Məhkəmə qərarları › İş №1(101)-1159/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1159/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1159/2024 19.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,432 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2023-cü il tarixdə saat 17:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 65 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, həmin idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,432 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, “Neftçilər” metrostansiyasının yaxınlığında saxlanılmışdır. Həmin vaxt üzərində bişmiş formada heroin olmuşdur. O, bölməyə gətirilmiş, orada 2 saat təzyiq altında olmuşdur. Ona narahat olmamasını, 5-6 il həbs olunub, çıxacağını demişlər. Sabahısı gün müstəntiq gəlmiş, onu 234.1-1-ci maddə ilə rəsmiləşdirmişdir. O da sənədlərə imza çəkmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən üzərində 0,25 qram narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonunda, adını demək istəmədiyi bir şəxsdən aldığını, polis əməkdaşları onu idarəyə gətirəndən sonra üzərinə əlavə 1 büküm narkotik vasitə qoyduqlarını, daha sonra cibinə tərəzi qoymaq istədiklərini, polislərin onu döydüklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Pərvizi saxlayıb idarəyə, təhqiqat otaqlarından birinə gətirmişlər. İdarədə Pərvizin üzərinə vəkilin iştirakı və çəkilişlə baxış keçirilmişdir, üzərində hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Pərviz də üzərində olan narkotik vasitəni təqdim etmiş, həmin narkotik vasitənin “kakos” olmasını və onu Sabunçu rayonunda, tanımadığı bir vətəndaşdan şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyulmuş, 160 saylı möhürlə möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 onun və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə təzyiq göstərilmədiyini, döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin verdiyi ifadənin böhtan xarakterli olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir fiziki və ya psixi təzyiq olunmadığını, şəxsin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirdiyini, baxış zamanı şəxsin narkotik vasitəni özünün cibindən çıxararaq könüllü şəkildə onlara təqdim etdiyini, bu əməliyyatda Mehman və onun iştirak etdiyini, təqsirləndirilən şəxsi heç kimin döymədiyini, onun verdiyi ifadəsinin yalan olduğunu bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nizami rayonunda yaşayan “Pərviz” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “Pərviz” adlı şəxsin müəyyən edilməsi, ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 avqust 2023-cü il tairxdə, saat təxminən 17:10 radələrində, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65 ünvanının qarşısında narkotik maddələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, tozşəkilli formada, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni adını bilmədiyi şəxsdən həmin gün Sabunçu rayonu ərazisindən istifadə etmək məqsədi ilə 25 (iyirmi beş) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4567 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N162...” dairəvi möhür əksi və...” vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza, ... üç imza, Tərtib etdi: Ə.N.Məlikov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfə 01 ədəd bükümdəki təmiz çəkisi 2,432 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir (cild 1, iş vərəqi 39-43). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 59- 60). - Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 90). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli, 11111 saylı məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müayinədə olmuşdur. Diaqnoz: "Yüngül nevrotik reaksiyalar. Anamnezində özünü kəsmələrlə." (cild 1, iş vərəqi 93). - Nizami rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İŞ-nin müstəntiqi, polis mayoru Səbuhi İsmayılovun icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə icraata 52/2-33123/23 saylı əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, müsbət nəticə olduğu təqdirdə əlavə məlumat veriləcəkdir (cild 1, iş vərəqi 102). - DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirmək üçün bir ədəd DVD disk "HP 2011x" markalı kompyuterin disk oxunan yerinə daxil edilmiş və açılmasına komanda verilmişdir. DVD disk açılanda bir ədəd "VİD- 20230826_195438.mp4" adlı faylın 851272 KB olması müəyyən edilmişdir. Diskdəki video görüntüyə baxış keçirilən zaman müəyyən olur ki, həmin görüntü açıldıqda xidməti otaqda özünü Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis leytenantı Ənvər Məlikov kimi təqdim edir. Sonra X6 tərəfindən xidməti otaqda olan mülki geyimdə olan şəxs Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Rahim Alışov, mülki geyimdə olan şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1, mülki geyimdə olan şəxs həmin bölmənin əmliyyat müvəkkili Şahid2 və mülki geyimdə olan şəxs Təqsirləndirilən şəxs kimi təqdim edir. X6 Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən və Bakı şəhəri Nizami rayon Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilməsini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya prdemet varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edərək xidməti otaqda olan stolun üzərinə qoyur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğunu soruşur, Təqsirləndirilən şəxs bildirir ki, bir ədəd bükümdə narkotik vasitə heroin var, özünə məxsusdur. X6 tərəfindən həmin büküm açılır və içərisində qəhvəyi rəngli maddə aşkar edilir. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs sorğu zamanı bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 25 manata istifadə etmək üçün alaraq üzərində saxlamışdır (cild 1, iş vərəqi 105). - Nizami rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İŞ-nin müstəntiqi, polis mayoru Səbuhi İsmayılovun icraatında olan ********* saylı cinayət işi ilə əlaqədar olaraq xx.xx.2023-ci il tarixdə icraata 52/2-39060/23 saylı əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığının icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri haradan və kimdən əldə etdiyinin müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 108). - maddi sübut qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2,432 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 2,332 qram çəkidə narkotik vasitə heroin Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 111, 112). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ***- ***-**-** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 iyun 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək zənglər, abunəçilər siyahısı, əhatə dairəsi, SMS mətnləri məlumatlar əks olunmuşdur. Disklərdə əks olunmuş məlumatlara baxış keçirilən zaman müəyyən edildi ki, "xxxx" MMC tərəfindən göndərilmiş 01 ədəd CD diskdə olan məlumata əsasən ***-***-**-** saylı mobil nömrə X4 məxsusdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan SMS mətninə baxış zamanı aşağıdakı yazışmalar müəyyən edilmişdir: xx-xx-2023-cü ildə saat 03:43:40-da +**********98 nömrədən +**********13 nömrəyə coreyimi yiyim yigiram qaqa, mene temiz yari kola duzelt qadan alaram. xx-xx-2023-cü ildə saat 14:07:20-də +**********08 nömrədən +**********13 nömrəyə Yeke oglansan ale camahata mal qret eliyirsen mene catanda agliyirsan sagolda hormetive gore. xx-xx-2023-cü ildə saat 14:16:51-də +**********08 nömrədən +**********13 nömrəyə Yari kola 5 diyde das var. xx-xx-2023-cü ildə saat 14:19:33-də +**********08 nömrədən +**********13 nömrəyə gelerem amaki das deqiq var. xx-xx-2023-cü ildə saat 15:38:09-da +**********08 nömrədən +**********13 nömrəyə Salam qaqas necesen nolub incimise teli acmirsan tema lazimdi ***-***-**-** saylı mobil nömrədən çıxan SMS mətninə baxış zamanı cinayət işi üçün əhəmiyyətli hallar aşkar edilmədi. "xxxx" MMC tərəfindən göndərilmiş 01 ədəd CD diskdə olan məlumata əsasən ********** saylı mobil nömrə X2 və ********** saylı mobil nömrə X5 məxsusdur. "xxxx" MMC tərəfindən göndərilmiş 01 ədəd CD diskə baxış zamanı cinayət işi üçün əhəmiyyətli digər hallar aşkar edilməmişdir (cild 1, iş vərəqi 114-117). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2577 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyİni dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 118-121). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatrorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 122-123). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın gedişatını özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 131-137). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 139- 140). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 96-97). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində ittihamda göstərilən qədər deyil, 0,25 qram narkotik vasitə olması, polis bölməsində psixoloji təzyiq altında olması və polis əməkdaşları tərəfindən döyülməsi, nəticədə cinayəti boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan şalvarın cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən aşkar edilmiş heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gün Sabunçu rayonu ərazisindən adını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə 25 (iyirmi beş) manata əldə etdiyini etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işini və tibbi kitabçası əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində yeni xəsarətlərin aşkar olunmadığı barədə qeyd aparıldığı müəyyən edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış sms yazışmaları, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotiki məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 28 avqust 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 77-81). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 2,332 qram heroin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,332 qram heroin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar