Məhkəmə qərarları › İş №1(101)-1173/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1173/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1173/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi X1, Zərərçəkmiş şəxs2 hüquqi varisi X4, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1999-cu il tarixdə Qazı- Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü ildə, saat 00:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 62-ci kilometrində idarə etdiyi “Hundaı Santa FE” markalı 77SV596 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun orta zolağı ilə Bakı şəhəri istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X12» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sol zolağında yerdən qalxaraq yolun sağ tərəfinə doğru iti yerişlə 8 metr məsafə qət etmiş piyada 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Kərim bala oğlunu avtomobilin ön hissəsi ilə vurmuş, zərbənin təsirindən avtomobilin kapotu açılıb avtomobil idarəetmədən çıxaraq sola istiqamətlənib birtərəfli yol təhlükəsizlik səddinə çırpılaraq avtomobildə olan sərnişin 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 xəsarət almış, nəticədə ehtiyatsızlıqdan iki və ya daha artıq, yəni iki şəxsin Zərərçəkmiş şəxs1 ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başnı sağ gicgah-ənsə sümüklərinin qəlpəli, basılmış sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, sol baldır sümüyünün yuxarı 1/3-dən tam amputasiyası, çənəaltı nahiyənin əzilmiş yarası, sol çənə şaxəsinin səthi əzilmiş yarası, boyun nahiyəsinin, sol bazu və sol qalça nahiyələrinin sıyrıqları xəsarətlərini yetirməklə hadisə yerində ölümünə və Zərərçəkmiş şəxs2 baş beyin toxumasının və onurğa beyinin artan kəskin ödemi, baş beyin və onurğa beyinin travmatik əzilməsi, baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə Vİİİ, sağ yarısının orta qoltuqaltı xətt üzrə Vİİ qabırğalarının sınıqları, ağciyərlərin kontuziyası və sağ plevra boşluğunun pnevmatoraksı, onurğanın döş şöbəsinin Vİİİ fəqərəsinin kompression fəsadlaşmış sınığı, sol dirsək oynağının arxa səthinin və hər iki əlin arxa səthinin sıyrıqları xəsarətlərini yetirməklə 26 noyabr 2024-cü ildə saat 09:45-də X9 ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü, saat 7-8 radələrində Əliəkbərlə birlikdə olmuşlar. Həmin dövrlər onlar razılığa gəlmişlər ki, o, yaşamaq üçün Ələkbərin yanına köçsün və birgə yaşasınlar. Onunla birgə ora köçməsi üçün rayona gedib döşək götürəcəkdi. Ələkbərə birlikdə getməyi təklif etmişdir. Ələkbər demişdir ki, topazda işi var, onu gördükdən sonra onunla gedə bilər. Ələkbər işlərini bitirdikdən sonra rayona yola çıxmışlar. Valideynləri rayonda onları qarşılamışlar. Qayıdan vaxt Pirsaatlıda maşını saxlamışdır. Orada zoopark var idi. Onlar heyvanlara baxmışlar. Ələt yoluna çatanda 30- 40 metr aralıdakı məsafədən kiminsə qaçdığını görmüşdür. Həmin şəxsi vurmamaq üçün avtomobili sağa sürsə də, avtomobillə həmin şəxsə dəymişdir. Bu zaman avtomobilin kapotu qalxmış, onun görünüş dairəsi məhdudlaşmış və o, yolu görmədiyindən dəmirə çırpılmışdır. Bu vaxt Əliəkbər maşından çölə düşmüşdür. O, aşağı düşəndə görmüşdür ki, Əliəkbər sağdır və yerdədir, digər zərərçəkmiş isə rəhmətə getmişdi. Əliəkbərin yaşadığını görüb, təcili tibbi yardım çağırmışdır. O, həmin vaxt yaşayırdı. O da xəstəxanaya Əliəkbərlə birlikdə getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs hadisə zamanı avtomobili 105-110 km/saat sürətlə idarə etdiyini, yolda çiskin olduğunu və havanın qaranlıq olduğunu, Yılmazı 30-40 metr məsafədə hərəkət edərkən gördüyünü, qəfildən Əliəkbərin qəzadan sonra artıq maşından çölə düşdüyünü gördüyünü, Əliəkbərin həmin vaxt özündə olduğunu, Əliəkbərin 11 gün müddətində xəstəxanada qaldığını, Əliəkbərin bacısı Xatirənin 70-80 min manat Əliəkbərin sağalması üçün pul lazım olduğunu dediyini, Xatirəyə həmin məbləğdə pulunun olmadığını dediyini, kart paylaşaraq, özünün də bir az kömək edərək dəstək ola biləcəyini bildirdiyini, Xatirənin kartına 500 manat pulu ilkin olaraq göndərdiyini, 5300 manat pulun isə dost-tanış vasitəsilə yığıldığını, 500 manatdan əlavə 2000 manat da Xatirəyə pul verdiyini, 2400 manat pulu Xatirənin kart hesabına göndərdiyini, ona cəmi 4400 manat məbləğində pul ödədiyini, Əliəkbərlə xəstəxanada olarkən tez-tez danışdığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. Hadisə bağlı heç nə bilmir. Sadəcə ona zəng olunaraq oğlunun yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə məlumat verilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Onlar ona Əli deyə müraciət edirdilər. Hadisədən bir gün sonra Əlinin obyektinin açılışı olacaqdı. O, topaz işlədirdi. Hadisə günü, axşam saatlarında ona zəng gəlmiş, Əlinin dostları bildirmişlər ki, onun şəxsiyyət vəsiqəsinin şəkli lazımdır. O da düşünmüşdür ki, Əli topaz işlətdiyi üçün onu polis saxlayıb. Zəng edəndə, dostu demişdir ki, Əli qəza keçirmişdir. Təqsirləndirilən şəxsı ilk dəfə orda görmüşdür. O, daha əvvəl tanımamışdır. O, düşünmüşdür ki, Əlinin qolu sınmışdır. Sonradan bilmişdir ki, onun ürəyi az qala dayanırmış. Ona demişlər ki, həmin xəstəxanada Əlinin yaşaması üçün lazım olan avadanlıqlar yoxdur. Həmin avadanlıqlar olan xəstəxanın isə depoziti var idi. Həmin depozit isə ilk olaraq 10.000 manat idi. O, Orxanla görüşmək istəmişdir. Orxan ona hadisəni danışmışdır. Sonradan Əlinin əvvəlki iş yerindən olan dostları onlardan kart nömrələrini istəmişlər. Həmin şəxslər kartın nömrəsini ondan almışlar. Əlinin dostları pul yığmağa başlamışlar. Əli hadisədən 3 gün sonra ayılmışdır. Qardaşı ona demişdir ki, “Orxanla yaxın dost olmuşam. O hər zaman yanımda olub. Ondan şikayətçi olmayın”. O isə demişdir ki, Orxan öz hayındadır. Onlar kart paylaşmağa başlamışlar. Bir gün Əli ona demişdir ki, Orxan müstəntiqlə birləşib ona təzyiq göstərir. Əli vəfat etdikdən sonra Orxangil tərəfdən Əlinin yas mərasiminə heç kəs gəlməmiş, onlara heç bir yardım göstərilməmişdir. Ona ümumilikdə 4400 manat məbləğində pul Orxan tərəfindən ödənilsə də, Orxanla barışmır. Ona 10000 manat pul ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı-Qazax yolunun 62-ci kilometrliyi, Qaradağ rayonu, Ələt qəsəbəsində baş vermişdir. Yol örtüyünün növü asfalt, yol quru olmuşdur. Yolun işlək hissəsinə soldan və sağdan ehtiyat hissə birləşir. Yol nişanları yoxdur. Hadisə yerində şin və tormoz işləri yoxdur (i.v.5-14). “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 14 noyabr 2024-cü il tarixli, 2/63011 saylı rəydən görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.16). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 3-13-16/2-206973/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə (04 mart 2024-cü il tarixədək etibarlı olan) BD 519608 nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.37). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2024-cü il tarixli, 119 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində ölümlə birbaşa səbəbli əlaqəli olan - baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ gicgah-ənsə sümüklərinin qəlpəli, basılmış sınığı, başın təpə nahiyəsinin əzilmiş yarası, sol baldır sümüyünün yuxarı 1/3- dən tam amputasiyası, çənəaltı nahiyənin əzilmiş yarası, sol çənə şaxəsinin səthi əzilmiş yarası, boyun nahiyəsinin, sol bazu və sol qalça nahiyələrinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi zamanı piyadanın avtomobillə vurulması nəticəsində törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs1 ölümünə səbəb başbeyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sağ gicgah-ənsə sümüklərinin qəlpəli, basılmış sınığı və sol baldır sümüyünün tam amputasiyası olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü meyitin müayinəsindən 4-8 saat əvvəl baş vermişdir Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,43 %o qatılığmda etil spirti aşkar edilmişdir. Göstərilən etil spirtinin qatılığı sərxoşluğun qalıq əlamətləri kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir (i.v.42-46). Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X15 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 128 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində ölümlə birbaşa səbəbli əlaqəli olan - baş beyin toxumasının və onurğa beyinin artan kəskin ödemi, baş beyin və onurğa beyinin travmatik əzilməsi, baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah- təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə Vİİİ, sağ yarısının orta qoltuqaltı xətt üzrə Vİİ qabırğalarının sınıqları, ağciyərlərin kontuziyası və sağ plevra boşluğunun pnevmatoraksı, onurğanın döş şöbəsinin Vİİİ fəqərəsinin kompression fəsadlaşmış sınığı, sol dirsək oynağının arxa səthinin və hər iki əlin arxa səthinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, xx.xx.2024- cü ildə yol nəqliyyat hadisəsi zamanı törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası fonunda inkişaf etmiş baş beyin və onurğa beyinin kəskin artan ödemi və əzilməsi olmuşdur. Zərərçəkmiş şəxs2 Ölümü xx.xx.2024cü ildə saat 09:45-də X9 baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (i.v.48-53). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 fevral 2025-ci il tarixli, 8/3574 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində “Hundaı Santa FE” markalı, 77SV596 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X12» Azaybaycan Respublikası Qanununun 50 maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v.78-81). “Maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hundai Santa FE” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır (i.v.84). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 04 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.36). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.115-116). Zərərçəkmiş şəxs1 hüquqi varisi X2 tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Hacıqabul Rayon İcra Hakimiyyətinin MİS-nin rəisi tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 hüquqi varisi X7 ilə barışıq əldə olunması üçün real addımlar atmış, zərərçəkmiş şəxsə 4400 manat məbləğində ödəniş etmiş, zərərçəkmiş şəxs ilkin olaraq 6000 manat məbləğində pulun ödəniləcəyi təqdirdə təqsirləndirilən şəxslə barışacağını bildirsə də, sonrakı məhkəmə iclasında ona 10000 manat məbləğində pulun ödənilməyəcəyi, həmin məbləğdən aşağı məbləğdə pulun ödəniləcəyi təqdirdə təqsirləndirilən şəxslə barışmayacağını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə maddi imkanının yol verdiyi məbləğdə pul ödəmiş, onunla barışıq əldə etmək üçün cəhdlər etmiş, zərərçəkmiş şəxsin tələb etdiyi məbləği ödəməyə təqsirləndirilən şəxsin maddi imkanı yol vermədiyindən tərəflər arasında barışıq əldə edilməmişdir ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaq üçün maddi imkanın yol verdiyi həddə əlindən gələni etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs2 hüquqi varisi X7 ilə barışmağa real cəhdlər etməsini və ona maddi imkanının yol verdiyi məbləğdə pul məbləği ödədiyini (AR CM 59.2), zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 yaxın qohumu olan hüquqi varisi (atası) X2 ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbs edilməli, iş üzrə maddi sübut “Hundai Santa FE” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Həmin hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut “Hundai Santa FE” markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar