Məhkəmə qərarları › İş №1(101)-1163/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1163/2023

25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1163/2023 25.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2ın Zərərçəkmiş şəxslərin nümayəndəsi “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə Təqsirləndirilən şəxsin müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1966-cı ildə Bakı şəhərində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq aşağıdakı hökmü qəbul etdi, İşin halları: Təqsirləndirilən şəxs səkkiz epizod üzrə insan alveri ittihamı verilmişdir ona görə ki, o, tamah niyyəti ilə 2019-cu ilin mart ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə danışaraq Qətər dövlətinin Doha şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi İstismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 12 mart 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Gürcüstan Respublikasına, oradan da Qətər dövlətinin Doha şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu hotelə yerləşdirməklə 2019-cu il mart ayının ortalarından həmin ilin may ayının ortalarınadək olan müddətdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə 2019-cu ilin iyun ayının əvvəllərində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə danışaraq Qətər dövlətinin Doha şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 05 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı körpü nəzarət-buraxılış məntəqəsindən keçirməklə Gürcüstan Respublkikasına, oradan da Qətər dövlətinin Doha şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu otelə yerləşdirməklə 06 iyun 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 05 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının, İstanbul şəhəri, Fateh rayonu, Yeni Qapı adlanan ərazisində kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq Qətər dövlətinin Doha şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 2019-cu ilin sentyabr ayında Türkiyə Respublikasının İstanbul şəhərindən Qətər dövlətinin Doha şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu otelə yerləşdirməklə 2019-cu ilin sentyabr ayından 30 dekabr 2019-cu il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə danışaraq 06 iyun 2019-cu il tarixdən 01 avqust 2019-cu il tarixədək olan müddət ərzində Qətər dövlətinin Doha şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 20 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Hava Limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə Qətər dövlətinin Doha şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb öncədən tutduğu otelə yerləşdirməklə 20 sentyabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2020-ci ilin yanvar ayının ortalarında ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə danışaraq 20 sentyabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək olan müddət ərzində Qətər dövlətinin Doha şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 21 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı körpü nəzarət-buraxılış məntəqəsindən keçirməklə Gürcüstan Respublkikasına, oradan da Qətər dövlətinin Doha şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu otelə yerləşdirməklə 21 yanvar 2020-ci il tarixdən 19 mart 2020ci il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2020-ci ilin iyul ayının sonlarında ünvan 5 ünvanında olan Zərərçəkmiş şəxs2 ilə danışaraq 21 yanvar 2020-ci il tarixdən 19 mart 2020-ci il tarixədək olan müddət ərzində Qətər dövlətinin Doha şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 26 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Hava Limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasına, oradan da Qətər dövlətinin Doha şəhərinə aparmış, qeyd olunan şəhərdə öncədən tutduğu otelə yerləşdirməklə 26 iyul 2020-ci il tarixdən 2020-ci il sentyabr ayının sonlarınadək olan müddətdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2021 -ci ilin iyul ayının sonlarında Türkiyə Respublikası, İstanbul şəhəri, Fateh rayonu, Yeni Qapı adlanan ərazidə kirayə yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq 2019-cu ilin sentyabr ayından 30 dekabr 2019cu il tarixədək olan müddət ərzində Qətər dövlətinin Doha şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 2021-ci il iyul ayının sonlarında Türkiyə Respublikasının İstanbul şəhərindən Qətər dövlətinin Doha şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb öncədən tutduğu otelə yerləşdirməklə 2019- cu il iyul ayının sonlarından 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə 2022-ci ilin fevral ayında Türkiyə Respublikası, İstanbul şəhəri, Fateh rayonu, Yeni Qapı adlanan ərazidə kirayə yaşayan Zərərçəkmiş şəxs1 ilə danışaraq 2021-ci il iyul ayının sonlarından 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində Qətər dövlətinin Doha şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 2022-ci ilin fevral ayında Türkiyə Respublikasının İstanbul şəhərindən Qətər dövlətinin Doha şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşılayıb öncədən tutduğu otelə yerləşdirməklə 2022-ci ilin fevral ayından 18 mart 2022-ci il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Doha şəhərinə ildə 3-4 dəfə, hər dəfə 20-25 gün olmaqla gedirdi. Orada fahişəliklə məşğul olmuşdur. Müştərilərdən pulu onlara bəzən əlaqədə olduqları şəxs özü, bəzən də İradə verirdi. Pulu İradə götürürdü ki, birlikdə işləyirlər. Orda Disqo otel var idi, adamları ordan tapırdılar, bu əməlləri təkcə Dohada etmişdir. Dubayda mağazada görüşmüşlər, müştəriləri bəzən İradə tapıdı. Orada olarkən onun hərəkət azadlığı məhdudlaşdırılmamış, pasportu və mobil telefonu həmişə üzərində olmuşdur. Onun qazanmaq üçün başqa çıxış yolu olmadığından bu işlə məşğul olurdu. İradə onları aparanda demişdi ki, iş yeri çoxdu hər yerdə işləyə bilərlər. Görüşdükləri adamlar başqa millətdən idilər. İradə onu təhdid edirdi ki, getsə ailəsinə hər şeyi deyəcək. İradə barəsində niyə hadisədən uzun müddət sonra şikayət etdiyini izah edə bilmir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, İradə ilə Dubayda mağazada tanış olmuşlar. Dohada kişi müştəriləri bəzən İradə tapırdı. Adamları klubdan ya özləri tapırdılar, ya da kişilər özləri yaxınlaşırdı. Müştərilər ərəb millətindən olan kişilər idi. Onlardan aldıqları pul vahidləri yadında deyil. Orda olarkən onun hərəkət azadlığı məhdudlaşdırılmır, pasportu və mobil telefonu həmişə üzərində olmuşdur. İradə barəsində 2019-dan bəri niyə şikayət etmədiyini izah edə bilmir. İradə tərəfindən ona qarşı təzyiq yox idi. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi olmadığını bildirmiş, növbəti məhkəmə proseslərini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının hər birinin ayrı-ayrılıqda ərizəyə etiraz etməmələri barədə rəyini dinləyərək məhkəmənin növbəti proseslərinin onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o özünü təqsirli bilmir. Könüllə 2009-cu ildən bəri tanışdır, Türkiyədə yaşayanda dost olmuşlar, BƏƏ-də tanış olmuşlar, ancaq ticarətlə məşğul olmuşlar. Evlərdə təmizlikçi işliyirdi, kirayədə qalmışdır. Digər təqsirləndirilənləri tanımırdı, heç kəsi cinsi istismara cəlb etməmiş, onları aldatmamış və onlara hədə-qorxu gəlməmişdir. Xarici ölkəyə özünün şəxsi işi ilə bağlı getmişdir. Zərərçəkənlərin bir neçə ildən sonra onun barəsində şikayət etmələrinin səbəbini başa düşə bilmir. Zərərçəkənləri pis əməllərlə məşğul olarkən görməmiş, onlarla yaxın olmamış, 3 nəfərlə Gürcüstanda olmamış, təkcə Xəyalə ilə olmuşdur. Zərərçəkənlərin pasportlarını əllərindən almamış, Dohada da onları görməmişdir. Polisə ilk dəfə 9 yanvarda çağırdılar, Sədaqəti soruşduqda, tanıdığını dedi, Dubayda ev götürüb qalırdı, Könül onunla qalmırdı, Türkiyədə bir müddət 2019-2020-ci illərdə pandemiya dövründə Sədaqətin evində qalmışdır, tekstildə çalışırdı. Pandemiyada Dohaya hər adam gedə bilmirdi, giriş yox idi, zərərçəkmişləri aparmağı mümkün deyildi, özü çağırışla getmişdir. Dohaya Xəyalənin anasının təklifi ilə ilk dəfə Xəyalənin özü ilə getmişdir. Hazırkı işdəki zərərçəkənlərlə heç bir ədavəti olmayıb. Xəyalə ilə təkcə xaricə getmişdir, bilet pullarını o yox, özü verib. Özü kasıb adamdır. Klubda Xəyalə ilə olmamış. Xarici ölkəyə 1 dəfə getmişlər. Orda da oteldə qalıb və qayıtmşlar. Sədaqəti tanımırdı, Dohada Sədaqəti görməmiş, Könülü Türkiyədə fabrikdə işləyəndə tanımışdır. Ölkəyə qaydanda da ticarətlə məşğul olmuşdur, zərərçəkmişləri pis əməllərə cəlb etməmiş, onların fahişəlilklə məşğul olduqlarından xəbərsizdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək, ona elan edilmiş insan alveri cinayətini törətməsinə dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs səkkiz epizod üzrə insan alveri cinayətini törətməkdə ittiham olunur. İnsan alveri cinayətini nizama salan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq normasında həmin cinayətin obyektiv cəhətinin bir neçə aktiv hərəkətlədə ifadə olunması cinayətin zəruri şərtləri kimi nəzərdə tutulmuşdur. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1. maddəsinə əsasən insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi kimi hərəkətlərdə ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Təqsirləndirilən şəxsin ittihamında ilk üç epizod üzrə insan alverini aldatma yolu ilə (onlara Qətər dövlətinin Doha şəhərində işlə təmin etmək adı ilə) həyata keçirməsi, qalan digər epizodlar üzrə isə qurbanlara qarşı hədə-qorxu gəlməklə (əvvəllər kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları onun yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələməklə) törədilməsi yer alır. Deməli, Təqsirləndirilən şəxs insan alveri cinayətində təqsirli bilinməsi üçün onun zərərçəkən şəxsləri aldatmaqla, və yaxud hədə-qorxu gəlməklə onların istismar edilməsi məqsədi ilə fahişəliyə cəlb etməsi sübut olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3. maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Beləki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə tərkibi hadisəyə hüquqi qiymət verərkən ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxsin Qətər dövlətinin Doha şəhərində yaşaması, onun təklifi ilə zərərçəkən şəxslərin də həmin şəhərə getmələri, orada təqsirləndirilən şəxsin köməyi ilə konkret hoteldə yerləşmələri, kişi cinsindən olan müxtəlif şəxslərlə pul müqabilində cinsi əlaqədə olmaları (fahişəliklə məşğlu olmaları), bu halların dəfələrlə təkrarlanması işin sübuta yetirilmiş hallarıdır. Bu isə bir daha onu təsdiq edir ki, zərərçəkmiş şəxslər həmin yerdə məcburi qaydada saxlanılmamış və cinsi istismara cəlb edilməmişlər və buda onu deməyə əsas verir ki, onlar Təqsirləndirilən şəxs onları fahişəliklə məşğul olmağa sövq etməsini əvvəllər də bilirdilər və buna könüllü razılıqları olmuşdur, yəni, onlar Qətər dövlətinin Doha şəhərinə təkrar gedərkən hansı işlə məşğul ola biləcəklərini bilirdilər və Təqsirləndirilən şəxs niyyəti ilə (fahişəliklə məşğul olma) öz niyyətləri eynilik təşkil etmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə, saat 07:22 dəqiqədə «C01600192» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətnəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 21:22 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Qətər dövləti istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə saat 08:08 dəqiqədə «C00919267» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 18:00 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, «C02616645» nömrəli sənəddən istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 11:03 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Qətər dövləti istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 00:45 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 07:30 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 18:32 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə, saat 07:57 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 14:02 dəqiqədə «AA0204410» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə X2 istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə saat 20:21 dəqiqədə «C01885733» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 21:22 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət- buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, «C03017879» nömrəli sənəddən istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 12:57 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 00:12 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Qətər dövləti istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2021-ci il tarixdə saat 06:24 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 00:23 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Qətər dövləti istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 07:23 dəqiqədə «C02542689» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 17:33 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 08:09 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 17:59 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 07:19 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 00:45 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 07:29 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətində tərk etmiş, xx.xx.2020-ci il tarixdə saat 18:33 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı Körpü nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2020-ci il tarixdə saat 07:55 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 11:16 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2021-ci il tarixdə saat 01:37 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Qətər dövləti istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 11:13 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Yuxarıda qeyd olunan sübutlar təqsirləndirilən şəxsin zərərçəkənləri tanımaması, onlarla Doha şəhərində görüşməmələri və onları fahişəliyə cəlb etməməsi barədə dəlillərini təkzib edir. Zərərçəkənlər təqsirləndirilən şəxslə birlikdə konkret hoteldə qalmaları, müxtəlif yerlərdə, müxtəlif kişilərlə tanış olma şəraiti, müvafiq pul ödənişləri müqabilində onlarla cinsi əlaqədə olma faktları ilə bağlı halları təsdiq etmişlər. Eyni zamanda zərərçəkən şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təkrar-təkrar Doha şəhərinə təqsirləndirilən şəxsin yanına səfər etmələri faktının mövcudluğu təqsirləndirilən şəxsin ifadəsinin özünümüdafiə xarakterli olması, qeyd olunan faktla bağlı zərərçəkənlərin ifadələrinin məntiqli və ağlabatan olması qənaəti formalaşdırır. Məhkəmə tərkibi işin sübuta yetirilmiş həmin halları ilə yanaşı onu da qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkənləri fahişəliyə cəlb etməsinin qurbanları aldatma və yaxud onlara qarşı hədə-qorxu gəlmə nəticəsində baş verməsi hallarını ittiham tərəfi cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübuta yetirə bilməmişdir. Əvvəla, məhkəmə baxışı zamanı zərərçəkənlər ibtidai istintaqda vermiş olduqları ifadələrdən fərqli olaraq onların aldadılaraq və yaxud onlara hədə-qorxu gələrək fahişəliyə cəlb edilmələrini birmənalı olaraq təsdiq etməmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1. maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı sayıla bilər. Bundan başqa, zərərçəkənlərin aldadılmaları, onlara hədə-qorxu gələrək fahişəliyə cəlb edilmələri ilə bağlı ibtidai araşdırma zamanı verdikləri bir-birinə oxşar, şablon tipli ifadələri sübut kimi qəbul edilə bilməz. Beləki, ibtidai araşdırma zamanı zərərçəkənlər hamısı təqsirləndirilən şəxsin onlara Doha şəhərində işlə təmin edəcəyi adı ilə aldadıldığını bildirmişlər. Lakin, təqsirləndirilən şəxsin Doha şəhərində hansı işdə çalışması, hansı səlahiyyətlərlə, hansı iş təcrübəsi ilə onları işə düzəldəcəyi, konkret hansı işə düzəlmələri, onların hansı işlərdə çalışmağa razılıq vermələri, hansı məbləğdə əmək haqqı vəd olunması ilə bağlı heç bir aydınlaşma aparılmamışdır. Zərərçəkənlər məhkəmə baxışı zamanı da bu məsələyə aydınlıq gətirməkdə maraqlı olmamışlar. Adi kənar müşahidəçi zərərçəkənlərin aldadılması barədə izahatlarını şübhəli dəlil kimi qəbul edir. Çünki, adi halda tanış olmayan ölkədə, şəhərdə işləmək arzusunda olan, xarici ölkəyə işləməyə getmək qərarı vermiş şəxsin (xüsusilə qadın cinsindən olan və həmin ölkənin danışıq dilini bilməyən şəxsin) səfər öncəsi hansı işləri görə biləcəyi, hansı işin öhdəsindən gələ biləcəyi, həmin işin şəraiti, ona görə ödənişlərin təqribi məbləği barədə heç olmasa ilkin müzakirə aparmaması istisnadır. Zərərçəkənlər Doha şəhərində görəcəkləri konkret işlə bağlı hər-hansı müzakirə aparmalarına dair heç bir dəlil irəli sürməmişlər. Bundan başqa, zərərçəkənlərin əvvəllər Qətər dövlətinin Doha şəhərində təqsirləndirilən şəxsin nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları onların yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu təsiri altında onları təkrar olaraq fahişəliyə cəlb etməsi barədə ifadələr də həqiqiliyi şübhə doğuran ifadələrdir. Əvvəla, zərərçəkənlərin təkrar-təkrar Doha şəhərinə getmələri faktının mövcudluğu bu dəlili şübhə altına alır. Bundan başqa, işdə təqsirləndirilən şəxsin həmin hədəni hansı qaydada həyata keçirəcəyi, buna cəhd edibetməməsi, hədənin reallığı ilə bağlı heç bir sübut yoxdur. İbtidai araşdırmanı həyata keçirən orqan zərərçəkənlərin bir-birini təkrarlayan şablon ifadələrə əsaslanaraq hazırkı ittihamı irəli sürmüşdür. Beləki, zərərçəkənlərin cinayət işində olan ifadələrində hər üç zərərçəkənin Təqsirləndirilən şəxs ilə tanışlığından tutmuş, hadisənin faktiki halları ilə bağlı verdikləri məlumatlar sanki əvvəlcədən hazırlanmış, biridigərini təkrarlayan şablon məlumatlardır (bax: cinayət işi səhifə 54-57, 69-72, 83-86). Ayrı-ayrı zərərçəkənlərin adından yazılmış və biri-digərini tamamlayan ifadələrdə yol verilmiş təkrar məlumatlar həmin ifadələrdəki aldanma və onlara hədə-qorxu gəlinmə ilə bağlı halların həqiqiliyini şübhə altına alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Cinayət işində olan və istintaq orqanının gəldiyi nəticəyə görə, iş üzrə sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə üzləşdirilmələrinə dair protokollarla əlaqədar məhkəmə hesab edir ki, ittiham sırf zərərçəkmişlərin ifadələri əsasında verildiyindən qeyd olunan protokollar mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Bununla belə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 -ci maddələri ilə insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi ilə bağlı ittiham verilsə də, məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, onun tərəfindən insan alveri cinayətinin törədilməsi sübuta yetirilməmişdir. İşin faktiki hallarına baxmayaraq, ibtidai istintaq orqanı əlavə hər hansı mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs sadəcə olaraq zərərçəkmiş şəxslərlə birgə Azərbaycan Respublikası hüdudlarından Qətər dövlətinin Doha şəhərinə getməsi və orda fahişəliklə məşğul olmaları əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 -ci maddəsi ilə ittiham vermişdir. Lakin istintaq orqanı burada zərərçəkmiş şəxslərin könüllü razılığının olmasına dəlalət edəcək halları nəzərə almamış və əsassız ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin onu fahişəliyə cəlb etmiş bir şəxs tərəfindən eyni məqsədlə yenidən fahişəliyə cəlb etmək üçün zərərçəkmiş şəxslərin özlərinin razılğı ilə könüllü surətdə xarici ölkələrə aparılması və orada öz arzuları ilə maddi ehtiyaclarını qarşılamaq üçün fahişəliyə cəlb edilmələri insan alveri cinayətinin tərkibini yaratmamalıdır. Həmçinin bu xarakterli cinayətlərin istintaqı zamanı xarici ölkələrdə həmin şəxslərin yaşadıqları daha doğrusu onların fəaliyyət göstərdikləri ünvanların və onların cinsi əlaqədə olduqları şəxslərin əhatəsinin müəyyən edilməməsi və sair hallar iş üzrə təqsirlənrilən şəxsin barəsində kifayət qədər sübut bazasının azlığına gətirib çıxarır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1ci maddəsi ilə ittiham irəli sürərkən, onların Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qoyulmasını qeyd etmiş, zərərçəkmiş şəxslərin könüllü razılığının olub-olmaması məsələsinə obyektiv yanaşmamış və hüquqi qiymət verməyərək, həqiqiliyi təsdiq olunmayan şübhəyə-mülahizəyə istinad etmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini tövsif edərkən insan alveri cinayəti törətməsinə dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 -ci maddələr ilə ittiham verilmişdir. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1- ci maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 -ci maddəsindən həmin Məcəllənin 243.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində ona cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından gərünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 verdiyi ərizələrdən müəyyən olunur ki, onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsinə etiraz etmirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu və cinayət hadisəsindən sonra onun davranışını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür və ona ictimai işlər növündə cəza təyin edilməlidir. Məhkəmənin fikrincə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2. maddəsində nəzərdə tutulan məqsədləri təmin etmiş olacaq. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti içtimai işlər növündə cəzanın müddətinə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb oluduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, tələbinin olmamasını, onun azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsinə etiraz etmədiklərini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs, ibtidai istintaq dövründə və məhkəmədə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə 06 (altı) ay 15 (on beş) gün müddətində həbsdə saxlanıldığından həmin müddət hazırki hökmlə ona təyin olunmuş ictimai işlər növündə cəzaya azadlıqdan məhrumetmənin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulmaqla hesablansın və ona təyin edilmiş 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasını çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Mahmud Ağalarov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar