Məhkəmə qərarları › İş №1(101)-1167/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1167/2021

02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1167/2021 02.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Behnam” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən qaz borusunun alt hissəsinə yerləşdirdiyi polietilen torbada bir ədəd sellofana bükülü vəziyyətdə, külli miqdarda, təmiz çəkisi 1029,908 qram (1 kq 29,908 qram) olan, kustar üsulla hazırlanmış qəhvəyi rəngli toz şəkilli narkotik vasitə hesab edilən heroini və bir ədəd sellofana bükülü vəziyyətdə külli miqdarda, təmiz çəkisi 379,907 qram olan, ağ rəngli kustar üsulla hazırlanmış rəngli kristallardan ibarət psixotrop maddə hesab edilən metamfetamini 07 mart 2021 -ci iltarixdə saat 21 radələrində həmin yerdən götürüb sonradan «Behnam» adlı şəxsin tapşırığına əsasən əvəzində 3000 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxsə çatdırmaq üçün daşımaqla etibarnamə əsasında idarə etdiyi 99- AJ-733 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilin salonunda yerləşən saxlanc yerində saxlamış, 09 mart 2021 -ci il tarixdə səhər saatlarında «Behnam» adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 9,908 qram hissəsini və həmin psixotrop maddə hesab edilən metamfetaminin 4,907 qram hissəsini ayırıb «Rotmans» sözü yazılmış siqaret qutusunda olmaqla qara rəngli pencəyin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 21:30-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli pencəyin sağ yan cibindən «Rotmans» sözü yazılmış siqaret qutusunda külli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 9,908 qram təşkil edən kustar üsulla hazırlanmış,qəhvəyi rəngli tozşəkilli, narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,907 qram təşkil edən kustar üsulla hazırlanmış, ağ rəngli kristallardan ibarət psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 10 mart 2021-ci il tarixdə saat 01:20-də ünvan 2 ünvanının yaxınlığında saxladığı etibarnamə əsasında idarə etdiyi 99- AJ-733 dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtomobilə keçirilmiş baxış zamanı həmin avtomobilin salonunda yerləşən saxlanc yerindən satış məqsədilə, qanunsuz olaraq əldə edib daşımaqla saxladığı polietilen torbada iki ədəd sellofana bükülü vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 300 qram və 720 qram olmaqla, cəmi təmiz çəkisi 1020 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, iki ədəd sellofana bükülü vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri 250 qram və 125 qram olmaqla, cəmi təmiz çəkisi 375 qram olan ağ rəngli kustar üsulla hazırlanmış rəngli kristallardan ibarət psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin və “Max.SOOg D=0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 09 mart 2021 -ci il tarixdə, saat 21:30 radələrində yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada gedən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, xidməti vəsiqələrini göstərərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Polis əməkldaşlarının təklifi ilə onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmiş və orada xidməti otaqların birində, hüquq və vəzifələri izah edilməklə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsini təklif etdikdən sonra əynində olan qara rəngli pencəyinin sağ yan cibindən, üzərində “Rothmans” sözü yazılmış siqaret qutusunu, pencəyin sol yan cibindən etibarnamə ilə idarə etdiyi avtomobilin açarını, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonunu, 6 manat 90 qəpik pulunu, şalvarının sol yan cibindən sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, 1 ədəd Bakı karta məxsus plastik kartını, 1 ədəd üzərində 4169- 7332-2516-7472 rəqəmləri əks olunmuş “Kapital Bank”a məxsus plastik kartını, 1 ədəd üzərində 4182-4957-8751-1504 rəqəmləri əks olunmuş “Paşa Bank”a məxsus plastik kartını, avtomobili idarə etmək üçün etibarnaməni təqdim etmiş və üzərində heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də heç nə aşkar edilməmişdir. Təqdim etdiyi siqaret qutusuna keçirilən baxış zamanı içərisində 1 ədəd sellofan bükümdə heroin və 1 sellofan bükümdə metamfetamin aşkar edilmişdir. Şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, digər sellofan bükümdə olan ağ rəngli kristall şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri təxminən 1 ay bundan əvvəl sosial şəbəkədə tanış olduğu, adını “Behnam” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə 07 mart 2021-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisindən götürmüş, həmin maddəni götürməkdə məqsədi ona deyiləcək yerlərə qoymaqla pul əldə etməsi, əldə edilmiş razılaşmaya əsasən “Behnam” adlı şəxsin ona bu fəaliyyətinə görə 3.000 manat pul verəcəyinə söz verdiyi olmuşdur. Sonuncu dəfə Behnamın dediyi yerdən götürdüyü narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsini üstündə, bir hissəsini etibarnamə əsasında idarə etdiyi avtomobildə saxlamaqla, gəzdirmişdir. Məqsədi isə Behnamın ona nə vaxtsa dediyi yerə həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qoymaq olmuşdur. Lakin polis əmkdaşları onu saxlamış, və o, etibarnamə əsasında idarə etdiyi “Mitsubishi” markalı avtomobilindəki narkotik vasitəni və psixotrop maddə metamfetamini ona deyilən yerə qoymaq üçün gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə avtomobili saxladığı yerə gəlmiş və avtomobilin qabaq sol qapısını açaraq sürücünün qolunu qoyması üçün nəzərdə tutulmuş yerdə saxladığı 1 ədəd qara rəngli sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim edərək, içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim etdiyi sellofan torba polis əməkdaşları tərəfindən avtomobilin ön hissəsinə qoyulmuş və açıldıqda içərisində 3 ədəd sellofan torba və 1 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Həmin sellofan torbalardan birinin içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetamin, digər iki sellofan torbanın içərisində isə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroin olması aşkar edilmişdir. İçərisində ağ rəngli kristall şəkilli kütlə sellofan torbanın içərisində əlavə 1 ədəd içərisində ağ rəngli kirstall şəkilli maddə olan sellofan torba olması aşkar olunmuşdur. Aşkar olunanlar çəkilərək qablaşdırılmışdır. Əməllərindən peşmandır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 mart 2021-ci il tarixdə xidmətdə olduğu vaxt, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi və Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupun yaradılması və ətrafında əməliyyat tədbirlərin keçirilməsinə icazə verilməsi üçün raport ilə həmin tarixdə rəhbərliyə müraciət etmişdir. Raportu əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin 09 mart 2021-ci il tarixli əmri ilə, onun rəhbərliyi altında əməliyyat müvəkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi barədə qəbul edilmiş 09 mart 2021-ci il tarixli qərara əsasən keçirdikləri əməlliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 21: 30-da ünvan 5 ünvanın yaxınlığında piyadə hərəkət etdiyini aşkar edərək onu saxlamış və özlərini təqdim edərək, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirmiş və təhqiqatçı polis kapitanı X3 tərəfindən onun üstünə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğuna görə üzərinə vidieo çəkilişlə baxış keçiriləcəyi elan edildikdə, Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onları verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əynindəki qara rəngli pencəyinin sağ yan cibindən, üzərində “Rothmans” sözü yazılmış siqaret qutusunu, pencəyinin sol yan cibindən 1 ədəd avtomobil açarı, əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, 6 manat 90 qəpik pulunu, şalvarının sol yan cibindən 1 ədəd sürücülük vəsiqəsini, 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd Bakı karta məxsus plastik kartını, 1 ədəd üzərində 4169-7332-2516-7472 rəqəmləri yazılmış “Kapital Bank”a məxsus plastik kartını, 1 ədəd üzərində 4182-4957-8751-1504 rəqəmləri yazılmış “Paşa Bank”a məxsus plastik kartını və avtomobili idarə etmək üçün etibarnaməsini təqdim etmiş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir əşya aşkar olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 6 manat 90 qəpik pulu, avtomobilin açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qayarılmışdır. Lakin Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefonu, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, 2 ədəd plastik kartları və avtomobili idarə etmək üçün olan etibarnaməsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etmiş olduğu “Rothmans” sözü yazılmış siqaret qutusuna keçirilən baxş zamanı orada 2 ədəd sellofan büküm olduğu aşkar olunmuşdur. Həmin sellofan bükümlərə baxış zamanı birinin işərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə oxşar kütlə, digər sellofan bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar etdikləri həmin kütlələrin çəkisini müəyyən etmək üçün onlar elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, narkotik vasitə heroinə bənzər maddənin olduğu sellofan bükümün çəkisinin 11,1 qram olması, psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu sellofan bükümün çəkisinin 5,5qram olduğu müəyyən edilmişdir. Həmin sellofan bükümlərdə olan maddələr siqaret qutusuna, siqaret qutusu isə 1 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri “DİN-nin zərflər üçün 7 saylı” möhürü ilə möhürlənərək, onlar tərəfindən imzalanmışdır. Bununla əlaqədar Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi sellofan bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, onları 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu, adını “Behnam” kimi bildiyi İran İslam Respublikasının vətəndaşı vasitəsilə 07 mart 2021-ci il tarixdə axşam saatlarında Binəqədi rayonu ərazisindən götürdüyünü, həmin maddəni götürməkdə məqsədi onları ona deyiləcək yerlərə qoymaqla pul əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs daha sonra “Behnam” adlı şəxsin vasitəsilə əldə etdiyi maddələri saxladığı avtomobilinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq 10 mart 2021-ci il tarixdə saat 01:20-də Təqsirləndirilən şəxs ünvan 6 ünvanın yaxınlığında saxladığı, etibarnamə ilə idarə etdiyi **-AJ-*** dövlət qeydiyyat nişanlı “Misubishi” markalı avtomobilə özünün razılığı ilə baxış keçirilmiş və ona avtomobildə saxladığı narkotik maddəni verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin qapılarının kilidini açdıqdan sonra, qabaq sol qapını açaraq, qabaq oturacaqlar arasında sürücünün qolunu qoyması üçün nəzərdə tutulmuş yerdən 1 ədəd qara rənglu sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir.Həmin sellofan torba avtomobilin qabaq hissinə qoyularaq açılmış və içərisində 3 ədəd sellofan torba və 1 ədəd elektron tərəzi olması aşkar olunmuşdur. Sellofan torbalardan birinin içərində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə olması, digər 2 sellofan torbalarda qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmiş və onlar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. İçərisindəki ağ rəngli kristal şəkilli maddə olan sellofan bükümün ümimi təxmini çəkisinin 378 qram, içərisində qəhvəyi rəngli kəskin iyli maddə olan birinci sellofan torbanın təxmini çəkisinin 309 qram, işərisində qəhvəyi rəngli kəskin iyli maddə olan ikinci sellofan torbanın təxmini çəkisinin isə 730 qram olması müəyyən edilmişdir. Həmin 3 ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi aşkar edildikləri qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı avtomobilindən aşkar olunmuş maddələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, onları 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Behnam” adlı şəxsin vasitəsilə Binəqədi rayonu ərazisindən götürdüyünü, həmin maddələri götürməkdə məqsədi onları ona deyiləcək yerlərə qoymaqla pul əldə etmək olduğunu bildirmişdir. Bundan sonra avtomobilin digər yerlərinə baxış keçirilməsinə baxmayaraq iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya aşkar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat-müvəkkili vəzifəsində işləyən Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2021-ci il tarixli 6\974 nömrəli rəyinəndən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd .. büküm” yazısı olan paketdəki üzərində “Rothmans” yazısı olan siqaret qutuda 2(iki) ədəd bükümdə təmiz çəkisi 9,908 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 4,907qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi avtomobildən aşkar olunmuş...." yazısı olan qara rəngli polietilen bağlamadakı, -2(iki) ədəd polietilin torbada ayrı-ayrılıqda təmiz çəkisi 300qr və 720qr ümumi təmiz çəkisi 1020 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -2(iki) ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 250qr və 125qr ümumi təmiz çəkisi 375 qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -bir ədəd “Max.500g D=0,01g” markalı gümüşi rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1029,908 qramdır (1 kq 29,908qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər; Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 379,907qramdır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tərəzinin üzərində heroinin iz şəklində olduğu üçün heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28 iyun 2005-ci və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ sayahəsına daxildirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 12.04.2021-cu il tarixli 1039 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui- istifadə ediiməsi nəticəsində ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 21 aprel 2021-ci il tarixli 1192 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC tərəfindən göndərilmiş içərisində smslərə dair məlumatlar olan bir ədəd diskə baxış keçirilməsi haqqında 22.04.2021- ci il tarixli protokoldan görünür ki, təqdim olunan diskdə 4 ədəd fayl vardır. Həmin faylın birincisi ********* sms txt, ikincisi **********78, üçüncü abunəçilər.xls, dördüncü antena.xls qeydlərlə nömrələnmişdir. Birinci ********* sms txt nömrəli faylın içərisinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən ***-***-**-** saylı nömrəyə 07.03.2021-ci il tarixdə, saat 19:11:50 də göndərilmiş sms-də “kimdə ki bir az var idi oda iki 3 gündə əridib, indi hamı diməy olar ki, gözləyir” qeyd edilmişdir. Həmin tarixdə saat 19:26:28-ə ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə göndərilmiş sms-də isə “yoxa çarə yoxdu sən neynirsən bəlkə Mahiri gətirib gələsən bizə” qeyd edilmişdir. Qeyd edilmiş nömrələrdən göndərilmiş sms-lərin anten əhatə dairələrinin Bakı şəhəri, Bəşir Səfəroğlu str.141 ünvan göstərilmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrədən tutulmazdan bir neçə saat əvvəl yəni, 09.03.2021-ci il tarixdə, saat 13:29:41-də **********04 nömrəyə “Ok” sms göndərdiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan 2 ədəd DVD diskdən birinə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 09 mart 2021-ci il tarixdə, saat 23:20-də qeydə alınmışdır. Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılır və orada Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X1, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid1, Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili X5 iştirakı ilə üzərində qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «baxış və götürmə aparılması haqqında» 09 mart 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli pencəyinin sağ yan cibindən, üzərində “Rothmans” sözü yazilmiş siqaret qutusunda bir ədəd bükümdə təmiz çəkisi 9,908 qram narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,907qram psixotrop maddə metamfetamin aşkar edilib götürülür. Bundan başqa, məhkəmə baxışı zamanı iş materiallarında olan digər DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 10 mart 2021-ci il tarixdə, saat 01:20-də qeydə alınmışdır. X7 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı X2, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid1, Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili X5, iş üsrə təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi, ev 47 ünvanın yaxınlığında saxladığı, etibarnamə əsasında idarə etdiyi **-AJ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobildə narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «baxış və götürmə aparılması haqqında» 09 mart 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış aparılır, baxış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomobilin qapılarının kilidini açdıqdan sonra, qabaq sol qapını açaraq, qabaq oturacaqlar arasında sürücünün qolunu qoymaq üçün nəzərdə tutulmuş yerdən 1 ədəd qara rəngli sellofan torba götürüb təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirir. Həmin sellofan torba avtomobilin ön hissəsinə qoyularaq açıldıqda, içərisində 3 ədəd sellofan torba və 1 ədəd elektron tərəzinin olması aşkar edilir. Sellofan torbalardan birinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə, digər iki sellofan torbanın içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilir. İçərisində ağ rəngli kristal şəkilli sellofan torbanın işərisində əlavə 1 ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan sellofan torbanın olması müəyyən edilir. Elektron tərəzidə içərisində ağ rəngli kristall şəkilli maddə olan sellofan bükümün ümumi çəkisinin 378 qram, içərisində qəhvəyi rəngli kəskin iyli maddə olan birinci sellofan torbanın təxminin çəkisinin 309 qram, içərisində qəhvəyi rəngli kəskin iyli maddə olan ikinci sellofan torbanın təxmini çəkisinin 730 qram olması müəyyən edilir. Həmin üç ədəd sellofan bağlama və 1 ədəd elektron tərəzi aşkar edildikləri qara rəngli sellofan torbaya qoyularaq, qablaşdırılır. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş maddələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, onları 1 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Behnam” adlı şəxsin vasitəsilə Binəqədi rayonu ərazisindən götürdüyünü, həmin maddələri götürməkdə məqsədinin ona deyiləcək yerlərə aparıb qoymaqla pul əldə etmək olduğunu bildirir. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunur, iştirakılara protokola daxil edilməli olan qeydlər hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmur, tərtib edilmiş protokolun düzlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.03.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, ilk dəfə cinayət törətməsini, ailəli olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1029,658 qram narkotik vasitə olan heroin, 379,657 qram psixotrop maddə olan metamfetamin və bir ədəd “Max.500g D =0,01 g” markalı gümüşü rəngli elektron tərəzi məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 167,65 ( yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 mart 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 1029,658 qram narkotik vasitə olan heroin, 379,657 qram psixotrop maddə olan metamfetamin və bir ədəd “Max.500g D =0,01 g” markalı gümüşü rəngli elektron tərəzi məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza xərci ilə əlaqədar Təqsirləndirilən şəxs 167,65 ( yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar