğunu onu səhər saatlarında 100 manat qarşılığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin bükümü və 01 ədəd tərəzini zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, həmin zərf o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə deyil həmin məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham olunurmuş. O, hesab edir ki, onun “Facebook” sosial şəbəkəsində 21 sentyabr 2023-cü il tarixdə yazdığı “Sual/nə qazandıq 24 saat 43 dəqiqəyə? Xankəndində Bravo tezliklə tikiləcək yoxsa yox?” məzmununda olan statusu ilə bağlı həbs edilmiş və narkotiklə şərlənmişdir. Bölmədə olarkən Niyaməddin adlı polis əməkdaşı tərəfindən təhqir və təhdid edilmiş, Niyaməddin onun üzünə tüpürmüş ona “alçaq, bişərəf” və. s eyniməzmunlu sözlər demiş, əli ilə saçından tutaraq dartmış, ona narkotik vasitəni etiraf etməyiylə bağlı təklif etmiş, bu təklifi qəbul etmədiyi təqdirdə özünün daha ağır məsuliyyətə cəlb olunacağına, ailə üzvlərinin də bölməyə gətirilib narkotiklə sənədləşdiriləcəyini bildirmişdir. Sonda barəsində bəraət hökmünün elan olunmasını məhkəmə xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmənin 29 dekabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Daş Karxanası küçəsində yaşayan “Ruslan” adlı şəxsin Bakı şəhəri, Nizami və Sabunçu rayonu ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə əlaqəsində olan etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi və “Ruslan” adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək cinayət başında yaxalanması və cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edildi. Onun tərəfindən Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Anar Güləiiyevin də tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında həmin şəxs haqqında verilən məlumatlara əsasən onun ətrafında bir qədər məlumat toplamağa başlamışlar. Bu zaman əməliyyat şəraitini nəzəra alıb Təqsirləndirilən şəxs tutulmasında əlavə qüvvəyə ehtiyac olacağı ehtimalını nəzərə alıb şöbənin əməkdaşı Şahid3 də onlarla birlikdə gəlmişdir. 22 sentyabr 2023-cü il tarixdə saat 19:40 radələrində qərəzsiz mənbədən işarə verilmiş Ruslan adlı şəxsi ünvan 3 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən saxlamışlar. Sonuncuya özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində, o cümlədən satışında şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, sonuncu ilə danışıqları zamanı həqiqətən də Bakı şəhəri, Sabunçu rayonu Daş Karxanası ərazisində yaşadığı onlara məlum olmuşdur. Həmin vaxt olduqları yerdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından sonuncuya birlikdə Nizami RPİnin 23-cü Polis bölməsinə getməli olduğunu bildirmişlər. Ruslan ilk öncə tərəddüd etsə də daha sonra onlarla birlikdə gəlməyə razılıq vermişdir. 23-cü Polis bölməsinə gəldikdə sonuncunun bölməyə gətirilməsi və barəsində tədbir görülməsinə dair raport yazıb aidiyyəti üzrə bölmənin təhqiqatçısı Rəşad Vəliyevə təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı Rəşad Vəliyev onun, 23-cü Polis bölməsinin əməkdaşları Şahid2, Şahid3 və şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Rahim Alışovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış prosessi Şahid3 tərəfindən smartfon tipli telefon vasitəsi ilə videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, predmet və maddələri təhvil verməyini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən özünə məxsus olan 01 ədəd mobil telefon, 01 ədəd siqaret qutusu, 01 ədəd elektron tərəzi və 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Sonuncu şellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin gün səhər tanımadığı şəxsdən 100 manat qarşılığında aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirilmişdir. Sonuncu baxış zamanı həmin bükümün içərisində həqiqətən də heroinə bənzər maddə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qeyd ediləndən başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm və 01 ədəd elektron tərəzi kağız zərfə qoyulmaqla möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonuncudan aşkar edilmiş mobil telefon da sübut əhəmiyyətli ola biləcəyindən götürülmüş, lakin digər əşyalar özünə təhvil verilmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün olduğu üçün o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etsə də təqribən iki-üç aydır ki, narkotik vasitələrin satışı ilə məşğuldur. Lakin, hazırda onun narkotik vasitələri kimlərə satması və kimlərdən əldə etməsi barədə konkret məlumat əldə edə bilməmişdir. Məhkəmənin 29 dekabr 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin bölmənin cinayət-axtarış üzrə kiçik inspektoru Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2023-cü il tarixli 3-16-16/2- 13/5013 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs...” və.s sözlər,soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,315 maddə kütləsi kustar üsulla hazrılanmış narkotik vasitə - heroidir. Elektron tərəzinin üzərində narkotik vasitə-heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəkildində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6116 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disapnserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 22 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPl-nin 23-cü PB-nin təhqiqatçısı, oolis kapitanı Rəşad Vəliyev tərəfindən həmin şöbənin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və 06 saylı vəkil bürosunun vəkili Rahim Alışovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış istintaq hərəkəti Şahid3 tərəfindən videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ıstintaq hərəkətinin mahiyyəti izah edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90-cı maddəsi ilə nəzərdə tutulan şübhəli şəxsin hüquq və vəzifələrinin ona izah edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirildikdə əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqanı, əynində olan şlavarın sağ yan cibindən isə 01 ədəd elektron tərəzini, 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara təhqiqatçı Rəşad Vəliyev tərəfindən baxış keçirilir, təqdim edilən siqaret qutusunun içərisində siqaret dənələri olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf selofan bükümə baxış zamanı bəmin bükümün içində narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar edilmiş, Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq həmin bükümün içində olan maddənin heroin olduğunu, həmin maddəni səhər vaxtı tanımadığı şəxsdən 100 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd elektron tərəzi və 01 ədəd içində narkotik vasitə heroinə bənzər maddə olan büküm kağız zərfə qoyulmaqla qablaşdırılmış, möhürlənmiş, kağız zərfin üzərində qeydlər aparılmış və həmin zərf iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd ediləndən başqa dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, ünvan 23-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Amma Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “...İstintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərkən başqa sübutlarla yanaşı nəzərə alınmalıdır ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin külli miqdar təşkil etmişdir. Həmçinin onun üzərindən 01 ədəd elektron tərəzinin aşkar edilməsi, xüsusən həmin elektron tərəzinin üzərində heroin izlərinin olması, Təqsirləndirilən şəxs həmin tərəzi vasitəsi ilə narkotik vasitə heroinin çəkməsinə (miqdarını müəyyən etməsinə) dəlalət edir. Bu da Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsini bir daha sübut edir...” qeyd olunur. İbtidai istintaq orqanı burada təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan heroinin külli miqdarda olmasına diqqət çəkmişdir. Halbuki Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Bundan başqa ibtidai istintaqı orqanının sübutların qiymətləndirilməsinə dair müvafiq qərarında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsini xüsusi vurğulamış, həmin tərəzi maddi sübut qismində tanınaraq bunun Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlini törətməsini bir daha sübut etdiyini ifadə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və maddi sübut qismində tanınmış üzərində narkotik vasitə - heroin izləri olan elektron tərəzini cinayət işinin materiallarında olan digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, sonuncunun üzərindən elektron tərəzinin aşkar olunması Təqsirləndirilən şəxs həmin tərəzini məhz narkotik vasitələrin satışını həyata keçirərkən istifadə etməsi, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” qərarını nəzərdən keçirən məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs izahatı və şahidlərin ifadələrini də sübut növü kimi qiymətləndirilmişdir. Halbuki təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən narkotik vasitələrdən asılı olduğuna görə 3-4 aydır ki, narkotik vasitələr qəbul etdiyini bildirmiş, 22 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində, 24 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, ümumiyyətlə, ifadə verməkdən imtina etmiş və ona verilmiş sualların heç birini cavablandırmamış, 22 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən isə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişdir. Həmçinin şahidlər Şahid1, Şahid2 şahid qismində dindirilərkən vermiş olduqları ifadələrdə onlarda olan məlumata görə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, lakin narkotik vasitələri kimə satması və kimdən alması barədə konkret məlumat əldə edə bilmədiklərini ifadələrində bildirmişlər. Göstərilənlərə əlavə olaraq məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd mobil telefonun daxili yaddaşına cinayət işinin ibtidai istintaqı dövründə keçirilmiş baxış zamanı və ibtidai istintaq orqanının sorğusuna əsasən "xxxx" MMC və "xxxx" MMC-dən əldə olunmuş məlumatlarda sonuncunun istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr vasitəsi ilə qeydə alınmış iş üzrə əhəmiyyətli hər-hansı məlumat əldə edilməmişdir. Bundan əlavə ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə - heroini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi halları da araşdırılmamışdır. Satılacaq narkotik vasitənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – narkotik vasitələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş həmin narkotik vasitə heroini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə fizikikimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən ittiham olunmasına səbəbin onun “Facebook” sosial şəbəkəsindəki paylaşımı olması, polis bölməsində olarkən polis əməkdaşları tərəfindən onun vətənə xəyanətdə ittiham edəcəkləri ilə təhdid edilməsi, fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə 959 saylı, 25 sentyabr 2023cü il tarixli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 2023-cü ilin sentyabr ayının 22, 23 və 24 tarixlərdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi X2 27 oktyabr 2023-cü il tarixli Təqsirləndirilən şəxs müdafiəçisi X9 müraciəti əsasında Təqsirləndirilən şəxs Nizami RPİ-nin əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və törətmədiyi cinayət əməllərini etiraf etməyə məcbur edilməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 3-4 aya yaxındır ki, narkotik vasitə qəbul edir. O, narkotik vasitəni narkotik maddədən asılı olduğuna görə qəbul edir. Sabunçu rayonu Maştağa qəsəbəsi, Daş karxanası küçəsində yaşayır. Narkotik maddəni mütəmadi qəbui edir. 22 sentyabr 2023-cü il tarixdə X.R.Ulutürk küçəsində olan zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmış və narkotik maddənin satış məqsədi ilə əldə edilməsi və istifadəçisi kimi şübhəli olduğu üçün onu Polis bölməsinə gətirmişlər. Bu məqsədlə Polis bölməsində inzibati otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər-hansı bir əşya və ya predmetin olması təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli klassik şalvarın sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefon, qırmızı rəngli “Milano” siqaret qutusu, 01 ədəd alışqan, sağ yan cibindən isə 01 ədəd elektron tərəzi, 01 ədəd siqaretin sellofan kəsiyinə bükülmüş, bükülünü təqdim edərək narkotik maddə heroin olduğunu və tanımadığı şəxsdən 100 manata aldığını bildirmişdir. Daha sonra həmin narkotik vasitə və 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən iştirakçıların iştirakı ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə iclasında vermiş olduğu ifadədə Təqsirləndirilən şəxs, ümumiyyətlə, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 6116 №-li rəyindən də göründüyü kimi müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə hallarının olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroinin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müsbət xarakterizə olunan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 17 mart 2017-ci il təvəllüdlü X6 və 05 mart 2021-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Veri kənd inzibati ərazi dairəssi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1996-ci ildə Lerik rayon T. Kazımov adına Veri kənd tam orta ktəbin birinci sinfinə getmiş 2007-ci ildə orta təhsilini bitirmişdir, 2009-cu ildə hərbi mətini başa vurmuşdur. 2014-cü ildə Bakı şəhər X20 bitirmişdir. O, azidə yaşadığı müddətdə, ailədə, kənddə və ictimaiyyətdə həmişə özunu yaxşı »armış, nümunəvi davranışa görə həmyaşıdları arasında fərqlənmişdir. Ruslan ahabov yoldaşlıqda çox səmimi, qayğıkeş və mehribandır. O, öz üzərində həmişə alışırdı. Ona verilmiş hər hansı tapşırığı vaxtında icra etməklə yanaşı yoldaşlarada öməklik göstərirdi. Təqsirləndirilən şəxs ərazimizdə yaşadığı müddətdə haqqında ərazi icra lümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 22 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 22 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut olub Nizami Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,215 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji disponserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 6,215 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1157/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1157/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver