Məhkəmə qərarları › İş №1(101)-1164/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1164/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1164/2022 13.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Sahib Hüseynov küçəsi, ev 20-də qeydiyyatda olan, faktiki Bakı şəhəri, ünvan 6–də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 4,302 qram çəkidə narkotik vasitə olan bir bükümdə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsinə kimi daşımış. Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 fevral 2022-ci il tarixdə saat 17:15-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki mavi rəngli cins şalvarının sağ yan cibində olan kibrit qutusunun içərisindən 01 ədəd sellofana bükülmüş 4,302 qram çəkidə satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda narkotik vasitə olan heroin, əynindəki şalvarının arxa sağ cibindən bir ədəd işlək vəziyyətdə gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. İstifadə etməsi üçün aldığı narkotik vasitəni, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən “Rza” adlı şəxsdən almışdır. Belə ki, o, narkotik vasitələrin satışı ilə məşğul olan «Rza» adlı şəxslə sosial şəbəkədə tanış olmuşlar. Rza heroinin 01 qramını 15 manata satdığını bildirmiş, buna görə də Rzanın ona göndərdiyi "xxxx"ASC-yə məxsus hesab nömrəsinə 45 (qırx beş) manat pul ödəmiş və 03 qram narkotik vasitə sifariş etmişdir. Sonra ona heroini Zabrat ərazisindəki “Rahat” marketin qarşısında olan postda, ağacın altında olduğunu bildirdikdən sonra o, həmin yerdən narkotik vasitəni götürmüş və bir hissəsini istifadə etmiş, sonra evə gəlmişdir. İki gün sonra artıq həmin narkotik vasitənin 2 qramını istifadə etmiş, üzərində 01 qram narkotik vasitə heroin qalmışdır. Həmin vaxt yaşadığı ünvan 3 ünvanda olarkən səhər saatlarında özlərini Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşı kimi təqdim edən üç nəfər şəxs əllərində dəmir linglə gələrək qapını qırmaq istəmişlər. O, nənəsi ilə birgə həmin ünvanda yaşayır. Nənəsi 2 dəfə insult keçirib, yaşlı qadındır. Həmin vaxt xoşbəxtlikdən nənəsi marketdə olmuşdur. Ümumiyyətlə, nənəsi və o, mənzilin qapısını bağladıqdan sonra açarı sayğacın üstünə qoyurlar. O, evdə yemək yeyən zaman Polis əməkdaşları sayğacın üstündə açarı gördükdən sonra qapını açmışlar. Polis əməkdaşları evə daxil olan kimi ona şillə və təpik ilə zor göstərəək nalayiq söyüşlərlə onu təhqir etmişlər. Polis əəkdaşları onlara heroin verməsini tələb etdikdə, o, evdə narkotik vasitə olmadığını bildirmişdir. Sonra polis əməkdaşları mənzili axtarmağa başlamışlar, lakin, heç nə tapa bilməmişlər. Davamlı təhqirlərə dözə bilməyib özündə olan 01 qram heroini könüllü şəkildə təqdim etmişdir. Bundan sonra onu Nəsimi Rayon Polis İdarəsinə aparmışlar. Orada ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edəcəklərini, sadəcə evində axtarış etməli olduqlarını bildirmişlər. Mənzilində axtarış keçirilərkən 7-8 nəfər polis əməkdaşı iştirak etmişdir. Həmin vaxt videoçəkilişdən də istifadə edilmişdir. Evdəki şkafda Kərbəla ziyarətindən gətirdiyi torpağı da götürüb heroin olduğunu və onun heroinin satışı ilə məşqul olduğunu bildirmişlər. Lakin o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Onun üzərində olan 1 qram narkotik vasitə heroin isə özünün istifadəsi üçün saxladığı narkotik maddə olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İslər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 03 fevral 2022-ci il tarixdə saat 17 radələrində ünvan 5 ünvanda Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini gördükdə, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və həmin şəxsin narkotik vasitənin daşıması və satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirərək onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd kibrit qutusuna qoyulmuş 01 ədəd sellofan bükümü, 01 ədəd elektron tərəzini, gödəkcəsinin cibindən isə "xxxx"ASC-ə məxsus plastik kartı masanın üzərinə qoymuşdur. O, sorğu-sual edilərkən həmin maddənin narkotik vasitə heroin olduğunu, üzərində aşkar olunmuş elektron tərəzi vasitəsi ilə aldığı narkotik vasitə heroinin çəkisini ölçdüyünü və həmin narkotik vasitə hcroini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanda da narkotik vasitə saxladığını bildirmiş, bundan sonra onun razılığı ilə yaşadığı mənzilə baxış keçirmək üçün həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin otağından şkafın içərisində sellofana bükülmüş kütlə aşkar olunmuş, həmin kütlə də zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 50-56) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusuna qoyumuş bükümü, arxa sağ cibindən 01 ədəd elektron tərəzini, əynindəki mavi rəngli cins gödəkcənin yuxarı sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd "xxxx" tərəfindən verilmiş bank kartını və aşağı sağ yan cibindən özünə məxsus 01 ədəd «RedMi» markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 fevral 2022-ci il tarixli hadisə yerinə bxış keçirilməsi barədə protokoldan (cild 1, iş vərəqə 59-60) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və evdən şkafın içərisindən bir bükümdə kütlə aşkar olunub götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 04 fevral 2022-ci il tarixli, 6/698 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 186» dairəvi möhür əksi olan iki ədəd zərfdə olan-üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş....» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd kibrit qutusunda bir ədəd bükümdə təmiz çəkisi 4,302 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş 28 mart 2022-ci il tarixli, 1440 nömrəli ambulator məcburi-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindəki kibrit qutusunun içərisindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin, arxa sağ cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, təmiz çəkisi 4,302 qram, tədqiqatdan sonra ümumi xalis çəkisi 4,252 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Nəsimi rayon Polis İdarəsinin saxlancına verilmişdir. "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, həmçinin sms mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrəsinə ***-***-**-** saylı nömrədən “Qaqaş qapıya gəlmə itdər var indi kimnensə gonderceyem moyka tərəfə". ***-***-**-** saylı nömrədən “Qaqa xaiş edirəm telefona cavab ver. Ağriyiram 2 saatdi gozletdirirsen. Cavadında konturu qurtarıb zeng ede bilmor sene”, ***-***-**-** saylı nömrədən “Qaqa apar onun pulun ver heç olmazsa, o ağrıdan ölür başa duş. Qara bidene telfonu aç danşaq o qaqan bir qəpik pulu yoxdur nədə kartı var. qara sene böyük hörmetim var, seni kişi bilib dosdumu senin yanına gönderdim yola ver qaqa ağrıdan ölür”, ***-***-**-** saylı nömrədən “Sen guya ağillisanda soxdun mene bunu hec veziyyetdende çıxartmadı. Hecbişey gelib goturecem axşama amma birde qelet ederem men sene inanıb ağız açaram. Get özün «nalayiq ifadə» men sennen söyüşle danışdım ala? Getirib verecem puluvu ala «nalayiq ifadə» cırma day. axşam yığacam seni" kimi smslər yazması müəyyən olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı nömrəyə «Qaqa evdəyəm K lazımdı yarım, nece edey goruşek amma günorta olduqu kimi, gelirem deyib gozletmede, deqiq de bilim» 055-397- 43- 18 saylı nömrəyə «Sen balan cani canım aqrir Saat 9dan gozdeyirem. Yaxşi deylem gelim hec olmasa k ver mene duzelim.? » ***-***-**-** saylı nömrəyə «Gaga ot almişdılar oncun almadı m. m40 varimdi kola pati versen vererdim orginaldi ozude listdedi isteyirsen?» 055- ***-**-** saylı nömrəyə «M40 lazimdi sene? Var istesen eger» ***-***-**- ** saylı nömrəyə «Qaqaş metodon varimdi İstesen kakosla deyişerem. Lazımdısa denen deyişek», 055-832- 22-97 saylı nömrəyə «Qaqa 25 manata qram kakos var lazimdi sene yiğ göruşek verim pul lazimdir tecili» ***-***-**-** saylı nömrəyə «Qaqa terezi lazimdi sene kolaynan deyişek 1 qramla? Balaca telefon boyda olandan taranifalan da cixmaq olur qeşey terezidi» kimi smslər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək həmin narkotik vasitələri satış məqsədi ilə deyil yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirməsi məhkəmə tərfindən məsuliyyəini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilir və onun ifadəsi inandırıcı hesab edilmir. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyləri, sms yazışmalar və digər sübutlarla öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcələsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən qismən peşiman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, qardaşının əlil olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 03 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nəsimi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.252 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. 01 ədəd "xxxx"ASC tərəfindən verilmiş bank kartı və 01 ədəd «RedMi» markalı mobil telefonu Təqsirləndirilən şəxs valideyinlərinə qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri 65 (altış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 162 (yüz altmış iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 162 (yüz altmış iki) manat məbləğində pul ödənilsin. İş üzrə ekspertiza xərcləri 65 (altış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Nəsimi rayon polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4.252 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. 01 ədəd "xxxx"ASC tərəfindən verilmiş bank kartı və 01 ədəd «RedMi» markalı mobil telefonu Təqsirləndirilən şəxs valideyinlərinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar