Məhkəmə qərarları › İş №1(101)-1166/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1166/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1166/2020 16.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1987-ci tarixdə Bərdə rayonunun Xanərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, çörəkbişirmə sexində xəmirçi işləmiş, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Xanərəb kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, “Poladxanlı” marketin sağ yan hissəsində kriminal aləmdə “lotu Rövşən Lənkəranski” kimi tanınan vəfat etmiş şəxsin təkidlə cəmiyyətin ən hörmətli insanlardan biri olmasını bildirməsi, Zərərçəkmiş şəxs onun fikri ilə razılaşmaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Rövşən Lənkəranskinin ünvanına kobud şəkildə nalayiq ifadələr işlətməsini iddia edib bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan qəsdən üstündə olan bıçağı silah qismində istifadə edib Zərərçəkmiş şəxs vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edərək qaraciyərin, mədənin, diafraqmanın yaralanmasına və sol tərəfli hemotoraksa (döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan insan həyatı üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun dəlib keçən deşilmiş-kəsilmiş yarası, habelə sol bazu və sol said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o, məlum aprel döyüşlərindən sonra xüsusi təyinatlı kimi hərbi qulluğa yazılaraq kurs keçib 2016-2018-ci illərdə hərbi xidmətdə olmuşdur. 2018-ci ildə səhhəti ilə bağlı xidməti davam edə bilməyib evə qayıtmış, əvvəl işlədiyi lavaş bişirmə sexində işini davam etdirmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində işlədiyi lavaş sexinin yanında yerləşən “Poladxanlı” marketə pivə içmək üçün daxil olmuş, təxminən bir litr pivə içmişdir. Orada pivə içən zaman əvvəllər tanımadığı, sonradan adını Nurlan kimi bildiyi şəxs həmin mağazada ilk öncə hərbidən söhbət etmiş, birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun şücaətlərindən danışımışlar. Sonra söhbət “varovskaya” gedib çıxmış, Nurlan oğrulardan söz salıb lotu Bəxtiyara və lotu Mamedə tərif yağdırmışdır. O da bu oğruların arasında ən çox yaxşılıq edən insanın Rövşən Lənkəranski olduğunu demişdir. Nurlan isə bunu qəbul etməyib o şəxsin oğru deyil, hansısa iş adamının killeri olduğunu bildirmiş, Rövşən Lənkəranskini oğru kimi, lotu kimi tanımadığını bildirərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da aralarında mübahisə düşmüşdür. Mübahisənin gedişində Nurlan ona “bu məhlə bizimdir, voopşem bundan sonra buradan keçənə zapret qoyuram” demişdir. Nurlan içkili olduğundan bu kimi söhbətlərə davam etmiş, o özü isə mağazadan çölə çıxmışdır. Sonra Nurlanı çölə çağırmış, çöldə də eyni söhbətləri davam etmişdir. O, Nurlanı mağazadan kənarlaşdırmış və kənarda yenə başa salmaq istəmişdir ki, söyüş söyməsin, amma Nurlan söyüşlərə davam etmişdir. O, əsəbiləşərək üstündə olan, tutulmamışdan təxminən 6-7 ay əvvəl metronun “20 Yanvar” stansiyası tərəfdə yerləşən xatırlamadığı mağazadan aldığı, tiyəsi mebel rəngində olan bıçaqla bir neçə zərbə endirmişdir. O, bıçaqla sayını xatırlamadığı zərbələr endirdikdən sonra Nurlandan aralanmış və oradan yaşadığı ünvana getmişdir. Sonra da bu hadisəni törətməsi barədə özü “102” xidmətinə məlumat vermiş, könüllü olaraq gedib 15-ci Polis Bölməsinə təslim olmuş, hadisəni törətdiyi bıçağı könüllü şəkildə təhvil vermiş, izahat verərək törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Ona cəza təyin edərkən bu halların, ailə vəziyyətinin, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində qonşuluqda yerləşən “Poladxanlı” marketdə pivə içmişdir. Həmin vaxt marketin satıcısı Abbas, qonşuları Famil və Orxan da marketdə olmuşlar. Öz aralarında əsasən tarixdən, 1937-ci ilin repressiyalarından danışmışlar. Bir qədər keçmiş lavaş sexində işləyən Vəfadar marketə daxil olaraq pivə alıb içməyə başlamışdır. Onlar tarixdən, ədəbiyyatdan, repressiya dövrlərindən, Azərbaycanın qəhrəmanlarından, Mübariz İbrahimovdan, şəhid Fəriddən və qəhrəman Ramil Səfərovdan bəhs etməkdə davam etmişlər. Vəfadar da yavaş-yavaş söhbətə müdaxilə etmişdir. Xatırlamadığı şəkildə söhbət lotulara keçmiş, Vəfadar lotu Bəxtiyardan danışaraq onun Azərbaycanda aclıq, qıtlıq olan zaman sərhəddən taxıl keçirtdiyini bildirmişdir. Həmin vaxt Vəfadar Azərbaycanda bir dənə böyük qardaş varsa, onun da lotu Rövşən Lənkəranski olmasını bildirmişdir. Vəfadarın Azərbaycanın saydığı o qədər qəhrəman oğlunu lotu Rövşən Lənkəranski ilə bir səviyyəyə qoyması onu bərk əsəbləşdirmişdir. Rövşəni “böyük qardaş” hesab edən Vəfadara özünün bu şəxsi “böyük qardaş” hesab etmədiyini, bu şəxslə fəxr etmədiyini, Mübariz İbrahimov, Fərid Əhmədov və digər vətən oğulları ilə fəxr etdiyini demişdir. Lakin, o, heç bir halda rəhmətlik Rövşən Lənkəranskinin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməmişdir. Bunları sonradan Vəfadar özünə sərf edən bir şəkildə hansısa məqsədlə uydurmuşdur. Söhbətin davamında Vəfadara başqa yerdə bu cür söhbət etməsinin ona hörmət qazandırmayacağını bildirmiş və mağazadan çıxmışdır. Digər şəxslər də mağazadan çıxmışlar. Həmin vaxt Vəfadarın ağaclıqda dayanıb onu gözlədiyini görmüş və oradan keçib evə gedəndə Vəfadar onu yanına çağırmışdır. Vəfadarın onu bıçaqla vurmaq niyyətində olması heç ağlına belə gəlməmişdir. Hətta mağazaya qayıdıb öz puluna su da alıb gətirərək Vəfadara vermiş, onu qaranlığa çəkən Vəfadardan dəfələrlə sağollaşıb çıxıb getmələrini, ayrılmalarını xahiş etmişdir. Vəfadara gecənin xeyrindənsə gündüzün şərinin yaxşı olmasını deyib aralanmaq istəmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır Vəfadardan yenə çıxıb getməsini, sabah görüşüb danışmalarını xahiş etmişdir. Artıq sakitləşmiş görünən Vəfadar bu təkliflə razılaşmış, amma Rövşən Lənkəranskinin lotu olduğunu təkidlə ona demiş və əllə görüşüb ayrılmışlar. O, arxasını çevirib evə getmək istəyən zaman Vəfadar arxadan əli ilə onun çiynindən tutmuş və arxadan əlində olan bıçaq ilə sol tərəfindən və qolundan ardıcıl olmaqla bir neçə dəfə bıçaqla ona xəsarətlər yetirmişdir. O, Vəfadarın əlindən çıxaraq “Poladxanlı” marketinə qaçmışdır. Vəfadar onun arxasınca bir neçə addım atmış, sonra fikrini dəyişib çıxıb getmişdir. “Poladxanlı” marketinə çatdıqda Abbas orada olmuş və ona qardaşı Arizə zəng edib kömək çağrılmasında yardım etmişdir. Bir neçə dəqiqədən sonra qardaşı Ariz gələrək avtomobili ilə onu Sabunçu xəstəxanasına aparmışdır. Hazırda səhhəti tam düzəlməyib, bu səbəbdən heç yerdə işləyə bilmir. Hər şeyə rəğmən anasına, ailəsinə görə təqsirləndirilən şəxsi bağışlamış və barışmışdır. Hal-hazırda Vəfadara qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs isə onun doğma qardaşıdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində yaşadığı ünvanda yatan zaman qardaşı Nurlan onun istifadəsində olan mobil nömrəsinə zəng edərək bıçaqlandığını, təcili avtomobilin açarını götürüb onu xəstəxanaya çatdırmağını xahiş etmişdir. Bu ani baş verdiyi üçün o, şok vəziyyətində olmuş, piyada qaçaraq qardaşının yaşadığı ünvana gəlmişdir. Nurlanın “Poladxanlı” mağazasının yaxınlığında, yaşadığı evin qarşısındakı səkidə oturduğunu görərək nə baş verdiyini soruşmuşdur. O, Nurlanın qolundan qan axdığını, onun köynəyini qaldırdıqda isə bir neçə yerdən bıçaq zərbəsi aldığını və dərinin geniş aralandığını görmüşdür. Dərhal Nurlanı xəstəxanaya çatdırmaq üçün ona məxsus olan “Nissan Sunny” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişdir. Onu kimin bıçaqladığını soruşmuş, amma çoxlu qan itirdiyindən halsız vəziyyətə düşən Nurlan cavab verə bilməmişdir. X2 xəstəxanasına çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə saat təxminən 02 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində satıcı kimi işlədiyi “Poladxanlı” marketdə qonşusu Nurlan və yaxınlıqdakı lavaş firmasında işləyən Vəfadarla pivə içərək söhbət etmişlər. Əvvəl onların söhbəti ona da maraqlı gəlmişdir. Çünki, onlar tarixdən, qəhrəmanlarımızdan, xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovdan və onun şücaətindən danışmışlar. Sonradan isə söhbət oğrulardan və lotulardan düşmüş, Vəfadar lotu Rövşən Lənkəranski barədə söhbət açmış və Nurlanla mübahisəyə girişmişdir. Mübahisənin böyüyə biləcəyini görüb mağazanı bağladığını bildirərək onları çölə çıxartmışdır. Vəfadar lotu Rövşən Lənkəranskinin əsl lotu və fəxr edilməli insan olduğunu iddia etmiş, Nurlan isə Rövşən Lənkəranskinin yaxşı insan ola biləcəyinə şübhə etmədiyini bildirmiş, ancaq Vəfadara “fəxr etmək istəyirsənsə Mübariz İbrahimov kimi qəhrəmanımızla fəxr edə bilərsən” deyə cavab vermişdir. X3 mağazadan aralanmışlar. İçkili olduqları üçün hər ehtimala qarşı onları sakitləşdirmək məqsədilə yaxınlaşmaq istədikdə isə həm Nurlan, həm də Vəfadar onu uzaqlaşdırmışdır. Ona görə də daha onları görməmişdir. Təxminən 20 dəqiqə sonra Nurlan mağazaya gələrək Vəfadarın onu bıçaqlayıb qaçdığını bildirmişdir. Nurlan dərhal qardaşı Arizə bıçaqlanması barədə məlumat verərək onu xəstəxanaya aparmasını xahiş etmişdir. Ariz təcili gələrək Nurlanı Sabunçu xəstəxanasına aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin baş verdiyi yer ətraflı təsvir edilmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 5-10). Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin məsul növbətçisinin xx xxxx 2020-ci il tarixli raportundan görünür ki, qeyd olunan tarixdə saat 06:23 dəqiqədə “102” xidmətindən məlumat verilərək Təqsirləndirilən şəxs həmin gün saat 02:00 radələrində Nurlan adlı şəxsi ayaq və sinə nahiyələrindən bıçaqla xəsarət yetirməsi barədə məlumat verdiyi göstərilmişdir (cild 1, iş vərəqə 8). xx xxxx 2020-ci il tarixli “təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti olan bıçağı könüllü olaraq təhqiqat orqanına təqdim etmişdir (cild 1, iş vərəqə 11). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri əyani olaraq ətraflı göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 52-54). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 145- 149). Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1349 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edərək qaraciyərin, mədənin, diafraqmanın yaralanmasına və sol tərəfli hemotorokasa (döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan bir ədəd deşilmişkəsilmiş yarası, sol bazunun dəlib keçən deşilmiş-kəsilmiş yarası, sol bazu və sol said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına nüfuz edərək qaraciyərin, mədənin, diafraqmanın yaralanmasına və sol tərəfli hemotoraksa (döş boşluğuna sərbəst qanın yığılması) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, sol bazunun dəlib keçən deşilmiş-kəsilmiş yarası, sol bazu və sol said nahiyələrinin deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 124-126). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020ci il tarixli 1431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayəti törədən zaman əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. O, cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən edilmədi. Hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı, tez özündən çıxmaq, qıcığa qarşı tez reaksiya vermək, mübahisə və münaqişələrə meyillik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman psixi-emosional vəziyyətində hirslilik yaranmışdır (cild 1, iş vərəqə 120-123). Məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 343/2020– MTKŞ saylı rəyindən görünür ki, təqdim edilmiş maykanın ön səthinin sol yarısının yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənməyə uyğun gəlir. Maykanın üzərində olan zədənin yetirildiyi alət ən azı 60 mm dərinlikdə maykaya batırılmaya uyğun gəlir. Təqdim olunmuş maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı xüsusi bıçaqdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində işlənmə izləri qeyd olunur, üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmiş, təyinatı dəyişdirilməmişdir (cild 1, iş vərəqə 115-119). Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 536/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus alt mayka üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “A” antigeni, alt maykada həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 110-114). Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin, iddiasının, tələbinin olmadığını və olmayacağını bildirmişdir (cild 1, iş vərəqə 150). Ailə tərkibi haqqında arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2012, 2013 və 2016-cı il təvəllüdlü üç azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 127-130). Yaşayış və iş yerləri üzrə verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 131-132). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 88). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, eyni Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış və iş yerləri üzrə müsbət xasiyyətlənməsini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 18, 75-77). Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş bir ədəd bıçaq və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd mayka məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş bir ədəd bıçaq və bir ədəd mayka məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar