Məhkəmə qərarları › İş №1(101)-1171/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1171/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1171/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümükünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edilib, cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini Sumqayıt şəhəri ərazisində törətmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.1-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını tanışı, Bakı şəhəri İcra Hakimiyyətinin Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayətkar əlaqəyə girib, aralarındakı razılaşmaya əsasən 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisində mütəxəssis vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərilməsi məqsədi ilə özünə müraciət etmiş Sumqayıt şəhər sakini Şahid1 Təqsirləndirilən şəxs2 ilə birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya özlərinin Azərbaycan Respublikası Milli Məclisində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını şəxsən yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 55000 (əlli beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2019-cu il tarixdə Şahid1 yaşadığı ünvan 1 ünvanında 10000 (on min) manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 13-cü mkr, ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisində 45000 (qırx beş min) manat olmaqla, ümumilikdə aldığı 55000 (əlli beş min) manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığında görüşüb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 55000 (əlli beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.1-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, xx.xx.1998-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Aparatında işə qəbul edilməklə müxtəlif vəzifələrdə işləyib, sonuncu dəfə Bakı şəhər İcra Hakimiyyəti Aparat rəhbərinin xx.xx.2012-ci il tarixli 297 №-li sərəncamı ilə keçirmə yolu ilə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə böyük mütəxəssis vəzifəsinə təyin edilib xx.xx.2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayətkar əlaqəyə girib, aralarındakı razılaşmaya əsasən Azərbaycan Respublikası Milli Məclisində mütəxəssis vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 vasitəsilə 2019-cu ilin oktyabr ayının əvvəlində özünə müraciət etmiş Şahid1 Təqsirləndirilən şəxs1 ilə birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui- istifadə edərək guya özlərinin Azərbaycan Respublikası Milli Məclisində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncu vasitəsi ilə yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan 55000 (əlli beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu vasitəsi ilə Şahid1 aldatmaqla bildirərək, sonuncu ilə Təqsirləndirilən şəxs1 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Şahid1 yaşadığı ünvan 3 ünvanında 10000 (on min) manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 13-cü mkr, ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisində 45000 (qırx beş min) manat olmaqla, ümumilikdə aldığı 55000 (əlli beş min) manat məbləğində pul vəsaitini 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ilə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığında görüşüb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 55000 (əlli beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Beləliklə, həm Təqsirləndirilən şəxs1 və həm də Təqsirləndirilən şəxs2 verilmiş ittihamın məzmunundan görünür ki, onlar cinayət əlaqəsinə girib, iki epizoddan ibarət cinayətin hər iki epizodunu vahid niyyətlə Sumqayt şəhəri ərazisində törədib özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, əldə etdiyi pulları isə Bakı şəhərinin ərazisində bölmüşlər. Yəni, həmin şəxslərin törətdikləri dələduzluq cinayəti Sumqayıt şəhəri ərazisində başa çatmışdır. Pulun harada bölünməsinin isə cinayətin başa çatma anına aidiyyəti yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yursisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ağır cinayətlərin törədildiyi yer olan Sumqayıt şəhəri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmsına yol verilmir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirlərinin əsaslığını müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4,312.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar