Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1169/2024 25.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunu sədrliyi, X6 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 01 ədəd sellofan kəsiyi bükümdə külli miqdarda təmiz çəkisi 3,386 qram olan narkotik vasitə heroini və 1 ədəd sellofan kəsiyi bükümdə külli miqdarda təmiz çəkisi 3,298 qram olan ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, 06 sentyabr 2023-cü il tarixdə, saat 18:40-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb, ünvan 4iş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən külli miqdarda təmiz çəkisi 3,386 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 3,298 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd 11*7 sm ölçüdə gümüşü rəngli üzərində narkotik vasitə herionin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər artıq çəkidən əziyyət çəkdiyi üçün arıqlamaq məqsədi ilə ara sıra müxtəlif dərman vasitələrindən və psixotrop maddələrdən istifadə etmişdir. 2023-cü ilin avqust aylarında İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Əyyub adlı şəxs ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Söhbət əsnasında Əyyub onun ailə vəziyyəti ilə maraqlanmış, sonuncuya maddi vəziyyətinin çətin olduğunu bildirmişdir. Bundan sonra onlar mütəmadi olaraq danışdığı üçün aralarında səmimi münasibətlər yaranmışdır. Əyyub ona arıqlamaqda köməklik göstərəcəyini bildirmiş və arıqlamaq üçün narkotik vasitə və psixotrop maddələr təklif etmişdir. O, ilkin olaraq ehtiyyat etsədə lakin sonradan Əyyubun təklifini qəbul etmiş və sonuncu ona “şüşə” adlandırılan maddəni pulsuz vermişdir. Əyyub adlı şəxs 2023-cü ilin avqust ayının axırlarında “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ona Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığına psixotrop maddə metamfetamin qoyduracağını bildirmişdir. O, Əyyubun dediyi ünvana ilk dəfə getmiş və işıq dirəyinin alt hissəsinə qoyulmuş ağ rəngli sellofanı götürüb yaşadığı evə gəlmişdir. Evdə sellofanın içərisinə baxarkən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Əyyub ilə əlaqə saxlayıb nə səbəbdən narkotik vasitə olan heroində göndərdiyini soruşduqda sonuncu ona bağlamanın yalnış qoyulduğunu və ona deyəcəyi ünvana həmin narkotik vasitə olan heroini aparıb qoymağını xahiş etmişdir. Lakin o, Əyyubun təklifindən qorxaraq xahişini rədd edib onun profilini blok etmişdir ki, birdə onunla əlaqə saxlaya bilməsin. Bundan sonra o, psixotrop maddəni 0.1 qramından artıq istifadə etməmək üçün Sabunçu rayonu ərazisində yerləşən bazardan tərəzini tanımadığı şəxsdən alıb yaşadığı ünvana gəlmişdir. Həmin psixotrop maddə metamfetamini aldığı tərəzidə çəkərək az miqdarda istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ev yiyəsi evə gəlib baxacağını bildirdiyi üçün yaşadığı evdən çıxarkən qeyd etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tərəzi ilə birlikdə üzərində götürmüşdür. Həmin günü ünvan 3 ünvanın qarşısına piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına aparmışlar. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona elan olunduqdan sonra buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış, bu zaman üzərində qanunla qadağan olunmuş əşyanın təqdim olunması təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzini və 1 ədəd şəffaf rəngli sellofanı masanın üzərinə qoymuşdur. X8 tərəfindən 1 ədəd şəffaf rəngli sellofan açıldıqda 1 (bir) ədəd sellofan bükümün içərsində olan 1 ədəd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroini və 1 ədəd ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, narkotik vasitə heroinin çəkisi 4.02 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 3.39 qram olmuşdur. Aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçinin və təhqiqatçının tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, onun əldə etdiyi narkotik vasitə hesab edilən heroini üzərində saxlamasının səbəbi, ya onu satıb yada ki, dəyişdirib əvəzində metamfetamin almaq olmuşdur. Həmçinin o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır və saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Daha sonra əməlindən səmimi peşman olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34cü PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin şöbənin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə, saat 18:40-da ünvan 3 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək sonuncuya 34-cü PŞ-nə getməli olduğunu bildirmiş və sonuncunun üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu həmin şöbəyə aparmışlar. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı onun tərəfindən raport yazıldıqdan sonra sonuncunun üzərinə şəxsi axtarışın aparılması bölmənin təhqiqatçısı A.İbadova həvalə olunmuş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək təqdim edilmişdir. Bundan sonra xidməti otaqda videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanılmış, sonuncunun üzərinə şəxsi axtarışın aparılmasında onun vəkili, o, 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmiş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofanı təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən ağ rəngli şəffaf rəngli sellofan açıldıqda sellofanın içərisində 01 ədəd sellofan kəsiyinə bülükmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroin digəri bir ədəd sellofan kəsiyinin içərisində isə ağ kristal şəkilli maddə aşkar olunmuşdur. Sonuncu həmin maddə ilə suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığına qoyulduqdan sonra götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı A.İbadov tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı zorakı hərəkətlər edilməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofanı təqdim etmişdir. Cinayət işinin 28-29-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 80-85-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 47-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4747 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... imza Təqsirləndirilən şəxs...” yazılan zərfdə 01 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 3,836 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd sellefon kəsiyi bükümdə təmiz çəkisi 3,298 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin zərfdə 01 ədəd 11*7 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onların çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi – 3,836 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 3,786 qram. Metamfetaminin təmiz çəkisi – 3,298 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 3,248 qram. Cinayət işinin 48-ci vərəqəsndə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5959 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-121-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalmış 3,786 qram narkotik vasitə heroin, 3,248 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq Bakı şəhəri Xətai RPİ-də məsul saxlanca verilmiş və şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD-R disk iş üzrə sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 39-cu vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 19:50-dən 19:57-dək Bakı şəhəri Xətai RPİ-nin 34cü PB-də qeydə alınmışdır. Həmin bölmənin təhqiqatçısı A.Q.İbadov bölməyə gətirilmiş Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun üzərinə xidməti otağda şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd elektron tərəzi, bir ədəd şəffaf rəngli sellofanı təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən ağ rəngli şəffaf rəngli sellofan açıldıqda sellofanın içərisində 01 ədəd sellofan kəsiyinə bülükmüş içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroin digəri bir ədəd sellofan kəsiyinin içərisində isə ağ kristal şəkilli maddə aşkar olunur. Sonuncu həmin maddələri İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığına qoyduqdan sonra götürdüyünü bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən heç nə aşkar olunmur. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı A.İbadov tərəfindən bir ədəd zərfdə qablaşdırılır, digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanır. Cinayət işinin 94-cü vərəqəsində olan Göyçay RİHB-nin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01-1890 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət qonşular arasından Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskdə olan videogörüntülərlə, ekspert rəyləri və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan metamfetaminin şəxsi istehlak miqdarından təxminən 220 dəfə, külli miqdarından təxminən 1.6 dəfə, narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından təxminən 255 dəfə, külli miqdarından təxminən 1.9 dəfə artıq olması sonuncunun narkotik vasitələrin məhz satış məqsədi ilə əldə edildiyini bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Həmçinin həmin qərarın 14-cü bəndinə əsasən bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarından göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün satış niyətilə əldə edlməsi, saxlanılması, daşınması, hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və psixotrop maddəni və narkotik vasitəni özünün istifadəsi üçün əldə etməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qarşısına qoyulmuş məqsədinə çatmaq üçün satış niyyətilə psixotrop maddə və narkotik vasitələri əldə etmiş, saxlamış və daşımşdır. Belə ki, sonuncu ifadəsində İİR-nın vətəndaşı Əyyub adlı şəxsin ona psixotrop maddə hesab edilən metamfetamin göndərəcəyini bildirsədə, sonuncu ona heroin və metamfetamin göndərməsinə baxmayaraq o, heroini məhv etməmiş, əksinə qazanc əldə etmək və ya sataraq yenidən metamfetamin almaq və ya heroinlə metamfetamini dəyişmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən üzərində psixotrop maddə və narkotik vasitələrdən başqa bir elektron tərəzi aşkar edilmişdir ki, həmin elektron tərəzinin üzərində də narkotik vasitə olan heroinin izləri aşkar edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi digər ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, şübhəli şəxsin dindirilməsi protokolundan(i/v 58-61) və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, (i/v 80-85), təqsirləndirilən şəxs istər məhkəməyədək istintaq dövründə istərsədə məhkəmə iclasında törətdiyi əməli tam etiraf etmiş, əməlindən səmimi peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa cinayət işinin 58-61-ci vərəqələrində olan şübhəli şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ifadəsində göstərmişdir ki, o, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini arıqlamaq məqsədi ilə əldə etmişdir. Lakin maddi imkanı zəif olduğu üçün “İnstaqram” sosial şəbəkəsindən tanıdığı “Əyyubun” ona verdiyi narkotik vasitədən qazanc məqsədi ilə istifadə və həmin narkotik vasitəni narkotik vasitə aludəçisi olan tanışlarına satıb pul əldə etməyi fikirləşmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiqin edilmədiyini bildirmişdir. Həmçinin iş materialların olan, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat vermə və təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokollarından görünür ki, istər təqsirləndirilən şəxs və istərsə də onun müdafiəçisi təqsirləndirilən şəxsə verilmiş ittihamla bağlı narazı olduqlarını bildirməmiş və həmçinin hər hansı şikayət və vəsatət verməmişlər(i/v 127, 128). Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin miqdarını (heroinin təmiz çəkisi – 3,836 qram, metamfetaminin təmiz çəkisi – 3,298 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5959 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 3,786 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Presedent Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Xətai RPİ-nin məsul saxlancında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 3,786 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1169/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1169/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver