Məhkəmə qərarları › İş №1(101)-1175/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1175/2021

16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1175/2021 16.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 24 aprel 1997-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 07 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şamaxı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında ondan 150 (yüz əlli) manat pul borc almış Zərərçəkmiş şəxs dəfələrlə həmin borcunu istəməsinə baxmayaraq, Zərərçəkmiş şəxs borcu qaytarmadığına görə aldadılması qənaətinə gəlib, sonuncudan qisas alıb ağır xəsarət yetirmək qərarına gələrək, bu niyyətini həyata keçirmək məqsədi ilə 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində evdən götürdüyü əlamətləri məlum olmayan bıçağı əynindəki göy rəngli cins şalvarın sağ cibində gizlədərək, mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs yaşadıqları Şamaxı rayonunun Şəhriyar qəsəbəsində küçəyə çağırıb onunla görüşdükdən sonra ikisi birlikdə qəsəbə ərazisində yerləşən “rus qəbiristanlığı” adlanan əraziyə getmiş, həmin ərazidə Zərərçəkmiş şəxs bir daha pulunu tələb etdikdən sonra yenidən sonuncunun ona borcunu qaytarmadığına görə iradını bildirməsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı şalvarının cibində saxladığı həmin bıçağı çıxarıb Zərərçəkmiş şəxs qarın və sol sağrı nahiyələrindən bir dəfə vuraraq ona sol sağrı nahiyəsinin bir ədəd yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qanitirmə şoku, qara ciyərin zədələnməsi ilə nəticələnməklə qarın boşluğuna keçən bir ədəd yara ilə nəticələnən, yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayında o, müxtəlif evlərdə fəhləlik edib təxminən 150 manat pul toplamışdır. Həmin ərəfədə bir dəfə həmkəndlisi Şəhramla küçədə qarşılaşmış, sonuncu, ona ehtiyacı olduğunu bildirərək, 150 manat borc pul istəmişdir. O da, Şəhramın ehtiyacı olduğunu fikirləşib ona həmin pulu vermək qərarına gəlmiş və cibindən 150 manat pulu çıxarıb Şəhrama vermiş, özündə olan bütün pulu ona verdiyini bildirərək qısa vaxtda qaytarmasını xahiş etmişdir. Şəhram da uzağı bir həftəyə pulunu qaytaracağına söz vermişdir. Həmin hadisədən 10 gündən çox vaxt keçməsinə baxmayaraq, Şəhram onun pulunu qaytarmamış, o da, dəfələrlə Şəhramdan pulunu tələb etmişdir. 27 sentyabr 2020-ci il tarixdə o, könüllü olaraq Qarabağ müharibəsində iştirak etmək üçün getmiş, müharibədə iştirak etdiyi vaxt da bir neçə dəfə Şəhrama zəng edərək ona olan 150 manat borcunu karta yükləməsini bildirsə də, Şəhram yenə də onu aldatmışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində o, ordudan tərxis olunub evinə qayıtmışdır. Bundan sonra da bir neçə dəfə Şəhramdan borcunu qaytarmasını təloəb etmiş, sonuncu, yenə də «bu gün», «sabah» deyərək, onu aldadıb pulunu verməmişdir. Şəhramın onu aldadıb pulunu qaytarmamasına görə o, əsəbləşmiş və 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində evlərində olan balaca qatlanan bıçağı götürüb əynindəki cins şalvarının sağ cibinə qoymuş, sonra da Şəhrama zəng edib onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, Şəhramla küçədə görüşüb hərbi hissənin arxasına doğru söhbət edə-edə getmişlər. O, 150 manat pulunu qaytarmasını tələb edirkən, Şəhram yenə də qısa vaxtda qaytaracağını demiş, hərbi hissənin arxası adlanan əraziyə çatanda boş yerdə «rus qəbiristanlığı» adlanan ərazidə Şəhramla mübahisəsi başlamışdır. Şəhram ona olan borcunu qaytarmaq əvəzinə onunla kobud ifadələrlə danışmış, o da, əsəbləşib əynindəki cins şalvarının cibində saxladığı qatlanan bıçağı çıxarıb həmin bıçaqla Şəhramın qarın nahiyəsindən bir dəfə, sol ayağından da bir dəfə vurub ona xəsarət yetirmişdir. Şəhramı vurandan sonra sonuncu yerə yıxılmış, o da, Şəhramın yüngül xəsarət aldığını fikirləşib oradan çıxıb getmiş, Şəhram da özü qalxıb evlərinə doğru getmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, bıçağı yaşadığı evdən götürmüş, həmin bıçaq evdə istifadə edilən bıçaq olmuşdur. Zərərçəkmiş şəxs uzun müddət ondan aldığı 150 manat pulu qaytarmadığına görə və pulunu növbəti dəfə istəyəndə onunla kobud danışdığına görə o, əsəbləşib özünü saxlaya bilməmiş və bıçaqla ona xəsarət yetirmişdir. O, Zərərçəkmiş şəxs qorxutmaq üçün bıçağı götürmüş, bu zaman başqa məqsədi olmamışdır. Müharibədə iştirak edəndə yanında çoxlu şəxslərin ölməsini öz gözləri ilə görmüş və bu hadisələr ona psixi cəhətdən pis təsir etmiş, bəzən özünü düzgün idarə edə bilməmişdir. Həmin vaxt da o, Şəhramı bıçaqla vurmaq istəməmiş, sadəcə sonuncunun onun ünvanına kobud sözlər danışması səbəbindən o, özünü ələ ala bilməmiş və cibindən götürdüyü bıçağı çıxarıb Zərərçəkmiş şəxs vurmuşdur. Sonradan o, özü rayon Polis şöbəsinə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, əməlindən peşman olduğunu, özünün Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə iştirak etdiyini bildirərək, ona cəza təyin olunarkən bu halları nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin təxminən avqust ayında şəxsi ehtiyacları üçün ona 150 manat pul lazım olmuşdur. Bir dəfə Sadiqlə küçədə qarşılaşanda ehtiyacı olduğunu bildirərək, Sadiqdən 150 manat borc istəmişdir. Sadiq də ona 150 manat pul verməyə razılaşmış və cibindən çıxarıb həmin 150 manatı ona vermişdir. Lakin sonradan maddi imkanı olmadığı üçün Sadiqdən aldığı pulu qaytara bilməmişdir. 27 sentyabr 2020-ci il tarixdə Sadiq Qarabağ müharibəsində iştirak etmək üçün getmiş və 2021-ci ilin yanvar ayının əvvəllərində ordudan tərxis olub qayıtmışdır. 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində evdə olan zaman Sadiq ona zəng edib görüşmək istədiyini bildirmiş və Sadiqlə küçədə görüşüb hərbi hissənin arxasına doğru söhbət edə-edə getmişlər. Sadiq yenə də ondan 150 manat pulu qaytarmasını tələb etmiş, o da, Sadiqə imkanı olmadığını, qısa vaxtda qaytaracağını bildirmişdir. Hərbi hissənin arxasında «rus qəbiristanlığı» adlanan boş əraziyə çatanda Sadiqlə onun arasında sözlə mübahisə başlamışdır. Bu zaman gözləmədiyi halda Sadiq əynindəki cins şalvarının sağ cibindən bıçağı çıxarıb həmin bıçaqla onun sinəsindən bir dəfə vurmuşdur. O, zərbədən yerə yıxılanda Sadiq bıçaqla sol ayağından da bir dəfə vurub ona xəsarət yetirmişdir. Bundan sonra Sadiq ondan aralaşaraq çıxıb getmiş, o da, yola tərəf gedəndə yolda Şahid1 avtomobilini görmüş və saxlatmışdır. Elçin onun xəsarət aldığını görüb maşını ilə evlərinə gətirmiş, sonra da onu xəstəxanaya çatdırmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, həmin vaxt o, huşsuz vəziyyətdə olmuşdur. Verilən suallara cavabında Zərərçəkmiş şəxs onu vurduqdan sonra Sadiqin bıçağı nə etdiyini görməmiş, həmin vaxt xəsarət aldığına görə başı özünə qarışmışdır. Hadisənin baş verməsinə görə o, həm də özünü günahkar bilir, çünki götürdüyü borcu vaxtında qaytarsaydı, yəqin ki, bu hadisə də baş verməzdi. Zərərçəkmiş şəxs xəstəxanaya düşdükdən sonra Sadiqin valideynlərinin onun müalicə xərclərini qarşıladığını və ona vurulmuş ziyanı tamamilə ödədiklərini, hazırda Sadiqlə barışdığını və ona qarşı iddia tələbi, şikayəti olmadığını bildirərək, bu barədə 14.07.2021-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 07 fevral 2021-ci İİ tarixdə saat 17 radələrində evdə olarkən qardaşı Şəhramın üst-başı qanlı vəziyyətdə həyətə gəldiyini görmüşdür. Dərhal Şəhrama yaxınlaşıb nə baş verdiyini soruşmuş, Şəhram qan itirdiyi üçün halsız olduğundan onun suallarına güclə cavab vermişdir. Şəhram təkcə deyə bilmişdir ki, onu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs bıçaqla vurmuşdur. Bu vaxtı Şəhramın halsız olmasını görüb onun yıxılmaması üçün əli ilə tutub saxlamış və dərhal Şəhramı Şamaxı mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanada Şəhrama ilkin tibbi yardım göstərilmiş və əməliyyat edilmişdir. O, qardaşı ilə Sadiqin arasında pul borcu üstündə mübahisələrinin olduğunu bilməmişdir. Sonradan qardaşına məxsus olan və hadisə zamanı onun əynində olmuş paltarları istintaqa təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhlə uşağı kimi tanımış, hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Onun istifadəsində özünə məxsus “VAZ-21011” markalı **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, 07 fevral 2021-ci il tarixdə saat 17 radələrində idarə etdiyi həmin avtomobillə Şəhriyar qəsəbəsində yerləşən “rus qəbiristanlığı" adlanan əraziyə peyin atmağa getmişdir. Həmin vaxtı azyaşlı oğlu Eşqin Abbasov da avtomobildə olmuş, bu vaxtı Zərərçəkmiş şəxs piyada qəsəbənin içinə doğru getdiyini görmüşdür. Avtomobil ilə ona çatanda Zərərçəkmiş şəxs üstünün qanlı olduğunu görmüş, Şəhram ona demişdir ki, Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulub xəsarət almışdır. O, avtomobili ilə Şəhramı dərhal evlərinə aparmış, sonra da evinə getmişdir (cild 1, iş vərəqi 82-84). Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid2 göstərmişdir ki, o, Şəhriyar qəsəbəsində qeydiyyatda olsa da, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. 07 fevral 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhərində olarkən tanışı və dostu Təqsirləndirilən şəxs ona zəng edib görüşmək istədiyini bildirmiş və onunla Bakı şəhərində «20 Yanvar» adlanan ərazidə görüşmüşdür. Sadiq ona bildirmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla vurmuş və ondan Şəhramın müalicəsi üçün 100 manat pul istəmişdir. O da, ona demişdir ki, “gərək mənim yanıma deyil, polis şöbəsinə gedərdik”. O, ona bu sözləri demiş, Sadiq də onun bu sözlərindən sonra başa düşmüşdür ki, polisə getməlidir. Ona demişdir ki, o, Şamaxı rayonuna qayıdıb Polis şöbəsinə gedəcəkdir. O, da Sadiqlə birlikdə Şamaxı rayonuna gəlmiş və Sadiq Şamaxı rayon Polis şöbəsinə gəlib ifadə vermişdir (cild 1, iş vərəqi 183-184). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 07 fevral 2021 -ci il tarixli könüllü təqdim etmə və götürmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd gödəkçəsinə baxış keçirilməklə götürülərək müvafiq qaydada qablaşdırılmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 50-52). Cinayət işinə əlavə edilmiş 08 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs verdiyi ifadələri hadisə yerində yoxlanmış, aparılmış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində mahiyyəti üzrə təsdiq edərək, Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi yeri göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 63-66). İş materiallarında olan 05 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi cinayətin predmeti olan bıçağın yerinin müəyyən edilməsi məqsədilə ifadəsinin əlavə yerində yoxlanılması aparılmış, bu zaman Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Zərərçəkmiş şəxs vurub xəsarət yetirdikdən sonra bıçağı atdığı yeri göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 204-207). Cinayət işinə əlavə edilmiş 08 fevral 2021-ci il tarixli könüllü təqdim etmə və götürmə protokolundan görünür ki, həmin tarixdə Şahid3 istintaqa təqdim etdiyi qardaşı Zərərçəkmiş şəxs məxsus olmaqla hadisə vaxtı əynində olmuş paltarlarına baxış keçirilməklə götürülərək müvafiq qaydada qablaşdırılmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 13-15). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 08.02.2021-ci il tarixli 21 saylı rəyindən görünür ki: 1 .Zərərçəkmiş şəxs aldığı xəsarətlər - qanitirmə şoku, qara ciyərin zədələnməsi ilə nəticələnən boşluğa keçən bir ədəd yara, sol sağrı nahiyəsinin bir ədəd yarası deşici-kəsici alət təsirindən törənməklə, 07.02.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlir. 2 .Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən sol sağrı nahiyəsinin bir ədəd yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qarın boşluğuna keçib, qara ciyərin zədələnməsi və qanaxma şoku İlə nəticələnən bir ədəd yara isə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 60-62). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 fevral 2021-ci il tarixli 436 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: - Təqsirləndirilən şəxs əqli intellektual inkişaf xüsusiyyətləri normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, hirslilik konfliktə meylli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi emosional sferasında əsəbilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Aparılmış ekspertiza zamanı Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik əlamətləri aşkar olunmadı (cild 1, iş vərəqi 140-143). Məhkəmə-trasoloji ekspertizasının 29 aprel 2021-ci il tarixli 3/676 saylı rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus paltarların (jaketin, alt köynəyin, şalvarın, alt şalvarın) üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Qeyd olunan zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə yaranması mümkündür. - Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın, alt tumanın və Təqsirləndirilən şəxs məxsus jletin üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi (cild 1, iş vərəqi 190-193). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin 25.06.2021-ci il tarixli 887 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək qismən səfərbərliyə cəlb olunaraq Vətən müharibəsində iştirak etmişdir. Həmçinin işə əlavə olunmuş siyahıdan görünür ki, Təqsirləndirilən şəxs «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən və Şamaxı rayon məhkəməsinin 07 may 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 85.2-ci maddələri ilə təqsirli bilinib 600 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəmiş və hazırda məhkumluğu ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs iş üzrə məhkumluğu olmayan hesab edilməlidir (cild 1, iş vərəqi 152-153). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və həmin Məcəllənin 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması, həmçinin İİ Qarabağ müharibəsində iştirak etməklə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halların olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Şamaxı rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilməklə hökmün çıxarıldığı tarixədək 5 ay 8 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı 5 ay 8 gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılmasını, İİ Qarabağ müharibəsində iştirakını və dövlət təltifi ilə mükafatlandırılmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə dəyərini itirmiş maddi sübutlar - Şamaxı rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarlar məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatlarına görə 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 224 (iki yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 07 fevral 2021-cı il tarixdən hökmün çıxarıldığı 16 iyul 2021-ci il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 5 (beş) ay 8 (səkkiz) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamaxı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə dəyərini itirmiş maddi sübutlar - Şamaxı rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarlar məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 224 (iki yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar