Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1167/2025 25.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X4 (sədrlik edən), X7 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri - X1 qızı və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədilə 10 avqust 2024-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi 156 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə görüşdüyü zaman əlini bel nahiyəsinə qoyaraq sonuncunu üzərində hər hansı bir kəsici-deşici alət olmasına görüntü yaradıb ona həmin alətlə bədən xəsarətləri yetirəcəyini deyib psixi təsir etməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın əsasında Zərərçəkmiş şəxs “İphone 13 Pro" markalı 256 GB yaddaş tutumlu mobil telefonu götürərək Zərərçəkmiş şəxs 1185 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Tural adlı şəxs ondan bir günlük 200 manat məbləğində borc almış, daha sonra o, Turalı bir həftə ərzində tapa bilməmişdir. Zəng edib onunla görüşəndə borc haqqında soruşmuş, Tural isə pulu olmadığını bildirmişdir. Daha sonra Murad ondan girov məqsədilə əşya istəmiş və Tural girov olaraq telefonunu vermişdir. Onlar həmin zaman ictimai yerdə olmuş və altı nəfər olmuşlar. Tural ilə İnşaatçılar metrosu yaxınlığında görüşmüş və ona heç bir zor tətbiq etməmişdir. Tural isə onların yanında olmuş adamların adını çəkməmişdir. Orada hər yerdə kamera və polis əməkdaşları olmuşdur. Turalın telefonunu almağı 3 gün sonra yadına düşmüşdür. İstintaqda heç bir irəliləyiş olmamışdır. Tural yanlış ifadə vermiş, ona heç bir hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq “Sultan” adlı yeməkxanada oturduqlarını, Tural adlı şəxsi oradan tanıdığını, Tural ilə münasibətinin yaxşı olduğunu, düşmənçiliklərinin olmadığını, iki yüz manat pulu Turala təxminən ayın 3-ü verdiyini, həmin vaxtlar kuryer vəzifəsində çalışan yeznəsinin yanında işlədiyini, həmin gün, iki yüz manat verilən gün onların birlikdə olduqlarını, Turalın o pulu 1 günə qaytacağını bildirdiyini, onun qaldığı yeri bilmədiyini, borcu verdiyi gündən 3-4 gün sonra telefonuna cavab verdiyini, Turala telefonu girov qoymağı təklif etdiyini və onun da razılaşdığını, həmin telefonu lombarda 200 manatın qarşılığında qoyacağını, Turalın ona telefonu verərkən sabaha qədər pulu qaytacağını bildirdiyini, avqust ayının 7si, saat 16:00 radələrində telefonu Turaldan götürdüyünü, komendaturaya görə verəcəyi pulu yoluna qoymaq üçün telefonu ailə üzvünün adına 900 manata satdığını, qalan pulu əməliyyatı üçün xərclədiyini, Turalın telefonu satıldığı üçün və həmin zaman əlaqə nömrəsi onda olmadığı üçün pulu qaytara bilmədiyini, həmin müddət ərzində özünün Turalı axtarmaq vəziyyətində olmadığını, əməliyyat olunduğunu, yataq xəstəsi olduğunu, sinəsinin çirk etdiyini, Sabunçu rayon xəstəxanasında əməliyyat olunduğunu, Turalın fiziki göstəricisinin ondan zəif olduğunu, Əhmədlidə yerləşən lombarda taksi ilə getdiklərini, lombardların bəzilərinin şəxsiyyət vəsiqəsinin əslini istədiyi üçün getdikləri lombardın şəxsiyyət vəsiqəsinin telefondakı şəkilini qəbul etmədiyini, telefonu səhər radələrində satdığını, komendaturaya axşam radələrində getdiyini, Turaldan qisas almaq məqsədilə pulunu qaytarmadığını, zərərçəkmiş şəxsin telefonunu dayısının aldığını və Turalın dayısına verəcək cavabı olmadığı üçün ondan şikayət etdiyini bildirmişdir. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə günü Təqsirləndirilən şəxsla zəngləşib görüşmüş, Muradın əlində təmir ediləsi telefon olmuş, telefonu təmirə verdikdən sonra Murad danışmaq üçün onun telefonunu istəmiş, o, telefonu Murada vermiş, lakin Murad telefonla danışdıqdan sonra telefonu geri qaytarmamış və onu “deşərəm, vuraram, öldürərəm” və sair sözlərlə hədələməyə başlamışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxsla məhəllə yoldaşı olduqlarını, hadisəyə qədər Murad adlı şəxsi yaxından tanımadığını, Muradla bir yerdə nə vaxtsa oturub çay içdiklərini, lakin yaxın münasibətlərinin olmadığını, Muradın ilk dəfə hadisə günü ona zəng vurub oturub çay içmək təklif etdiyini, bu hadisəyə qədər Muradın heç vaxt ona zəng edib çay içmək barədə təklif etmədiyini, ortaq tanışları vasitəsilə Muradla eyni məclisdə olduqları vaxtlar olduğunu, Muradın onun telefon nömrəsini dost tanışlar vasitəsilə əldə etdiyini, özünün görüşə tək getdiyini, amma Muradın yanında bir nəfər dostu olduğunu, Muradın özü orda olduğuna görə onu da İnşaatçılar metrosunun yanında göşüməyə dəvət etdiyini, görüşən zaman salamlaşıb daha sonra kafeyə girib oturduqlarını, hadisənin telefonu təmir ustasına verdikdən sonra baş verdiyini, Muradın öz telefonunu təmirə verdikdən sonra danışmaq üçün onun telefonunu istədiyini, Muradın ona telefonunun kodunu açmağını bildirdiyini və özünün kodu açıb telefonu ona verdiyini, əvvəlcə etiraz etdiyini, lakin etiraz etdiyi üçün Muradın ona hədəqorxu gəlməyə başladığını, əlini belinə ataraq, telefonu verməsən səni deşik-deşik edəcəyəm dediyini, həmin an bıçaq görmədiyini, sadəcə əlini belinə atdığını gördüyünü, ona hədə-qorxu gələn zaman telefonun Muradın əlində olduğunu, hədələndikdən sonra telefonun kodunu açdığını, hadisə zamanı Muradgilin iki nəfər, özünün isə tək olduğunu, Muradın yanındakı adamın heç nə etmədiyini, sadəcə Muradın yanında dayandığını, lombarda gedib telefonu girov qoyub pul götürmək barədə fikirlərinin olduğunu, lombarda getmək barədə fikirlərinin telefonun parolu açılana qədər olduğunu, lombarda qoymaq barədə fikri Muradın bildirdiyini, lakin getmək barədə fikirləri olsa da getmədiklərini, ittiham aktında lombardla bağlı yazılanların doğru olmadığını, ümumiyyətlə Muradla birlikdə lombarda getmədiyini, telefonu 2700 manata aldığını, hadisədən bir gün sonra dayısının Murada zəng edərək telefonun sahibinin özü olduğunu, Turala telefonu özünün aldığını bildirdiyini, ona görə də telefonu geri qaytarmalı olduğunu dediyini, Muradın isə cavab olaraq telefonu qaytaracağını bildirdiyini, lakin o gündən sonra zənglərə cavab vermədiyini, özünün Muraddan heç vaxt pul istəmədiyini, əvvəllər Xəzər TV-də işlədiyini, hadisə baş verən zaman isə “Azəri Production”-da texnika anbarında işlədiyini, normal maaş aldığını, Muradla birlikdə istirahətə getmədiyini, Murad əlini belinə apararkən həyatı üçün real təhlükə hiss etdiyini, özünə dəymiş ziyanı tələb etdiyini, özünün təqsirləndirilən şəxslə birlikdə istirahətdə olmadığını, orada qalmadığını, sadəcə onların yanında tanışı olduğu üçün onun yanına gəlib sonra qayıtdığını, özünün istintaq zamanı elə ifadə vermədiyini, ifadənin sonundakı imza və əl yazısının ona məxsus olduğunu, lombarda getmək haqqında fikirlərinin olduğunu, Əhmədliyə Lombarda taksi ilə getdiklərini, həmin lombardın dostunun tanışı olduğunu, bu səbəbdən ora getməyi özünün təklif etdiyini, telefonu götürməməli olduqlarını lombarda özünün dediyini, lombardda ondan telefonun sms yerinə yazaraq problem olub-olmaması ilə bağlı soruşduqları zaman özünün işarə ilə problem olduğunu başa saldığını, müstəntiqə Muradın əvvəllər məhkum olunmasından məlumatının olmadığını dediyini, Muradın əvvəllər bıçaq gəzdirdiyinin şahidi olmadığını, əlini belinə atdığına görə bıçaq çıxaracağını düşündüyünü, lombarda gedəndə telefonun kodunu sildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Neftçilərdə telefon alışı mağazasında işləmiş, telefon almış, sonra polis əməkdaşları gələndə məlum olmuşdur ki, həmin telefon oğurluq maldır. Məhkəmədə verilən suallara cavab olaraq şahid telefonu kimin satdığını dəqiq xatırlamadığını, ya xanım ya da bir bəyin satdığını, lakin xanımın vəsiqəsinin olduğunu deyib, onun vəsiqəsini verdiklərini, bəyin vəsiqəsinin kalonda olduğunu, telefonu hansı qiymətə aldığını dəftərə baxaraq deyə biləcəyini, telefonu alarkən şəxsiyyət vəsiqəsinin tələb olunduğunu, telefonu satan şəxsə sənədə telefonun oğurluq olmaması barədə qeyd yazdırıb qol çəkdirdiklərini, polis gələn zaman həmin şəxsiyyət vəsiqəsi və sənədin polisə təqdim olunduğunu bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, dostları ilə gedərkən Muradla qarşılaşmış, hal-əhval tutmuş və qarşı tərəfin Murada borcu olduğunu və Muradın onu istədiyini başa düşmüş, bu barədə başqa məlumatı olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq X8 qarşı tərəfin Murada borcu olduğunu, həmin hadisənin 7-8 ay öncə baş verdiyini, bu səbəbdən tam olaraq xatırlamadığını, həmin zaman günorta radələri olduğunu, Muradın Turala borcunu ödəyənə qədər telefonun onda qalacağını dediyini, aralarındakı söhbətin 5-6 dəqiqə çəkdiyini, telefon verilən zaman özünün orada olduğunu, heç bir təzyiqin olmadığını, Muradın telefonu normal qaydada aldığını, bunları yaxın məsafədə olduğu üçün gördüyünü, Turalın 2-3 dəqiqə ərzində mesajları sildikdən sonra telefonu verdiyini, Turalın telefonu verdikdən sonra Murada borcu verənə qədər səndə qalsın dediyini, daha sonra telefonu lombarda qoymağı təklif etdiyini, özünün lombarda onlarla birlikdə getmədiyini, özünün yanında hədə-qorxu hallarının olmadığını, kənarda olanlar barədə isə məlumatının olmadığını, Tural telefonu verərkən əlavə heç bir güc, təzyiq və ya hədə-qorxunun olmadığını, Turalın telefonunu özünün borcu qaytarana qədər girov kimi verdiyini, şifrə söhbətinin olmadığını, həmin gün üzərindəki mobil nömrənin ***-***-**-** olduğunu, hadisə barədə qabaqcadan məlumatının olmadığını, sadəcə salamlaşmaq üçün onlara yaxınlaşdığı zaman mübahisəni öyrəndiyini, onlara yaxınlaşarkən artıq mübahisənin əvvəlcədən başladığını, özünün isə sadəcə telefon hissəsinə şahid olduğunu, Turalın “hal-hazırda imkanım yoxdur, telefonu götür” cümlələrini işlətdiyini, onların yekun qərar olaraq lombarda getmək üçün taksi sifariş verdiyini, onlar taksiyə minən ana qədər orada olduğunu, daha sonra özünün isə evə getdiyini və Muradı bir daha görmədiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Şühbəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə saat 15:00-15:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 41) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin həbs qismində qətimkan tədbirinin seçilməsi barədə 15 noyabr 2024-cü il tarixli qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 83) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/9577 nömrəli 16 dekabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Çin Respublikası istehsalı “İphone 13 Pro" markalı 256 GB yaddaş tutumlu, qızılı rəngli mobil telefonunu satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin avqust ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1185 (min yüz səksən beş) manat müəyyən edilir. (cild 1, i.v 116) Ambulator məhkəmə-psixiatrik ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin xx.xx.2025-ci İl tarixli 603 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopaktik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xətəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiqarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, i.v 158-159) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbyacan Respublikası CM-nin 177.2.2, 185.2.1, 185.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.2.3, 228.4, 126.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 08 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, i.v 108) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Heydərov X3 Respublikası CM-nin 177.2.2, 185.2.1, 185.2.2, 181.2.2, 181.2.5, 221.2.1, 221.2.2, 221.2.3, 228.4, 126.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinatət Məcəllənin 66.3cü maddəsi tətbiq edilməklə 08 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 1, i.v 161-192) Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağr Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(101)- 1220/2017 saylı hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. (cild 1, i.v 111-113) Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər ödənlmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: AR CM-in 181.1-ci maddəsinə görə quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqına görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra AR CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır (CM-in 181.1 -ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir. AR CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. AR CPM-in 44.1 -ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi AR CM-in 181.1-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqında ifadə olunur. Quldurluğun mahiyyəti xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özə əmlakını ələ keçirməyə yönəlsin. Hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq dedikdə, həmçinin zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya yüngül zərər vurulmasından ibarət fiziki təsir başa düşülməlidir. Şərh edilən cinayət formal tərkibli olmaqla bu cinayət əmlakın ələ keçirilib-keçirilməməsindən asılı olmayaraq hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqının edildiyi andan başqa çatmış hesab edilir. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilə bilər. Təqsirkar hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etdiyini dərk edir və özgənin əmlakını ələ keçirmə məqsədi ilə belə basqını törətməyi arzu edir. Quldurluqda tətbiq edilən zorakılıq və ya hədə məhz özgənin əmlakını ələ keçirmək (əmlakı götürmək və ya götürdükdən bilavasitə sonra əldə saxlamaq) məqsədi güdür. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 6cı bəndində göstərilir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədəqorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Həmin qərarın 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Ali Məhkəmə Plenumunun həmin Qərarının 23-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus telefonda olan məlumatların silinməsinin və telefonun kodunun deaktif edilməsi tələbi fiziki olaraq ələ keçirmək istədiyi əmlak üzərində sərəncam vermək üçün real (istədiyi kimi həyata keçirilə bilən) imkan əldə etmək cəhdi kimi çıxış edir. Belə olan halda telefonda olan məlumatların silinməməsi və telefonun kodunun deaktif edilməməsi yəni əmlak üzərində sərəncam vermək imkanı əldə olunmadığı kimi başa düşülür. Zərərçəkmiş şəxsə qarşı həmin hərəkətlərin tətbiq edilməsi, bu hərəkət (hədələmə) quldurluq cinayəti başa çatan hərəkət kimi qiymətləndirilməlidir. Məhkəmə quldurluq cinayətinin başa çatmış olması haqqında nəticəyə gələrkən həlledici şəkildə istinad etdiyi fakt - ələ keçirilmiş əmlakın sonrakı gedişatda artıq satılması və satışdan əldə olunan pul vəsaitini təqsirləndirilən şəxs öz şəxsi ehtiyacı üçün sərf etdiyini, əslində araşdırılan cinayətin törədilmə hallarına görə əmlak üzərində sərəncam vermək imkanının əldə edilib-edilməməsi məsələsinin həlli baxımından mühüm əhəmiyyətli xüsusat, əməlin quldurluq kimi tövsifini şərtləndirən hal kimi qiymətləndirir. Buna baxmayaraq Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində nə qədər də zərərşəkmiş şəxsə qarşı quldurluq etməməsini bildirsə də, sonrakı gedişatda yəni telefondakı məlumatların silinməsi, telefonun kodunun deaktiv edilməsi və yekunda telefonun satılması zərərçəkmiş şəxsə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıq və ya belə zorakılıq tətbiq etmə hədəsinin zərərçəkmiş şəxsə münasibətdə real olaraq başa düşmüşdür. Artıq belə hərəkətlər müstəsna olaraq əmlaka çatımlığı (quldurluq cinayətini başa çatdırmaq və bu yolla əmlak üzərində sərəncam vermək imkanının əldə olunmasını) təmin etmək üçün istifadə edilən davranış kimi çıxış edir. Zərərçəkmiş şəxs məhkəmədə dindirilərkən, Təqsirləndirilən şəxs əvvəllər məhkumluq həyatı yaşaması və hazırda da cəza çəkməsini bildiyini, hadisə olan zaman da əlini belinə ataraq səni “deşik-deşik” edərəm deyərək hədələdikdə bundan qorxmasını bildirməsinə diqqəti çəkərək onu qeyd edir ki, özü-özlüyündə bu hal hədə nin həyat və ya sağlamlıq üçün təhlükə kəsb etməsi barədə nəticə çıxarmaq üçün əsas verir. Mövcud halda zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs tərəfindən silah tətbiq etmə ilə bağlı görüntünün real olmasını dərk etməsi, o cümlədən həmin hədənin onun həyat və sağlamlığı üçün təhlükəli olmasını qavraması əməlin quldurluq cinayəti kimi tövsif edilməsini zəruri edən ünsür kimi çıxış edir. Qeyd edilən mövqe həmin işlər üzrə məhkəmə təcrübəsi ilə bağlı Ali Məhkəmənin Plenum qərarında da öz əksini tapmışdır. Belə ki, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri AR CMnin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Bununla yanaşı, şəxsin ona qarşı yönəlmiş hərəkətdən qorxması, qəsdin təhlükəli olmasından deyil, onun özünün, özgüvənli olmaması kimi keyfiyyətlərindən irəli gələ bilər ki, belə hallarda da qəsdin hansı xarakterdə olması obyektiv hallara (misal üçün, silah qismində istifadə edilən əşyanın xarakteristikasına, hücumun intensivliyinə), habelə cinayət törədən şəxsin öz hərəkətlərinə subyektiv münasibətinə görə qiymətləndirir. Zərərçəkmiş şəxs ona məxsus mobil telefonda olan məlumatların silməklə, mobil telefonun kodunun deaktiv etməklə, həmçinin mobil telefonu lombarda qoymaqla pul vəsaiti əldə edib Təqsirləndirilən şəxs vermək cəhdini (özlərindən asılı olmayan səbəbdən mobil telefonu lombarda qoymaq cəhdi baş tutmamışdır, üzərlərində şəxsiyyət vəsiqələri olmadığından), ona qarşı hədənin real təhlükə olmasını ehtiva edir. Həmin hallar da özlüyündə onu deməyə əsas verir ki, zərərçəkmiş şəxs mövcud vəziyyətdə özünə qarşı olan hədənin onun həyat və sağlamlığı üçün təhlükəli olmasını dərk etmişdir ki, belə olan halda əməlin CM-in digər maddələri ilə tövsif edilməsi istisna olunur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs bütün məhkəmə istintaqı boyu Zərərçəkmiş şəxs ilə aralarında borc hüquq münasibətlərinin olmasını, həmin hüquq münasibətlərindən irəli gələrək, borclunun, yəni Zərərçəkmiş şəxs borc öhdəliklərini icra etməməsi ilə bağlı cinayətin predmeti olan telefonu könüllü olaraq ona verildiyini bildirsə də, tərəflər arasındakı şiafahi və ya yazılı qaydada borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin olması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Habelə iş üzrə zərərçəkmiş şəxs də məhkəmə baxışında verdiyi ifadəsində Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə borc almasını təkzib etmişdir. Belə olan halda məhkəmə tərəfindən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs ilə aralarında borc hüquq münasibətlərinin olması ilə bağlı telefonu ələ keçirməsi ilə bağlı mülahizəsi özünü müdafiə xarakteri kimi qiymətləndirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə icraatı dövründə ifadələrində Zərərçəkmiş şəxs mobil telefonunu quldurluqla ələ keçirmədiyini, ona hədə-qorxu gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi həmin xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələri təqsirləndirilən şəxsin ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahid ifadələri, ifadəsinin yerində yoxlanılması, üzləşmə protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. AR CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. AR CPM-in 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib Azərbaycab Respublikasının CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin özgənin əmlakını ələ keçirmə məqsədi ilə şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etməsi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq AR CM-in 181.1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs AR CM-in 181.1 -ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1 -ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə "Məhkəmə hökmü haqqında” və "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə AR CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını və Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 181.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. AR CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra AR CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, 4 ay 25 gün azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs yekun cəza təyin edilməlidir. AR CM-in 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. AR CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon Məhkəməsinin həbs qismində qətimkan tədbirinin seçilməsi barədə 15 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, AR CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin AR CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 13 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, AR CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. İş üzrə maddi sübut Şahid1 məxsus şəxsiyyət vəsiqəsin surəti çıxarılmış və üzərində Təqsirləndirilən şəxs tərəfindən əl yazı ilə “xx.xx.2024, madel Ayfon 13 pro, 256, imel **********836692, 900m” sözləri qeyd olunmuş kağızın cinayət işində saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 550 (beş yüz əlli) manat məbləğində pul köçürülməlidir. AR CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, 4 ay 25 gün azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut Şahid1 məxsus şəxsiyyət vəsiqəsin surəti çıxarılmış və üzərində Təqsirləndirilən şəxs tərəfindən əl yazı ilə “xx.xx.2024, madel Ayfon 13 pro, 256, imei **********836692, 900m” sözləri qeyd olunmuş kağızın cinayət işində saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 550 (beş yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1167/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1167/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver