Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1170/2023 24.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı, müdafiəçi - “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 5 avqust 1960-cı ildə Bakı şəhərində doğulmuş, evli, əvvəllər məhkum olunmamış, natamam-orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, nömrəsiz fərdi tikilmiş evdə yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbirlə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 2,734 qram narkotik vasitə olan heroini, təmiz çəkisi 0,522 qram olan psixotrop maddə olan metamfetamini və təmiz çəkisi 53,73 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində və yaşadığı evində saxlamış və xx.xx.2023-cü il tarixdə saat 18:45 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə baxış keçirilərkən onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 0,522 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs 14-cü Polis Bölməsində olarkən ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaşadığı evində narkotik vasitələrin saxlanması barədə daxil olmuş məlumat, habelə bu barədə etdiyi etirafı əsasında xx.xx.2022-ci il tarixdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yerləşən fərdi tikilmiş evin qonaq otağında masanın üzərində 01 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 2,734 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 53,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində heroinin və metamfetaminin izləri olan 03 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, 40 ildir ki, marixuana istifadə edir, heroin və metamfetamini isə 2-3 il əvvəl istifadə etməyə başlamışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğundan, axşam vaxtı evinə gələn zaman 5 nəfər polis əməkdaşı onu qapının ağzında saxlayıb üstünü yoxlasalar da, üstündən heç nə çıxmadıqdan sonra onunla birgə evə keçmişlər. Həmin vaxt evində stolun üstündə ayrı-ayrı bükümlərdə 1 qram miqdarında 20 və 30 manatlıq heroin, yarım qram miqdarında 20 manatlıq metamfetamin, 37 qram marixuana və 1 ədəd tərəzi olmuş, həmin narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, ittihamda göstərilən digər narkotik vasitələri isə boynuna qoymuşlar. Evində aşkarlanan 3 tərəzidən biri, yəni böyük tərəzi mətbəxin tərəzisi olmuş, o, həmin tərəzidən istifadə etməmiş, ailə üzvləri istifadə edərək şirniyyat bişirib satmışlar. Biri özünün olmuş, digər tərəzi isə ona məxsus olmamışdır. O, evində olan marixuananı tərəzidə çəkməmiş, narkotik vasitəni alarkən çəkisində aldanmaması üçün tərəzidən istifadə etmişdir. 20 manatlıq narkotik vasitə ona axşamdan-axşama 3 gün istifadə etməyə kifayət etmiş, polis əməkdaşları tərəfindən saxlanılma ehtimalı olduğundan gündüz vaxtları narkotik vasitədən istifadə etməmişdir. O, hər dəfə, yəni 3-4 gündən bir müxtəlif şəxslərdən aldığı narkotik vasitə və ya psixotrop maddəni 1 ay və ya 40 müddətində istifadə etmiş, həmin narkotik vasitəni əldə etdiyi şəxsin adı onun üçün maraqlı olmadığından soruşmamış, sonuncu dəfə narkotik vasitəni aldığı şəxsi isə ümumiyyətlə tanımamışdır. Onda ittihamda qeyd edildiyi kimi 53 qram yox, 37 qram marixuana olmuş, 40 qram çəkidə olan marixuananı o, 50-60 manata aldıqdan sonra 3 qramını istifadə etdiyindən, 37 qram qalmışdır. O, gündəlik 1 qram marixuana istifadə etmişdir. Narkotik aludəçisi dostları olsa da, o, heç kimə narkotik vasitəni borc verməmiş, almamış, telefon vasitəsi ilə sifariş verməmiş, narkotik vasitə ehtiyacına görə vəziyyəti pis olanda da heç kimə deməmiş, heç kimdən havayı narkotik istəməmiş, heç kimin yanında narkotik vasitədən istifadə etməmişdir. Əvvəllər məhkum olunmamış, polisə də narkotikə görə çağırılmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılıq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, 26 noyabr 2022-ci il tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti təsdiq edən sənədini soruşduqda, həmin sənəd olmadığına və üzərində narkotik vasitə olduğuna görə yayınmaq istəməsi şübhə yaratdığından, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə dəvət edilmiş, etiraz etmədən oraya getdikdə ona narkotik vasitələrin qanunsuz saxlama, daşıma və gəzdirmədə şübhəli olduğunu bildirmişlər. O, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulduqdan sonra şəxsi axtarış keçirildiyi zaman ərizə verərək müdafiəçisinin həmin istintaq hərəkətində iştirakı istəməmiş, daha sonra təhqiqatçının xidməti otağında videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan “Patı”, yəni metamfetamini təqdim edərək masanın üzərinə qoyduqdan sonra həmin sellfofan açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddənin olması müəyyən edilmiş, o, həmin madənin metamfetamin olduğunu, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra yaşadığı evində narkotik vasitə saxladığını, evində narkotik vasitənin olub-olmamasını soruşduqda o, evində də narkotik vasitə olduğunu bildirmiş və ərizə verib iştirakı ilə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan başqa, üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmiş, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi nömrəsiz evdə isə qonaq otağındakı stolun üzərində 2 ədəd sellofana bükülmüş narkotik vasitə və 3 ədəd tərəzi aşkar edilmiş, həmin bükümlər açıldıqda içərisində narkotik vasitə olan heroin və marixuananın olması müəyyənləşmiş, aşkar edilmiş maddələr və tərəzilər protokollaşdırılaraq götürülmüşdür. O, həmin aşkar edilmiş heroini 20 manata “Patı” (metamfetamin) aldığı şəxsdən almış, marixuananı isə tapmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə arasında ədavət, düşmənçilik olmamışdır. 26 noyabr 2022-ci il tarixdə dəqiq xatırlamadığı vaxtda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində əməliyyat müvəkkili Şahid1 ilə birgə xidmətdə olarkən Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan yaxınlaşıb suallar verdikdə yayındığından, habelə həmin ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir şəxsin olduğu barədə məlumat olduğundan, şübhələnib 14-cü Polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs evinin qarşısında saxlanıldığı zaman əynində qara rəngli gödəkçə olmuş, həmin vaxt onun üzərinə baxış keçirilməmişdir. Bölmədə baxış zamanı üzərində metamfetamin aşkar olunmuş, o, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını, evində də narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs evinə özünün etirazı olmadan videoçəkilişlə baxış keçirildiyi zaman qonaq otağındakı jurnal stolunun üzərində 3 ədəd tərəzi, bir büküm heroin və bir büküm marixuana aşkar olunmuşdur. Həmin tərəzilər qızıl ölçmək üçün olan tərəzilərdən olmuş, hansınınsa məişət üçün istifadə edilən tərəzi olub-olmadığını dəqiq xatırlamır. Tərəziləri sənədləşdirib götürmüş və məhkəmə-texniki ekspertizaya göndərmişlər. Təqsirləndirilən şəxs evindən aşkar olunanlar sənədləşdirilib götürülərək ekspertizaya göndərilmişdir. Şahid2 dindirilərkən Təqsirləndirilən şəxs verilmiş çarpaz suala cavab olaraq həmin tərəzilərinin birinin, yəni mətbəx tərəzisinin mətbəxdə, digərinin divanın üzərində, üçüncüsünün isə ümumiyyətlə işləməyən tərəzi olduğu söylədikdə, Şahid2 inkar edərək öz ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs ilə arasında ədavət, düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə iş yoldaşı Şahid2la birgə Maştağa qəsəbəsində Baloğlan Bağırov küçəsində “Qara saqqallılar” dükanının yanında olarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparıb verilən suallardan yayınmaq istədiyindən, narkotik maddələrin qəbulunda şübhə doğurduğuna görə onu 14-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddəni təqdim etmiş, bundan başqa saxlanılan şəxsin yaşadığı Baloğlan Bağırov küçəsindəki evinə də videoçəkilişlə baxış keçirilmiş, xatırladığı qədəri ilə evindən marixuana və heroin, eləcə də tərəzilər aşkar edilmişdir. Həmin tərəzilərin, eləcə də narkotik vasitənin bükümlərinin sayını xatırlamır. Üzərindən və evindən aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq Şahid1 ifadəsində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 18:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsində Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin rayon polis idarəsinin 14-cü Polis Bölməsinə dəvət edilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə saat 18:45-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 14, 15) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 60-61) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-965/2022 nömrəli qərarından görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 84-87) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-163/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 mart 2023-ü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 100-103) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti zamanı baxış keçirilərkən, o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanda kristalşəkilli maddəni təqdim etmiş və həmin kristalşəkilli maddənin “patı” (yəni metamfetamin) olduğunu, həmin maddəni Bakı şəhəri, Maştağa qəsəbəsində tanımadığı şəxsdən 20 manata alıb şəxsi istifadə üçün üzərində saxladığını, 20 (iyirmi) ildir ki, narkotik vasitə istifadə etdiyini və yaşadığı ünvanda da özünün istifadəsi üçün narkotik vasitə olduğunu bildirmiş, aşkar olunan maddələr zərfə qoyularaq üzəri Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürləndikdən sonra imzalanmışdır. (Cild 1, iş vərəqə 26-27) “Fərdi evə baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hüseybala oğlunun yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi nömrəsiz fərdi evə baxış keçirilən zaman qonaq otağında olan stolun üzərindən 1 bükümdə bir ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə nakotik maddəyə bənzər vasitə və bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik tərkibli qurudulmuş çətənə bitkilərinin hissəcikləri və üç ədəd tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 31-34) xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Fərdi evə baxış və götürmə aparılması haqqında” protokollarda qeyd edilənlər öz əksini tapmışdır. (Cild 1, iş vərəqə 71-72) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6774 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi və “...iştirakçı:Təqsirləndirilən şəxs- imza, iştirakçılar- iki imza; Təhqiqatçı: M.Müsəllimovimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 2,734 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi və “...iştirakçı: Təqsirləndirilən şəxs -imza, iştirakçılar- iki imza; Təhqiqatçı: M.Müsəllimov imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,522 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi və “...iştirakçı: Təqsirləndirilən şəxs - imza, iştirakçılar- iki imza; Təhqiqatçı: M.Müsəllimov imza...” yazı əlavəsi qeyd edilmiş iki ədəd kağız zərflərdə 3 ədəd elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı l), metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı l) daxildir. (Qeyd: Heroinin təmiz çəkisi - 2,734 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,684 qram, Metamfetaminin təmiz çəkisi - 0,522 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,472 qram) (Cild 1, iş vərəqə 44-46) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7/1348 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Ağayev...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 53,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Qeyd: Marixuananın təmiz çəkisi - 53,73 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 53,63 qram) (Cild 1, iş vərəqə 50-51) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin xx.xx.2022-ci il tarixli, 7268 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 110-111) “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,734 qram təşkil edən narkotik vasitə olan heroin, təmiz çəkisi 0,522 qram psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 53,73 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərində heroinin və metamfetamin in izləri olan 3 ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,684 qram heroin, qalıq çəkisi 0,472 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 53,63 qram narkotik vasitə qurudulmuş marixuana, üzərində heroin və metamfetaminin izləri olan 3 ədəd elektron tərəzi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 89-90) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,734 qram təşkil edən narkotik vasitə olan heroin, təmiz çəkisi 0,522 qram psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 53,73 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərində heroin və metamfetaminin izləri olan 3 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması nəzərə alınmış, üzərinə və evinə baxış keçirilməsini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, məhkəməkimyəvi ekspertiza rəyi, məhkəmə-bioloji ekspertiza rəyi, məhkəmə-narkoloji rəyi, şəxsi axtarış və digər sənədlər sübut növü kimi qəbul edilmişdir. (Cild 1, iş vərəqə 112-119) “Cinayət işinin materiallarından yeni cinayət işinin ayrıca icraata ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edildiyi naməlum mənbənin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 121) Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli ***-**** nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilsə də, narkotik vasitələri alan şəxsləri müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 104) Tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nömrənin olmasına dair heç bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 109) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olubolmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində 5 nəfər polis əməkdaşı tərəfindən küçədə yaşadığı evin qapısında saxlanıldığı zaman üzərinə axtarış keçirildikdə hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkarlanmadığını desə də, şahidlər Şahid1 və Şahid2 Mais oğlu təqsirləndirilən şəxs evinin qarşısında saxlanıldığını zaman digər polis əməkdaşlarının orada olmadığını, həmin vaxt üzərində şəxsi axtarış keçirilmədiyini, özünü şübhəli apardığında görə 14-cü Polis Bölməsinə dəvət edib orada şəxsi axtarış və baxış keçirilən zaman 1 bükümdə psixotrop maddə olan metamfetamini cibindən çıxardıb təqdim etdiyini, aşkar olunan psixotrop maddənin qablaşdırıldıqdan sonra ekspertizaya göndərildiyini bildirmişlər. Təqsirləndirilən şəxs həmin 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılması xx.xx.2022-ci il tarixli, cinayət işinin materiallarının 4-cü vərəqində olan raportdan da görünür. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin daha çox polis əməkdaşı tərəfindən saxlanılması və saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət- Prosessual Məcəlləsi) 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, Təqsirləndirilən şəxs 5 nəfər polis əməkdaşı tərəfindən küçədə yaşadığı evin qapısında saxlanıldığı zaman üzərinə axtarış keçirildikdə hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkarlanmadığını bildirməsi mötəbər sübutlarla təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə verdiyi ifadəsində evindən aşkar olunmuş marixuananın çəkisinin 57 qram yox, 37 qram olduğunu, aşkar edilmiş tərəzilərin yalnız birinin şəxsən ona məxsus olmaqla istifadə etdiyini, digər tərəzilərdən birinin mətbəx tərəzisi olduğunu və ondan istifadə etmədiyini, ailə üzvlərinin həmin tərəzidən şirniyyat bişirmək üçün istifadə etdiklərini, digər tərəzinin isə mövcudluğundan xəbərinin olmadığını, tərəzilərin ittihamda təsvir edildiyi kimi divanın qarşısındakı stolda olmadığını, mətbəx tərəzisinin mətbəxdə, digər tərəzinin isə divanda olduğunu söyləsə də, cinayət işinin materiallarının 26-27-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarının 31-34-cü vərəqlərinndə olan “Fərdi evə baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində içərisində psixotrop maddə (metamfetamin) olan 1 ədəd büküm və ona məxsus evdə içərisində narkotik vasitələr (heroin və marixuana) olan 2 ədəd büküm və divanın qarşısındakı stolun üzərində 3 ədəd elektron tərəzi olmuş, o, həmin bükümləri və tərəziləri istintaq hərəkətləri zamanı könüllü olaraq təqdim etmişdir. Habelə, aşkarlanmış tərəzilər təqsirləndirilən şəxsin evinin qonağın otağındakı stolun üstündə olmuşdur. Təqsirləndirilən şəxs 14-cü Polis Bölməsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən üzərinə baxış keçirilən zaman təqdim etdiyi 1 bükümdə psixotrop maddə olan metamfetamin, eləcə də evinə baxış zamanı aşkar edilən 1 bükümdə narkotik vasitə olan heroin və 1 bükümdə narkotik vasitə olan mariuana, həmçinin 3 ədəd elektron tərəzi o və digər iştirakçıların iştirakı ilə zərfə qoyulub 100 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizaları təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 6/6774 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi və “...iştirakçı: Təqsirləndirilən şəxs - imza, iştirakçılar- iki imza; Təhqiqatçı: M.Müsəllimov “imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 2,734 qram qəhvəyi rəngli maddə kütləsi, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi və “...iştirakçı: Təqsirləndirilən şəxs - imza, iştirakçılar- iki imza; Təhqiqatçı: M.Müsəllimov “imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə təqdim edilmiş, zərfin tamlığı pozulmamış, zərfi açdıqda içərisində 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 0,522 qram qəhvəyi rəngli maddə kütləsi, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100” dairəvi möhür əksi və “...iştirakçı: Təqsirləndirilən şəxs - imza, iştirakçılar- iki imza; Təhqiqatçı: M.Müsəllimov “imza...” yazı əlavəsi qeyd edilmiş 2 ədəd kağız zərfdə təqdim edilmiş, zərflərin tamlığı pozulmamış, zərfləri açdıqda içərisində 1 ədəd ağ rəngli elektron tərəzi və 2 ədəd gümüşü metallik rəngli elektron tərəzilər aşkar edilmişdir. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddələrin narkotik vasitə-heroin, psixotrop maddə-metamfetamin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Habelə, hər üç elektron tərəzilərin üzərində heroinin və metamfetaminin izlərinin olması müəyyənləşmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli, 7/1348 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti 1 ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN-in “Zərflər üçün” 100 №-li möhürü ilə möhürlənmiş vəziyyətdə daxil olmuş, təqdim olunmuş üzərində “...Ağayev...” yazısı və imzalar olan kağız paketi açdıqda 1 ədəd yaş sellfoan bükülünün içərisində təmiz çəkisi 53,73 qram olan yaşılımtıl rəngli, çətənə (kannabis) bitkisinə oxşar, spesifik qoxuya malik xırdalanmış qurudulmuş bitki mənşəli kütlə aşkar edilmişdir. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin kütlənin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyənləşmişdir. Göründüyü kimi, hər iki ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərf və kağız paketlərinin tamlığı pozulmamış, təqdim edilənlər əsasında ekspertiza keçirilib nəticəyə gəlinmişdir. Təqsirləndirilən şəxs evində aşkarlanmış marixuananın kütləsinin az olmasını iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı ifadəsində göstərdikləri mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı ifadə verərkən Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin və evindən narkotik vasitələrin aşkarlanmasını bildirmiş, təqsirləndirilən şəxs isə ona verilmiş çarpaz suallara cavab olaraq Şahid1 dediklərinin həqiqət olmasını təsdiq etmişdir. Bu isə onun üzərindən hər hansı çəkidə narkotik vasitə və ya psixotrop maddə aşkarlanmadığı kimi ifadəsini bir daha təkzib edən hal kimi qiymətləndirilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini və ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürür. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsində olan məlumatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan kimi qəbul edir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroin və marixuananı, psixotrop maddə olan metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- MT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə olan heroin külli miqdar təşkil edir. Heroinin şəxsi istehlak miqdarından artıq hesab edilməsi üçün təmiz halda ən aşağı həddi 0,15 qram qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən isə psixotrop maddə olan metamfetaminin istifadəsinin şəxsi istehlak miqdarından artıq hesab edilməsi üçün təmiz halda ən aşağı həddi 0,15 qram qeyd edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 12-ci bəndinə əsasən isə narkotik vasitə olan marixuananın qurudulmuş halda istifadəsinin şəxsi istehlak miqdarından artıq hesab edilməsi üçün təmiz halda ən aşağı həddi 5 (beş) qram qeyd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Ağayev X1 evinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 2,734 qram, 01 ədəd bükümdəki narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 53,73 qram, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin isə təmiz çəkisi 0,522 qram təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs evindən aşkarlanmış heroinin miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkarlanmış psixotrop maddə olan metamfetaminin miqdarı təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təqribən 3,4 dəfə, onun evindən aşkarlanmış narkotik vasitə olan marixuananın miqdarı təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təqribən 10,7 dəfə, narkotik vasitə olan heroinin miqdarı təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan təqribən 18,22 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin, evindən aşkarlanmış narkotik vasitə olan heroin və marixuana bağlamalara bükülmüş, habelə həmin bükümlərin ölçülməsi və hazırlanması üçün avadanlıq olan 3 ədəd elektron tərəzi aşkarlanmışdır. Müvafiq ekspert rəyinə görə hər 3 elektron tərəzidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş üzrə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, məhkəmə cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsi axtarış və evə baxış zamanı təqdim etdiyi narkotik vasitə olan heroin, narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetaminin bağlamalara bükülməsinə, habelə həmin bükümlərin hazırlanması üçün avadanlıq olan elektron tərəzilərin olmasına, 3 fərqli növdə narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamasına, daşımasına, satış məqsədi ilə əldə edilməsinin müvafiq əməliyyat orqanı tərəfindən müəyyən edilməsinə, iş üzrə dindirilmiş şəxslərin ifadələrinə və digər sübutlara əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmə tərəfindən cəzası yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin bükümlərinin sayını, miqdarını, elektron tərəziləri, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarının ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-965/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 noyabr 2022ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 170 (yüz yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ümumilikdə 2,684 qram heroin, qalıq çəkisi 0,472 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 53,63 qram narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd elektron tərəzi məhv edilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə, fərdi evə baxış və götürmə aparılması videosunu özündə əks etdirən 1 (bir) DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99- 1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 7268 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs şəxsi anket məlumatlarını təsdiq edən şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarına əlavə edilmiş elektron məhkəmə portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixii 39 saylı qərarının 3.7-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs yaşının 60 yaşdan çox olmasını nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 26 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 2,684 qram heroin, qalıq çəkisi 0,472 qram psixotrop maddə metamfetamin, qalıq çəkisi 53,63 qram narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1170/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1170/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver