Məhkəmə qərarları › İş №1(101)-1167/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1167/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1167/2024 25.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, həmin idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 218.2-ci maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 08 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - ümumi təmiz çəkisi 3,305 qram olan ağ rəngli kiristal formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Nizami rayon Polis idarəsi 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 sentyabr 2023cü il tarixdə saat 03:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 93 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ və boz rəngli şalvarın qabaq sağ yan cibindən 4 ədəd bükümdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,063 qram, 0,785 qram, 0,765 qram, 0,692 qram olmaqla, ümumi təmiz çəkisi 3,305 qram təşkil edən külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində metamfetaminin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü, o, anasıgildə olmuş, sentyabr ayının 7-dən 8-nə keçən gecə küçədən səs-küy gəldiyini eşitmiş, pəncərədən baxdığı zaman kiminsə maşına mindirilib aparıldığını görmüşdür. Baş verənlər onda maraq yaratdığı üçün həmin görüntüləri mobil telefonla çəkməyə başlamış, bu zaman kiminsə aşağıdan yuxarı ona baxdığını görmüş, bundan sonra pəncərəni bağlayaraq içəri keçmişdir. Təxminən yarım saat sonra qapı döyülmüş, qapını açdıqda özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər bayaq pəncərədən telefonla kimin çəkiliş etdiyini soruşmuş və ondan telefonunu alıb baxmışlar. O, həmin görüntünü silsə də, polis əməkdaşları çəkilmiş görüntünün telefonun yaddaşındakı silinmiş faylların içərisində olduğunu görmüş və onu özləri ilə birlikdə polis şöbəsinə aparmışlar. O, əvvəlcə əməliyyatçıların otağına gətirilmiş, orada onun qarşısına 3-4 büküm narkotik qoymuşlar. Həmin narkotikləri boynuna götürmədikdə, ona narkotik vasitələri götürməsini, əks halda üzərinə vətən xaini maddəsinin qoyulacağını və evindən külli miqdarda narkotik çıxarılacağını bildirmişlər. Ona qarşı təsir və təzyiq olmuş, lakin döyülməmişdir. Qarşısına narkotik və işlək vəziyyətdə olmayan tərəzi qoyulmuş, daha sonra vəkil gətirilmişdir. O da, məcbur qalıb polis işçilərinin dediklərini təsdiq etmişdir. Üzərinə qoyulan narkotik maddənin çəkisinin 1,5 qram olduğu deyilsə də, sonradan həmin maddələrin çəkisinin 3 qramdan artıq olması müəyyən edilmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, təcridxanaya daxil olarkən xəsarət alması ilə bağlı heç nə deməmişdir. Müstəntiqə ifadə verərkən yazılanların düzgün olmadığını desə də, müstəntiq ona çəkiliş zamanı dediklərini eyni ilə ifadəsində də bildirməsini söyləmişdir. Qapını polis əməkdaşlarına o, özü açmış, həmin vaxt anası və qardaşı da evdə olmuşdur. O, blokda polislə söhbət edərkən anası və qardaşı orada deyilənləri eşitmişlər. Daha sonra o, qardaşı və polislərlə birlikdə binadan aşağı düşmüş, polislər aşağıdan onların pəncərəsini göstərdikdə, həmin pəncərənin onların evi olduğunu bildirmişdir. Bir gün bölmədə qaldıqdan sonra onu idarəyə aparmışlar. Videoçəkiliş bir gün sonra, sentiyabrın 8-i axşam keçirilmişdir. Həmin vaxt o, əsadan istifadə edərək gəzmişdir. Ona əvvəllər də məhkum olunduğu üçün həbs olunacağını, bununla bağlı yuxarıdan tapşırıq gəldiyini bildirmişlər. Əvvəl törətdiyi əmələ görə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-ın 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Hazırda heç bir yerdə işləmir. 08 sentyabr 2023-cü il tarixdə saat 03:35-də ünvan 5 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar onun adını soruşduqdan sonra saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Həmin zaman onun üzərində narkotik vasitə olubolmadığı soruşulmuşdur. Bundan sonra o, əynindəki ağ və boz rəngli şalvarın qabaq sağ yan cibindən 4 ədəd şəffaf bükümdə “patı” kimi tanıdğı psixotrop maddələri və 1 ədəd elektron tərəzini təqdim edərək psixotrop maddə «patı» olduğunu qeyd etmişdir. Həmin psixotrop maddəni 07 sentyabr 2023-cü il tarixdə «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında zibillikdən tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə qəbul etmir. Narkotik vasitəni gələcəkdə polis orqanlarına verəcəkmiş. Saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və təzyiq olmamışdır. O, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında zibilikdən tapmışdır. Onun üzərindən aşkar edilmiş psixotrop maddəni və elektron tərəzini zibillikdən taparaq üzərində saxlamış və gəzdirmişdir. O, həmin maddənin el arasında “patı” kimi tanınan psixotrop maddə olmasını və həmin maddənin dövriyyəsinin qadağan olduğunu, cinayət hesab edildiyini bilmişdir. Onun evində və ya başqa bir yerdə narkotik vasitə və psixotrop maddə yoxdur. O, əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Saxlanılarkən və Nizami RPİ-yə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilməmiş, onun üzərinə Nizami RPİ-nin 24-cü PŞ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. (cild 1, iş vərəqi 63-65). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs həmin ifadənin videoçəkilişdə söylədiklərinə uyğun yazıldığını, istintaq vaxtı ifadəni oxumadan imzaladığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Telman oğlu ifadəsində göstərdi ki, 07 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 93 saylı binanın yaxınlığına gəlib-gedən 35-40 yaşlı, orta bədən quruluşlu, saqqalı, orta boylu, “Orxan” adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və 24-cü Polis şöbəsinin sahə inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 sentyabr 2023-cü il tarixdə Qara Qarayev prospekti, 93 ünvanın qarşısında onlar Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını deyərək idarəyə dəvət etmişlər. İdarədə xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman o, əynində olan şalvarın cibindən psixotrop maddə metamfetamini və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq baxış keçirildikdə içərisində metamfetaminə bənzər kütlələrin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzi və 4 ədəd büküm zərfə qoyulub qablaşdırılmışdır. Verilən sualları cavablandıran Şahid1 təqsirləndirilən şəxsi 08 sentyabr 2023-cü il tarixdə gecə saat 3-4 radələrində Qara Qarayev prospekti, 93 saylı ünvanın qarşısında, küçədə saxladıqlarını, saxlanılan zaman tək olduğunu, idarəyə dəvət edilərkən etiraz etmədiyini, üzərindən 4 bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürüldüyünü, ona qarşı hər hansı psixi və ya fiziki təsir göstərilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsinin sahə inspektoru Şahid2 08 sentyabr 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılıb şöbəyə gətirilməsi, üzərinə şəxsi axtarış zamanı psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzinin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadələr verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsinin təhqiqatçısı Şahid3 Mirağa oğlu 08 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılmış Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsindən sonra üzərinə şəxsi axtarış və götürmə aparılmasının onun tərəfindən həyata keçirildiyini, bu zaman külli miqdarda psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürüldüyünü bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan 08 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan ağ və boz rəngli şalvarın arxa sağ yan cibindən içərisində özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 ədəd açarı, 1 ədəd «Bakı» nəqliyyat kartını, 2 ədəd 1 manatlıq pul əskinası olan qara rəngli pul kisəsini, şalvarın qabaq sağ yan cibindən 4 ədəd şəffaf selofan bükümləri və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin 4 ədəd bükümlərin içərisinə baxış keçirilərkən ağ rəngli kristal şəklində spesifik iyə malik kütlələr olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində psixotrop maddə olduğunu, həmin maddələri 07 sentyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin 4 ədəd bükümlər və tərəzi 2 ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq götürülmüş və zərflərin üstü Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsiyyət vəsiqəsi, 1 ədəd açar, 1 ədəd «Bakı» nəqliyyat kartı, 2 ədəd 1 manatlıq əskinas olan qara rəngli pul kisəsi sübut əhəmiyyətinə malik olmadığından özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. İbtidai istintaq orqanının 21 noyabr 2023-cü il tarixli qərarı ilə şəxsi axtarış keçirilməsinə dair videogörüntülərin əks olunduğu 1 (bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (cild 1, iş vərəqi 30-32, 139-151). Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 10 oktyabr 2023cü il tarixli protokola əsasən, diskə köçürülmüş videogörüntülər şəxsi axtarış və götürmə aparılması haqqında protokolda qeyd olunanlarla uyğunluq təşkil edir (cild 1, iş vərəqi 107). Məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 3-16-6/2-6/4794 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdilər: ikiimza; müdaifəçi – imza ...” yazı əlavəsi qeyd edilmiş iki ədəd kağız zərflərdəki 4 (dörd) ədəd bükümlərdə təmiz çəkiləri 1,063 qram, 0,785 qram, 0,765 qram, 0,692 qram, ümumi təmiz çəkisi 3,305 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir (cild 1, iş vərəqi 38-42). Ambulator məcburi-narkoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 6915 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 108-109). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 167-3.1, 218.2, 62 və 66.3-cü maddələri təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 94-95). İbtidai istintaq orqanının 21 noyabr 2023-cü il tarixli qərarı şühbəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 3,305 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,185 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhkəmənin müvafiq qərarına qədər saxlanılmasından ötrü Bakı şəhəri, Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 139-151, 158). İbtidai istintaq zamanı Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 81-82). Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, hadisə günü anasıgildə olduğunu və sentyabr ayının 7-dən 8-nə keçən gecə küçədən səs-küy gəldiyini eşidərək pəncərədən baxarkən kiminsə maşına mindirilib aparıldığını gördüyünü, baş verənlər onda maraq yaratdığı üçün həmin görüntüləri mobil telefona çəkdiyini və bunu kiminsə gördüyünü, təxminən yarım saat sonra özlərini polis əməkdaşları kimi təqdim edən şəxslərin qapını döyüb telefonla kimin çəkiliş etdiyini soruşduqlarını və ondan telefonu alıb baxdıqlarını, polis əməkdaşlarının onu özləri ilə birlikdə polis şöbəsinə apardıqlarını, orada onun qarşısına 3-4 büküm narkotik qoyaraq həmin narkotikləri boynuna götürməyi təklif etdiklərini, əks halda üzərinə vətən xaini maddəsi qoyulacağını və evindən külli miqdarda narkotik çıxarılacağını bildirdiklərini, ona qarşı təsir və təzyiq olunduğunu, qarşısına narkotik və işlək vəziyyətdə olmayan tərəzi qoyulduğunu, məcbur qalıb polis işçilərinin dediklərini təsdiq etdiklərini, bir gün bölmədə qaldıqdan sonra onu idarəyə apardıqlarını, videoçəkilişin bir gün sonra sentyabrın 8-i axşam keçirildiyini, ona əvvəllər məhkum olunduğu üçün həbs olunacağını, bununla bağlı yuxarıdan tapşırıq gəldiyini bildirdiklərini, üzərinə qoyulan narkotik maddənin çəkisinin 1,5 qram olduğu deyilsə də, sonradan həmin maddələrin çəkisinin 3 qramdan artıq olmasının müəyyən edildiyini, müstəntiqə ifadə verərkən yazılanların düzgün olmadığını desə də, müstəntiqin ona çəkiliş zamanı dediklərini eyni ilə ifadəsində də bildirməsini söylədiyini bildirib öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş psixotrop maddələri və elektron tərəzini polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində Təqsirləndirilən şəxs psixotrop maddələrin özünə məxsus olduğunu, həmin psixotrop maddəni 07 sentyabr 2023-cü il tarixdə «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığında zibillikdən tapdığını və üzərində gəzdirdiyini, sonradan polisə təqdim etmək fikrində olduğunu, polis işçiləri tərəfindən tutularkən və polis idarəsində olarkən hər hansı fiziki və psixoloji təzyiqlərə məruz qalmadığını bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı Bakı şəhəri, Nizami RPİ, 24-cü Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 sentyabr 2023-cü il tarixli qərarı ilə qanuni və əsaslı hesab edilmişdir. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, ona edilən təzyiqlərə məruz qalması nəticəsində cinayət əməlini etiraf etməsi barədə bildirdiklərini şəxsin məsuliyyətdən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş psixotrop maddələrin və elektron tərəzinin özünə məxsus olduğunu etiraf etməsini, onun psixotrop maddələrdən istifadə etməsi hallarının olmaması, lakin üzərindən psixotrop maddələrin aşkar olunaraq götürülməsini, aşkar olunmuş maddələrin 4 ayrıayrı bükümlərdə olmasını, həmin psixotrop maddələrin satışı zamanı onların çəkisini müəyyən etmək üçün avadanlığın, yəni elektron tərəzinin də aşkar olunmasını, həmçinin aşkar edilmiş psixotrop maddələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına görə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 218.2-ci maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi ağır cinayət əməlinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir və bu hal Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinin tələbinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nizami rayon Polis idarəsi 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 6915 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi nərakoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,185 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 92 (doxsan iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 3,185 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar