Məhkəmə qərarları › İş №1(101)-1164/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1164/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1164/2025 15.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, hakimlər X6 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Qafarova- X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddənin satışını təşkil etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bir ədəd polietilen torbada külli miqdarda təmiz çəkisi 5945,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla, saxlamış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əldə edilmiş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +7926874-93-23 mobil nömrəsindən onun istifadəsində olan “Honor X7b” markalı +99***-***-**-** nömrəli mobil telefona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilən fotoşəkillərə uyğun 07 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsi yaxınlığında yaşıllıq ərazidə gizlədilmiş bir ədəd polietilen torbada külli miqdarda təmiz çəkisi 5945,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla, saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 01:45-də ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 RPİ-nin 35-ci PB-nə gətirilib videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əlindəki üzəri skoçla bağlanmış bir ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 5945,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və “Honor X7b” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Xaçmaz rayonundan Bakıya ad gününə gəlmiş, yolda taksi sürücüsü narkotik vasitədən istifadə etmiş, o da sürücü ilə birlikdə narkotikdən istifadə etmişdir. Sürücü qohumunun başqa bir yerə narkotik vasitə qoyduğunu və həmin narkotik vasitəni götürməli olduğunu bildirmiş, o da sürücü ilə razılaşmışdır. Ünvana çatanda sürücü demişdir ki, “sən burada düş maşından, mən maşını döndərib gəlirəm”. Mobil telefonundan narkotik vasitənin satışı ilə bağlı heç bir yazışma olmamışdir. Sadəcə 1 ədəd şəkil atılmışdır. Paketi götürəndə içəridə paltar da olmuş, yağış yağdığına görə paltarı əyninə geyinmək istəyəndə həmin paketin içində narkotik vasitə də olduğunu görmüşdür. Avtomobilin qapısı kilidli olduğuna görə aça bilməmiş və həmin an polis əməkdaşları onu tutmuşlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobil Xaçmaz rayonundan Bakı şəhərinə gələn taksi sürücüsünün avtomobili olmuş, bəzi hallarda marixuana adlı narkotik vasitədən istifadə etmiş, bəzi hallarda heroin və metamfetamin adlı narkotik vasitələrdən az miqdarda istifadə etmiş, son vaxtlar müalicə aldığına görə narkotik vasiədən istifadə etməmiş, narkotik vasitənin ünvanını taksi sürücü telefonunda interneti bitdiyinə görə onun telefonuna atmış, avtomobildə olanda siqaret almaq üçün icazə almış, sonra isə marixuana çəkmək üçün icazə almışdır. Belə səmimiyyətdən sonra sürücü ona narkotik vasitə götürməli olduğunu bildirmişdir. Ona göndərilən şəkildə ağac, daş və bina olmuşdur. Konumu ona taksi sürücüsü göndərmiş, özündə interneti olmadığına görə ona göndərmiş, sürücünü tanımamış, sürücü adının Mahir olduğunu demiş, polis əməkdaşları onu buraxacaqlarını bildirmiş, ona görə heç yerə şikayət etməmişdir. Taksi sürücüsünü birinci dəfə görmüş, sürücü əmisi oğlunun onun üçün narkotik vasitə qoyduğunu bildirmişdir. Götürdüyü narkotik vasitənin yarısını sürücü ona verəcəkdi. Ad günü münasibətilə Bakıya gəlmişdir. Hadisə dekabr ayının 6-dan 7-ə keçən gecə baş vermişdir. Polis əməkdaşları taksi sürücüsünü görmüşlər, taksi özü rahat şəkildə ərazidən getmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixində narkotik vasitələrin istifadəsi və daşınması məlumatı əsasında qeyd olunan ünvanda şəxsi saxlamışlar. Hava şəraiti yaxşı olmadığına görə şəxsi 35-ci Polis Bölməsinə dəvət etmişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xətai Rayon Polis İdarəsində əməliyyat müvəkkili işləyir. Şəxsi saxlayıb özlərini təqdim etmiş, hadisənin baş vermə anı tam yadında qalmamış, təqsirləndirilən şəxsin yanında kiminsə olub olmadığı yadında qalmamış, şəxsi saxlayanda özü sellefon torbada narkotik vasitə olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə əməliyyat məlumatı əsasında şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Üzərində qanunsuz əşya olub-olmamasını soruşanda şəxs sellefon torbanı təqdim etmişdir. 35-ci Polis Bölməsində şəxsin üzərinə baxış keçirilmişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs saxlanılan zaman əlində torba ilə getmiş, hadisə tam olaraq yadında qalmamış, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmişdir. Məlumat yalnız Təqsirləndirilən şəxs barəsində olmuş, taksi sürücüsü barəsində məlumat olmamış, şəxsin saxlanıldığı yerdə avtomobilin olub-olmaması yadında qalmamış, şəxsi saxlayan zaman ətrafda başqa adam olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 dekabr 2024-cü il tarixdə, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməkdə və üzərində daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 07 dekabr 2024-cü il tarixdə saat 01:45 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün olduğu yeri müəyyən edib, dərhal Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsinə gedərək əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs, E.Şüküriilü küçəsi döngə 1 saylı ünvanda əlində daşıdığı sellofan bağlama ilə hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim edib narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib, üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əlindəki sellofan bağlamanın içərisində narkotik olmasını bildirdikdə hava şəraiti ilə bağlı İlkini 35-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs daşıdığı qara rəngli polietilen bağlamam təqdim etmişdir. Həmin bağlamanın içərisindən üzəri skocla yapışdırılmış bir ədəd qara rəngli sellofan büküm həmin bükümün içərisindəki yaşıl rəngli bitki tərkibli narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd “Honor” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamada nə olduğunu, haradan, kimdən və nə məqsədlə almasını soruşduqda İlkin həmin bağlamanın içərisində marixuana adlanan narkotik vasitə olduğunu, həmin bükümü internetdən tanış olduğu tanımadığı İran vətəndaşının bildirdiyi yerdən götürməsini, aralarındakı razılaşmaya görə həmin bükümü iranlının deyəcəyi ünvana çatdırıb qarşılığında 200 manat pul alacağını demişdir. Bağlama tərəzidə çəkilmiş və qablaşdırılaraq təhqiqata təqdim edilmişdir. X3 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün çəkisinin 6185 qram olması müəyyən edilib qablaşdırılmışdır. (cild 1 i/v 95-97) Əməliyyat tədbirinin keçirilməsi, şəxsin üzərinə baxış keçirilməsinə dair xx.xx.2024cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş məlumat üzrə Xətai RPİ-nin X1 əməkdaşları Şahid1, Şahid2 və X4 iştirakı ilə keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə, saat 01:45-də ünvan 5 ünvanın qarşısında piyada hərəkətdə olarkən saxlanılmış, ona hüquqları və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunma huququnun olması bildirilmiş, hava şəraitinin əlverişsiz olması ilə bağlı 35-ci polis bölməsinin inzibati binasına gətirilmis, bölmədə üzərinə videoçəkilişlə şəxsi axtarış vətəndaşının ona bildirdiyi ünvandan əldə etməsini, ona bildirilən ünvana çatdırıb qarşılığında 200 manat pul əldə edəcəyini bildirmiş eyni zamanda əynindəki şalvarın sol arxa cibindən 01 ədəd “Honor” markalı mobil telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü qablaşdırılaraq götürülmüşdür. (cild 1 i/v 12-13) “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin X1 əməkdaşları Şahid1, Şahid2 və X4 iştirakı ilə keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik əldə etməkdə və daşımaqda şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 01:45-də ünvan 5 ünvanın qarşısında piyada hərəkətdə olarkən saxlanılmış, ona hüquqları və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunma huququnun olması bildirilmiş, hava şəraitinin əlverişsiz olması ilə bağlı 35-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, bölmədə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sağ əlində daşıdğı sellofan torbanın içərisindəki kütləni təqdim edərək narkotik vasitə marixuana olmasım bildirməsi, bağlamanın qablaşdırılaraq götürülməsinə dair protokol eyni zamanda videoçəkilişə dair 01 ədəd DVD disk təhqiqata təqdim edilmişdir. X5 tərəfindən 01 ədəd DVD diskə eyni zamanda 01 ədəd sellofan bağlamaya baxış keçirildikdən sonra sellofan bağlama yenidən qablaşdırılıb möhürlənərək tərkibinin və çəkisinin müəyən edilməsi üçün ekspertizaya göndərilir. (cild 1 i/v 16-17) Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 dekabr 2024-cü il tarixli 7/1983 saylı məhkəmə-bioloji ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 5945,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1 i/v 38-40) Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 7729 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1 i/v 113-114) Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Honor X7b” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Honor X7b” markalı mobil telefona baxış zamanı telefondakı “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs +7926874-93-23 saylı mobil nömrəli şəxslə 06 dekabr 2024-cü il tarixdə saat 23:25-də sms vasitəsi ilə əlaqə yaratması həmin şəxsin Bakı şəhəri Xətai rayonun koordinatını, eyni zamanda narkotik vasitəni gizlətdiyi yerin oxla işarələnmiş fotosonu göndərməsinin sms-ləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin nömrə ilə sms göndərən şəxsin iranlı olduğunu, atdığı koordinat üzrə Bakı səhəri Xətai rayonu ərazisinə gəlib səkildə işarələnmiş verdə gizlədilmiş qara rəngli polietilen bağlamanı aşkar etməsini, sonradan iranlının ona həmin bağlamanı catıdrmalı olduğu ünvana aparmaq istəsə də oradan uzaqlaşanda polis əməkdaşları tərəfindən saxlanılmasını demişdir. Mobil telefonda aşkar edilmiş yazılı sms mətnləri və narkotikin olduğu verə dair fotolar cinayət isinin materiallarına əlavə edilmişdir. (cild 1 i/v 52) Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə etmə anına dair qeydə alınmış videogörüntünün köçürüldüyü Xətai RPİ-nin 35-ci PB-dən daxil olmuş 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünün birinci saniyəsindən etibarən müəyyən edilir ki, sutkanın qaranlıq vaxtında və yağmurlu hava şəraitində bir nəfər şəxs əlində tutduğu işıqla ətarfda yerləşən yaşayış evlərinin qarşısındakı yolun kənarında yaşıllıq ərazidə təxminən 3 dəqiqə ərzində əvvəlcədən orada olmasından xəbəri olması tərzdə hərəkətlərlə gizlədilmiş əşya axtarır. Bu zaman yolda bir ədəd avtomobil dayanaraq onu gözləyir. Həmin şəxs bir ədəd sellofan torbanı aşkar edib götürərək dərhal yolda dayanaraq onu gözləyən avtomobilə doğru qaçdıqda polis əməkdaşlarının ona tərəf yaxınlaşması səbəbindən avtomobilə əyləşməyə nail ola bilməyib əlindəki sellofan torba ilə birlikdə yerə yıxılıb qalır. Bu zaman onu gözləyən avtomobil isə dərhal hadisə yerindən uzaqlaşır. Təqsirləndirilən şəxs ona verilən şifahi suallara cavab olaraq videogörüntüdəki şəxsin özü olduğunu, həmin yerin ona iranlı tərəfindən narkotikin gizlədildiyinə dair fotoları atılmış, narkotiki əldə etdiyi Bakı səhəri Xətai rayonu ərazisi olmasını, həmin vaxt narkotiki axtarmasını, aşkar etdiyi sellofan torbanın, narkotikin olduğu torba olmasını, əldə etdikdən sonra dərhal qaçmaq istəsə də buna nail ola bilməyib polislər tərəfindən yaxlanmasını, onu gözləyən avtomobilin isə hadisə verinə gəldiyi tanımadığı taksi olmasını, taksi avtomobilinin nömrə nişanını xatırlamadığını bildirmişdir. (cild 1 i/v 150) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 5944,95 qram qalıq marixuana və 01 ədəd “Honor X7b” markalı mobil telefon maddi sübut kimi tanınmışdır. (cild 1, iş vərəqi 115-121). xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqi 123-124). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 18.1., 83.3.3. və 83.6. maddələri. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, qurudlumuş marixuana təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin president hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə apardığı sms yazışmaları, həmin yazışmaların mətni təsdiq edir ki, tərəflər narkotik vasitələrin əldə edilməsi və reailzəsi ilə bağlı əvvəlcədən razılığa gəlmiş və birgə fəaliyyət göstərmişlər. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 26-cı bəndi) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 34-38-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs özünə məxsus olan +99***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı +7926874-93-23 ilə sms yazışmaları aparmış və həmin danışıqların mətni narkotik vasitənin əldə edilməsi və realizə olunması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs özünü narkotik vasitədən istifadə ilə bağlı təqsirli bilmiş, narkotik vasitənin satışı ilə bağlı verilən ittihamla özünü təqsirli bilməmişdir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 28, 38,39, 40, 41-ci bəndlərindəki normativ aktlara əsasən). Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, gənc və subay olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 103). Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 22-ci bəndi). İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 08 dekabr 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 26-27, 85-87). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidr (qərarın 23, 29 və 30-cu bəndləri). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 07 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar – Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5944,95 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd Honor X7b markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 32-ci bəndi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələriində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 5944,95 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd Honor X7b markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar