Məhkəmə qərarları › İş №1(101)-1159/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1159/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1159/2021 29.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxx 1990-cı il tarixdə Abşeron rayonu, Altıağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı övladı olan, məhkumluğu olmayan, işləməyən, Xızı rayonu, Altıağac qəsəbəsində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/6 mənzil 76-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2021-ci ilin yanvar ayının ortalarında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Samir adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncudan satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və güclü təsir edən preqabalin maddələrini əldə edib yaşadığı ünvan 1 ünvanında saxlamış, həmin narkotik vasitələrdən olan heroinin bir hissəsini üzərində daşıyıb gəzdirərkən, 28.01.2021-ci il tarixdə saat 19:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanı yaxınlığında saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 2,498 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin günü saat 23:00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən mənzilin mətbəxində olan dolabda gizlətdiyi bir ədəd sellofan torbanın içərisində saxladığı bir bükümdə təmiz çəkisi 1040 qram tünd qəhvəyi rəngli yumuşaq vəziyyətdə maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1230,3 qram (1 kq 230,3 qr) ağ rəngli kristaldan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış Azərbaycan Respublikası ərazisində dövrüyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin, 78 ədəd ağ rəngli kapsulladakı üzərində «Lariver (preqabalin 150mq) yazısı olan 8 ədəd konvalyutda ümumi miqdarı 11,7 qram (bir kapsulda 0,15 qram preqabalin olmaqla) Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxil edilmiş preqabalin maddəsi aşkar edilərək, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 28 yanvar 2021-ci il tarixdə axşam saat 19:30 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanının yaxınlığında avtomobillə hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Ona onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edib orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət etmişlər. Ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsin xahiş edilmişdir. Bundan sonra o əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü, 5 manat 40 qəpik pulunu, “Unibank”a məxsus plastik kartını, sol yan cibindən yaşadığı mənzilin açarını, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki tünd göy rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərimə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus pul vəsaitini, yaşadığı mənzilin açarı ona qaytarılsa da, ona məxsus şəxsiyyət vəsiqəsi, plastik kartı və mobil telefonu ona izah edilməklə götürülmüşdür. Onun təqdim etdiyi kağız bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı o həmin maddənin ona məxsus olduğunu söyləməli olmuşdur, belə ki polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilmişdir. İdarədə olarkən narkotik vasitə aludəçisi olduğu üçün onun bədənində ağrılar yaranmışdır. Polis əməkdaşları onunla sövdələşmə əldə edərək, əgər ona qarşı irəli sürülmüş ittihama uyğun ifadə verərsə istifadə etməsi üçün ona narkotik vasitə verəcəklərini bildirmişlər. Ağrıları çox olduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Narkotik vasitəni istifadə etdikdən sonra ağrıları kəsmiş və narkotik vasitələrin ona məxsus olmaması barədə ifadə vermək istəmiş, lakin polis əməkdaşlları ona zor tətbiq etdiyi üçün onların dediklərini öz ifadəsində təsdiq etməli olmuşdur. Narkotik vasitələrdən istifadə etsə də, heç bir zaman onların satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrdən yalnız heroindən istifadə etmiş, digər növdə olan narkotik vasitələri ümumiyyətlə tanımamışdır. Saxlanılan zaman evində cəmi 1,5 qram narkotik vasitə olan heroin olub. Digər narkotik vasitələr polis əməkdaşları tərəfindən oraya qoyulmuş və videoçəkiliş aparılmışdır. Məhkəmədən onun yalnız narkotik vasitələrin istifadəsinə görə məsuliyyət müəyyən edən maddə ilə məsuliyyətə cəlb edilməsini və aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, 28 yanvar 2021-ci il tarixdə AR DİN-in BNMİ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da ünvan 3 ünvanında piyada hərəkət edən zaman onlar tərəfindən saxlanılmışdır. Onlar ona özlərini təqdim etdikdən sonra, onun da özünü təqdim etməsi xahiş olunmuş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olunması bildirilib, barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmiş, o da etiraz etməyərək onlarla birlikdə həmin İdarəyə getmişlər. Orada xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə ona hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilərək ona vəkil təqdim edilmiş, daha sonra vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə, buna dair bildiriş təqdim edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl İlkini şəxsi və axtarış aparılması barədə qərarla tanış edərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunmuş, o da ilk öncə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, 05 manat 40 qəpik pulunu, «Unibank»a məxsus plastik kartını, sol yan cibindən yaşadığı mənzilin açarlarını, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki tünd göy rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən özünə məxsus «Samsunq» markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin yan ciblərinə, boz rəngli cins şalvarının yan və arxa ciblərinə şəxsin axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ciblərindən heç bir əşya və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı mənzilin açarı və 5 manat 40 qəpik pul onun özünə qaytarılsa da, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd mobil telefon və 01 ədəd «Unibank»a məxsus plastik kart ondan götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş və həmin bükümün içərisində qəhvəyi rəngli kütlə aşkar edilərək tərəzidə çəkilmiş, sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olduğu soruşulduqda, o həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu öz istifadəsi üçün üzərində saxladığını və təxminən 10 gün bundan əvvəl Beyləqan rayonu ərazisindən götürdüyünü, narkotikin həmin yerə qoyulmasını ona adını «Samir» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının söylədiyini, narkotik vasitələrinin qalan hissəsinin yaşadığı Sumqayıt şəhərində yerləşən evində olduğunu və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bir ay bundan əvvəl həmin «Samir» adlı şəxsin ona 5 kiloqram çəkidə narkotik göndərdiyini və həmin narkotik vasitələrin hamısını ona deyilən yerlərə qoyduğunu və əvvəlcədən əldə etdiyi razılaşmaya əsasən hər 1 kq narkotiki deyilən yerə qoyulması müqabilində 1000 manat pul verəcəyini və həmin pulu ona məxsus hesaba göndərəcəyini vəd edilsə də hələ də pul əldə etmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və idarədə ona qarşı heç bir zor tətbiq edilməmiş, sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına gedilərək orada video çəkiliş aparılmaqla onların və İlkinin iştirakı ilə mənzilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik maddəni təqdim etmək təklif olunmuş, o da mənzilin mətbəxinə keçərək orada girişdən sol tərəfdə yerləşən dolabın qapısını açaraq içərisindən 01 ədəd sellofan torbanı götürüb onlara təqdim etmişdir. Mənzilin mətbəxində həmin sellofan torbaya baxış keçirilməsi şəraitin olmadığı üçün həmin sellofan torbaya baxış mənzilin qonaq otağında həyata keçirilmişdir. Həmin torbaya baxış keçirilərkən içərisindən 01 ədəd sellofan bükümdə heroin və 11 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və üzərində «Preqabalin» sözləri yazılmış 78 ədəd həb formasında maddələr aşkar edilərək götürülmüşdür. Həmin sellofan bükümlərdə olan maddələrin hamısı elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılmış, Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini təsdiq etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.01.2021-ci il tarixli, 6/403 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,498 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi…» yazısı olan polietilen bağlamadakı, -1(bir) ədəd bükümdə təmiz çəkisi 1040 qram tünd qəhvəyi rəngli yumşaq vəziyyətdə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -11 (on bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1230,3 qram (1kq 230,3 qr) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -bir ədəd göy rəngli plastik materialdan olan qaşığın üzərində metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək mümkün olmadı; -üzərində «Lariver (preqabalin 150 mq)» yazısı olan 08 ədəd konvalyuta ümumilikdə 78 ədəd ağ rəngli kapsullardakı ağ rəngli tozşəkilli maddə preqabalin tərkibli dərman preparatıdır və 78 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 11,7 qramdır (bir kapsulada 0,15 qram preqabalin olmaqla) Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi çəkisi 1042,498 qramdır (1 kq 042,8 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidirlər. (iş vərəqə 41-48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 18.03.2021-ci il tarixli, 832 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 138-139) Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 28.01.2021ci il tarixdə axşam saatlarında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan və ünvan 3 ünvanında BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə xidməti otaqlarının birində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməzdən əvvəl Azərbaycan Respublikası DİN-in DNMİ-in Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev özünü və digər əməkdaşları tutulmuş şəxsə təqdim edir, daha sonra ona özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Həmin vaxt təhqiqatçı X5 hüquqlarının müdafiə edilməsi məqsədilə dəvət olunmuş vəkili də təqdim edir, vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə, buna dair bildiriş təqdim edilir. İlkin vəkilə etiraz etmir. Daha sonra İlkin şəxsi və axtarış aparılması barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif olunur, o da ilk öncə əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, 05 manat 40 qəpik pulunu, «Unibank»a məxsus plastik kartı, sol yan cibindən yaşadığı mənzilin açarlarını, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki tünd göy rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən «Samsunq» markalı mobil telefonu təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkcəsinin yan ciblərinə, boz rəngli cins şalvarının yan və arxa ciblərinə şəxsin axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ciblərindən heç bir əşya və ya predmet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilir və həmin bükümün içərisində qəhvəyi rəngli kütlə aşkar edilir, həmin kütlə tərəzidə çəkilir, daha sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılır Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olduğu soruşulduqda, o həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu öz istifadəsi üçün üzərində saxladığını və təxminən 10 gün bundan əvvəl Beyləqan rayonu ərazisindən götürdüyünü, narkotikin həmin yerə qoyulmasını ona adını «Samir» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının söylədiyini, narkotik vasitələrin qalan hissəsinin yaşadığı Sumqayıt şəhərində yerləşən evində olduğunu və həmin ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs əlavə olaraq 01 ay bundan əvvəl həmin «Samir» adlı şəxsin ona 5 kiloqram çəkidə narkotik göndərdiyini və həmin narkotik vasitələrin hamısını ona deyilən yerlərə qoyduğunu və əvvəlcədən əldə etdiyi razılaşmaya əsasən hər 1 kq narkotiki deyilən yerə qoyulması müqabilində 1000 manat pul verəcəyini və həmin pulu ona məxsus hesaba göndərəcəyini vəd etsə də hələ də pul əldə etmədiyini qeyd edir. Təqsirləndirilən şəxs saxlanılan zaman və idarədə ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirir. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. (iş vərəqə 27-30, 116-118, 158-166) İş materiallarında olan, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6ünvanına daxil olmamışdan əvvəl video çəkilişdən istifadə edilməklə Azərbaycan Respublikası DİN-in DNMİ-in Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X6 Səfərova yaşadığı mənzilə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmadığın soruşur, o da heç bir etirazının olmadığını deyir. Daha sonra video çəkiliş davam etdirilərək BNMİ-nin əməkdaşları, eləcə də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkili ilə birlikdə Təqsirləndirilən şəxs mənzilə daxil olurlar. Baxış ilk öncə yaşadığı mənzilin dəhlizindən başlanılır. Mənzilin dəhlizində olan zaman Təqsirləndirilən şəxs mənzildə saxladığı narkotik maddəni təqdim etməsi təklif olunur. O da mənzilin mətbəxinə keçərək orada girişdən sol tərəfdə yerləşən dolabın qapısını açaraq içərisindən 01 ədəd sellofan torbanı götürüb təqdim edir. Mənzilin mətbəxində həmin sellofan torbaya baxış keçirilməsi şəraitin olmadığı üçün həmin sellofan torbaya baxış mənzilin qonaq otağında həyata keçirilir. Həmin torbaya baxış keçirilərkən içərisindən 01 ədəd sellofan bükümdə heroin və 11 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və üzərində «Preqabalin» sözləri yazılmış 78 ədəd həb formasında maddələr aşkar edilərək götürülür. Həmin sellofan bükümlərdə olan maddələrin hamısı elektron tərəzidə çəkilir, daha sonra qablaşdırılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş maddələri təxminən 10 gün bundan əvvəl Beyləqan rayonu ərazisindən götürdüyünü, narkotikin həmin yerə qoyulmasını ona adını «Samir» kimi bildiyi İran İslam Respublikasının vətəndaşının söylədiyini, həmin yerdən narkotik maddəni götürdükdən sonra ona deyilən yerə qoyulması müqabilində pul verməli olduğunu bildirir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi haqqında protokolda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır. (iş vərəqə 32-34, 121-123, 158- 166) İş materiallarında olan, 30.01.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1039,8 qram və 2,398 qram heroin, 1230,08 qram psixotrop maddə metamfetamin və 74 kapsul preqabalin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. (iş vərəqə 92-94, 158-166) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir və iş üzrə şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolları, videoçəkiliş, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü tam təqsirli bilərək göstərmişdir ki, 28 yanvar 2021-ci il tarixdə axşam saat 19:30 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanının yaxınlığında avtomobillə hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Ona onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra onu Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət edib orada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət etmişlər. Ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmiş, müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsin xahiş edilmişdir. Bundan sonra o əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü, 5 manat 40 qəpik pulunu, “Unibank”a məxsus plastik kartını, sol yan cibindən yaşadığı mənzilin açarını, arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, əynindəki tünd göy rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərimə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus pul vəsaitini, yaşadığı mənzilin açarı ona qaytarılsa da, ona məxsus şəxsiyyət vəsiqəsi, plastik kartı və mobil telefonu ona izah edilməklə götürülmüşdür. Onun təqdim etdiyi kağız bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmiş, həmin maddə elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı o həmin maddənin ona məxsus olduğunu öz istifadəsi üçün üzərində saxladığını, on gün bundan öncə yəni 2021-ci ilin yanvar ayında Beyləqan rayonu ərazisində yolun kənarından götürdüyü və həmin yerə narkotik maddə qoyulmasını ona İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Samir” adlı şəxs söyləmişdir. Həmin şəxsi təxminən 1 ilə yaxın müddətdir ki, tanıdığını, həmin narkotikin bir hissəsini yaşadığı evdə gizlətdiyini, evində olan maddəni təqdim edə biləcəyini bildirmişdir. Bundan təxminən bir ay öncə bir dəfə də o Beyləqan rayonu ərazisindən təxminən 5 kq çəkidə narkotik maddəni götürərək həmin Samir adlı şəxsin dediyi yerlərə qoyduğunu, aralarında olan razılaşmaya əsasən hər 1 kq narkotiki deyilən yerə qoyması müqabilində 1000 manat pul əldə etməli olsa da, indiyə qədər o bu fəaliyyətdən pul əldə etməmişdir. Onun üzərinə şəxsi axtarış bitdikdən sonra Sumqayıt şəhərində yaşadığı mənzilə baxış keçirilmişdir. Orada o mətbəxdə gizlətdiyi 1 ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik maddə olduğunu qeyd etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd sellofan bükümdə narkotik maddə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 78 ədəd preqabalin həbləri aşkar edilmişdir. Həmin maddələr də elektron tərəzi ilə çəkildikdən sonra sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Orada da bir daha həmin maddələrin “Samir” adlı İran İslam Respublikasının vətəndaşının göndərdiyini qeyd etmişdir. Həmin narkotik vasitəni ona İran İslam Respublikasında yaşayan Samir adlı şəxs ona votsap vasitəsi ilə zəng edərək hara narkotik vasitə qoyulduğunu və ondan həmin narkotik vasitəni götürüb digər bir yerə qoymasını bildirmişdir. Bunun müqabilində onun “Unibank”a məxsus plastik kartına pul ödəməli olunmuş, lakin həmin pulu ödəməmişlər. Uzun müddətdir ki, narkotik maddələrin istifadəçisidir, istifadəsində ***-***-**-** mobil nömrəsi olmuş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış keçirilmədən öncə onun üzərinə baxış keçirilməmiş, o yük maşını idarə etdiyindən və müxtəlif yerlərə yük apardığından, İran İslam Respublikasında olan zaman Samiri oradan tanımış, lakin Samirin harada yaşamasını bilməmişdir. Əvvəl aralarında razılaşma olmamış, lakin sonradan mobil telefonla danışandan sonra onların aralarında razılaşma olmuşdur. Aralarında olan razılaşmaya əsasən o, narkotikləri müəyyən bir yerə qoymalı, ona zəng vurmalı, o da həmin narkotiki götürüb başqa bir yerə qoymalı, bunun müqabilində ona pul verilməli idi, lakin ona heç bir pul ödənilməmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 15.12.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.2 maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş və AR Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 08.08.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 263.1-1 maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 02 il 06 ay müddətinə nəqliyyat vasitələrinin idarə etməsi hüququndan məhrum edilmiş və 07.06.2013-cü ildə AR Milli Məclisin 07.05.2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (iş vərəqə 112-115, 132-135, 158-166) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan, məhkumluluğu ödənilmiş hesab edilir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci il və 2014-cü il təvəllüdlü iki azyaşlı övladı vardır. (iş vərəqə 98) İş materiallarında olan, 7 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini, müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 18.03.2021-ci il tarixli, 832 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1039,8 qram və 2,398 qram heroin, 1230,08 qram psixotrop maddə metamfetamin və 74 kapsul preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 30 yanvar 2021-ci il tarixli, 4(060)-36/2021 saylı təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. (iş vərəqə 90-91). Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1039,8 qram və 2,398 qram heroin, 1230,08 qram psixotrop maddə metamfetamin və 74 kapsul preqabalin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar