Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1166/2023 05.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 may 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti tətbiq edilməklə onun üzərində 01 il 06 ay sınaq müddəti müəyyən olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 47-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o satış məqsədi olmadan qanunsuz olaraq naməlum mənbədən külli miqdarda ümumi təmiz çəkisi 6,067 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 18 noyabr 2022-ci il tarixdə saat 15:00da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,859 qram və 5,208 qram olmaqla, ümumi təmiz çəkisi 6,067 qram kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrin heroin növündən çəkmək yolu ilə mütəmadi olmasa da aradabir istifadə etmişdir. Lakin artıq 5-6 aydır ki, o, narkotik vasitələrdən istifadə etmir. 18 noyabr 2022-ci il tarixdə təqribən saat 17:15-də anası üçün aptektdən insulin dərmanı almağa getmişdir. Hər aptekdə bu dərman olmadığından dərmanın satıldığı 1-2 aptekə baxmağa çıxmışdır. O, qayıdarkən məhəllədə oğurluq hadisəsi baş vermişdir. O, məhlədən keçəndə Ülvi adlı polis əməkdaşı və digər 2 nəfər polis əməkdaşı onu yanlarına çağırmışlar. Onun əlində dərman, çörək və çanta olmuşdur. Yəni üzərində qətiyyən narkotik vasitə olmamışdır. Ona yaxınlaşan kimi polis əməkdaşları heç bir söz demədən qoluna qandal vurub polis maşınına əyləşdirmişlər. O, hara getdiklərini soruşduqda polis əməkdaşları onun oğurluq hadisəsində şübhəli bilindiyini və Polis Bölməsində bu hadisənin aydınlaşdırılacağını demişlər. O anası şəkər xəstəsi olduğu üçün anasına saat 18:00-da iynə vurulmalı olduğunu, əks halda vəziyyətinin pisləşəcəyini, həmçinin evinə də xəbər vermək istədəyindən onu ilk öncə evə aparmalarını, sonra Polis Bölməsinə getmələrini xahiş etmişdir. Lakin, polis əməkdaşları buna icazə verməmiş və Polis Bölməsinə aparmışlar. Bir gün axşamdan səhərə qədər orada saxlanıldıqdan sonra səhəri gün qan analizi üçün Maştağa qəsəbəsində yerləşən klinikaya göndərilmişdir. O, qan analizindən qayıdarkən artıq ailəsi Polis Bölməsində imiş. O, tutulmağından 15-20 gün əvvəl narkotik vasitə çəkdiyindən qan analiz nəticələrində də bu aşkar olunmuşdur. Təhqiqatçı vəzifəsində olan polis əməkdaşı Şahin Mikayılov qarşısına iki büküm narkotik vasitə qoyub üzərinə götürməsini istəmişdir. Şahin Mikayılov onu aldadaraq bildirmişdir ki, əgər bükümləri üzərinə götürsə onu tutmayacaqlar və o, AR CM-nin 234.1-ci maddəsi ilə sadəcə istifadəçi olmaqda təqsirli bilinəcəkdir. Video-çəkiliş zamanı o, deyilənlərə əməl etmiş və həmin bükümləri öz üzərinə götürmüşdür. Video-çəkiliş zamanı o, demişdir ki, onda aşkar olunmuş büküm heroindir və onun Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Lakin faktiki həmin tarixdə onda narkotik vasitə olmamışdır. O, olanları danışdıqda müstəntiq Habil müəllim bildirmişdir ki, bütün bunları məhkəmədə danışsın. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitə istifadə etdiyi üçün özünü təqsirli bilir, lakin narkotik vasitə satışı ilə məşğul olmamışdır. O, evindən 150 metr kənarda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Tutulan zaman onun üzərində narkotik vasitə olmamışdır. Onun evinin qarşısında 4 kamera var. Həmin kameralardan onun tutulma görüntülərinə baxmaq mümkündür. Elan olumuş cinayət işinin 35-36-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu təsdiq etmir, o protokolu oxumadan imza etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmu, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 37-38-ci vərəqəsində olan izahatında, 55-56, 66-58,143-145-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... o bir müddətdir ki, narkotik maddə olan heroindən istifadə edir. Həmin narkotik vasitəni isə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 17 noyabr 2022ci il tarixdə Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün 02 ədəd bükümdə narkotik vasitə heroin almış və sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. 18 noyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onların polis əməkdaşları olduqlarını bilmişdir. Polis əməkdaşları onun şəxsiyyəti barədə maraqlanmışlar və o də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olması səbəbindən həyəcanlanmışdır. Polis əməkdaşları bunu görüb səbəbini soruşduqda isə həyəcanlanmağının səbəbini üzərində narkotik vasitə olması ilə izah etmişdir. Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 30-cu PŞ-nə gətirərək təhvil vermişlər. Suraxanı RPİ-nin 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi dəvət edilmiş və sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmşdir. O da əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı 02 ədəd içərisində narkotik vasitə kokos olan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin 02 (iki) ədəd bükümü açmışlar və heroin kimi tandığı narkotik maddəni aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik maddədir və onu Əhmədli qəsəbəsində üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən cəmi 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə etmiş və üzərində saxlamışdır. ...O saxlanıldığı zaman və Suraxanı RPİ-nin 30-cu PŞ-də olarkən ona qarşı hər hansı bir formada təzyiq və ya təsir olmamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, izahatı və protokolları təsdiq etmir, imzalar onun imzasıdır, oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-də kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 noyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-PŞ-nə etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 dərhal bu barədə şöbə rəhbərliyinə raportla məruzə etmiş və əmr əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 18 noyabr 2022-ci ildə saat 15:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 4 ünvanının yaxınlığında olduğunu müəyyən etdikdən sonra orada ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin ərazidə konkret küçə yoxdur, nömrəsiz evlər var. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmasını bildirmişlər və onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər. Videoçəkiliş vasitəsilə və təhqiqatçının iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən 02 ədəd ağ sellofanda olan bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi 02 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanmazdan bir gün əvvəl tanımadığı şəxsdən ümumilikdə 20 manat pul ödəyərək öz şəxsi istifadəsi üçün aldığını, həmin heroini sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm bir ədəd zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olmuş və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışıdr. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evi sonradan müəyyən etmişlər. Evə baxış keçirilməsi onun vəzifə səlahiyyətinə daxil deyil, təhqiqat orqanının işidir. Əməliyyat qrupuna o və Şahid1 daxil imiş. Ülvi və Kamran əməliyyatçıdırlar. Onlar da Bağlar yaşayış massivi yaxınlığında əməliyyatda olsalar da həmin gün onların əməliyyat qrupuna daxil deyilmişlər. Əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Səhv etmirsə, cibində pul da var imiş, amma dəqiq xatırlamır. Təqsirləndirilən şəxs cibində telefon olmasını xatırlamır. Təqsirləndirilən şəxs günorta saatlarında tərəflərindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 18 noyabr 2022-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Məmmədovun 18 noyabr 2022-ci il tarixli Ə-130-097-22 №-li Əmrindən görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 18 noyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 34-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd ağ sellofanda olan bağlı bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə var. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitələri bir gün bundan öncə tanımadığı şəxsdən ümumilikdə 20 (iyirmi) manat pul ödəyərək öz şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitəni sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 (iki) ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmçinin, şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 44-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2022-ci il tarixli, 6/6652 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №-194" dairəvi möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut..." sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,859 qram, 5,208 qram ümumi təmiz çəkisi 6,067 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, əvvəlcə ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd ağ sellofanda olan bükümü çıxarıb təqdim etmiş, ondan təqdim etdiyi 02 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini saxlanmazdan bir gün əvvəl tanımadığı şəxsdən ümumilikdə 20 manat pul ödəyərək öz şəxsi istifadəsi üçün aldığını, həmin heroini sonra istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, sonra həmin bükümün qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Cinayət işinin 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 30-cu PŞ-dən daxil olmuş 30 dekabr 2022-ci il tarixli, 097-15321-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Habil Hüseynovun 11 mart 2023-cü il tarixli cinayət işi materiallarının ayrıca icraata material ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs cəmi 6,067 qram narkotik vasitə heroini əldə etdiyi naməlum şəxsin şəxsiyyətini müəyyən etmək üçün cinayət işindən ayrıca material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, onda tutulan zaman narkotik vasitə olmamış, ona şöbədə bildirmişlər ki, bükümləri üzərinə götürərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sadəcə istifadəçi olmaqda təqsirli bilinəcək və azadlıqda olacaq, ona görə istintaq zamanı o, sənədlərə oxumadan imza edib narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun məhkəmədəki ifadəsinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 fevral 2023-cü il tarixli tələbnamədən və cinayət işinin 105-110-cu vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 1(010)-29/2019 saylı hökmünün kserosurətindən görünür ki, Bağırov X1 Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti tətbiq edilməklə onun üzərində 01 il 06 ay sınaq müddəti müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş 05 may 2023-cü il tarixli, 21-1/3-10614-5 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay sınaq müddəti başa çatmış və 06 oktyabr 2020-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 10 mart 2023-cü il tarixli 1402 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 117-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 10 mart 2023-cü il tarixli 676 saylı kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir ruhi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Belə ki, cinayət işinin 30-cu vərəqəsində olan 18 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 85-88-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2022-ci il tarixli 4(010)-659/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 90-92-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 4(010)-679/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri 18 mart 2022-ci il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət 163-164-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon prokurorounun müavini, ədliyyə müşaviri Elgiz Qənizadənin 18 mart 2023-cü il tarixli itiham aktı ilə daxil olmuş cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, həbs qətimkan tədbiri 18 mart 2022-ci il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına lüzum olmadığından barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 18 mart 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,967 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdən 18 mart 2023-cü il tarixədək həbsdə olduğu 04 (dörd) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı, yəni, 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,967 qram narkotik vasitə heroin məhv edilsin. 01 ədəd diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş ) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1166/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1166/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver