Məhkəmə qərarları › İş №1(101)-1168/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1168/2022

29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1168/2022 29.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs4, mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi (arvadı) X2, mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi (arvadı) X1, mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi (arvadı) X3, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-yə məxsus «Hyundai HD 72» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi ilə Binəqədi mərkəzi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, buzlu-sürüşkən yol şəraitində avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 9 ünvanının qarşısında avtomobili qarşı əks hərəkət zolağına çıxarmış, Zərərçəkmiş şəxs2 «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan sonuncuya məxsus «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində, «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 - ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs2 ölümünə, «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında oturmuş Zərərçəkmiş şəxs1 - həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 ölümünə, həmin avtomobilin arxa oturacağında sağ tərəfdə oturmuş Zərərçəkmiş şəxs3 - ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs3 ölümünə səbəb olan, eləcə də həmin avtomobilin arxa oturcağında sol tərəfdə oturmuş Zərərçəkmiş şəxs4 ehtiyatsızlıqdan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla, yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 01 aprel 2021-ci il tarixdən etibarən "xxxx" MMC-də sürücü-təslimatçı vəzifəsində çalışmışdır. O, 01 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində şirkət tərəfindən verilmiş müxtəlif markalı avtomobilləri idarə etmiş, işlədiyi "xxxx" MMC şirkəti digər şirkətlərin müqavilə əsasında yüklərini daşımaqla məşğul olmuşdur. 01 yanvar 2022-ci il tarixdən "xxxx" ASC tərəfindən verilmiş yol vərəqəsi və «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında "Hyundai HD 72” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən bir həftə öncə həmin avtomobilin əyləc sistemində nasazlıq yarandığından avtomobili şirkətin dispeçerinə məlumat verərək, şirkətin 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən təmir qarajına təhvil vermişdir. Bundan əvvəl isə avtomobildə nasazlıq yaranmadığından sadəcə olaraq yağını dəyişmək üçün təmir qarajına getmişdir. Avtomobili qaraja təhvil verdikdən sonra başqa avtomobil idarə etməmiş, xx.xx.2022-ci il tarixdə dispetçer Kamran ona zəng edərək, avtomobilin təmir olduğunu gəlib götürməsini bildirmişdir. O, həmin gün saat 20 radələrində qaraja getdiyi zaman, avtomobili sökülmüş vəziyyətdə olduğunu və təmirinin yekunlaşmadığını görmüşdür. Orada olan adlarını bilmədiyi ustalar ona «Hyundai» markalı avtomobilin əyləc sistemini təmir etmək çətin iş olduğunu bildirmişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində təmir qarajına gedərək, avtomobili təhvil almış və idarə etmək istədikdə, avtomobildə ani tormozlama prosessinin baş verməsini müəyyən etmişdir. Bundan sonra o, təkrarən dispetçer Kamrana zəng edərək, məlumat verib avtomobili yenidən təmir qarajına aparmış, qarajda yük avtomobilinə ustalar tərəfindən baxış keçirilmiş və bəzi yerlərinə baxış keçirdikdən sonra, avtomobili təmir etdiklərini bildirib avtomobili ona təhvil vermişlər. Lakin o, ustalara və dispetçerə avtomobilin əyləc sisteminin yaxşı işləmədiyini və təkərlərinin də köhnə olduğunu bildirmiş, ustalar isə ona avtomobilin əyləc sistemində nakladkaların yeni olduğunu biraz sürdükdən sonra yenidən baxacaqlarını bildirmişlər. Bundan sonra o, 15 yanvar 2022-ci il tarixdə və 17 yanvar 2022ci il tarixlərdə yol vərəqəsi əsasında işə çıxmış, həmin yük avtomobillə o, "Səba” şirkətinə məxsus olan toyuq əti məhsullarını daşımış, xidmət etdiyi ərazilər isə Hövsan, Şüvəlan, Mərdəkan və Pirallahı qəsəbələrində yerləşmişdir. İş rejimi hər gün saat 07:00-dan başlamış və avtomobilinə yüklənilmiş toyuq əti məhsulları qurtaranadək davam etmişdir. Şirkətin təmir qarajı Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında, iş yeri isə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Nazlı Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində şirkətin ekspeditoru ilə Şahid ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərindən çıxaraq, “Hyundai HD 72” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili dislokasiya üzrə saatda 40-50 km sürətlə hərəkət etdiyi zaman, Bakı şəhəri, Binəqədi şossesi döngə 9 ünvanının qarşısında yolun asfalt örtüyünün buz bağlaması səbəbindən idarəetməni itirdikdə, avtomobilin əyləcinə basmış, lakin avtomobilin əyləc sistemində problem olduğundan, idarəetməni itirərək yolun əks istiqamətdən Xırdalan dairəsi istiqamətində hərəkətdə olan “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə baş verdikdən dərhal sonra Şahid ilə birlikdə avtomobildən aşağı düşərək, “Vaz 2109” markalı avtomobildə olan şəxslərə köməklik göstərmiş və sonuncuları avtomobildən çıxarmışlar. “Vaz 2109” markalı avtomobildə 4 nəfər şəxs olmuş, həmin şəxslərin sürücü daxil olmaqla, üç nəfəri hadisə yerində vəfat etmiş, bir nəfər şəxs isə yaralı vəziyyətində olmuşdur. Hazırda zərərçəkmiş şəxs, eləcə də zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasının, atasının ağır xəstə olmasının və məcburi köçkün olmasının nəzərə alınaraq, onun cəmiyyətdən təcrid edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, təxminən 2014-cü il tarixdən Müşviqabad qəsəbəsində yerləşən "Avrora” şirkətində işləyir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da onunla birlikdə “Avrora” şirkətində işləmişlər. Həsənov X7 qəsəbəsində yaşadığından onlar işə getmək üçün hər səhər görüşərək 592 saylı xətt marşrutu ilə «Binəqədi Mərkəz» adlanan yerə gəlib, orada iş yoldaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək, birlikdə Müşviqabad qəsəbəsində yerləşən «Avrora» şirkətinə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində eyni qaydada Zərərçəkmiş şəxs3la birlikdə «Binəqədi Mərkəz» adlanan yerə gəlmiş Elşən və Xanəhməd onları həmin yerdən götürüb, Xırdalan dairəsi istiqamətində hərəkətə başlamışlar. Avtomobili Elşən idarə etmiş, Xanəhməd avtomobilin qabaq sərnişin oturacağında, Zaur arxa sağ oturacaqda tərəfdə, özü isə arxa oturacaqda sol tərəfdə əyləşmişlər. Hərəkətə başladıqdan sonra Zaur yuxuya getmiş, o isə yola baxırmış, Binəqədi şossesi adlanan ərazidə Elşən anidən yüksək səslə, qarşı hərəkət zolağında olan "Hyundai” markalı yük avtomobilinin onların hərəkət zolağına çıxdığını bildirmişdir. O, həmin istiqamətdə baxdığı zaman, onların hərəkət zolaqlarına çıxan avtomobil ilə aralarında təxminən 20 metr məsafə olmuşdur. Həmin avtomobil idarəetməni itirmiş və onun əyləşdiyi “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən sağ tərəfində əyləşən Zaur onun önünə tərəf yıxılmış və nəticədə onun başının sol alın hissəsi qapıya çırpılmışdır. Həmin vaxt ətrafda olan şəxslər onlara köməklik göstərərək, avtomobildən düşürmüş və təcili tibbi yardıma zəng etmişlər. Həkimlər hadisə yerinə gələrək, ona ilkin tibbi yardım göstərmiş və daha sonra hadisə yerinə gəlmiş iş yoldaşları onu Bakı şəhərində yerləşən “City Hospital”-a aparmışlar. Həmin hospitlada müalicə olunduqdan sonra isə evə buraxılmışdır. Daha sonra ona Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etməsi barədə məlumat vermişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır, sonuncu ilə o, xx.xx.2011-ci il tarixdə ailə həyatı qurmuş və həmin nikahdan övladları olmamışdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 təxminən 2002-ci ildən Müşviqabad qəsəbəsində yerləşən “Avrora” şirkətində işləmişdir. Sonuncu ilə birlikdə həmin şirkətdə qonşuları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da işləmişdir. Həmin şəxslər iş yerinə onun həyat yoldaşı Elşənin idarə etdiyi “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məlum olmuş ki, həyat yoldaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD 72 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həyat yoldaşı Zərərçəkmiş şəxs2, sərnişinlər Zərərçəkmiş şəxs3 və qonşuları Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmişlər. Həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs4 isə yol-nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarətləri almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır, sonuncu ilə o, ailə həyatı qurmuş və həmin nikahdan onların üç övladları vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 təxminən 2002-ci ildən Müşviqabad qəsəbəsində yerləşən “Avrora” şirkətində işləmişdir. Sonuncu ilə birlikdə həmin şirkətdə qonşuları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da işləmişdir. İş yerinə həyat yoldaşı Zərərçəkmiş şəxs1 qonşuları Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2109“ markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məlum olmuş ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2109“ markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan dairəsi istiqamətində hərəkətdə olarkən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD 72 yük” markalı 17- AC-299 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs2, sərnişinlər Zərərçəkmiş şəxs3 və həyat yoldaşı Zərərçəkmiş şəxs1 hadisə yerində vəfat etmişlər. Həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs4 isə yol-nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarətləri almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs3 onun həyat yoldaşıdır, sonuncu ilə o, xx.xx.1994-cü il tarixdə ailə həyatı qurmuş və həmin nikahdan onların üç övladları vardır. Həyat yoldaşı Zərərçəkmiş şəxs3 təxminən 2018-ci ildən Müşviqabad qəsəbəsində yerləşən “Avrora” şirkətində işləmişdir. Sonuncu ilə birlikdə həmin şirkətdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 da işləmişdir. İş yerinə həyat yoldaşı Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 idarə etdiyi "Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məlum olmuş ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan dairəsi istiqamətində hərkətdə olarkən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD 72 yük” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs2, sərnişinlər Zərərçəkmiş şəxs1 və həyat yoldaşı Zərərçəkmiş şəxs3 hadisə yerində vəfat etmişlər. Həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs4 isə yol-nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarətləri almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2021-ci ilin mart ayından etibarən "xxxx" ASC-də satış təmsilçisi vəzifəsində çalışır. xx.xx.2021-ci il tarixədək, şirkət tərəfindən verilmiş müxtəlif markalı avtomobillər ilə şirkətin məhsullarını satmaq üçün ərazilərə çıxırmış. xx.xx.2021-ci il tarixdən isə Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etdiyi “Hyundai HD 72” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dislokasiya üzrə əraziyə çıxırmış. Yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən bir həftə öncə "Hyundai HD 72” markalı **- AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sistemində nasazlıq yarandığından, Firudin avtomobili şirkətin dispetçerinə məlumat verərək, avtomobili şirkətin 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən təmir qarajına təhvil vermişdir. Avtomobili qaraja təhvil verildikdən sonra o, başqa avtomobillə əraziyə çıxmamışdır. Onun iş rejimi hər gün saat 07:00-dan başlayır və avtomobilə yüklənilmiş toyuq əti məhsullarını paylayıb qurtaranadək davam edir. İş yeri Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Nazlı Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşir. O, Təqsirləndirilən şəxsla hər gün işə Xırdalan şəhərində yerləşən ofisə gedərək, toyuq əti məhsulları ilə yüklənilmiş «Hyundai» markalı 17-AC- 299 dövlət qeydiyyat nişanlı avtomobili dislokasiya üzrə əraziyə çıxırmış. Dislokasiya üzrə ilk getdikləri yer Hövsan qəsəbəsi olmuşdur. Şirkətdən çıxdıqdan sonra Xırdalan dairəsindən keçməklə, BDYPİ-si istiqamətində hərəkət edirmiş və Balaxanı yoluna çıxırmışlar. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində işdən çıxaraq, dislokasiya üzrə Təqsirləndirilən şəxs avtomobili saatda 40-50 km sürətlə hərəkət etdiyi zaman, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi döngə 9 ünvanının qarşısında yolun asfalt örtüyünün buz bağlaması səbəbindən idarəetməni itirmiş və əks istiqamətdə Xırdalan dairəsi istiqamətində hərəkətdə olan “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə baş verdikdən dərhal sonra aşağı düşərək “Vaz 2109” markalı avtomobildə olan şəxslərə köməklik göstərmiş və həmin şəxsləri avtomobildən çıxarmışlar. “Vaz 2109” markalı avtomobildə 4 nəfər şəxs olmuş, həmin şəxslərin sürücü daxil olmaqla, üç nəfəri hadisə yerində vəfat etmiş, digər bir nəfər sərnişin isə yaralı vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 8/151 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Hyundai HD 72» markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «VAZ 2109» markalı 99KH165 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. (İş materialları vərəqə 87-90) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2022-ci il tarixli, 10 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. Mərhum Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ənsə sümüyünün kələ əsasına keçən xətti sınığı, baş beynin yumşaq qişası altına, beyin toxumasına və beyinciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması, alın nahiyəsinin mərkəzinin və sol yarısının, sol gicgah nahiyəsinin sıyrıqları, sağ gicgah nahiyəsinin və hər iki gözətrafı yumşaq toxumaların hematoması, sol böyrəkətrafı yumşaq toxumalara və böyrəyin aşağı qütbünə qansızmalar, sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyalarının) təsirindən törənmişlər, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, göstərilən tarixdə və şəraitdə - yəni xx.xx.2022-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxs3 ölümündə səbəb ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyin yumşaq qişası altına, beyin toxumasına və beyinciyə qansızmalarla müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur.

3. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etik propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkolidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İş materialları vərəqə 194-199) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2022-ci il tarixli, 11 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər-sağ alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, sağ qaşüstü nahiyənin əzilmiş-cırılmış yarası, sol baldırın sıyrıqları həyati olub, ölümündən az əvvəl, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb sağ alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı nəticəsində beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur.

3. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər.

4. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (İş materialları vərəqə 200-205) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2022-ci il tarixli, 12 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. Vət. Zərərçəkmiş şəxs2 meyitində aşağıdaki xəsarətlər aşkar olunmuşdur: - Sağ ağciyərə qansızına. Təpə nahiyəsinin dərialtı yumşaq toxumalarına qansızına ilə müşaiyət olunan sağ təpə nahiyəsinin qançırı; - Sağ 111-Vİİİ qabırğaların sağ diz və aşıq-baldır oynaqlarının qapalı sınıqları; - Alın və gicgah nahiyələrinin, burun belinin, sağ və sol diz oynaqları nahiyələrinin əzilmiş yaraları; - Alın nahiyəsinin, üst dodağın səthi əzilmiş yaraları; Qeyd olunan xəsarətlər həyati olub, onun ölümündən az əvvəl bərk küt və ya tinli küt əşyaların təsirindən əmələ gəlmişdirlər və ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.

2. Vət. Zərərçəkmiş şəxs2 ölümünə səbəb skelet sümüklərinin çoxsaylı sınıqları nəticəsində inkişaf edən travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2022-ci il tarixdə saat 11.00-da başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir.

3. Vət. Zərərçəkmiş şəxs2 meyitində aşkar olmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu minik avtomobilinin yük avtomobili ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər.

4. Vət. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar olunmamışdır. (İş vərəqə 206-211) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2022-ci il tarixli, 326 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki:

1. Vət. Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və burun nahiyəsinin əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər.

2. Vət. Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişini olduğu minik avtomaşının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. (İş vərəqə 216-218) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli 8/226-8/227 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: Hyundai HD 72 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi texniki cəhətdən saz vəziyyətdədir. Hyundai HD 72 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin təkərləri istismara yararlıdır. Avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur. (İş vərəqə 212-215) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 komleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 772 №li rəyindən görünür ki: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müsissələrə müraciət etməmiş, onda hər-hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradı sferasında, fərdi psixi xüsusiyyətlərində, hərəkət və davranışının iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İş vərəqə 219-222) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2022-ci il tarixli 2/708 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. (İş vərəqə 14) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 9 ünvanının qarşısında baş vermiş, yolun ümumi eni köməkçi yol ilə birlikdə 8 metr, hadisə yerində yol avtomaşınların iki tərəfli hərəkəti nəzərdə tutulmuşdur. Hadisə baş verdiyi avtomobil yolunun hərəkət hissəsinin eni 4 metr, asfalt örtüklü, buzlu olmuşdur. “Hyundai HD 72 yük" markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin hərəkət etdiyi istiqamət düz, hərəkət bir tərəfli, yolun ümumi hərəkət hissəsi 8 metr olmuşdur. Hadisə baş verən yerdə tormoz izi olmamışdır. Hadisə zamanı “Hyundai HD 72 yük” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilin sürəti 50 km/s olmuşdur. "Hyundai HD 72 yük” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hərəkəti üçün təhlükə sürücünün “Vaz 2109” markalı avtomobilin hərəkət zolağına çıxdığı andan yaranmışdır. Yol-nəqliyyat hadisəsi vaxtı “Hyundai HD 72 yük” markalı **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yüklü olmuş, avtomobildə 2 nəfər sərnişin olmuşdur. Yol-nəqliyyat hadisəsi vaxtı “Vaz 2109” markalı **-KH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yüksüz olmuş, avtomobildə 4 nəfər sərnişin olmuşdur. Hadisə gündüz vaxtı, quru hava şəraitində baş vermiş, hadisə yerində yolun hərəkət hissəsi asfalt örtüklü, hamar, düz və buzlu olmuşdur. (İş vərəqə 5- 13) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Hyundai HD 72» markalı, 17AC299 qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin qabaq sağ hissəsi güclü dinamiki zərbə nəticəsində əzilmiş, qabaq sağ fara sınmış, ön gücləndirici və həmin hissədə olan detallar əzilmişdir. Həmin avtomobilin mühərriki işə salındı. Sonra avtomobil hərəkətə gətirildi. Baxış zamanı avtomobilin tormoz sistemini yoxlamaq məqsədilə avtomobil irəli və geriyə doğru müxtəlif sürət rejimlərində hərəkət etdirilərək yoxlama tormozlanma aparıldı. Bu zaman avtomobilin bütün təkərində tormozlanmanın təmin olunması, yəni təkərlərin bloklanması müəyyən edildi, həmçinin tormoz sisteminə aid olan elementlərə baxış keçirildi. Həmin elementlərdə hər-hansı nasazlığın olması müəyyən edilmədi. Belə ki, avtomobilin baş tormoz sistemində tormoz mayesinin miqdarı norma daxilindədir. Avtomobilin qabaq sağ və sol təkərlərinə gedən tormoz şlanqlarda, arxa təkərlərinə gedən borularda mayenin sistemdən kənara çıxması müəyyən edilmədi. Qabaq və arxa təkərlərin işçi tormozlarında hər-hansı nasazlıq müəyyən edilmədi. «Hyundai HD 72» markalı avtomobilin bütün təkərləri hava ilə dolu vəziyyətdədir pokrışkanın üzərində partlama, kəsilmə, deşilmə xarakterli zədələr yoxdur avtomobilin təkərləri çin istehsalı olmaqla, onların ölçüsü 8,5/R 17.6-dir və tubelesıs tiplidir, yəni kamerasızdır. Pokrışkanın ventili diskin yuvasında kip vəziyyətdədir avtomobilin bütün təkərlərinin diskləri üzərində hər hansı əzilmə yeyilmə və qırıma xarakterli zədələr yoxdur. Pokrişqanın qaçış səthindəki protektordakı naxışların hündürlükləri avtomobilin qabaq təkərlərində 7-8 mm, arxa təkərlərində isə 6-7 mm-dir. Yəni onların qalınlıqları norma daxilindədir. (İş vərəqə 139-141) İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-dən alınmış xx.xx.2022ci il tarixli 016- 22122-1222 №-li məktubla müəyyən edilmişdir ki, DİN BDYPİ-nin Qeydiyyat-imtahan Şöbəsinin kompüter uçot bazasına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) AB 800133 nömrəli «BC» kateqoriyalı: xx.xx.1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 080510 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (iş vərəqə 142) İş materiallarından görünür ki, «Hyundai HD 72» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmə hökmündək saxlanılması üçün sahiblərinə qaytarılmışdır. (İş vərəqə 233-247, 276-277) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İş vərəqə128) İş materiallarında olan Sabunçu rayon İH Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 47 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (İş vərəqə 130) İş materiallarında olan “Məcburi köçkün” vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs, eləcə də onun ailə üzvləri Qubadlı rayonundan məcburi köçkündürlər. İş materiallarında olan xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X8 ürək çatışmazlığı xəstəliyi vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinə Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi X4 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, məcburi köçkün olmasını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-in 263.3-cü maddəsilə nəzərdə tutulan cinayət əməlində AR CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici hal olduğundan və cəzasını ağırlaşdıran hallar olmadığından, ona AR CM 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə təyin edilmiş cəza həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(001)- 57/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 57; 123-127) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 4(103)- 169/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz edilmiş və sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir (İş vərəqə 189-193) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, 18 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 330 (üç yüz otuz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - «Hyundai HD 72» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin və «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 330 (üç yüz otuz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - «Hyundai HD 72» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və «VAZ-2109» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar