Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1168/2025 17.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi, ev 4, mənzil 60, 1003-cü məhəllədə qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək ona xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək guya «Paradise M» şirkətini keçiriləcək yeyinti tenderində qalib etdirərək gəlir əldə edəcəkləri və həmin gəliri əldə etdikdən sonra Zərərçəkmiş şəxs1 olan 25.000 ABŞ dolları borcunu qaytaracağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 27 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən «Winter Park» otelin birinci mərtəbəsindəki ofisdə 30.000 (otuz min) ABŞ dolları pul vəsaitini ələ keçirib, 2024-cü ilin iyun ayının əvvəllərində 5.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 qaytararaq ümumilikdə 25.000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 42.500 manat pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 cəmi 42.500 (qırx iki min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
3. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yalnız Zərərçəkmiş şəxs1 dair hissədə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 3 ildir ki, tanıyır. O, Rövşənə «Paradise M» şirkətini keçiriləcək yeyinti tenderində qalib etdirəcəyini vəd etmiş və qalib olacağı təqdirdə əldə ediləcək 30 000 ABŞ dollarını yarıbayarı bölüşəcəkdilər. Əks halda isə ondan aldığı 30 000 ABŞ dollarını ona qaytaracaqdı. Lakin tender məsələsi alınmamışdır. O, bu barədə Rövşənə deməmiş, 5000 ABŞ dolları pulu qaytarsa da, qalan məbləği qaytarmamış və şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda Zərərçəkmiş şəxs1 olan borcu ailəsi tərəfindən tam olaraq ödənilmişdir.
4. Məhkəmə iclasında qeyd olunan epizodla bağlı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Rövşənə olan borcundan 5000 dolları özünə qaytardığını, qalan pulun bir hissəsini platformaya daxil etdiyini, digər hissəsini isə təcridxanada xərclədiyini bildirmişdir.
5. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Ayaz ona tenderlə bağlı təklif etdikdə onun təklifini qəbul etmişdir. Belə bir razılığa gəlmişlər ki, tenderi qazansalar 30000 dolları yarıbayarı bölüşəcək, əks halda isə Ayaz pulu qaytaracaqdı. Lakin, tenderi qazana bilməmişlər. Ayaz ona ilk əvvəl 5000 dollar qaytarmışdır. Sonradan qalan borcunu qaytarmasını tələb etdikdə ona işlərinin düz getmədiyini, hələ ki borcu qaytarmağa imkanının olmadığını bildirmişdir. O, Ayazı başa düşmüş və gözləməyə başlamışdır. Sonradan Ayazın tutulduğunu eşitmiş və borcunun qaytarılması ilə bağlı hüquqşünas tanışlarından maraqlanmışdır. Tanışları ona indi şikayət yazmasını, yazmayacağı təqdirdə pulu geri götürə bilməyəcəyini bildirmişlər. O da polis idarəsinə Ayazdan şikayət yazmışdır. Hazırda ona dəymiş zərər tam ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur.
6. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etmədiklərindən onların ibtidai istintaq zamanı verdikləri ifadələr elan edilmişdir.
7. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 5 ildir ki, tanıyır, aralarında dostluq münasibətləri vardır, Təqsirləndirilən şəxs isə Rövşənə görə, təxminən bir ildir ki, tanıyır, lakin aralarında heç bir münasibət olmamışdır. 27 fevral 2024-cü il tarixdə o, Rövşənin işlədiyi ünvan 1 ünvanında yerləşən «Winter Park» otelin 15ci mərtəbəsindəki restoranda olmuş və Rövşənlə birlikdə orada çay içmişlər. Bir neçə dəqiqədən sonra Ayaz onların yanlarına gəlmiş və orada Rövşənlə aralarında hansısa tender işi ilə bağlı söhbət aparmağa başlamışlar. Həmin vaxt Ayaz Rövşənə bildirmişdir ki, Rövşənin hansısa tanış şirkətini keçiriləcək tenderdə qalib etdirə bilər. Bu məqsədlə Ayaz Rövşəndən 30.000 ABŞ dolları məbləğində pul istəmişdir. Bundan sonra Ayaz elə həmin vaxt iltizam yazaraq tenderdə «Paradise M» şirkətini qalib etdirəcəyini və həmin pul məbləğini bu məqsədlə aldığını, lakin qeyd olunan şirkət tenderdə qalib olmadığı halda 2024cü ilin may ayı ərzində həmin pulu tam olaraq Rövşənə qaytaracağını bildirmişdir. Həmin iltizam Ayaz tərəfindən yazıldıqdan sonra onlar birlikdə otelin birinci mərtəbəsində yerləşən ofisə düşmüşlər və Rövşən həmin ofisdə Ayaza onun yanında 30.000 ABŞ dolları məbləğində pul vermişdir. Bir neçə müddət keçdikdən sonra Rövşənlə növbəti görüşlərinin birində Rövşən ona bildirmişdir ki, Ayaz onu aldatmış, heç bir tender işi ilə məşğul olmur, sadəcə olaraq pul lazım olduğu üçün onu aldadaraq 30.000 ABŞ dolları məbləğində pulu almışdır.
8. Təqsirləndirilən şəxs tərəfindən 27 fevral 2024-cü il tarixdə verilmiş yazılı iltizamdan görünür ki, o, Zərərçəkmiş şəxs1 30000 ABŞ dolları pul aldığını qeyd edərək yeyinti sahəsində tenderin həyata keçirilməsinə görə “Paradise M” şirkətinə köməklik göstərəcəyinə söz verdiyini, əgər alınmasa, may ayı ərzində pulu qaytaracağına söz verdiyini yazılı şəkildə bildirmişdir (cild 01; i.v.126).
9. Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Sabir oğlunun üzləşdirilməsinə dair 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs biri-birilərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları demişlər (cild 01; i.v.169-174).
10. Təqsirləndirilən şəxs ilə Şahid2 üzləşdirilməsinə dair 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, həm təqsirləndirilən şəxs, həm də şahid biri-birilərinin üzünə qarşı ifadələrində göstərdikləri xüsusatları demişlər (cild 01; i.v.175-178).
11. “Sübutların qiymətləndirilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 27 fevral 2024-cü il tarixli iltizam maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.179-188).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
12. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yalnız Zərərçəkmiş şəxs1 dair hissədə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 pul alan zaman dələduzluq etmək kimi bir niyyəti olmamışdı. Belə ki, onlardan aldığı pulları o, «ByBİT» Ticarət Platformasına məxadil etmiş, lakin ehtimal etdiyi kimi valyuta dəyişilməmiş və bu səbəbdən platformaya məxadil edilmiş pullar batmışdır. Zərərçəkmiş şəxslər onun qardaşının tanışlarıdır. 2024-cü ilin mart ayında Zərərçəkmiş şəxs2lə iş çıxışı tanış olaraq kofe içməyə getmişlər. Həmin vaxt Həsən ona kriptovalyuta yolu ilə qazanc əldə etmək istədiyini bildirmiş və onunla biznes əlaqələri qurmaq istəyini ifadə etmişdir. O, Həsənə belə işlərin çox riskli olduğunu və pul itirmə ehtimalının böyük olduğunu bildirmişdir. Həsən isə razı olduğunu və yenə də bu işlə məşğul olmaq istədiyini demişdir. İki gündən sonra o, Zərərçəkmiş şəxs2 göndərdiyi 30000 ABŞ dolları miqdarında pulu «ByBİT» Ticarət Platformasına mədaxil etmişdir. Həsən pulu ona hissə-hissə göndərmişdir. Digər zərərçəkmiş şəxs Emil Həsənov da onun qardaşının tanışıdır. Emil də ona kriptovalyuta biznesi ilə məşğul olmağı təklif etmişdir. Emil həmin vaxt Dubay şəhərində idi. Onlar görüntülü zənglə danışmışlar və belə bir razılığa gəlmişlər ki, biznesə qoyulan pul 6 ay ərzində 30 faizdən artıq zərər etdikdə, onlar pulları çıxaracaqlar. Lakin sonradan biznes iflasa uğramış və o, bu barədə Emilə xəbər vermişdir. Həsən və Emildən pul alan zaman onun dələduzluq etmək kimi bir niyyəti olmamış, razılığa gələrək götürdüyü pulları sözügedən platformaya daxil etmiş və özü mənimsəməmişdir. Bu iş materiallarında olan platformadan çıxarışlarda da öz əksini tapmışdır.
13. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs kriptovalyuta ilə bağlı xidmətləri göstərməklə bağlı müvafiq təhsilinin olduğunu, Bitcoin-lə bağlı X2 kurs keçdiyini, təxminən 5 il müddətdir ki, Trading-lə məşğul olduğunu, Trading-lə məşğul olan şəxslərin əsasən fundamental və texniki analizlər edərək göstəriciləri nəzərə alınmaqla müxtəlif ehtimalları irəli sürdüklərini, həmin ərəfədə bitcoinin qiyməti azaldığından pul qazana bilmədiklərini, pul batan zaman pulu batmaqdan qurtarmaq üçün təxminən iyun ayında öz şəxsi vəsaitini də hesaba daxil etdiyini, həmin məbləğin də batdığını, zərərə düşdükdə pulu çıxara bilməməsinin səbəbinin pulların hissə-hissə daxil edilməsinin olduğunu, pulun bütöv halda daxil ediləcəyi təqdirdə onu dövriyyədən çıxarda bilməsinin mümkün olduğunu, iyun ayında öz vəsaitindən də hesaba qoymasının səbəbinin pulun batmasının qarşısının alınmasından ibarət olduğunu, lakin bunu bacara bilmədiyini, Zərərçəkmiş şəxs2 2024-cü ilin mart ayından, Zərərçəkmiş şəxs3 isə ondan bir müddət sonra tanıdığını, razılaşmalarına əsasən 6 ay ərzində xeyir və zərərlərini müzakirə etməyəcəklərini, lakin Həsənlə Emilin razılığa əməl etmədiklərini, 6 ayın sonunda qazandıqları halda pulu onlara verəcəyini, bir gün işdə olan vaxt 4 saat ərzində Bitcoin-nin qiymətinin 70000 ABŞ dollarından 59000 ABŞ dollarına düşdüyünü, belə olan halda onların çox gəlir əldə etmələrinin mümkün olduğunu, bu barədə Həsən və Emilə dediyini, Həsəngilin ona zəng etdiklərini və çox sevindiklərini, lakin sözləşmələrinə əsasən Bitcoin-in qiyməti 45000 dollara düşdükdə əməliyyatı dayandırmalı olduğunu, onun hesablamalarına görə isə qiymətin bundan da aşağı düşməsi ehtimalının olmadığını, Həsəngilə söz verdiyi gəliri verə biləcəyini düşündüyünü və emosiyalara qapıldığını, əməliyyatı dayandırmaq istədiyini, amma məbləği bağlamadığını, platformada bir neçə dəfə əməliyyatlar etdiyini və bu halın platformada pulların atmasına səbəb olduğunu bildirmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
15. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının:
16. 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
17. 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür.
18. 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.
19. 5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun.
20. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, CPMin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
21. “Şübhəli şəxsin tutulması haqqında” 26 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə, saat 20:40-da tutulmuşdur (cild 01; i.v.49).
22. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 26 noyabr 2024cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.108-110).
23. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.114).
24. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
25. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
26. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
27. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
28. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;
29. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır;
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
32. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
33. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
35. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dair epizodlar üzrə əsassız olaraq AR CM-nin 178-ci maddəsi ilə ittiham verilmiş, nəticədə onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmamış, onun əməlində AR CM-nin 178.3.2-ci maddəsinin deyil, AR CM-nin 178.2.4-cü maddəsinin tərkibinin olması həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxslər və şahid ifadələri, o cümlədən, iş materiallarında olan sübutlarla təsdiq olunduğundan Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməlidir.
36. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ayazı onun qardaşı Seymur vasitəsi ilə tanımışdır. Keçən il bir yerdə oturub bizneslə məşğul olmaq barədə söhbət edən zaman Seymur onlara qardaşı Ayazın Tradinglə məşğul olduğunu və qardaşını onlarla tanış edə biləcəyini bildirmişdir. Ayazı tanıdıqdan sonra ona mart ayında 30000 dollar miqdarında pul verməyə razılaşmışdır. Aprel ayında Ayaz qoyduqları pul vəsaitinin az olduğunu, daha çox pula ehtiyac olduğunu dedikdə, o, Ayaza əlavə 25000 dollar da pul vermişdir. Ayaz ona pulu mayın sonunda verəcəyini bildirsə də, iyun ayının ortalarında pulun batdığını, onun pulunu isə avqust ayının ortalarında qaytaraca biləcəyini demişdir. Vaxt çatdıqda Ayazdan pulu qaytarılmasını tələb edərkən Ayaz pulunun olmadığını, avqust-sentyabr aylarında qaytaracağını bildirmişdir. Lakin həmin vaxt pul qaytarılmamışdır. Bu səbəbdən də o, Ayazdan şikayətçi olmuşdur. Lakin sonradan nümayəndəsi iş materialları ilə tanış olaraq ona əslində pulun Ayaz tərəfindən hesaba yatırıldığını söylədikdən sonra əslində Ayazın onları aldatmaq niyyəti olmadığını öyrənmişlər. Bu səbəbdən də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur.
37. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Əliyev X6 özlərinə biznes planı hazırladıqlarını, biznes planlarına görə minimum gəlirlərinin 200 faiz olmalı olduğunu, gəlirin 30 faizinin Ayaza, 5 faizinin Seymura verilməli olduğunu, bununla yanaşı, yalnız 30 faiz riskə gedə biləcəklərini, qoyulan sərmayənin mütləq olaraq 70 faiz miqdarında saxlanılmalı olduğunu, gəlirin sərmayə qoyulduqdan 6 ay sonra əldə edilməli olduğunu, qoyulan pulun hansı dərəcədə xeyir gətirməsi barədə hesabatın Ayazın onlara 2 dəfə, ilk dəfə 3 ayın tamamında, ikinci dəfə isə 6-cı ayın sonunda verməli olduğunu, Ayazın may ayında onlara hesabat verdikdə hesabda onların qoyduqlarından daha çox, təxminən 107000 dollar pulun olduğunu, əslində əvvəlcə 50000 dollar miqdarında sərmayə qoymağa planlaşdırsalar da daha çox gəlir əldə etmək üçün yatırımlarını artırdıqlarını, iyun ayının ortalarında, Emilin ona zəng edərək özünün Ayaza zəng etdiyini və yatırılmış pulun nə yerdə olduğunu soruşduqda Ayazın ona pulun batdığını söylədiyini dediyini, pulun batmasının səbəbinin Ayazın səhlənkarlığı və emosiyaları ilə hərəkət edərək iş görməsi ilə əlaqədar olduğunu, Ayazdan pulun batmasının səbəbini soruşduqda Ayazın stres altında olduğunu, səhlənkarlıq etdiyini və pulu batmaqdan xilas etmək üçün özünün də vəsaitini qoyduğunu bildirdiyini, lakin yenə də pulları qurtara bilmədiyini dediyini, pul batan ərəfələrdə Ayazın da öz vəsaitindən yatırımlar etdiyini, həmin pulun da batdığını bildirdiyini göstərmişdir.
38. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Ayazı qardaşı Seymur vasitəsilə tanımışdır. Həsən ilk dəfə Ayaza pul verdikdə o, Dubayda olmuşdur. Həmin vaxt Seymur ona zəng edərək qardaşının Trading biznesi olduğunu və əgər o da istəyirsə 5-10 min dollar yatıra biləcəyini bildirmişdir. Bundan sonra mart ayında Seymur, Ayaz, o, və Həsən görüşdükdə biznesin şərtlərini müzakirə etdikdən sonra Ayaza 10000 dollar miqdarında pul vermişdir. Şərtlərə görə minimim 200 faiz gəlir əldə edəcək və artıq sentyabr ayında pulu götürəcək və ən əsası yatırdıqları pulun 30 faizindən çoxunun batmasına yol verilməyəcəkdi. 10000 dollar pulu Seymur vasitəsilə Ayaza vermişdir. Həmin vaxt Ayaz rayonda olduğundan bilavasitə pulu ona verə bilməmişdir. 10-15 gün sonra Ayaz ona zəng edərək görüşmək lazım olduğunu demişdir. Görüşdükdə Ayaz ona verdiyi pulun çox az olduğunu demişdir. Sonradan o, yenə də Ayaza 10000 dollar pul vermişdir. Apreldə ikinci dəfə pul verdikdən sonra Ayaz zəng edərək axşam görüşmək lazım olduğunu bildirmişdir. Onlar görüşdükdə Ayaz pulun az olduğunu, əlavə olaraq 50000 dolların lazım olduğunu demişdir. O, Ayaza 25000 dolları yalnız geri qaytarmaq şərti ilə verəcəyini bildirdikdə Ayaz ona narahat olmamağı, iyunun 15-dək ona həmin pulu qaytaracağına söz vermişdir. Həsənə olan 25 min dollar məbləğində borcunu isə mayın sonunda qaytarmağa söz vermişdi. Bundan sonra onlar pulları Ayaza vermişlər. Ayaz onlara gördüyü işin psixoloji gərgin olduğunu deyərək onu tez-tez narahat etməyi xahiş etmişdir. Pullarla bağlı sualları olduqda Seymurla danışırmışlar. İyun ayının 14-ü vəziyyəti soruşmaq üçün Ayaza zəng etdikdə Ayaz əslində vəziyyətin yaxşı olmadığını, işin alınmadığını, lakin verdikləri pulları özünün qaytaracağını bildirmişdir. Ayazın avqustun 15-nə kimi qaytaracağına söz verməsinə baxmayaraq oktyabrın axırınadək borcu qaytarmadığı üçün onlar Ayazdan şikayət vermişlər. Ayazın onları aldatdığını düşünmüşlər, lakin sonra nümayəndələri iş materialları ilə tanış olduqdan sonra bildirmişdir ki, əslində pulun batmaması üçün Ayaz həm də öz şəxsi hesabından pul yatırmışdır. Hazırda Ayaza qarşı heç bir şikayət tələbi yoxdur.
39. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 mayın 15də Ayazın ona hesabı göstərdiyi zaman hesabda 107.000 dollar pul olduğunu, Ayazın onları aldatdığını düşünmədiyini, Ayazın pulu Tradingə yatırdığını, sadəcə pulu orda uduzaraq itirdiyini, hətta orda Ayazın öz pulunun da batdığını bildirmişdir.
40. “Mobil telefona baxış keçirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 11 Pro” markalı mobil telefona baxış keçirilmiş, iş masası üzərində yerləşən “Binance” mobil tətbiq proqramına özünə məxsus Tpu1Jw9PlncsaWrYxyEzWqktJjLmH71sK nömrəli şəxsi hesaba 16 mart 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 43.943 ABŞ dolları dəyərində 43.943 “USDT” yüklənmişdir (cild 01; i.v.95-96).
41. “Mobil telefona baxış keçirilməsi haqqında” 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 11 Pro” markalı mobil telefona baxış keçirilmiş, iş masası üzərində yerləşən “BYBİT” mobil tətbiq proqramına özünə məxsus şəxsi hesaba 15 mart 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 133877,668 ABŞ dolları dəyərində 133877,668 “USDT” yüklənmişdir (cild 01; i.v.160-168).
42. Təqsirləndirilən şəxs verilmiş ittihamda onun Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək guya «Bitcoin» kripto valyutası alıb həmin kriptovalyuta ilə müəyyən əməliyyatlar aparmaqla birgə gəlir əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 15 mart 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən «The House by Emiland» kafesində Zərərçəkmiş şəxs2 30.000 ABŞ dolları, 2024-ci ilin aprel ayının ortalarında həmin kafedə 25.000 ABŞ dolları, cəmi 55.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 93.500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməsi, o cümlədən, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək guya «Bitcoin» kripto valyutası alıb həmin kripto valyuta ilə müəyyən əməliyyatlar aparmaqla birgə gəlir əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 25 mart 2024-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs3 onun qardaşı Şahid1 vasitəsi ilə göndərdiyi 10.000 ABŞ dolları, 2024-cü ilin aprel ayının əvvəllərində Xətai rayonu, F.Qəmbərov küçəsi 6 ünvanında yerləşən «The House by Emiland» kafesində Zərərçəkmiş şəxs3 10.000 ABŞ dolları, 2024-ci ilin aprel ayının ortalarında həmin kafedə 25.000 ABŞ dolları, cəmi 45.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 76.500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməsi göstərilsə də, onun həmin şəxslərdən ittihamda qeyd olunan məbləğləri dələduzluq niyyəti ilə almaması, müvafiq məbləğləri alarkən verdiyi vədə əməl edərək həmin pulları təyinatı üzrə istifadə etməsi və bununla da həmin epizodlara münasibətdə əməlində cinayət tərkibinin olmaması məhkəmə istintaqı zamanı təsdiq edilmişdir.
43. Belə ki, həm təqsirləndirilən şəxsin özünün, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 55000 ABŞ dolları və Zərərçəkmiş şəxs3 isə 45000 ABŞ dolları məbləğində pul alması, həmin pulları əlavə qazanc əldə etmək məqsədi ilə «ByBİT» Ticarət Platformasına məxadil edəcəyini vəd etməsi, risk yaranacağı təqdirdə mədaxil edilmiş məbləğin 30% məbləğində pulun itirilməsi riski ilə bağlı razılıqlarının olması müəyyən edilmiş və bu hallar işin mübahisəsiz hallarıdır.
44. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli və 06 mart 2025-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 11 Pro” markalı mobil telefona baxış keçirilmiş, iş masası üzərində yerləşən “Binance” mobil tətbiq proqramına özünə məxsus Tpu1Jw9PlncsaWrYxyEzWqktJjLmH71sK nömrəli şəxsi hesaba 16 mart 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 43.943 ABŞ dolları dəyərində 43.943 “USDT”, 15 mart 2024-cü il tarixdən 07 iyun 2024-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 133877,668 ABŞ dolları dəyərində 133877,668 “USDT” yüklənmişdir (cild 01; i.v.95-96; 160-168).
45. Göründüyü ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ittihamda göstərilən pul məbləğlərini aldıqdan sonra onlara verilmiş vədə uyğun olaraq həmin məbləğlərin hamısını «ByBİT» Ticarət Platformasına mədaxil etmiş, hətta bir müddət həmin məbləğdə artım müşahidə olunmuş (bu fakt zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri ilə də öz təsdiqini tapmışdır), sonradan Təqsirləndirilən şəxs platformada həyata keçirdiyi əməliyyatlar uğursuz olduğundan o, həmin məbləğləri uduzaraq itirmiş, hətta həmin məbləğin batmasının qarşısının alınması üçün öz hesabından da platformaya müəyyən məbləğ mədaxil edərək həmin məbləği də itirərək özü də maddi zərərə məruz qalmışdır.
46. Belə ki, işin həqiqi hallarından görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ümumilikdə 100000 ABŞ dolları pul vəsaitini (müvafiq olaraq 55000 və 45000 ABŞ dolları olmaqla) 2024-cü ilin mart ayının 15-dən aprel ayının ortalarınadək olan müddət ərzində hissə-hissə olmaqla vermişlər. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondakı “Binance” mobil tətbiq proqramına baxış zamanı isə Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən (Zərərçəkmiş şəxs2 pulu aldığı ilk tarixdən başlayaraq) 07 iyun 2024cü il tarixədək (özünə məxsus pul vəsaitini də daxil etdiyi tarix daxil olmaqla) olan müddət ərzində ByBİT» Ticarət Platformasına 133877,668 ABŞ dolları dəyərində 133877,668 “USDT” yükləməsi öz təsdiqini tapmaqla onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 əldə etdiyi pul vəsaitlərini məhz onlara vəd etdiyi qaydada istifadə etməsi sübuta yetirilmişdir.
47. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs öncədən onlara bu işin riskli olduğunu və itkilərlə nəticələnmə ehtimalının olmasını bildirdiyini qeyd edərək Ayazla maksimum 30% zərərə məruz qalacaqlarına, ondan artıq zərərə məruz qalmadan pulun platformadan çıxarılmasına dair razılıqlarının olduğunu, lakin Ayazın razılıq şərtlərini pozaraq 30% zərərdən sonra da risk alaraq oynamağa davam etdiyini və nəticədə bütün məbləğin itirildiyini bildirmişlər ki, bu da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldatmasına və ya öncədən aldatmaq niyyətinin olmasına deyil, əksinə pulu onlarla razılaşdıqları kimi istifadə etməsinə, sadəcə tərəflər arasında olan razılaşmanın şərtlərini pozaraq 30% zərərə uğradıqdan sonra pulu platformadan çıxarmamasına və nəticədə əsasız risk alaraq pulu tamamilə itirməsinə dəlalət etməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ona verdikləri pulun 70% hissəsini ondan mülki qaydada tələb etmək hüquqlarının yaranmasına dəlalət edir.
48. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin dispozisiyasından, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən Plenum qərarından görünür ki, şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin yaranması üçün həmin şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməli və ya əmlak hüquqlarını əldə etməli və şəxsin bu niyyəti əmlakı əldə edənədək yaranmalıdır.
49. Hazırki halda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dair epizodlar üzrə Təqsirləndirilən şəxs nəinki hər hansı əmlak ələ keçirməmiş və ya əmlak hüququ əldə etməmiş, hətta zərərçəkmiş şəxslərin düşə biləcəkləri zərərin qarşısını almaq üçün öz şəxsi vəsaitini itirməyi gözə alaraq özünə məxsus pul vəsaitini də «ByBİT» Ticarət Platformasına mədaxil etmiş və nəticədə özü də maddi zərərə məruz qalmışdır.
50. Lakin istintaq orqanı qeyd olunan halları təsdiq edən sübutları iş materiallarına əlavə etməsinə və guya tədqiq etməsinə baxmayaraq qeyd olunan sübutları görməzdən gələrək, həmin sübutlar barədə zərərçəkmiş şəxsləri məlumatlandırmadan sadəcə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aldadılmalarını zənn etmələrinə dayanan ifadələrinə istinad etməklə şəxsə qeyd olunan epizodlarla bağlı əsassız olaraq ittiham elan etməyi məqbul hesab etmişdir.
51. Göstərilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dələduzluq yolu maddi zərər vurulmasına dair irəli sürülmüş ittiham əsassız olmaqla məhkəmə iclasında nəinki öz təsdiqini tapmamış, əksinə həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxslərin, həm də yuxarıda göstərilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilərək Təqsirləndirilən şəxs həmin şəxslərə münasibətdə əməlində dələduzluq cinayətinin tərkibinin olmaması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsə verilmiş ittihamdan həmin epizodların xaric edilməsi üçün əsasdır.
52. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
53. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.
54. Məhkəmə, həmçinin, qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir.
55. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir.
56. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamdan onun Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona cəmi 55.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 93.500 manat məbləğində külli miqdarda maddi zərər vurmaqla dələduzluq etməsinə, o cümlədən, onun təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona cəmi 45.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 76.500 manat külli miqdarda maddi ziyan vuraraq dələduzluq etməsinə dair epizodlar xaric edilməlidir.
57. Bununla yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona 25.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 42.500 manat məbləğində maddi zərər vurmaqla dələduzluq etməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, onlar arasında həyata keçirilmiş üzləşdirmə protokolu, Şahid2 ibtidai istintaqı zamanı verilmiş ifadəsi, təqsirləndirilən şəxs tərəfindən imzalanmış 27 fevral 2024-cü il tarixli iltizamla öz təsdiqini tapmaqla məhkəmə istintaqı zamanı da sübuta yetirilmişdir.
58. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsdən 30000 ABŞ dolları alınmasına baxmayaraq ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs sonradan 5000 ABŞ dollarını qaytarması nəzərə alınmaqla ona 25000 ABŞ dollarına münasibətdə ittiham verilməsinə münasibətdə isə məhkəmə bu halın təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğuna dəlalət etdiyini və qanunvericiliklə bu kimi hallarda təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi əsası ilə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün dövlət ittihamçısının və ya zərərçəkmiş şəxsin vəsatətinin olması mütləq şərt kimi nəzərdə tutulduğunu nəzərə alaraq qeyd edir ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürərək göstərilən halın araşdırılması ilə bağlı cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq üçün səlahiyyətli deyil.
59. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər.
60. Hazırki halda məhkəmə işə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxmağa haqlıdır.
61. Belə olan halda Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasının hədləri daxilində cəzalanmalıdır.
62. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
63. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır.
64. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
65. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12), zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini (CM-59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
66. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
67. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, tərəfindən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınaraq məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə və ev dustaqlığında saxlandığı müddətlər azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- Zərərçəkmiş şəxs1 təqdim etdiyi 27 fevral 2024-cü il tarixli iltizam cinayət işinin materiallarında saxlanılmalıdır.
68. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 08:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir.
69. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
70. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
71. İş üzrə mülki iddia yoxdur.
72. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
73. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdən 17 iyun 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay 22 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 01 ay 14 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs1 təqdim etdiyi 27 fevral 2024-cü il tarixli iltizam cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov