Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1176/2020 03.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Yasamal rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin x xxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli “Amnistiya” qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 6 ay azaldılaraq 1 (bir) il 11 (on bir) ay saxlanılmaqla x xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş) məhkumluğu ödənilmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evin həyətində usta kimi kafel-metlax vurulması işlərini həyata keçirən tanışı Zərərçəkmiş şəxs1 guya ünvansız nalayiq sözlər işlətməsini bəhanə edib heç bir səbəb olmadan xuliqanlıq niyyəti iləözünün şəxsiyyətini Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyaraq cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş birgəyaşayış qaydalarını kobud surətdə pozmaqla əvvəlcədən yaşadığı evin həyətindən götürdüyü kustar üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 8,5 sm, dəstəyinin uzunluğu 10,5 sm olmaqla ümumi uzunluğu 19 sm olan, soyuq silah hesab edilməyən bıçaqla yaşadıqları evin həyətində qəsdən Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən 1 dəfə vuraraq ona qarnın ön divarının qarın boşluğuna nüfuz edən insan həyatı üçün təhlükəli olan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uşaqlıqdan tanıdığı Kamil hadisədən 10-15 gün əvvəl yaşadığı evdə santexnik işləri görmüşdür. xx xxx 2020-ci il tarixdə səhər saat 9 radələrində yuxudan oyanmışdır. Həmin vaxt Kamil həyətdə işləmişdir. Saat 12 radələrində həyətdə siqaret çəkərkən Kamilin ünvansız söyüş söyməsini eşidib ona öz iradını bildirmişdir. Kamil də ona “dayan, başımı xarab eləmə” demişdir. Sonra isə o, zarafat edib Kamilə söyüş söymüşdür. Bundan sonra Kamil “mənə söyüş söyürsən?” demiş və onlar bir-birinin yaxasından yapışmışlar. Bu vaxt o, həyətdə olan qara rəngli dəstəyi, baş tərəfində zəncir olan bıçağı görmüş və həmin bıçağı götürüb 1 dəfə Kamili vurmuşdur. Lakin bıçağın onun hansı nahiyəsindən dəyməsini xatırlamır. Ola bilsin ki, bıçaq Kamilin qarın nahiyəsindən dəymişdir. Kamil bıçağın zərbəsindən sonra sağ tərəfini tutub oturmuşdur. Az sonra evdə olan anası və atası həyətə çıxıb Kamilin xəsarət almasını gördükdə atası Almaz Kamili taksi ilə xəstəxanaya aparmışdır. Kamili bıçaqla vurduğu üçün pis olmuşdur. Təxminən 2 saat sonra evdə mətbəxə keçib dəstəyi qara rəngli olan bıçağı götürmüşdür. Həmin bıçaqla özünə xəsarət yetirmək istəmişdir. Qonaq otağında olan anası Mirxanım onun özünə xəsarət yetirmək istədiyini görüb mətbəxə gəlmiş və ona mane olmaq istəmişdir. O, bıçaqla qarnına vurmaq istəmiş, ancaq anası Mirxanım özünü üstünə atmış və bıçaq ona dəymişdir. Təxminən 10 dəqiqə sonra atası Almaz evə qayıtmışdır. Bundan sonra anasını təcili tibbi yardımla xəstəxanaya aparmışlar. Kamili atası Almaz xəstəxanaya aparmışdır. Psixi xəstəlikdən əziyyət çəkir. Kamil ilə əvvəllər arasında hər hansı bir mübahisə olmamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə Elnurgilin yaşadığı evin həyətində işləmişdir. Həmin vaxt evdə Elnur və anası Mirxanım olmuşdur. O, həyətdə oturub iş görən zaman saat 12 radələrində kimsə əlini onun çiyninə qoymuşdur. Arxaya dönüb baxanda Elnurun olduğunu görmüşdür. O, ayağa qalxmaq istədikdə Elnur əlində olan onun görmədiyi əşya ilə 1 dəfə qarın nahiyəsindən vurmuş və o, xəsarət aldığını, təxminən 5-10 dəqiqə sonra isə sağ tərəfində isti hiss etmişdir. Bundan sonra o, əynində olan köynəyi açmış və qan axmasını görmüşdür. Həmin vaxt o, Elnurun hansısa kəsicideşici əşya ilə onu vurmasını bilmişdir. Sonra da evdə olan Elnurun anası Mirxanıma Elnurun onu vurduğunu demişdir. Təxminən 20 dəqiqə sonra Elnurun atası Almas evə gəlmiş və dərhal onu taksi ilə xəstəxanaya aparmışlar. O, Elnuru təhqir etməmişdir. Elnurun ona nəyə görə xəsarət yetirdiyini bilmir. Onlarda işlədiyi müddətdə Elnur bir neçə dəfə özünə bıçaqla xəsarət yetirmək istəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Mirməstan qızı ifadəsində göstərmişdir ki, hadisədən bir neçə gün əvvəl oğlu Elnurun dostu Kamil yaşadıqları evdə işləməyə başlamışdır. Kamil həyətdə santexnik işləri və kafel-metlax vurmuşdur. Saat 12 radələrində həyətdən səs gəlmişdir. Onlar həyətə çıxanda Kamil qarnını tutub evə girmişdir. Bu vaxt Kamil ona “deyəsən Elnur məni vurdu” demişdir. Sonra Kamil əlini çəkdikdə əlinin içinin qan olmasını görmüşdür. O dərhal əri Almaza zəng edib onu evə çağırmışdır. Almaz evə gəldikdən sonra taksi ilə Kamili xəstəxanaya aparmışdır. Onlar getdikdən sonra Elnur ilə o, evdə qalmışlar. Elnur evdə öz-özünə danışmışdır. Saat 15 radələrində Elnur mətbəxə keçmiş və o, Elnurun bıçaq götürməsini hiss etmişdir. Dərhal mətbəxə keçmiş və Elnurun əlində bıçağı qarnına dirəməsini görmüşdür. O, Elnurun əlindən bıçağı almaq istəmiş, lakin Elnur bıçağa güc verərək özünə xəsarət yetirmək istəmişdir. Hər ikisi bıçağı özlərinə tərəf çəkmişlər. Bu zaman bıçaq onun qarın nahiyəsindən dəymişdir. Bundan sonra o, qonaq otağına keçib divanda uzanaraq əri Almazın qayıtmasını gözləmişdir. Təxminən 10 dəqiqə sonra Almaz evə qayıtmış və o, ərinə Elnur özünə xəsarət yetirərkən bıçağı ondan alanda xəsarət aldığını demişdir. Bundan sonra əri Almaz taksi ilə onu xəstəxanaya aparmışdır. X9 nəyə görə bıçaqladığını bilmir. Kamil ilə oğlu Elnur arasında əvvəllər hər hansı bir mübahisə olmamışdır. Oğlu Elnur psixi xəstəlikdən əziyyət çəkir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, şahid Zərərçəkmiş şəxs2 Mirməstan qızının ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir(cild 1, iş vərəqə 132-135). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən baş vermiş hadisəni yerində göstərərək istintaqa vermiş olduğu ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqə 209- 212). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı üzləşdirmə aparılarkən Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 213-214). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxx 2020-ci il tarixli 374 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarət - qarnın ön divarının qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alət), xx xxx 2020-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçağın, eləcə də ona oxşar bıçağın təsirindən törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Göstərilən xəsarətin yerləşmə yerini və xarakterini nəzərə alıb göstərmək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Özünü müdafiə və qarşılıqlı mübarizə xarakterli xəsarətlərin məhkəmə-tibbi morfoloji əlamətləri təyin edilməmişdir (cild 1, iş vərəqə 163-165). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx xxxx 2020-ci il tarixli 395/2020- MTBŞ №-li məhkəmə-bioloji ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 qan qrupu A/İİ/ (Təqdim olunmuş şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən), Zərərçəkmiş şəxs2 Mirməstan qızının qan qrupu isə AB/İV/ (təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən). Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd göy rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs2 Mirməstan qızına məxsus 1 ədəd xalat və 1 ədəd gecə köynəyi üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda X2 məxsus qısaqol köynəyin üzərindəki ləkələrdə yalnız “A” antigeni alınmışdır. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Zərərçəkmiş şəxs2 Mirməstan qızına məxsus 1 ədəd xalat və 1 ədəd gecə köynəyinin üzərindəki ləkələrdə isə “A” və “B” antigenləri alınmışdır. Bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs2 Mirməstan qızına məxsus ola bilər. Tədqiqata təqdim olunan 1 ədəd mətbəx bıçağının üzərində qan və insan toxumasına şübhəli hissəciklər aşkar olunmamışdır (cild 1, iş vərəqə 178-182). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 x xxxx 2020-ci il tarixli 250/2020- MTKŞ №-li məhkəmə-kriminalistik ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yan nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs1 məxsus köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş üzərinə “Zərərçəkmiş şəxs1 aid” sözləri yazılmış paketin içərisində olan qatlanan tipli bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 Mirməstan qızına xalatın və alt maykasının hər birinin ön səthində 1 ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs2 məxsus xalatın və köynəyin üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş üzərinə “Zərərçəkmiş şəxs2 Mirməstan qızı” sözləri yazılmış paketin içərisində olan qatlanmayan bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmamışdır (cild 1, iş vərəqə 184-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3/751 №-li məhkəmə-ballistik ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq bir tərəfi kəsici, digər tərəfi küt, ucu deşici xassəyə malik olan kustar üsulla hazırlanmış turist bıçağına uyğun gəlir, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq bir tərəfi kəsici, digər tərəfi küt, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağına uyğun gəlir və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 199-200). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin x xxxx 2020-ci il tarixli 1045 №-li məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə cinayət əməlini törədərkən öz əməlinin xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqə 173-175). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən surətindən görünür ki, təqsirləndirilən şəxs Quliyev X6 rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin x xxxxxx 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli “Amnistiya” qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 6 ay azaldılaraq 1 (bir) il 11 (on bir) ay saxlanılmaqla x xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 123-126). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Yasamal rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 96-98). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan2 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd köynək, Zərərçəkmiş şəxs2 Mirməstan qızının əynində olmuş 1 ədəd xalat və 1 ədəd alt maykası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan2 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd köynək, Zərərçəkmiş şəxs2 Mirməstan qızının əynində olmuş 1 ədəd xalat və 1 ədəd alt maykası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1176/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1176/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver