Məhkəmə qərarları › İş №1(101)-1164/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1164/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1164/2020 11.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Şahid1 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qazancından 20 % dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum edilmiş; Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 228.2.1-ci maddələri təqsirli bilinərək CM-nin 66.1, 66.3, 66.5 və 70-ci maddələri tətbiq edilməklə 02 il 06 ay şərti sınaq müddəti tətbiq edilməklə, 04 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(101)-416/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 234.1-ci maddələri təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(007)-740/2018 saylı qərarı ilə çəkilməmiş cəzasının qalan 01 il 05 ay 14 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş; Qobustan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(026)-5/2019 saylı qərarı ilə cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək, cəzasının çəkilməmiş 06 ay 06 gününü çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş; xx xxxxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, Zərərçəkmiş şəxs borcunu ondan alması üçün yaşadığı ünvana gəlməsini cüzi səbəb kimi bəhanə edib özünün başqalarından əsaslı fərqlənməsi və üstün olmasını təsdiq etmək məqsədilə sonuncunu xx xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən qəbiristanlığa apararaq soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs zərbələr endirərək ona sol böyrəyin yaralanmasına, böyrəyin cərrahi yolla çıxarılmasına səbəb olan sol bel nahiyəsinin peritonarxası sahəyə nüfuz edən bir ədəd, sol bazu nahiyəsinin bir ədəd, qarın nahiyəsinin iki ədəd, sol aşıq-baldır oynağının bir ədəd, sağ baldırın iki ədəd cəmi yeddi ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşaiyət edilən dərəcələrinə görə sol böyrəyin yaralanmasına, böyrəyin cərrahi yolla çıxarılmasına səbəb olan sol bel nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, sol bazu nahiyəsinin bir ədəd, qarın nahiyəsinin iki ədəd, sol aşıq-baldır oynağının bir ədəd, sağ baldırın iki ədəd, cəmi altı ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən təxmiən bir ay əvvəl tanışı İlkinin vasitəsi ilə tanımışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 18-19 radələrində yaşadığı evin yaxınlığında olan məktəbin ətrafında gəzərkən təsadüfən İlkinlə görüşmüş və həmin vaxt İlkinin yanında sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs də olmuşdur. İlkin İlhamı ona dostu kimi təqdim etmişdir. Söhbət zamanı ona məlum olmuşdur ki, İlham özünə məxsus «Samsung A10» markalı mobil telefonunu satır. Onlar həmin mobil telefonu onun almağını təklif etmişlər. İlhamla «Samsung A10» markalı mobil telefonu 80 manata razılaşmışlar. Elə oradaca İlkinin yanında o, İlhama 50 manat pul vermiş və İlhamla mobil telefonun qutusunu səhəri gün, yəni, xx.xx.2020-ci il tarixdə gətirəcəyi təqdirdə qalıq 30 manat pulu da verəcəyi barədə razılaşmışlar. Səhəri gün xx.xx.2020-ci il tarixdə saat 13-14 radələrində o, evdə olduğu zaman İlham onun yaşadığı evə gələrək satdığı «Samsung A10» markalı mobil telefonun qutusunu gətirdiyini deyərək 30 manat borcunu ödəməyini bildirmişdir. O, İlhama həmin gün axşam saatlarında pulu ödəyəcəyini söyləyərək yaşadığı ünvana gəlməməsini xahiş etmiş və ona telefonla əlaqə saxlayacağını bildirmişdir. O, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvanda olarkən evin həyətyanı sahəsində yüksək səslə mübahisə səsləri eşitmiş və həyətyanı sahəyə çıxarkən İlhamın babası Şahid1lə sözlə mübahisə etdiyini görmüşdür. İlhamın onun 78 yaşlı babası Şahid1lə mübahisə etməsi və yaşadığı ünvana gəlməsi ona pis təsir etdiyindən bununla bağlı İlhama irad bildirmişdir. Sonra isə yaşadığı evdən çıxaraq İlhamla birlikdə yaxınlıqda olan qəbiristanlığa getmişlər. O, İlhama babası ilə mübahisə etməsi ilə bağlı irad bildirmiş və bu zəmində İlhamla aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı İlham onun və ailə üzvlərinin ünvanına nalayiq ifadə işlətdiyindən İlhamla bir-birilərinin yaxasından tutmuşlar. İlhama fiziki cəhətdən gücü çatmadığından əynində olan şalvarın cibindən açılıb bağlanan bıçağı çıxarıb İlhamın ondan aralanması üçün 6-7 dəfə zərbə endirmişdir. Həmin vaxt bıçaq zərbələrindən İlhamın xəsarət almasını və bədənindən qan axmasını görüb yardım edərək köynəyi ilə yaralarını təmizləmişdir. İlhama onu xəstəxanaya aparmağı təklif etmiş, lakin, İlham xəstəxanaya getməkdən imtina edərək özünü yaxşı hiss etdiyini, yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsi “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən evlərinə getmək istədiyini bildirmişdir. Bu səbəbdən də o, öz telefonu ilə "2111” taksi şirkətinə zəng edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin yanından Ramana qəsəbəsi "Lukoil” yanacaqdoldurma məntəqəsinin yanına taksi sifariş etmişdir. Təxminən 5 dəqiqədən sonra taksi sifariş verdiyi ünvana gəlmişdir. O, İlhamı həmin avtomobilə əyləşdirib evlərinə yola salmışdır. Yol haqqını verməsi üçün də İlhama 5 manat pul vermişdir. Səhəri gün xx.xx.2020-ci il tarixdə bilmişdir ki, İlhama bıçaqla xəsarət yetirməyi ilə bağlı onu Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları axtarırlar. Əvvəlcə polisə getmək istəmədiyindən qaçıb gizlənmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nə gedərək özünü təqdim edib İlhamı bıçaqlamağını etiraf etmişdir. İlhama xəsarət yetirdiyi bıçağı polis bölməsində təqdim etmişdir. 13-cü PB-nin əməkdaşları onu Sabunçu RPİ-nin İŞ-nə gətirmişlər. Hadisə zamanı ətrafda heç kəs olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabunçu rayonu Ramana qəsəbəsində ünvansız evdə yaşayır. İlkin adlı şəxsi təxminən bir ildir ki tanıyır, sonuncu ilə təsadüf nəticəsində tanış olmuşlar və həmişə münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 18-19 radələrində İlkinlə sonuncunun yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 208 saylı orta məktəbin yaxınlığında gəzərkən ona məxsus olan “Samsung A10” markalı mobil telefonu satmaq istəyirmişlər. Bununla bağlı İlkinlə söhbət edərkən təsadüfən sonuncunun tanışı olan əvvəllər tanımadığı həmin gün adının Yusif olduğunu bildiyi şəxslə görüşmüşlər. Görüş zamanı İlkin Yusiflə onu bir-birlərinə təqdim etmiş, söhbət zamanı İlkin və o, Yusifə “Samsung A10” markalı mobil telefonunu satmaq istədiyini söyləyərək almağı təklif etmişlər. Yusif də onun “Samsung A10” markalı mobil telefonunu bəyənib almaq istəmiş, qiymət olaraq da mobil telefonun dəyərini 80 manata razılaşmışlar. Elə orada da İlkinin yanında Yusif ona 50 manat pul vermiş, qalıq 30 manatı isə mobil telefonun qutusunu səhəri gün, yəni xx.xx.2020-ci il tarixdə gətirəcəyi təqdirdə ödəyəcəyini bildirmişdir. Bundan sonra İlkinlə o, çıxıb getmişlər. O, xx.xx.2020-ci il tarixdə saat 13-14 radələri aralığında Yusifin yaşadığı Bülbülə qəsəbəsində yerləşən evinə getmiş, həmin vaxt Yusiflə görüşüb sonuncuya Samsung A10 markalı mobil telefonunun qutusunu gətirdiyini və borclu olduğu 30 manat pulu ödəməsini söyləmişdir. Təqsirləndirilən şəxs də həmin gün axşam saatlarında onunla görüşüb pulu ödəyəcəyini bildirərək yaşadığı ünvana gəlməməsini xahiş etmişdir və demişdir ki, onunla telefon vasitəsi ilə əlaqə saxlayacaqdır. O, həmin gün saat 21 radələrinədək Yusifdən zəng gözləmiş, lakin sonuncu zəng etməmişdir. O, Təqsirləndirilən şəxs zəng etsə də sonuncuya zəng çatmamışdır. Bu səbəbdən də xx.xx.2020-ci il tarixdə saat 21 radələrində yenidən Yusifin yaşadığı Bülbülə qəsəbəsində yerləşən evinə getmişdir. Həyətyanı sahədə dayanıb Yusifi çağırmış, həmin vaxt əvvəllər tanımadığı sonradan Yusifin babası olduğunu bildiyi Şahid1 adlı şəxs səslənmişdir. Sonuncudan Yusifin harada olmasını soruşmuş, Şahid1 adlı şəxs həmin vaxt Yusifin evdə olmadığını söyləmişdir. Bu zəmində Şahid1lə söhbət edərkən Yusif evdən həyətyanı sahəyə çıxmış, sonuncunun evdə ola- ola babasının ona evdə olmaması barədə bildirməsi pis təsir etdiyindən bununla bağlı Yusifə iradını bildirmişdir. Sonuncu da ona evlərinə gəlməyi ilə bağlı iradını bildirmiş, sonra evdən çıxaraq onunla birlikdə yaxınlıqda yerləşən qəbirstanlığa getmişlər. Saat təxminən 21-21:30 radələri aralığında onlar qəbiristanlıqda olarkən Yusif ona yaşadığı ünvana gəlməsi ilə bağlı iradını bildirmiş, bu zəmində aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı birbirlərinin yaxasından tutmuşlar. Həmin vaxt Yusif bıçaq çıxararaq təxminən 6-7 dəfə ona zərbələr endirmişdir. Nəticədə o, bıçaq zərbələrindən xəsarət almış və bədənindən qan axmağa başlamışdır. Yusif qan axmasını görüb ona yardım edərək köynəyi ilə yaralarını təmizləmiş və onu xəstəxanaya aparmağı təklif etmişdir. Lakin o, xəstəxanaya getməkdən imtina edərək özünü yaxşı hiss etdiyini söyləyərək yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən evinə getmək istədiyini bildirmişdir. Bundan sonra Yusif harasa zəng edərək taksi sifariş etmiş, təxminən 5 dəqiqədən sonra dövlət qeydiyyat nişanı, rəngi və markasını xatırlamadığı taksi onların olduğu yerə gəlmişdir. Yusif onu həmin taksi avtomobilinə əyləşdirib evinə yola salmış, yol haqqını verməsi üçün də ona 5 manat pul vermişdir. Bundan sonra o, taksi ilə yaşadığı evə getmişdir. Həmin vaxt evdə anası olmuş, anası onun bıçaq xəsarətləri almasını görüb tibbi yardım göstərilməsindən ötrü 3 saylı ŞKX-na gətirmişdir. Orada əməliyyat olunaraq stasionar müalicə almışdır. O qeyd etmişdir ki, Yusifin yaşadığı ünvana gələrkən babası Şahid1lə mübahisə etməmiş, sonuncunun ünvanına nalayiq ifadə işlətməmişdir. Yusifin evinə gəlməkdə məqsədi sonuncudan borclu olduğu 30 manat pulu almaq olmuşdur. Həmçinin qəbiristanlıqda Yusiflə sözlə mübahisə edərkən sonuncunun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməmişdir, mübahisənin səbəbi Yusifin evinə gəlməsi ilə bağlı olmuşdur. Onunla Yusif arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qəbirstanlıqda Yusiflə arasında mübahisə baş verərkən hava qaranlıq olmuş, həmin vaxt qəbiristanlıqda heç kim olmamışdır. Aralarında olan sözlə mübahisə təxminən 2-3 dəqiqə müddətində davam etmiş, əlbəyaxa olmaları və Yusifin ona bıçaqla 6-7 dəfə zərbə endirməsi ani vaxt ərzində olmuşdur. Mübahisə yüksək səslə müşayiət olunmadığından ətrafa kənar şəxslər yığılmamışlar. Mübahisə Yusiflə ikisinin arasında baş verdiyindən başqa heç kim şahid olmamışdır. Təqsirləndirilən şəxs onu aparan taksi sürücüsünə ona bıçaqla xəsarət yetirməsi barədə heç bir məlumat verməmişdir. Yusiflə bir-birinin yaxasından tutsalar da sonuncu əl zərbələri ilə ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxsdən çəkdiyi xəstəxana xərclərini, yəni, 2800 manat pulun ödənilməsini tələb edir və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Suğranın oğludur, nəvəsidir. O, qızı Suğra Talıbova və onun ailəsi ilə yaşayır. Zərərçəkmiş şəxsi tanımamışdır. İlhamı ilk dəfə xx.xx.2020-ci il tarixdə yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, R.Qarayev küçəsi, ev 25 ünvanına gələrkən görmüşdür. Belə ki, İlham xx.xx.2020-ci il tarixdə yaşadığı mənzilə gələrkən Yusifin evdə olub-olmamasını soruşmuşdur. O, Yusifin əvvəllər məhkum olunduğu üçün başqa hər hansı problemə düşməməsi səbəbindən İlhama Yusifin evdə olmamasını bildirmişdir. Bu zəmində İlhamla yaşadığı evin həyətyanı sahəsində söhbət edərkən Yusif evdən həyətə çıxış və İlham Yusifin evdə olduğu təqdirdə evdə olmaması barədə yalan söyləməyi ilə bağlı ona iradını bildirmişdir. Yusif həmin vaxt İlhama evlərinə gəlməsi ilə bağlı irad bildirmişdir. Bundan sonra Yusiflə İlham evdən çıxıb harasa getmişlər. Səhəri gün xx.xx.2020-ci il tarixdə səhər saatlarında eşitmişdir ki, Yusif İlhama xx.xx.2020-ci il tarixdə yaşadıqları evin yaxınlığında yerləşən qəbiristanlıqda bıçaqla bir neçə xəsarət yetirmişdir. Hadisədən sonra isə Yusif evə gəlməmişdir. xx.xx.2020-ci il tarixdə Yusifin 13cü PB-nə gedərək təslim olmasını eşitmişdir. İlhamın Yusifi hansı səbəbdən axtarmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində anası Aləmzər Əliyeva ona zəng edərək qardaşı İlhamı bıçaq xəsarətləri alması səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına apardığını və orada əməliyyat olunduğunu bildirmişdir. O, dərhal həmin xəstəxanaya getmişdir. O, oraya çatdıqda qardaşı Zərərçəkmiş şəxs əməliyyat olunmuşdur. O, anasından hadisə barədə soruşduqda anası ona xx.xx.2020-ci il tarixdə qardaşı İlhamın tanışı Yusif adlı şəxsə “Samsung” markalı mobil telefonunu satdığını, Yusifin həmin telefona görə 50 manat ödədiyini və 30 manat isə borclu qaldığını bildirmişdir. xx.xx.2020-cı il tarixdə saat 21 radələrində İlham Yusifdən 30 manat borcunu almaq məqsədi ilə Yusifin yaşadığı evə getmiş, həmin vaxt Yusif İlhama evinə gəlməsi ilə bağlı irad bildirərək yaxınlıqda yerləşən qəbiristanlığa aparıb orada bıçaqla Yusifə bədən xəsarətləri yetirmişdir. O, hadisənin şahidi olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan Sabunçu RPİ-nin 13-cü PB-nin məsul növbətçisi, polis kapitanı Abbasovun xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 22:12 radələrində 3 saylı ŞKX-nın tibb bacısı Novruzova Bakıxanov qəsəbəsi, Sərhan marketin yanında xx.xx.1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsindən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir. Cinayət işinin 11-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd gümüşü rəngli tiyəli, bir tərəfli açılıb-bağlanan, tiyəsinin bir tərəfi kəsici, digər tərəfi isə dalğavarı, tutacağı qızılı rəngli dəmir, yaşıl və tünd qırmızı rəngli taxtadan olan bıçağı təqdim edərək, xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məhz həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Bıçaq üzərində qanabənzər ləkələrin olması müəyyən edilməmişdir. Cinayət işinin 57-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin Sabunçu rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli, 893 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol böyrəyin yaralanmasına (böyrək cərrahi yolla çıxarılmışdır) səbəb olan sol bel nahiyəsinin peritonarxası sahəyə nüfuz edən bir ədəd, sol bazu nahiyəsinin bir ədəd, qarın nahiyəsinin iki ədəd, sol aşıqbaldır oynağının bir ədəd, sağ baldırın iki ədəd (cəmi yeddi ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol böyrəyin yaralanmasına (böyrək cərrahi yolla çıxarılmışdır) səbəb olan sol bel nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol bazu nahiyəsinin bir ədəd, qarın nahiyəsinin iki ədəd, sol aşıq-baldır oynağının bir ədəd, sağ baldırın iki ədəd, (cəmi altı ədəd) deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 87-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq sonuncuya tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin bıçağı tanıyaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sabunçu rayonu, Bakıxanov qəsəbəsində məhz həmin bıçaqla ona bədən xəsarətləri yetirmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli maddi sübutların götürülməsi haqqında qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi ağ rəngli, üzərində göy rəngli xətlər və qırmızı rəngli qanabənzər ləkə olan bir ədəd yay köynəyi və bir ədəd qara rəngli şalvarın götürülməsi qərara alınmışdır. Cinayət işinin 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxx 2020-ci il tarixli əşyanın götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan və təqdim etdiyi bir ədəd ağ rəngli, üzərində göy xətlər və qırmızı rəngli qanabənzər ləkələr olan köynək və bir ədəd qara rəngli şalvar götürülmüşdür. Cinayət işinin 126-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 155-159-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli, 696/2020-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs “İAMAS” çıxarışının surətinə əsasən qan qrupu – B (İİİ)-dür; Təqsirləndirilən şəxs “İAMAS” çıxarışının surətinə əsasən – A(İİ)-dir. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş kişi köynəyi üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Bu antigen B(İİ) qrupunu xarakterizə etdiyindən, yanlız onun alınması aşkar olunmuş qan ləkələrinin həmin qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs özünə məxsus olması inkar olunmur. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş bıçaq və qara şalvar üzərində tədqiqat zamanı qan aşkar olunmamışdır. Cinayət işinin 161-165-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X3 publik hüquqi şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli, 456/2020 MTKŞ saylı maddi sübutların ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: İ.1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sağ yaxalığında üç ədəd, köynəyin arxa sol nahiyəsində bir ədəd, şalvarın sol ayağının ön səthində bir ədəd və şalvarın sağ ayağının arxa səthində bir ədəd aşkar edilmiş deşilmişkəsilmiş zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön sağ yaxalığında üç ədəd deşilmiş-kəsilmiş zədədən yalnız ikisi onun bədəninin qarın nahiyəsində olan iki ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Köynəkdə olan digər bir ədəd zədə onun bədəni üzərində öz əksini tapmamışdır. Bu da paltarın yer dəyişməsi ilə izah oluna bilər. Köynəyin arxa sol nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol bel nahiyəsində olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Şalvarın sol ayağının ön səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol aşıq-baldır oynağında olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Şalvarın sağ ayağının arxa səthində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ baldırında olan iki ədəd yaradan cəmi bir ədəd ilə yerləşməsinə görə üst-üstə düşürlər. Digər bir ədəd yara onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da paltarın yerdəyişməsi ilə izah oluna bilər. -Zərərçəkmiş şəxs bədəninin sol bazu nahiyəsində olan bir ədəd yara onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da paltarın həmin nahiyənin örtülməməsi ilə izah oluna bilər. İİ.2.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. 2.Bıçağın tiyəsinin küp kənarının üzərində olan “pazvari” sahə sonradan kustar üsulla hazırlanmışdır, lakin, bu dəyişiklik bıçağın təyinatını dəyişməmişdir. Cinayət işinin 187-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanması zamanı “Samsung” markalı fotoaparatla fotoşəkillər çəkilmişdir. Cinayət işinin 190-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini əyani olaraq Təqsirləndirilən şəxs üzünə qarşı deyərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kim qəbul edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 daxil olmuş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Tağıyev X2 Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qazancından 20 % dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum edilmiş; Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 228.2.1-ci maddələri təqsirli bilinərək CM-nin 66.1, 66.3, 66.5 və 70-ci maddələri tətbiq edilməklə 02 il 06 ay şərti sınaq müddəti tətbiq edilməklə, 04 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 108-120-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 1(101)-416/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 234.1-ci maddələri təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələri tətbiq edilməklə 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 121-122-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 7(007)-740/2018 saylı qərarı ilə çəkilməmiş cəzasının qalan 01 il 05 ay 14 gün hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş; cinayət işinin 123-125-ci vərəqələrində olan Qobustan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 7(026)-5/2019 saylı qərarı ilə cəzaçəkmə müəssisəsinin növü dəyişdirilərək, cəzasının çəkilməmiş 06 ay 06 gününü çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş; xx xxxxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqdan iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 167-169-cu vərəqələrində olan və və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1817 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionaliradi sferasında emosional dayanıqsızlıq, qıcığa qarşı həssaslıq, fərdi-psixi xüsusiyyətlərində tez özündən çıxmaq, hövsələsizlik, özünə qarşı hörmət tələb etmək, inadkarlıq, eqosentrizm kimi xüsusiyyətlər aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik əmələ gəlmişdir. Həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Cinayət işinin 170-171-ci vərəqələrində olan və və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli, 2544 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 30-cu vərəqəsində olan tutma protokolundan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 82-84-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(008)-347/2020 №-li qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsdə olmanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd yay köynəyi və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğunu nəzərə alaraq hesab edir ki, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə C inayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd yay köynəyi və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 01 ədəd bıçaq məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar