Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1174/2025 04.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: X3 oğlunun sədrliyi ilə, Hakimlər: X2 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Qafarova- X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Femida Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, İmişli rayonu, Qaraqaşlı kəndi ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanın qorunmasının qarşısını alan digər şəxsə müqavimət göstərib silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 02 radələrində ictimai yer hesab edilən ünvan 1 ünvanında yerləşən “Qalaaltı” kafesinin qarşısında dayanarkən həmin kafedə spirtli içki qəbul etmiş əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 sonuncudan hesabı ödəməsini tələb edən həmin kafedə ofisiant işləyən Şahid1 ünvanına təhqiramiz ifadələr işlədib kafedən çıxmasından sonra yenidən Şahid1 və kafedə musiqiçi işləyən Şahid2 hesabın ödənilməsi ilə bağlı tələblərinə məhəl qoymadığını görərək Zərərçəkmiş şəxs1 hesabın ödənilməli olmasını izah edərkən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq ifadələr işlədib yumruq zərbəsi endirərək həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan burun nahiyəsinin sıyrığı və sol bazunun qançırı kimi xəsarətləri yetirməsinə cavab olaraq ətrafda istintaqla məlum olmayan şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış qatlanan tipli məişət təyinatlı deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən cib bıçağı ilə qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək perikardı zədələyən 1 (bir) ədəd, sağ qabırğaaltı nahiyənin daxilə nüfuz edərək qaraciyəri zədələyən 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının daxili nüfuz edərək pnevmotoraksla müşayiət olunan 2 (iki) ədəd, döş qəfəsinin arxa səthinin sağ yarının daxilə nüfuz edərək hemitoraksla müşayiət olunan 1 (bir) ədəd ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan və sol qabırğaaltı nahiyənin 2 (iki) ədəd, sol bazu nahiyəsinin 2 (iki) ədəd, sol oma nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan ümumilikdə 11 bıçaq zərbəsi vuraraq deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirməklə yanaşı, xuliqanlıq hərəkətlərini davam etdirərək hadisəyə müdaxilə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 həmin bıçaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun deşilmiş-kəsilmiş yarası xəsarəti yetirib hadisə yerini tərk etmiş, lakin hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs1 vaxtında X5 çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə, yəni qəsdən digər şəxsi həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərib zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini etmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, rayondan Bakıya gəlmiş, dostlarıyla hadisə olan kafedə oturub çay içmiş, dostları gedəndən sonra tək qalmış, siqareti qurtardığına görə kafedən çölə çıxmış və avtobus dayanacağının arxa hissəsində kimlərinsə mübahisə etdiyini görmüş, pilləkənləri qalxanda hesabın verilmədiyini bildirmişlər, o da hesabı verəcəyini bildirmiş, həmin şəxs demişdir ki, “Sən kimsən ki, mənim hesabımı verəsən”. 2-3 metr aralaşandan sonra yenə həmin şəxs onu təhqir etmiş, şəxsə yaxınlaşanda onu vurmuş, sonradan artıq nə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, İmişli rayonunun, Qaraqaşlı kəndində yaşamış, Bakıda “Sea Breeze” istirahət kompleksində fəhlə işləmiş, gündəlik qazancı 35 manat olmuş, Bakıda Yasamalda qalmış, ev üçün adambaşı aylıq 60 manat ödəniş etmiş, hadisə saat 2 radələrində baş vermiş, hadisə olan kafeyə tez-tez getmiş, onu orada tanımışlar, orada işləyən ofisiantları tanımış, kafedən siqaret almağa çıxmış, Babəki birinci dəfə orada görmüş, hesabın nə qədər olduğunu bilməmiş, şəxsin sərxoş olduğunu hiss etməmiş, Babək onu nalayiq formada təhqir etmiş, bıçaq onun üzərində olmuş, o bıçağı kəndlərində yerdən tapmış, bıçağı hər hansı bir məqsəd üçün gəzdirməmiş, şəxs ona şillə və yumruq da atmış, zərbədən yerə uzanan zaman yenə də zərərçəkmiş şəxs onun üzərinə gəlmiş, bıçağı şəxsin hansı nahiyyəsinə vurduğunu bilməmiş, mübahisə təxmini 15 saniyə davam etmiş, şəxsə bıçağı özü yerdə uzanıqlı vəziyyətdə vurmuş, İlham adlı şəxsi hadisə yərində görməmiş, Babəkdən başqa heç kimə xəsarət yetirməmiş, o sadəcə hesabı deyəndə Natiqin səsin eşitmişdir. Onun Babəklə mübahisə etmək üçün heç bir niyyəti və ya məqsədi olmamış, hadisə baş verən zaman ətrafda tanımadığı adamlar olmuş, istintaqda verdiyi ifadəni oxumamışdır. İşin halları və dəlilləri: Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, Hadisə olan zaman yol keçirmiş, dava olduğunu görüb yaxınlaşmış, dava edən şəxslərin hər ikisi sərxoş olmuş, şəxslər bir-birlərinin üstünə hücum edərkən, o onları aralamağa çalışmış, sonra aralaya bilməmiş və çəkilmişdir qırağa, o onu kimin vurduğunu görməmiş, sadəcə zərbə arxa tərəfdən dəymiş, şəxslər bir-birilərini təhqir etmişlər. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, bıçaq görməmişdir, qaranlıq idi, o təhqirləri eşidib gəlmişdir mübahisə olan tərəfə, o yolun o biri tərəfində idi, o yaxınlaşanda görmüşdür ki, 2 nəfər dalaşır, o hadisə yerinə taksi çağırmamışdı, həmin vaxt orada çox adam vardı. Şəxslərin ikisidə formada idi, geyimləri oxşayırdı, o kimləri araladığını bilmirdi, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, özü də sərxoş olmuş, təqsirləndirilən şəxs onu vurarkən bıçaq görməmiş, onu vuranda onun əlində bıçaq olduğunu bilmirmiş. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, evdə yəmək yeyib, spirtli içki içib, yəmək yedikdən sonra evdən çıxmış və kafeyə girib pivə içmək qərarına gəlib, kafedə içdiyi pivənin pulunu stolun üstünə qoyub kafedən çıxıb, sonra isə nə baş verdiyini tam xatırlamır, kafedə hesabla bağlı problemin olub-olmadığını bilməmişdi, o evdə də artıq spirtli içki içdiyinə görə sərxoş olub, şəxsi təhqir etdiyini və ya şəxsin onu təhqir etdiyini xatırlamır, istintaqda müstəntiq onu 3-4 dəfə ifadə verməyə çağırıbdı, o müstəntiq çağıranda sərxoş olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, obyektin içində olmuşlar, Tahir də orda imiş, Tahirlə bir nəfərin arasında mübahisə yaranmış, çölə çıxmışlar, sonra çöldən səs-küy gəlmiş, onların arxasınca çölə çıxmış, mübahisənin yaranma səbəbini araşdırmamışdır. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Babək ilə Cəmalə arasında hesabın ödənməsi ilə bağlı mübahisəsi yaranmış, obyektin içində Cəmalə Babəkdən hesabı ödəməsini istəmiş, buna qarşılıq Babək ağır söyüş söymüş, Tahir də Babəkə demişdir ki, ayıbdır, söyüş söymək olmaz, bundan sonra Babəklə Tahir çölə çıxmışlar, Tahirin Babəkdən hesabı istəməsinin şahidi olmamış, istintaq zamanı bu barədə ifadə verməmişdi, hadisə vaxtı Tahirin əlində bıçaq görməmiş, Babəklə Tahirin bıçaqlaşmasını görməmiş, hadisənin şahidi olmamışdı,Tahirlə Babəkin çöldə mübahisə etdiklərini görmüş amma maraqlanmamışdı, o təxminən bir dəqiqə çöldə durmuşdur. Cəmalə Babəkə yaxınlaşmış, demişdir ki, hesabı ver. Babək demişdir ki, vermirəm, obyektin sahibi gəlib hesabı verməsini demiş, bundan sonra Babək söyüş söymüş, Tahir də dedi ki, yuxarıda qadınlar var, söyüş söymə, səs küyə görə çölə çıxmış, kimin-kimi vurduğunu görməmiş, Tahirgili dalaşarkən kiminsə ayırmasını görməmiş, çölə çıxıb tez içəri girmiş, Tahirlə Babək dalaşarkən Tahirin əlində hər hansı küt alət görməmiş, aralarında ciddi dava görmədiyi üçün içəri girmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, saat 1-2 radələrində Əcəmidə yerləşən “Qala” kafesində şəxsə qulluq etdikdən sonra hesabı ödəmədən çıxmış, şəxsin hesabı ödəməsi üçün arxasından getmiş, Tahir çöldə telefonla danışırmış, nə baş verdiyini soruşduqda, hesabı ödəmədən çıxdığını bildirmiş,Tahir hesabı özü ödəmək istədi, şəxs onu hesabı ödəmək istədiyi üçün təhqir etmiş, sonra baş verənlər haqqında heç bir məlumatı olmamışdır. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, mübahisə zamanı orada olmamış, istintaq zamanı ifadə verməmiş, mübahisə zamanı oranı tərk eləmiş, yazıb-oxumağı bacarmır. Babəkin Tahiri vurmağını görmüş, sonra içəri keçmiş, o, sintizator çalan Namiq və dəftər yazan qız orda olmuş, İlham yolu keçəndə gəlmiş, dava edənlərin arasına girməyə çalışmışdır. Onlar arasında keçən mübahisəni görməmiş, mübahisə zamanı içəridə olmuş, ifadəsində yazılanlar haqqında məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, zərərçəkmiş şəxs həmişəki kimi yemək üçün gəlmiş, ara-sıra yemək üçün gəlmiş, sonra başqa biri də gəlmiş, iki nəfər olmuş, pivə içmiş, daha sonra hesabı verməmiş getmişlər. Cəmalə xanım çıxdı ki, bəs hesabı ödəməlisiz. Cəmalənin də arxasınca təkdir, qadındır deyə, Natiq çıxmış, demişdir ki, hesabı ödəməlisiz. Onlar hesabı ödəmək istəməmişlər, Tahir görüb demişdir ki, 4 manatı mən verərəm. Onlar demişdir ki, siz kimsiz ki, mənim hesabımı ödəyirsiz. Qaranlıq olmuş, tam görməmiş, zərərçəkmiş şəxs Tahiri sinəsindən, çənəsindən vurmuş, söyüş söymüş, Tahir də onu vurmuş, nə ilə vurduğunu görməmiş, yerə yıxıldığını görmüş,Tahir özü aralaşmış, vurduğuna peşman olmuşdu, əsirdi. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq bildirdi ki, Tahir demişdir ki, mən hesabı ödəyərəm. Zərərçəkmiş şəxs də demişdir ki, sən kimsən ki, mənim hesabımı ödəyirsən. Tahir özü vurmuş, özü aralaşmışdır. Başqa şəxslə davası olması halına şahid olmamış, nə ilə vurduğunu görməmiş, Babəklə Tahiri ayırmaq üçün heç kim müdaxilə etməmiş, gecə saat 1-2 də hadisə baş vermişdi, həmin vaxt müştəri olmamış, işçilər özləri olmuş, Cahandar, o, Natiq bir də Tahir orda olmuş, kənardan heç kəs Tahirgili ayırmağa çalışmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 7 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2024-cü il tarixdə saat 16:30-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 19-20). Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 4(006)- 497/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 7 sentyabr 2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 90-93). Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən “Qalaaltı” kafesinin qarşısıdır. (cild 1, iş vərəqə 50-55). MTE və PA Birliyi PHŞ-nin Nəsimi rayon şöbəsində keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 1443 saylı rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Kliniki ibbi Mərkəz PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək perikardı zədələyən 1 (bir) ədəd, sağ qabırğaaltı nahiyənin daxilə nüfuz edərək qaraciyəri zədələyən 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının daxili nüfuz edərək pnevmotoraksla müşayiət olunan 2 (iki) ədəd, döş qəfəsinin arxa səthinin sağ yarının daxilə nüfuz edərək hemitoraksla müşayiət olunan 1 (bir) ədəd, sol qabırğaaltı nahiyənin 2 (iki) ədəd, sol bazu nahiyəsinin 2 (iki) ədəd, sol oma nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Həmin xəsarətlədən döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək perikardı zədələyən 1 (bir) ədəd, sağ qabırğaaltı nahiyənin daxilə nüfuz edərək qaraciyəri zədələyən 1 (bir) ədəd, döş qəfəsinin arxa səthinin sol yarısının daxili nüfuz edərək pnevmotoraksla müşayiət olunan 2 (iki) ədəd, döş qəfəsinin arxa səthinin sağ yarının daxilə nüfuz edərək hemitoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, sol qabırğaaltı nahiyənin 2 (iki) ədəd, sol bazu nahiyəsinin 2 (iki) ədəd, sol oma nahiyəsinin 1 (bir) ədəd, sol budun 1 (bir) ədəd, deşilmişkəsilmiş yaraları isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamla YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilmələri mümkündür. (cild 1 iş vərəqə 121-122) MTE və PA Birliyi PHŞ-nin Nəsimi rayon şöbəsində keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 79 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarət - sol budun deşilmiş- kəsilmiş yarasının izi olan çapığı deşici-kəsici əşyanın (alətin) təsirindən müayinədən 3-6 ay əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici- kəsici təsirindən törənməsi inkar edilmir. (cild 1, iş vərəqə 230-250). MTE və PA Birliyi PHŞ-nin Nəsimi rayon şöbəsində keçirilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 1245 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - burun nahiyəsinin sıyrığı və sol bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən və müayinə olunanın qeyd etdiyi şəraitdə əmələ gəlmələri istisna olunmur. (cild 1, iş vərəqə 116-119). MTE və PA Birliyi PHŞ-nin Məhkəmə-tibbi kriminaslistika şöbəsində keçirilmiş məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 542-2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 03 (üç) ədəd, ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, arxa səthinin sol-orta yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 05 (beş) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sağ qolunun üst səthinin yuxarı hissəsində 02 (iki) ədəd (cəmi 14 (on dörd) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində iti kənara malik olan hər hansı bir alətin (əşyanın/predmetin) kəsici kənarının təsirindən əmələ gəlmiş 01 (bir) ədəd kənarı kəsilmiş zədə aşkar olundu. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın və köynəyin üzərində olan deşilmiş-kəsilmiş və kənarı kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətlərin təsirindən törənmələrinin mümkünlüyü istisna olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kəmərin və bir cüt corabın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsülu ilə hazırlanmış qatlanan tipli, məişət təyinatlı, deşici-kəsici xassəyə malik cib bıçağıdır və soyuq silah hesab olunmur. (cild 1, iş vərəqə 230-250). MTE və PA Birliyi PHŞ-nin Məhkəmə-tibbi bioloji şöbəsində keçirilmiş Məhkəmətibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 773/2024-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) /axtarış vərəqəsinin kserosurətinə əsasən. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: B(lll) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar kəsiyi və qısaqol mayka, Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynək, şalvar və kəmər bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Təqsirləndirilən şəxs kəsilmiş şalvarı, Zərərçəkmiş şəxs1 məxsus uzunqol köynək, şalvar və kəmər bir ədəd qatlanan bıçaq üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” antigeni alındı, "A” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa(lll) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Təqsirləndirilən şəxs qısaqol maykası üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı, ”B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(ll) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Bu ləkələrdə Zərərçəkmiş şəxs1 qanının olması inkar olunur. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 bir cüt corabı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. (cild 1, iş vərəqə 240-244). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-də keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının Təqsirləndirilən şəxs dair xx.xx.2024-cü il tarixli 3682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 237-238). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 13-14). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Bakı İstintaq Təcridxanasınn təqdim etdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs saxlandığı müddət ərzində nümunəvi davranışına görə ona rəhbərlik tərəfindən “Təşəkkür” elan olunmuşdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2-ci və 221.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və Vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 9-cu bəndindəki tövsiyəyə əsasən cinayətə cəhdə görə cəza təyin edilərkən, təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar Cinayət Məcəlləsinin 63.3-cü maddəsi ilə müəyyən edilən qaydaya əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin tövsiyəyə əsasən, başa çatmamış cinayətə - cinayət etməyə cəhdə görə cəza Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, daha ciddi cəza növünün son həddinin dörddə üçü, qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə cəhdə görə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zaman, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 07 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19-20, 90-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar da sənəd hesab olunur. Cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin aləti olmuş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka və bir ədəd şalvar, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd kəmər, bir ədəd corab və qan nümunələri məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə 11 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 07 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar Bakı şəhəri Nəsimi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan cinayətin aləti olmuş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd mayka və bir ədəd şalvar, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir ədəd kəmər, bir ədəd corab və qan nümunələri məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Nigar İmanova Kamil Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1174/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1174/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver