Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1163/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, hakimlər X3 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Beyləqan rayonu, birinci Şahsevən ərazi dairəsi, birinci Şahevən kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddənin satışını təşkil etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 35,379 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 9,313 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddənin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Məhəmməd» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin «+98 914 751 7798» GSM nömrəsindən onun istifadəsində olan 077 ***-**-** GSM nömrəsinə «Whatsapp» ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən fotoşəkillərə uyğun Bakı şəhəri ərazisində müvafiq yerlərə qoyulmuş bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 35,379 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 9,313 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 01 dekabr 2024-cü il tarixdə, saat 04:00-da Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən ünvan 1 ünvanında verləşən Polad Həşimov parkının arxa hissəsində hərəkətləri şübhə doğurduğu üçün şübhəli şəxs qismində saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş külli miqdarda təmiz çəkisi 9,313 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş külli miqdarda təmiz çəkisi 35,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol yan bir ədəd daxilində ***-***-**-** və ***-***-**-** GSM nömrələr olan «Samsung Galaxy A12» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. 01 dekabr 2024-cü il tarixdə gecə saat 12 radələrində tanışı ilə görüşməyə getmiş, küçədə polis əməkdaşları məni saxlayıb, üstünü yoxlamış, zorla onu avtomobilə əyləşdirmiş və ona xəsarət yetirmişlər. Gecə saat 3-ün yarısı bölməyə gətiriləndə bölmədə vəkil görmüşdür. Bölmədə cibinə polis əməkdaşları narkotik vasitə qoymuşlar. Sonra rəfdən tərəzi çıxarıb, stolun üzərinə qoymuşlar. Onu bölmənin növbətçi hissəsində döymüşlər. Səhəri gün onu evinə aparıb orada baxış keçirmiş və övladlarının yanında onu döymüşlər. Narkotik vasitəni götürmüş, amma həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, sürücü işləmiş, cənazə maşını sürmüşdür. 1 ay olar həmin işdən ayrılmış, sürücü işləyən zaman da narkotik vasitə istifadə etmişdir. İş yerindən əmək haqqını az verdiklərinə görə ayrılmışdır. Xəstə olduğuna görə kokos adlı narkotik vasitədən istifadə etmişdir. Heç kimə narkotik vasitə verməmişdir. Tanış adamlar narkotik vasitə üçün onu yığanda o şəxslərə heç bir cavab verməmiş, heç kimə narkotik vasitə verməmiş, heç bir yerə narkotik vasitə qoymamışdır. Narkotik vasitələrin çəkisindən xəbəri olmamış, narkotik vasitələri öz istifadəsi üçün almışdır. Tanışı ilə görüşməyə gedəndə onu polis əməkdaşları tutmuş, narkotik vasitənin çəkisinin artıq olduğunu bilməmişdir. 4 qram narkotik vasitə sifariş vermişdir, narkotik vasitə ona gətiriləndə kağızın içərisində olmuş, ona görə də çəkisini müəyyən edə bilməmişdir. Xəsarət almağını saxlanıldığı təcridxanada bildirmiş, məhkəmədə polis əməkdaşları yanında olduqlarına görə xəsarət aldığını deyə bilməmişdir. Polis əməkdaşları onu saxlayanda artıq narkotik vasitəni götürmüş, taksi ilə yol gedəndə polis əməkdaşları taksini saxlamışlar. İttiham aktında qeyd olunan hər 2 telefon ona məxsusdur. Heç yerə narkotik vasitə qoymamışdır. Narkotik vasitənin satışı ilə bağlı özünü təqsirli bilməmiş, ona narkotik vasitə ilə bağlı yığanda onda narkotik vasitə olmadığını o şəxslərə bildirmişdir. Dostlar, yoldaşlar onun hər 2 nömrəsi ilə əlaqə saxlamışlar, ondan narkotik vasitə istəmişlər, amma verməmişdir. Çəkisindən artıq gələn narkotik vasitəni götürdüyü şəxsə necə qaytaracağını bilməmişdir. X7 küçəsində saxlamışlar və həmin vaxt polisdən qaçmışdır. Onu 3 saat saxlamış, ondan pul istəmiş, pul düzəlməyəndən sonra onu aparıb polis bölməsinə təhvil vermişlər. Üzərində olan narkotik vasitə öz istifadəsi üçün olmuşdur. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, gecə saatlarında xdmətdə olan zaman şəxsə yaxınlaşmışlar, şəxsin üzərində heç bir şəxsiyyətini təsdiq edən sənəd olmadığına və şübhəli kimi davrandığına görə şəxsi bölməyə dəvət etmişlər. Vəkilin iştirakı və video çəkiliş vasitəsilə şəxsin üzərinə baxış keçirilmişdir. Şəxsin üzərində büküm və telefon aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, gecə saat təxminən 4-ə qalmış şəxsi saxlamışlar, şəxsdən heç bir pul istəməmişlər, Orxan həmin narkotik vasitələrin özünə məxsus olduğunu və satmaq üçün əldə etdiyini bildirmişdir. Xidmət saatı 19:00-dan 07-00-a kimidir. PPX əməkdaşı olaraq Xətai RPİ-nin tabeçiliyindədir. Rəhbərlik göstəriş vermişdir ki, Elvin Şükürlü küçəsini nəzarətdə saxlasınlar, çünki həmin küçədə daha çox cinayət hadisələri baş verir. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşmışlar. Heç vaxt heç kimdən pul istəməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 01 dekabr 2024-cü il tarixdə saat 04:00 radələrində Şahid1 ilə xidməti ərazidə “Polad Həşimov” parkının arxa hissəsində xidmətdə olarkən təqsirləndirilən şəxsi görmüşlər. Həmin vaxt o, özünü şübhəli aparmışdır. Ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bu zaman təqsilrəndirilən şəxs qaçmağa başlamış, təqsirəndirilən şəxsə çatıb onu saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gətirmişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Orxan onları görüb geriyə hərəkət etməyə, qaçmağa başlamış, hadisə gecə saat 04:00 radələrində olmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmədə iştirak etmiş, axtarış zamanı Orxanın üzərindən çaxmaq, narkotik vasitələr aşkar olunmuş, Orxan narkotik vasitələri həm satış, həm də şəxsi istifadəsi məqsədilə götürdüyünü demişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi başlama və icraata götürmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən müəyyən olunub saxlanılmış və Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə gətirilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsi ilə cinayət işi başlanmışdır (cild 1, iş vərəqi 1). Cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 01 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə səxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs əynindəkli göy rəngli gödəkçəsinin sağ yan cibindən yaşıl rəngli sellofanın içərisində 2 ədəd şəffaf sellofan və sol yan cibindən Samsung A12 markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin sellofanın birinin içərisində ağ rəngli, ikincisində tünd qəhvəyi rəngli spesifik iyə malik maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs ağ rəngli maddənin metamfetamin, tünd qəhvəyi rəngli maddənin heroin olduğunu bildirmiş, elektron tərəzidə çəkilən zaman 01 ədəd içərisində ağ rəngli spesifik qoxuya malik maddənin çəkisinin 10,62 qram, 01 ədəd içərisində tünd qəhvəyi rəngli spesifik qoxuya malik maddənin çəkisinin isə 39,37 qram olması müəyyən edilmiş, keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan maddələr bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 25-26). Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5338 saylı saylı rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 9,313 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 35,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psxiotrop maddələri’-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrimin siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqi 31-36). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7794 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 129-130). Məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 12 dekabr 2024-cü il tarixli, 3658 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqi 132-133). Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş külli miqdarda təmiz çəkisi 9,313 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş külli miqdarda təmiz çəkisi 35,379 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol yan bir ədəd «Samsung Galaxy A12» markalı mobil telefon aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqi 60). İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** saylı mobil telefon nömrələrinə 01 iyul 2024-cü il tarixdən, 02 dekabr 2024-cü il tarixə kimi olan müddət ərzində daxil olan və həmin abonentdən çıxan zənglərdən çıxarışları, çıxarışda əks olunan nömrənin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenalar cədvəli "xxxx" MMC-dən 01 ədəd CD disk formasında götürülmüşdür. Həmin CD diskə baxış zamanı orada olan «519665945_SMS.txt» adlı faylda +**********77 nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 23:47:46-da Təqsirləndirilən şəxs məxsus +**********45 nömrəsinə «Gagas tema lazimdi pulnan. Alinir?», məzmunlu, +**********21 nömrəsindən xx.xx.2024-cü il tarixdə saat 01:30:25-də Təqsirləndirilən şəxs məxsus +**********45 nömrəsinə «Nəsə götrməy olar qaqa», «Ay qaqa nəsə var gəlim götürüm pulunan hə bir söz de. həm də ki zəng elə deyim zəng gəldi işə gedirəm. Gəlim Alınar,» məzmunlu, +**********96 nömrəsindən xx.xx.2024cü il tarixdə saat 15:23:01-də Təqsirləndirilən şəxs məxsus +**********45 nömrəsinə «Qaqa pis veziyetde qaldim axi men hem lomkada bir yannan», 17:41:43-də isə «Qaqa menim mawin surmeye bele gucum qalmiyib bele gec olacaydisa deyedin gedib bir yerde veziyetden cixaqdimda» və digər məzmunlu smslər göndərildiyi müəyyən olunmuşdur. (cild 1, iş vərəqi 115-121). Sübutların qiymətləndirilməsi haqqında 04 mart 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilərək götürülmüş 1 ədəd sellofan bükümdə ilkin təmiz çəkisi 35,379 qram heroin və 1 ədəd sellofan bükümdə ilkin təmiz çəkisi 9,313 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 35,329 qram çəkidə narkotik vasitə heroin və 9,263 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk, Azercell MMC-dən daxil olmuş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs məxsus 1 ədəd Samsung Galaxy A12 markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 148-155). 04 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi təmiz çəkisi 9,313 qram metamfetamin və 35,379 qram heroini əldə etdiyi Məhəmməd adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 157-158). 31 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində aparılmış araşdırma nəticəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladı var. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.1., 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə apardığı Whatsapp proqramı vasitəsilə yazışmaların mövcudluğu, həmin yazışmaların mətni təsdiq edir ki, tərəflər narkotika vasitələrin əldə edilməsi və reailzəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narktoik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə dəfələrlə Whatsapp proqramı vasitəsilə yazışmalar aparmış və həmin danışıqların mətni (video görüntülər) narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini, döyüldüyünü, həmçinin tutulma şəraitinin sənədləşmələrə uyğun olmadığını bildirərək özünü təqsirli bilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmişdir. İstintaq təcridxanasına yerləşdirilərkən üzərində xəsarət aşkar edilmiş və döyülməsi barədə məlumat versə də, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 100). Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 dekabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 14, 88-92). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 01 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar – Xətai RPİ-nin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 35,329 qram çəkidə narkotik vasitə heroin və 9,263 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd Samsung Galaxy A12 markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi). Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Xətai RPİ-nin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan 35,329 qram çəkidə narkotik vasitə heroin və 9,263 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd Samsung Galaxy A12 markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1163/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1163/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver