Məhkəmə qərarları › İş №1(101)-1162/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1162/2023

19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1162/2023 19.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan 02 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 9,695 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 14cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində 02 dekabr 2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 3 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,148 qram, 3,142 qram, 3,405 qram olmaqla, ümumi təmiz çəkisi 9,695 qram təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Müsəlman Birliyi təşkilatının üzvü olduğu üçün onu bu yoldan çəkindirmək məqsədi ilə polis işçiləri incidirmişlər. 02 dekabr 2022-ci il tarixdə yaşadığı qəsəbədəki poçta getmiş və poçtdan çıxanda polis əməkdaşları onu tutub əvvəlcə polis bölməsinin həyətinə, daha sonra isə Sabunçu oayon Polis idarəsinə aparmışlar. Onda heç bir narkotik vasitə olmamış və bu cür işlərdən uzaq adamdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Müsəlman Birliyi təşkilatının üzvüdür və hadisə baş verən gün poçtdan çıxanda polis əməkdaşı olan Rasim onu saxlamış və əvvəlcə 14-cü Polis bölməsinə gətirmişdir. Polis bölməsinə aparılarkən o, öz maşınında arxa oturacaqda oturmuşdur. Onun qoluna qandalı Sabunçu RPİ-də vurmuşlar. Onun üstünə narkotik vasitəni Rasim qoymuşdur. O, buna mane olmaq isətəsə də, əli bağlı olduğundan bunu edə bilməmişdir. Polis işçiləri onun cibinə bir büküm atmışlar. Polis bölməsində isə cibindən narkotik vasitəni Şəhriyar adlı polis işçisi çıxarıb stolun üstünə qoymuşdur. Üzərinə baxış keçiriləndə vəkil orada olmamışdır. Sabunçu rayon məhkəməsində onun barəsində sanksiya veriləndə hakimə narkotik vasitənin özünə məxsus olmadığını, polislər tərəfindən cibinə qoyulduğunu demişdir. Bakı İstintaq təcridxanasına gətiriləndə üzərində gözlə görünən hər hansı xəsarət olmamış, başında şiş olsa da, həmin şiş gözlə görünməmişdir. O, istintaq vaxtı müdafiəçisi Müdafiəçi1 gələndən sonra ifadə vermişdir. Bundan əvvəl o, 5 dəfə inzibati həbsdə olmuş, birlikdən uzaqlaşmaq üçün onun barəsində inzibati həbs qərarları çıxarılmışdır. Onu 02 dekabr 2022-ci il tarixdə saat 11-12 radələrində saxlayıb 14-cü Polis bölməsinə gətirmişlər, 10-15 dəqiqə bölmədə qaldıqdan sonra Polis idarəsinə aparmışlar. Onunla polis işçiləri arasında söhbətlər idarədə ikinci mərtəbədə olmuşdur. Narkotik vasitəni onun cibindən Şəhriyarla Elçin çıxarmış, orada Elçin onu vurmuşdur. Saxlanılarkən müdafiəçi gecə gəlmiş, lakin nə vaxt gəldiyini xatırlamır. O, polis bölməsində həmin vəkili görməmişdir. Müdafiəçini yalnız müvəqqəti saxlama yerində görmüşdür. Polis bölməsində narkotik vasitəni çıxarıb stolun üstünə qoymuşlar, lakin zərfə qoyulduğunu görməmişdir. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək heç bir səbəb göstərmədən ona verilən sualları cavablandırmaqdan imtina etmişdir (cild 1, iş vərəqi 90-91). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda onun narkotik vasitələrin saxlanmasında və satışında şübhəli olduğu göstərilmişdir. 02 dekabr 2022-ci il tarixdə günorta vaxtı Samir onlar tərəfindən saxlanılaraq 14-cü Polis bölməsinə gətirilmişdir. Orada təhqiqatçının otağında hal şahidlərinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən selofana bükülmüş metamfetamin aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid1 şübhəli şəxsin günorta saatlarında saxlanıldığını, həmin vaxt saat təxminən 2-3 radələri olduğunu, Samiri digər əməliyyatçı Şahid2la birlikdə saxladıqlarını, daxil olmuş əməliyyat məlumatının narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə olduğunu, saxlanılarkən həmin yerdə Samirin avtomobilinin də dayanmış vəziyyətdə olduğunu, polis bölməsinə şübhəli şəxsin avtomobili ilə getdiklərini, avtomobili özünün sürdüyünü, Təqsirləndirilən şəxslə digər əməkdaşın isə arxa oturacaqda əyləşdiklərini, şəxsi axtarış keçrilməsində hal şahidlərinin iştirak etdiklərini, həmin vaxt videoçəkiliş aparılmadığını, Samir saxlanılarkən ona qarşı hər hansı təsir və təzyiq olunmadığını, şəxsi axtarışdan sonra Samirin sənədləri imzalamaqdan imtina etdiyini, əməliyyat məlumatının polis bölməsinə təxminən 3-4 gün əvvəl daxil olduğunu və həmin məlumatda Samirin adının göstərildiyini, əvvəllər onun barəsində bölmədə hər hansı məlumat olmadığını, Samiri saxladıqdan sonra 14-cü Polis bölməsinə təhqiqatçının yanına gətirdiklərini, onun üzərinə şəxsi axtarışın günorta vaxtı keçirildiyini, hal şahidlərinin özü tərəfindən yaxınlıqdakı parkda olan vətəndaşlar arasından dəvət edildiyini, Samiri bölməyə gətirərkən əlinə qandal vurmadıqlarını və əlləri açıq vəziyyətdə bölməyə gətirdiklərini, özü hal şahidlərini dəvət etməyə gedəndə digər əməkdaşın Samirin yanında qaldığını, təqsirləndirilən şəxsin ailə üzvlərindən kimə xəbər verilməsini xatırlamadığını, polis bölməsində Samir barədə əməliyyat-qeydiyyat işinin aparıldığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 3 büküm psixotrop maddə metamfetamin aşkar olunduğunu və onları zərfə yerləşdirərək möhürlədiklərini, şübhəli şəxsin Maştağada parka tərəf olan yerdə saxladıqlarını və polis bölməsinə gətirdiklərini, həmin vaxt Samirin polis idarəsinə aparılmadığını və özünün də idarəyə getmədiyini, Təqsirləndirilən şəxs dini baxışları ilə bağlı onlara məlumat daxil olmadığını, özü və ya başqa hansısa polis işçisi tərəfindən Samirin cibinə narkotik və psixotrop maddə qoyulmadığını, təqsirləndirilən şəxsin bu barədə dediklərinin böhtan və cəfəngiyyat olduğunu, şəxsi axtarış təhqiqatçı tərəfindən həyata keçirildiyinə görə videoçəkilişin nəyə görə aparılmadığını bilmədiyini, onlarda Samirin hansısa dini təriqətin üzvü olması barədə məlumat olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında onun narkotik vasitələrin saxlanmasında və satışında şübhəli olduğu göstərilmişdir. 02 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs onlar tərəfindən Maştağa qəsəbəsi, Xanlar küçəsində saxlanılmış və Polis bölməsinə gətirilərək təhqiqatçının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman onun üzərindən psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Verilən sualları cavablandıran Şahid2 bildirmişdir ki, o, əməliyyat qrupunun üzvü kimi həmin tədbrdə iştirak etmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra öz maşını ilə bölməyə gətirilmiş, bu zaman o, üzərindən nəyisə atmağa cəhd etməmişdir. Polis bölməsində sənədləşmə işlərini təhqiqatçı aparmışdır. Hal şahidlərini isə Şahid1 dəvət etmişdir. Narkotik Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar olunmuşdur. Bundan sonra protokol tərtib olunmuş, təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmiş və narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Onlar Samiri günorta vaxtı saxlamış, həmin yerlə orada olan poçt arasındakı məsəfə təxminən 50 metr olmuşdur. Saxlanılan vaxt Samirin yanında heç kim olmamış, o, tək olmuşdur. Həmin vaxt onlar hadisə yerinə maşınla getmiş, bölməyə qayıdanda isə təqsirləndirilən şəxsin maşını ilə qayıtmışlar. Hal şahidləri bölməyə gələndə təqsirləndirilən şəxs təhqiqatçının otağında olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, daha sonra isə o, xidmətini davam etdirmişdir. Təqsirləndirilən şəxsin guya onun tərəfindən vurulması barədə dedikləri yalandır, o, Samiri vurmamışdır. Özü və ya başqa hansısa polis işçisi tərəfindən Samirin cibinə narkotik və psixotrop maddə qoyulmadığını, təqsirləndirilən şəxsin bu barədə dediklərinin onlara qarşı böhtan olduğunu, şəxsi axtarış təhqiqatçı tərəfindən həyata keçirildiyinə görə videoçəkilişin nə səbəbdən aparılmadığını bilmədiyini, onlarda Samirin hansısa dini təriqətin üzvü olması barədə məlumat olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilərkən hal şahidi qismində iştirak etmiş və istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Belə ki, həmin şəxsin üzərinə 14-cü polis bölməsində axtarış zamanı cibindən 3 büküm narkotik vasitə aşkar olunmuşdur. Verilən sualları cavablandıran Şahid4 bildirmişdir ki, şəxsin üzərinə şəxsi axtarış keçiriləndə günorta saatları təxminən 3-4 radələri olmuşdur. Həmin hadisə qış aylarına təsadüf edir, lakin dəqiq tarixi yadında deyil. Polis əməkdaşları onu görüb hal şahidi kimi dəvət etmişlər. Onu dəvət edən polis işçisi mülki geyimdə olmuş, bir nəfər saxladıqlarını, onun maşınına və üstünə baxış keçiriləcəyini, hal şahidi kimi iştirak etmək lazım olduğunu bildirmişlər. Həmin vaxt saxlanılan bu şəxs sakit dayanmış, özü çıxarıb narkotiki təqdim etmişdir. Onun üzərindən həm də şəxsiyyət vəsiqəsi və telefon aşkar olunmuşdur. Baxış keçiriləndə otaqda mülki geyimdə olan şəxs də olmuş, lakin onun vəkil və ya başqa şəxs olduğunu bilməmişdir. Baxış keçiriləndən sonra sənədlər tərtib olunmuş, o da, həmin sənədləri imzalamışdır. Onu polis əməkdaşları dəvət etmiş, baxışda hal şahidi qismində iştirak etməyi xahiş etmiş, o da, etiraz etməmişdir. Sonra maşınla 7-8 dəqiqə getmişlər və bölməyə çatmışlar. Bölmədə polis formasında olan şəxs özünü təqsirləndirilən şəxsə təqdim etmiş, lakin həmin polis işçisinin adını dəqiq xatırlamır. O, bölməyə çatanda digər hal şahidi artıq orada olmuşdur. Cibindən üç büküm narkotiki təqsirləndirilən şəxs özü çıxarıb stolun üstünə qoymuşdur. Sənədlər imzalananda bu şəxs də orada olmuş, lakin sənədləri imzalamamışdır. Şahid4 dindirildiyi zaman çarpaz verilən sualı cavablandıran Təqsirləndirilən şəxs həmin şəxsi Sabunçu rayon polis idarəsində gördüyünü bildirmişdir. Məhkəmə iclasına gəlməyən digər hal şahidi Şahid3 məcburi gətirilməsi haqqında qərar qəbul edilməsinə baxmayaraq, onun 15 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini X2 aeroportundan keçməklə Rusiya Federasiyasının Novosibirsk şəhərinə getməsi və qayıdacağı tarixin bəlli olmaması müəyyən olunmuş, bununla əlaqədar proses iştirakçılarının fikirləri dinlənilməklə və təqsirləndirilən şəxsin razılığı ilə şahidin istintaq zamanı verdiyi ifadəsinin məhkəmədə elan və tədqiq olunması qərara alınmışdır. İbtidai istintaq zamanı dindirilərkən Şahid3 ifadəsində bildirmişdir ki, 02 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində piyada Bakı şəhəri, Sabunçu rayonu, Xanlar küçəsində 14-cü polis bölməsinin inzibati binasının yaxınlığından keçərkən bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq adının Şəhriyar olduğunu və 14-cü polis bölməsinin əməkdaşı olduğunu demiş, 14-cü polis bölməsinin inzibati binasında bir nəfər şübhəli şəxsin üzərinə keçiriləcək şəxsi axtarış zamanı hal şahidi kimi iştirak etmək lazım olduğunu bildirmiş və ondan hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. O da, polis əməkdaşına razılıq vermişdir. Şəhriyar adlı polis əməkdaşı yanında olan digər şəxsdən də hal şahidi kimi iştirak etməsini xahiş etdiyini və həmin şəxsin də razılığını aldığını bildirmişdir. Onlar birlikdə 14-cü polis bölməsinin inzibati binasına getmişlər. Orada xidməti otaqlardan birinə daxil olmuşlar. Otaqda iki nəfər mülki geyimdə və bir nəfər polis xidməti geyim formasında olmaqla 3 nəfər şəxs olmuşdur. Polis xidməti geyim formasında olan şəxs özünü onlara təqdim edib 14-cü polis bölməsinin təhqiqatçısı olduğunu, adının da Rəşad olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs onlara digər iştirakçıların da anket məlumatlarını bildirmişdir. Belə ki, onu və digər şəxsi dəvət edən şəxs 14-cü polis bölməsinin əməliyyat müvəkkili Şəhriyar, otaqda olan mülki geyimdə olan şəxslərdən biri həmin polis bölmənin əməliyyat müvəkkili Elçin, digəri isə Samir adlı şəxs olmuşdur. Onunla birlikdə hal şahidi qismində dəvət edilən şəxsin adı da Sirac olmuşdur. Təhqiqatçı onlara bildirmişdir ki, Samir adlı şəxs, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli olduğu üçün bölməyə gətirilmiş, şübhəli şəxs kimi tutulmuş və üzərində şəxsi axtarış aparılacaqdır. Onlar da həmin prosesdə iştirak edəcəklər. O və digər hal şahidi qismində dəvət edilmiş digər şəxs buna heç bir etirazlarının olmadığını bildirmişlər. Bundan sonra onara, yəni hal şahidlərinə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri elan edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs onların yanında müraciət etmişdir ki, şəxsi axtarış vəkilin iştirakı olmadan aparılsın. Təqsirləndirilən şəxs müraciəti əsasında təhqiqatçı ərizəni çap etmiş, lakin Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya narkotik vasitə varsa, təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd şəffaf selofana bükülmüş bükümləri və qara rəngli "Xiomi” markalı mobil telefonu təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu, lakin psixotrop maddə metamfetamini kimdən, haradan, nə məqsədlə əldə etdiyini və üzərində gəzdirdiyini bildirməmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən avtomobil açarı, şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd şəffaf selofana bükülmüş bükümlər götürülərək qablaşdırılmışdır. Həmçinin “Xiomi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi götürülmüş və avtomobil açarı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Mercedes” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış və götürmə aparılması barədə məlumat verilmişdir. Həmçinin polis əməkdaşı Şəhriyar ona avtomobildə keçiriləcək axtarış zamanı hal şahidi kimi iştirak etmək lazım olduğunu bildirmiş və ondan hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O da, Şəhriyar adlı polis əməkdaşına razılıq vermişdir. Şəxsi axtarış zamanı onunla birlikdə hal şahidi kimi iştirakı etmiş adı Sirac olan şəxsdən də hal şahidi kimi iştirak etməsini xahiş etdiyini və həmin şəxs də razılığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin qərarla tanış edildikdən sonra “Mercedes” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilmişdir. Avtomobilə axtarışdan əvvəl Təqsirləndirilən şəxs onların yanında müraciət etmişdir ki, avtomobildə axtarış vəkilin iştirakı olmadan aparılsın. Təqsirləndirilən şəxs müraciəti əsasında təhqiqatçı ərizəni çap etmiş, lakin yenə də Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Avtomobildə axtarış keçirilmədən öncə Təqsirləndirilən şəxs avtomobilində olması ehtimal edilən narkotik vasitələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilində qeyd olunan əşya və maddələrin olmadığını bildirmişdir. Avtomobildə axtarış zamanı cinayət təqibi üzrə sübut əhəhmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs hər hansı bir əlamətin olduğunu görməmişdir (cild 1, iş vərəqi 65-67). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin baş təhqiqatçısı Şahid5 göstərmişdir ki, təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən 02 dekabr 2022-ci il tarixdə saat 14 radələrində 14-cü Polis bölməyə gətirilmişdir. Əməliyyat qrupunda iki əməliyyatçı - Şahid1la Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli bilindiyi üçün bölməyə gətirilmişdir. Bölmədə Samirin üzərinə şəxsi axtarış keçrilməsi təhqiqatçı kimi ona həvalə edilmişdir. O, şəxsi axtarışı videoçəkilişlə keçirmək istəmiş, lakin şübhəli şəxs imtina etdiyi üçün bu mümkün olmamış, buna görə hal şahidləri dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin şəxsi axtarışdan əvvəl və sonra tərtib olunmuş bütün sənədləri imzalamaqdan imtina etmişdir. Hal şahidləri şəxsi axtarışda iştirak etmək üçün əməliyyat müvəkkilləri tərəfindən dəvət edilmişdir. O, əvvəlcə hansı hal şahidinin gətirildiyini xatırlamır. Hal şahidləri gəldikdən sonra şübhəli şəxs qismndə Samirin üzərinə baxış keçirilmişdir. Həmin vaxt mobil telefonla da videoçəkiliş aparılmasına razı olmadığı üçün hal şahidlərnin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsindən əvvəl müdafiəçi də dəvət olunmuş, lakin təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina etdiyi üçün vəkilin iştirakı olmadan baxış keçirilmişdir. Həmin vəkil 7 saylı vəkil bürosundan vəkil dəvət olunmuşdur. Şəxsi axtarış zamanı 3 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər şəxsin şalvarının cibindən aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş maddələr qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Xatirində qaldığı qədər, şəxsi axtarış zamanı orada bir ədəd foto çəkilmiş və tərtib olunmuş protokola əlavə edilmişdir. Özü və ya başqa hansısa polis işçisi tərəfindən Samirin cibinə narkotik və psixotrop maddə qoyulmamış, təqsirləndirilən şəxsin bu barədə dedikləri onlara qarşı böhtandır. Onlarda Samirin hansısa dini təriqətin üzvü olması barədə məlumat olmamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 04 dekabr 2022-ci il tarixli üzləşdirmə protokollarına əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2, həmçinin hal şahidləri Şahid3 və Şahid4 arasında həmin istintaq hərəkətləri keçirilmiş, bu zaman Şahid1, Şahid2, Şahid3 və Şahid4 istintaqa verdikləri sərbəst ifadələrini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmişlər (cild 1, iş vərəqi 71-72, 73-74, 75-76, 77-78). İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportlardan, qərar və protokoldan görünür ki, Sabunçu RPİ, 14-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilmiş, həmin məlumata əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və müvafiq əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində idarə etdiyi “Mersedes” markalı ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 3-9). Cinayət işində olan 02 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 3 bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29-31). Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarı ilə Sabunçu RPİ, 14-cü Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 02 dekabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 51). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6868 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksi, “saxlanılan şəxs Təqsirləndirilən şəxs" yazısı və imzalar olan kağız zərfdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,148 qr., 3,142 qr., 3,405 qr. olpaqla ümumi təmiz çəkisi 9,695 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (cild 1, iş vərəqi 44-48). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 715№-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 166-167). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X3 alınmış məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublikası Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır (cild 1, iş vərəqi 150). İbtidai istintaq orqanının 27 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,148 qr., 3,142 qr., 3,405 qr. olmaqla ümumi təmiz çəkisi 9,695 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,545 qram metamfetamin məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün, həmçinin Təqsirləndirilən şəxs məxsus “Xiomi” markalı mobil telefon yaxın qohumlarına qaytarılmasından ötrü Sabunçu RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqəi 171-177, 184). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyildir (cild 1, iş vərəqi 164-165). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Müsəlman Birliyi təşkilatının üzvü olduğu üçün onu bu yoldan çəkindirmək məqsədi ilə polis işçilərinin incitdiyini, 02 dekabr 2022-ci il tarixdə yaşadığı qəsəbədəki poçta getdiyini və poçtdan çıxanda polis əməkdaşlarının onu tutub əvvəlcə polis bölməsinin həyətinə, daha sonra isə Sabunçu oayon Polis idarəsinə apardıqlarını, onda heç bir narkotik vasitə olmadığını və bu cür işlərdən uzaq adam olduğunu, onun qoluna qandalı Sabunçu RPİ-də vurduqlarını, üstünə narkotik vasitəni Rasimin qoyduğunu, buna mane olmaq isətəsə də, əli bağlı olduğundan bunu edə bilmədiyini, polis işçilərinin onun cibinə bir büküm atdıqlarını, polis bölməsində isə cibindən narkotik vasitəni Şəhriyar adlı polis işçisinin çıxarıb stolun üstünə qoyduğunu, üzərinə baxış keçiriləndə vəkilin orada olmadığını, Sabunçu rayon məhkəməsində onun barəsində sanksiya veriləndə hakimə narkotik vasitənin özünə məxsus olmadığını, polislər tərəfindən cibinə qoyulduğunu dediyini, Bakı İstintaq təcridxanasına gətiriləndə üzərində gözlə görünən hər hansı xəsarət olmadığını, başında şiş olsa da, həmin şişin gözlə görünmədiyini, onu 02 dekabr 2022-ci il tarixdə saat 11-12 radələrində saxlayıb 14-cü Polis bölməsinə gətirdiklərini, 10-15 dəqiqə bölmədə qaldıqdan sonra Polis idarəsinə aparıldığını, onunla polis işçiləri arasında söhbətlərin idarədə ikinci mərtəbədə olduğunu, narkotik vasitəni onun cibindən Şəhriyarla Elçinin çıxardığını, orada Elçinin onu vurduğunu, müdafiəçini yalnız müvəqqəti saxlama yerində gördüyünü qeyd etmiş və öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və cibində saxladığı ittihamda qeyd olunan psixotrorp maddəni təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. 14-cü Polis bölməsində olarkən ona müdafiəçi təyin olunsa da, bu barədə tərtib olunmuş protokolu, həmçinin digər bütün təhqiqat sənədlərini imzalamaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid5 onlarda, həmçinin polis bölməsində Təqsirləndirilən şəxs hansısa dini təriqətin üzvü olması barədə məlumatların olmadığını, şübhəli şəxsin həmin fəaliyyətinə görə deyilo, konkret olaraq qanunsuz psixotrop maddələrin əldə edilib saxlanılması və daşınmasına görə saxlanıldığını, ona qarşı hər hansı fiziki və ya psixi təsir, təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs polis bölməsində və saxlanılarkən heç kim tərəfindən döyülmədiyini, onun cibinə heç bir polis əməkdaşının psixotrop maddə yerləşdirmədiyini, onların barəsində Təqsirləndirilən şəxs dediklərinin böhtan və cəfəngiyyat olduğunu bildirdilər. Məhkəmə iclasında müdafiə tərəfi həmçinin Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra əvvəlcə Sabunçu rayon Polis idarəsinə aparılıb onunla söhbətlər aparılması, oradan isə 14-cü Polis bölməsinə göndərilərək şəxsi axtarışa məruz qalması, döyülməsi və psixotrop maddələrin zorla onun üzərinə qoyulması, bunların müəyyən edilməməsi üçün şəxsi axtarışın videoçəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə keçirilməsi barədə dediklərinin yoxlanılması üçün müxtəlif vəsatətlər qaldırmış, məhkəmə tərəfindən həmin vəsatətlər təmin edilərək müvafiq sorğular göndərilmiş və cavabları alınaraq məhkəmə iclasında tədqiq edilmişdir. Bakı şəhəri, Sabunçu rayon Polis idarəsinin 25 iyun 2023-cü il tarixli 49/2-27244 saylı məktubundan görünür ki, Sabunçu RPİ-nin inzibati binasında mövcud olan müşahidə kameralarının görüntülərinin saxlama müddətinin (1 ay) bitməsi səbəbindən 02 dekabr 2022-ci il saat 11:00-dan saat 18:00-dək olan müddət üçün görüntülərin təqdim edilməsi mümkün deyildir. Sabunçu rayon Polis idarəsi 14-cü Polis şöbəsinin 14 iyul 2023-cü il tarixli 49-3/2-9684 saylı məktubundan görünür ki, şöbənin inzibati binasında olan müşahidə kameralarında videogörüntülərin yaddaşda saxlama müddətinin qısa olması səbəbindən görüntüləri əldə etmək mümkün olmamışdır. Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 199 C/23 saylı məktubu ilə daxil olmuş 01 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman xəsarət alması xüsusatı əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahat verərək polis əməkdaşları tərəfindən döyüldüyünü və üzərində narkotik vasitə olmasa da, ona fiziki və psixi təzyiqlər göstərildiyini təsdiq etsə də, izahatları alınmış polis əməkdaşları Şahid2 və Şahid1 bunları inkar etmiş, Təqsirləndirilən şəxs özü də izahatında həmin polis əməkdaşlarının onu döymələri və təzyiq göstərmələri barədə heç nə bildirməmişdir. Həmçinin araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibb ekspertizası təyin olunaraq keçirilmiş, ekspertin 13/TS saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində, eləcə də qərarın təsviri hissəsində göstərilən 02-xx.xx.2022-ci il tarixlərə uyğun xəsarət və xəsarət izləri aşkar edilməmişdir. Bütün qeyd olunanlar nəzərə alınaraq Sabunçu rayon prokurorluğunun 01 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması xüsusatı əsasında rayon prokurorluğunda aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən döyülməsi, xəsarət alması və fiziki təzyiqlərə məruz qalması, həmçinin dini əqidəsinə görə həbs edilməsi barədə dəlillər gətirsə də, bunlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Müdafiə tərəfinin şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə deyil, hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirməsi barədə gətirdiyi dəlillə bağlı isə məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinin tələbinə görə, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Göründüyü kimi, hazırkı iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılarkən videoçəkilişdən istifadə edilməsə də, axtarışa məruz qalan şəxslə eyni cinsdən olan iki nəfər hal şahidinin iştirakı ilə həmin istintaq hərəkəti aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin istintaq hərəkətinin qanunsuz hesab edilməsi ilə bağlı müdafiə tərəfinin gətirdiy dəlil əsassızdır və rədd edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin və ümumiyyətlə müdafiə tərəfinin gətirdiyi dəlilləri Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 02 dekabr 2022-ci tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu RPİ, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 715 №-li rəyini əsas tutaraq hesab edir, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ona tibbi xarakterli məcburi tədbir təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlanma kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,545 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs məxsus “Xiomi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 9,545 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus “Xiomi” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar