Məhkəmə qərarları › İş №1(101)-1172/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1172/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1172/2021 24.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X5, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Devrəm” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd verdikdən sonra “Devrəm” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 1030 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 28 iyul 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi 114 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq baş idarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, 1030 qram çəkidə narkotik vasitə heroin sağ əlində saxladığı bir ədəd ağ rəngli sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 28 iyul 2021-ci il tarixdə günorta təxminən xatırladığı qədəri ilə 14:30 radələrində idarə etdiyi avtomaşınla Mərdəkan yolu istiqamətindən Qala yoluna dönərkən, siqaret almaq üşün idarə etdiyi avtomaşını saxlamışdır. Siqaret almaq üçün avtomaşından düşən zaman mülki geyimli şəxslər ona yaxınlaşararaq narkotik maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərinə axtarış keçirmişlər, üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Sonra Buzovna qəsəbəsində yaşadığı evdə axtarış keçirilən zaman, yaşadığı evdən qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Sonra onu gətirmişlər Baş Narkotiklərlə Mübarizə İdarəsinə, idarədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçisi olan Surxay ondan 30.000 manat pul istəmişdir, o, Surxayın istədiyi məbləğ ilə razılaşmamış, razılaşmadığı üçün qiyməti 20.000 manat, daha sonra 10.000 manata düşmüşdür. Surxayın ona dediyi heç bir məbləğlərlə razılaşmamışdır. Həmin gün onu saxlamışlar idarədə, axşam saat 9-10 radələrində onu göndərmişlər aşağı zirzəmiyə. Hansı ki, onu saxlayan mülki geyimli polis işçiləri onu zirzəmidə olduğu zaman, ona qarşı zor tətbiq edərək onu döymüşlər. Polislər onu döydükdən sonra Surxay ona demişdir ki, “ya mən dediklərimi edəcəksən, yada qardaşın X10 gətirib sənin yanına qoyacam”. O da məcburiyyət qarşısında qalaraq Surxayın dedikləri ilə razılaşmışdır. Bu səbəbdən o, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmir və məhkəmədə verdiyi ifadəsini təsdiq edir. O, ümumiyyətlə Devrəm adlı şəxsi tanımır və heç kimdən narkotik vasitə almamışdır. X14 Respublikasından narkotik vasitənin keçirilməsində iştirakı olmamışdır. İran İslam Respublikasından narkotik vasitənin ölkəyə keçirilməsində heç bir məsləhəti olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələr ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələr arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən bir il bundan əvvəl Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu zaman Bakı şəhəri, Səbail rayonun ərazisində yerləşən “Park Bulvar” ticarət mərkəzinin qarşısında ailəsi ilə birlikdə olan bir nəfər şəxs onun idarə etdiyi avtomobilə əli ilə işarə edərək saxlamağını bildirmişdir. Avtomobili saxladığı zaman həmin şəxs bir neçə yerə getmək istəməsini bildirdi və idarə etdiyi avtomobillə gedə biləcəklərini soruşmuşdur. Bu zaman həmin şəxsə boş olduğunu bildirərək ailəsi ilə birlikdə həmin şəxsləri götürmüşdür və istədikləri ünvanlara aparmışdır. Avtomobildə olduğu zaman həmin şəxsin İran İslam Respublikasının vətəndaşı olan “Devrəm” adlı şəxs olması, ailəsi ilə birlikdə istirahət etmək məqsədi ilə Bakı şəhərinə gəlməsi ona məlum olmuşdur. Həmin şəxslə arasında olan söhbət əsnasında o, istifadə etdiyi mobil nömrəni götürmüş və taksi lazım olduğu təqdirdə əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra “Devrəm” adlı həmin şəxs taksi lazım olduğu zaman onun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr altında istifadə etdiyi Watsapp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamış və onu lazım olduğu yerlərə aparmışdır. Bu minvalla “Devrəm” adlı İran İslam Respublikasının vətəndaşı ilə onun arasında yaxın münasibət yaranmışdır. “Devrəm” adlı həmin şəxs İran İslam Respublikasına qayıtdıqdan sonra da onunla münasibəti olmuşdur. Belə ki, mütəmadi olaraq Watsapp ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Təxmnən 2020-ci ilin iyun ayının sonlarında “Devrəm” adlı həmin şəxs onunla Watsapp ani mesajlaşma proqramı vasitəsi ilə danışdığı zaman ona narkotik vasitənin satışı ilə məşğul olduğunu, narkotik vasitə verərək həmin narkotik vasitənin Azərbaycan ərazisində satışını təşkil edəcəyi halda qarşılığında da pul verəcəyi barədə təklif etmişdir. Lakin həmin vaxt “Devrəm” adlı həmin İran vətəndaşının təklifini qəbul etməmişdir. Təxminən 10 gün bundan əvvəl təxminən axşam vaxtlarında İran İslam Respublikasının vətəndaşı “Devrəm” adlı həmin şəxs +98 990 806 8276 nömrə altında istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr altında istifadə etdiyi Watsapp ani mesajlaşma proqramı vasitəsi ilə onun ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi Watsapp ani mesajlaşma proqramı vasitəsi ilə onunla yenidən əlaqə saxlamışdır və birlikdə narkotik vasitənin satışını həyata keçirtmək barədə təklif etmişdir. Belə ki, Devrəm adlı həmin şəxs arasında olan danışıq zamanı onda narkotik vasitə heroin olmasını, həmin heroinin Azərbaycan Respublikası ərzisində müştərisinin olmasını, onda olan heroini götürərək deyəcəyi şəxsə satışını təşkil etməyini bildirmiş və bunun qarşılığında isə ona 150 manat pul verəcəyini qeyd etmişdir. Maddi vəziyyəti aşağı olduğu üçün “Devrəm” adlı həmin İran vətəndaşının təklifini qəbul etmişdir. Həmin günün səhəri günü axşam saat təxminən 23-23:30 radələrində Devrəm adlı İran vətəndaşı Watsapp vasitəsi ilə ona zəng edərək Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAF X4rşısında olan ağacın yaxınlığında 1 ədəd ağ rəngli sellofan paketin içərisində qara rəngli sellofan paketdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir və həmin narkotik vasitəni olduğu yerdən götürərək satışını həyata keçirtmək məqsədi ilə onun deyəcəyi yerə aparıb qoyacağını və qarşılığındada 150 manat qazanc əldə edəcəyini bildirmişdir. Onunla telefonda danışadanışa ona məlumat verdiyi yerə gedərək həmin yerdən 1 ədəd ağ rəngli sellofan paketin içərisində olan qara rəngli sellofan paketdə olan narkotik vasitə heroni götürərək yaşadığı ünvana getmişdir. Həmin narkotik vasitəni yaşadığı ünvanda təxminən 10 gün saxlamışdır. Belə ki, Devrəm adlı İran vətəndaşı həmin narkotik vasitənin satışını təşkil etmək üçün vaxtı və qoyacağı yeri özü ona deməli olmuşdur. 28 iyul 2020-ci il tarixdə Devrəm adlı İran vətəndaşı Watsapp vasitəsi ilə onunla əlaqə saxlayaraq ondan əldə etdiyi həmin narkotik vasitəni Bakı şəhəri, Xəzər rayonu, Mərdakan şossesində bir yerə aparıb qoymağını istəmiş və qoyduqdan sonra narkotik vasitəni qoyduğu yer barədə ona məlumat verməyini bildirmişdir. Bu məqsəd ilə 28 iyul 2020-ci il tarixdə yaşadığı ünvanda öz otağında gizlədərək saxladığı həmin narkotik vasitəni əlində götürərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şossesi ilə hərəkət etdiyi zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşararaq polis əməkdaşı olduqlarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim et. Bundan sonra əlində saxladığı içərisində narkotik vasitə heroin olan ağ rəngli sellofan torbanı stolun üstünə qoymuşdur. Baxış zamanı həmin ağ rəngli sellofan torbanın içərisində qara rəngli 01 ədəd sellofan paket olduğu müəyyən edilmişdir. Bundan sonra həmin qara rəngli sellofan torbaya baxış keçirilmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilən zaman əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd “İphone” və 1 ədəd “Samsung” markalı mobil telefonlar, şalvarın arxa sağ yan cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bunlardan başqa üzərindən heçnə aşkar edilməmişdir. Bundan sonra bir ədəd qara rəngli sellofan bükümdə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülmüş, zərfə qoyularaq möhürlənmiş və həmin zərfin üzərini imzalanmışdır. Bundan sonra Samsung və İphone markalı mobil telelfonlar və bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Devrəm” adlı şəxsdən sonuncunun narkotik vasitənin olduğu yer barədə məlumat verdiyi yerdən götürərək üzərində saxlamaqla daşıdığını, həmin narkotik vasitəni “Devrəm” adlı şəxsin deyəcəyi şəxsə satışını təşkil etmək məqsədi ilə onun dediyi yerə qoyacağını, bunun qarşılığında Devrəm adlı İran vətəndaşının ona 150 manat pul verəcəyini, narkotik maddələrdən istifadə etmədiyini, satış məqsədi ilə külli miqarda narkotik vasitə olan heroini əldə edib, saxlayaraq daşımağı və onun satışını həyata keçirməyi barədə İran İslam Respublikasının vətəndaşı “Devrəm” adlı şəxs ilə əvvəldən razılaşaraq cinayət əlaqəsinə girdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola proses iştirakçıları ilə birlikdə imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 iyul 2020-ci il tarixdə “Emin” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat tədbiri keçirilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi 114 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 28.07.2020-ci il tarixdə saat 18:30-da yuxarıda qeyd etdiyi ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarəyə gəldikdən sonra müəyyən səbəblərdən sənədləşmə işlərini apara bilməmişdirlər. Belə ki, həmin vaxt digər tədbirlərlə bağlı başları qarşıq olmuş və Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etməsində onunla əlbirliyi olan şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. O cümlədən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına təyin edilmiş müdafiəçi baş idarəyə həddən artıq gec gəlmişdir. Bütün yuxarıda qeyd olunan səbəblərə görə Təqsirləndirilən şəxsla sənədləşmə işlərini apara bilməmişdirlər. Belə olub iki nəfər polis əməkdaşının müşayiəti altında Təqsirləndirilən şəxs idarədə saxlamışlar. Lakin sənədləşmə işləri başlayana qədər Təqsirləndirilən şəxs polis əməkdaşlarının müşayiəti altında nəzarətdə saxlanılmışdır ki, üzərində qanunsuz olaraq əldə edib saxladığı əşya və yaxud vasitələr varsa həmin vasitələri atmasın və yaxud gizlətməsin. Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçi Baş İdarəyə gəlib çıxdıqdan sonra o Təqsirləndirilən şəxs təqdim olunaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərlərində külli miqdarda satış məqsədi ilə narkotik vasitə əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərlərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən paltarlarında, əşyalarında, əlindəki selofan torbada və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli, sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu söyləmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin sellofan torba açılmışdır. Həmin sellofan torbanın içərisində 1(bir) ədəd qara rəngli sellofan paket olduğu müəyyən olunmuşdur. Qara rəngli sellofan torbaya baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxs axtarış zamanı onun əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd qara rəngli “İphone” markalı mobil telefon, 1(bir) ədəd “Samsung” markalı mobil telefon, şalvarın arxa sağ yan cibindən şəxsin özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni 10(on) gün bundan öncə Abşeron rayonu Xırdalan şəhəri ərazisindən götürdüyünü və onun yerinin İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Devrəm” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə bildirdiyini söylədiyini bildirmişdir. O, təxminən 1(bir) il bundan öncə Bakı şəhərində həmin Devrəm adlı şəxslə tanış olduğunu və onu İran İslam Respublikasının vətəndaşı kimi tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı götürdüyü maddəni ona deyilən yerə qoyduqdan sonra bu barədə Devrəm adlı şəxsə məlumat verməli və bunun müqabilində 150(yüz əlli) manat pul əldə edəcəyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərdi ki, onun barəsində Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həqiqət deyildir. Belə ki, o, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul istəməmişdir, bu barədə Eminin dedikləri tam yalandır. O və digər polis əməkdaşları tərəfindən Eminə heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir. Əksinə Təqsirləndirilən şəxs əməliyyat tədbiri və protokol tərtib edilərkən törətmiş olduğu əməli səmimi olaraq etiraf etməklə göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər və əlavə olaraq göstərmişlər ki, əməliyyat tədbiri keçirilən zaman və bununla bağlı protokol tərtib olunarkən onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və mənəvi təzyiq göstərilməmişdir, bu barədə Eminin dedikləri tam yalandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında olduğu zaman, müstəntiq gəlmiş və ona bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə narkotik vasitələrin dövrüyəsi ilə əlaqədar telefon mesaj yazışmaları olmuşdur. O, isə müstəntiqə bildirmişdir ki, Emin Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmur. Eminin narkotik vasitələrin satışı ilə məşğul olmasını görməmiş və bu barədə məlumatı yoxdur. O, özü narkotik vasitənin istifadəçisidir, Emin isə istifadə etmir. O, İranlı Devrəm adlı şəxsi tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında verdiyindən təsdiq etmir. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, üzərindən narkotik vasitə aşkar olunması faktı ilə bağlı Xəzər RPİ-nin İstintaq şöbəsində barəsində cinayət işi üzrə istintaq aparılır. Təxminən bir ildir ki, narkotik vasitənin el arasında kakos və şüşə deyilən növlərindən istifadə edir. Belə ki, narkotik vasitələrdən xəstəliyi ilə bağlı ağrıları olduğu üçün istifadə etmişdir. Lakin heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. əvvəllər istifadə etdiyi narkotik vasitəni tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Lakin 2020-ci ilin təxminən may ayından etibarən iyunl ayının sonlarınadək istifadə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs müəyyən qədər pul qarşılığında alaraq istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun xalası qızı Arifə Məmmədovanın qeyri-rəsmi olaraq yaşadığı həyat yoldaşıdır. Onun əvvəllər Təqsirləndirilən şəxs ilə elə də yaxın münasibətləri olmamış, lakin o tutulmamışdan təxminən 3 ay qabaq onunla yaxın münasibətləri yaranmışdır. Münasibəti yarandığı vaxtdan etibarən o, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını bilmişdir.Həmin vaxtdan etibarən istifadə etdiyi narkotik vasitəni Təqsirləndirilən şəxs almağa başlamışdır. Belə ki, o Təqsirləndirilən şəxs aldığı heroinin bir qramı üçün ona 20 manat pul verirdi. Lakin bir neçə dəfə də olmuşdur ki, Təqsirləndirilən şəxs onun pulu olmadığı üçün və ağrıları olduğuna görə istifadə etmək üçün ona pay olaraq narkotik vasitə vermişdir. O, Təqsirləndirilən şəxs satdığı narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Devrəm” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bilirdi. Belə ki İran vətəndaşı Devrəm adlı şəxs narkotik vasitələri və psixotrop maddələri qoyduğu yer barədə Təqsirləndirilən şəxs məlumat verirdi, Emində həmin maddələri götürərək müştərilərə satışını təşkil edirdi. Bunun qarşılığında Devrəm adlı İran vətəndaşı Eminə müəyyən qədər pul verirdi. Təqsirləndirilən şəxs ona və digər şəxslərə pərakəndə şəkildə satdığı narkotik vasitə və psixotrop maddələr İranlının göndərdiyi narkotik vasitələrin üstündən götürdükləri idi. Çünki Təqsirləndirilən şəxs onun yanında dəfələrlə İran vətəndaşı Devrəm adlı şəxs ilə Whatsapp vasitəsi ilə danışmışdır və onların aralarında olan danışıqdan yuxarıda qeyd etdiklərinin şahidi olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 29 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 28 iyul 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi 114 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı ağ rəngli polietilen torbada narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2020-ci il 6/1417 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 7 nömrəli möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” və.s yazılar olan kağız paketdəki 01 ədəd polietilen bağlamada təmiz çəkisi 1030 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 14.09.2020-ci il tarixli 2533 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Məmmədov X6 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılmış və onun ifadəsində göstərdikləri özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsində göstərilənlərlə, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda göstərilənlərlə və digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən inandırıcı qəbul olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadə ağır cinayət məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qəbul olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə şahid qismində dindirilən Şahid4 hazırda həbsdə olduğundan Təqsirləndirilən şəxs məsuliyyətdən kənarda qalmasına görə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli məzmunda ifadə verir və bu səbəbdən məhkəmə şahidin iş üzrə məhkəmədə verdiyi ifadəsini inandırıcı ifadə kimi qəbul etmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması, daşıması cinayətlərini törətməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan əməlləri Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.07.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməklə, həbs etmənin əvvəli 28.07.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 28.07.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 1029,9 qram heroin məhv edilməlidir. Bir ədəd Samsung və bir ədəd İphone markalı mobil telefon aparatları yaxın qohumuna qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 iyul 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 1029,9 qram heroin məhv edilsin. Bir ədəd Samsung və bir ədəd İphone markalı mobil telefon aparatları yaxın qohumuna qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar