Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1171/2024 23.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, nömrəsiz fərdi evdə müvəqqəti yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə saat 23 radələrində ünvan 3 ünvanda yerləşən «Zəfəran» restoranının qarşısında tanımadığı Gusemov Avtandıl (Hüseynov Avtandilin) onunla kobud danışaraq ünvanına nalayiq sözlər işlətməsi səbəbindən özünü alçaldılmış hesab edərək, 24 may 2023-cü il tarixdə saat 00:15 radələrində «Zəfəran» restoranına gəlmiş və restoranın 2-ci mərtəbəsində Gusemov Avtandıla (Hüseynov Avtandilə) yaxınlaşıb üzərində olan müəyyən edilməyən kəsici-deşici alətlə (bıçaqla) qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona mədənin yaralanması ilə müşayiət olunan qarının sol yarısının ön divarından qarın boşluğuna keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd deşilmiş-kəsilmiş bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 may 2023-cü il tarixdə təxminən saat 20 radələrində bazarda dostları Şahid1, Şahid2 və Şahid3 görmüşdür. Həmin vaxt onlar ona Fuadın ad gününü qeyd edəcəklərini deyib, həmin məclisə onuda dəvət etmişlər. O, da onlara əlində işinin olduğunu deyib, işlərini yekunlaşdırdıqdan sonra gələcəyini bildirmiş, həmin gün təxminən saat 20:30 radələrində “Zəfəran” restoranının yanından keçəndə, Fuad onu restorana dəvət etmişdir. O, da Fuadın dəvətini qəbul edib “Zəfəran” restoranına gəlmişdir. Təxminən 1 saatdan sonra Fuadın dayısı oğlu sonradan tanıdığı Anar adlı şəxs həmin məclisə gəlmiş və onlarla bir masa arxasında əyləşmişdir. Bir qədər sonra Anar adlı şəxs əli ilə masanın üzərinə yumruqla vuraraq nalayiq və təhqiredici ifadələr işlətmiş, eyni zamanda onları ələ salmağa başlamışdır. Anarın etdiyi hərəkətlərin dava-dalaşa çevriləcəyindən ehtiyat edərək təxminən saat 23 radələrində onlar restoranı tərk edib küçəyə çıxmışlar. Restoranın qarşısında sonradan adını bildiyi Avtandil onların aralarında olan söhbətə müdaxilə edərək nə baş verməsini soruşub Anarın onun məhəllə uşağı olduğunu onlara bildirmişdir. O, isə cavabında Avtandilə: «Sənlik burda heç bir şey yoxdur, müdaxilə etmə, söhbətimizə özümüz aydınlıq gətiririk»,- demişdir. X12 görüb onlara qarşı əl-qol atmağa başlamış və bu zaman Avtandil də əl-qol atmağa başlamış, hətta onu da yumruqla vurmaq istəyən zaman yayınmış və Avtandili kənara çəkmişdir. Bu anda Avtandil ona qarşı nalayiq sözlər işlətmiş, o da cavab vermişdir, münaqişə davam etmiş və o, bir avtomobilə əyləşərək oradan uzaqlaşmaq istəmiş, avtomobilə əyləşdiyi zaman Avtandil onu hədələyərək onunla görüşməyi təkid edib, görüşməyəcəyi təqdirdə nalayiq ifadələr işlətmişdir. O da Avtandilin bu sözlərindən əsəbləşmiş və yarıyolda avtomobildən enmiş, lakin geriyə qayıtmamışdır. Yaşadığı evə gedərkən yolda üzdən tanıdığı, adını bilmədiyi Anarm qardaşı ilə rastlaşmışdır. Anarm qardaşı ona nəyə görə Anarı döydüklərini soruşmuşdur. O isə cavabında qardaşı Anarı döymədiklərini bildirməklə, əksinə Anarm onları təhqir etdiyini və onlara əl atıb vurmaq istədiyini demişdir. Onun bu sözlərindən sonra Anarın qardaşı istifadə etdiyi mobil telefonla kiməsə zəng etmiş, ancaq bilməmişdir ki, Anara və ya Avtandilə zəng edir. Həmin vaxt Anarın qardaşı telefonu ona uzatmışdır. Telefonda Avtandilin səsinə oxşamasını bilmiş, Avtandil ona telefonda nalayiq ifadə işlədib, onunla görüşmək istədiyini sərt formada bildirmişdir. O, Avtandilin bu sözlərindən əsəbləşərək yaşadığı evə getmiş, əsəbləşərək evdən mətbəxdə istifadə olunan mətbəx bıçağını götürərək “Zəfəran” restoranına qayıtmışdır. O, içəri daxil olan zaman Avtandili və onlarla mübahisə edən Anarı görmüşdür. Onu görən Avtandil yeyin addımlarla onun üzərinə gəlmiş və əlini sıxmağını görüb onu vuracağını zənn etmiş, bu səbəbdən əlindəki bıçaqla Avtandilin qarın nahiyəsinə bir dəfə vurmuşdur. Onun əvvəlcədən Avtandilə xəsarət yetirmək və ya öldürmək fikri olmayıb. Törətdiyi cinayət əməlinə görə çox peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Gusemov Avtandil (Hüseynov Avtandil) ifadəsində göstərmişdir ki, 23 may 2023-cü il tarixdə axşam radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən Sabunçu dəmiryol vağzalının yaxınlığındakı “Zəfəran” restoranında masa arxasında tək əyləşib pivə içirmiş. Həmin vaxt siqareti qurtarmış, mağazaya getmək üçün restorandan çıxmışdır. Həmin vaxt restoranın qarşısında bir neçə şəxsin qəsəbədə yaşayan, tanıdığı Anar adlı şəxslə mübahisə etdiklərini görmüşdür. O mübahisənin münaqişəyə çeviriləcəyindən narahat olub onlara yaxınlaşmış və onları aralamağa çalışmışdır. Bu zaman Təqsirləndirilən şəxs onları aralaşdırmağma çalışdığını görüb sərt şəkildə restoranın giriş qapısını onun üzünə örtərək: “Sənlik burda heç bir şey yoxdur, get işinlə məşğul ol»,demiş, o, isə qapını açıb çölə çıxmış, həmin vaxt həmin şəxslə aralarında sözlə mübahisələri yaranmış, mübahisə zamanı həmin şəxs onu söyüb təhqir etmişdir. 24 may 2023-cü il tarixdə təxminən saat 00:15 radələrində Təqsirləndirilən şəxs restorana qalxaraq onun üstünə doğru gəlmiş və ondan nəyə görə onu təhqir etdiyini soruşmuş, o, da Təqsirləndirilən şəxs: “Sən məni söyüb təhqir etdiyinə görə, mən də səni söyüb təhqir etmişəm”,- demişdir. Həmin vaxt yenə Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisələri yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla sol qarın nahiyəsindən bir dəfə zərbə vuraraq ona xəsarət yetirmiş və çıxıb getmişdir. Halhazırda Təqsirləndirilən şəxsla barışmış, şikayətçi deyil, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Elşən və Avtandil adlı şəxsləri tanıyır və onlar hər ikisi müştəri kimi onların restoranına gəlİbgedirlər. 23 may 2023-cü il tarixdə təxminən saat 22 radələrində Elşən üzdən tanıdığı bir neçə nəfər şəxslə restorana gəlmişlər. Avdandil isə həmin gün saat 23 radələrində dostu Samirlə restorana gəlib pivə sifariş verib kabinetlərin birində əyləşmişdilər. Bİr qədər sonra Elşən yanındakı adamlarla bir yerdə yemək yeyəndən sonra getmiş və təxminən 15-20 dəqiqə sonra Elşən tək restorana qayıtmışdır. Bir qədər sonra isə Elşənlə Avtandilin restoranın yan tərəfində küçədə ağacların altında mübahisə etdiklərini görmüşdür. Mübahisədən sonra Avtandil yuxarı pilləkanlarla restorana tərəf qalxmış, bundan bir qədər sonra isə Elşən əlləri cibində pilləkanlarla restorana daxil olmuş, bu zaman restoranın içərisində Avtandil Elşənə yaxınlaşaraq: “Məni söyən sən idin?”,- demiş və Avtandilin bu sözlərindən sonra Elşən cibindən nəsə çıxararaq Avtandilin qarın nahiyəsindən vurmuş və sonra oradan qaçıb getmişdir. Hadisənin hansı səbəbdən və nəyə görə baş verməsini bilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 ilə yaxındır ki, tanıyır, aralarında dostluq münasibətləri var. 23 may 2023-cü il tarixdə təxminən saat 20 radələrində tanışı Elşən, Fuad və Elnurla birlikdə Fuadın ad gününü qeyd etmək məqəsədi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Sabunçu bazarının yaxınlığında yerləşən “Zəfəran” restoranında əyləşmişlər. Təxminən 1 saat sonra adının Anar olduğunu bildiyi Fuadın dayısı oğlu məclisə gəlmiş və o, da onlarla bir masa arxasında əyləşmişdir. Bir qədər yeyib içdikdən sonra Anar onların oturduqları stolun arxasında əyləşən şəxslərlə əsassız yerə mübahisələr etməyə başlamış, onlar isə Anara imkan verməmişlər ki, restoranda olan başqa şəxsləri narahat etməsin və dava dalaş yaratmasın. Anar heç bir səbəb olmadan qohumu Fuadı, Elnuru, Elşəni və onu küçə söyüşləri ilə təhqir edərək, onlarla sözlə mübahisə etməyə başlamış və bu zaman onlar Anara düz danışmadığını və səhv hərəkətlər etməsini irad bildirmişlər. Lakin Anar buna əhəmiyyət verməyərək mübahisə etməkdə davam etmişdir. Bu zaman tanımadığı, lakin sonradan adının Avtandil olduğunu bildiyi şəxs onların arasında olan söhbətə müdaxilə edərək nə baş verməsini soruşub Anarın onun məhəllə uşağı olduğunu onlara bildirmişdir. Həmin vaxt Elşən Avtandilə: “Sənlik burda heç bir şey yoxdur, müdaxilə etmə, söhbətimizə özümüz aydınlıq gətiririk”,demişdir. Bundan sonra Avtandil heç bir səbəb olmadan Elşənlə mübahisə etməyə başlamış, mübahisə zamanı Elşənə qarşı nalayiq sözlər işlətmiş, Elşən də ona qarşılıqlı cavab vermişdir. Onlar oradan uzaqlaşmış, səhəri gün Elnurdan eşitmişdir ki, Elşən Avtandil adlı şəxsə bıçaqla xəsarət yetirib, bıçaqla xəsarət yetirilməsinə səbəb də, Avtandilin, Elşəni sonradan “Zəfəran” restoranına dəvət etməsi və orada söyüb təhqir etməsi olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri sübut kimi qəbul edir. 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməktə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 27) 27 may 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə zalından azad edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 69-74) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tümen vilayətinin Xanti Mansiysk Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi və 73-cü maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə və 02 il şərti sınaq cəzasına məhkum edilmişdir İş vərəqə 93-94 Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 1185 saylı ekspert rəyindən görünür ki, X2 (Zərərçəkmiş şəxs) mədənin yaralanması ilə müşayiət olunan qarının sol yarısının ön divarından qarın boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir; xəsarət deşici-kəsİci alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 96-98) Məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 383/2023-MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X4 (Gusemov Avtandıla) məxsus köynəyin ön hissəsinin sol aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir; bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir (cild 1, iş vərəqi 109-111). Məhkəmə-tibbi bioloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 538/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya maddi sübut kimi təqdim edilmiş hadisə zamanı X3 (Gusemov Avtandıl) əynində olmuş köynəyin üzərində insan qan ləkələri aşkar edilmişdir; köynəkdə aşkar edilmiş qan ləkələrində qrup göstəricilərinin təyini X3 (Gusemov Avtandıl) qan nümunəsi təqdim olunduqdan sonra məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə zamanı zərərçəkmiş şəxs Aftandil Hüseynovu kəsici-deşici alətlə (bıçaqla) vuraraq sonuncuya xəsarətlər yetirməsini etiraf etmiş, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışaraq sonuncuya dəymiş ziyanı tam olaraq ödədiyini bildirmişdir. Bundan əlavə ibtidai istintaq və məhkəmə zamanı dindirilmiş zərərəçəkmiş şəxs Aftandil Hüseynov da ifadə verərək Təqsirləndirilən şəxs onu kəsici-deşici alət (bıçaqla) ilə vuraraq xəsarət yetirməsini təsdiq etmişdir. Zərərçəkmiş şəxs X7 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyan tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı mülki iddiası, şikayəti və tələbi olmadığını bildirmiş, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə etməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 6 (altı) ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 iyun 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları - zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzədə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi, Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək,müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2010cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət – 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Eyni zamanda «Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, qeyd edilən Ali Məhkəmənin Plenum qərarına əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu müddət təyin olunan cəza müddətinə hesablanmamalı və şərti məhkum etmə çəkilməli olan deyil, təyin olunan cəzaya tətbiq edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi, cəzasını ağırlaşdıran halların olmamasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan zərərçəkmiş şəxs Hüseynov Avtandilin (Gusemov Avtandıl) hadisə zamanı əynində olmuş və həmin paltarla xəsarət aldığı bir ədəd qara rəngli kişi köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 may 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu müddət - 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə X5 Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlama yerində saxlanılan zərərçəkmiş şəxs Gusemov Avtandıl (Hüseynov Avtandilin) hadisə zamanı əynində olmuş və həmin paltarla xəsarət aldığı bir ədəd qara rəngli kişi köynəyi məhv edilsin. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1171/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1171/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver