Məhkəmə qərarları › İş №1(101)-1176/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1176/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1176/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, yetkinlik yaşına çatmayan iki uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,355 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:40-da Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış kompleksinin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Abşeron rayon polis idarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,355 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,181 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:00-da ünvan 4 ünvanın qarşısında olan zaman Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 6 ünvanda yerləşən 20-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 2,181 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, onu polis əməkdaşları evdən götürmüşlər. Ona icazə vermişlər ki, paltarını geyinsin. Onun şəxsiyyətini portala vurmuşlar, onun məhkumluqlarının olduğunu görmüşlər. O, polis əməkdaşlarına onun Abşeronda işinin getdiyini, müstəntiqinin olduğunu demişdir. Ona demişlər ki, paltarını dəyişib onlarla gəlsin. Onun əlindən telefonunu da almış, 20-ci bölməyə gətirmişlər. Üzərində narkotik vasitə olmamışdır, polislər onu yükləmişlər. Polislərin onunla ədavəti yoxdur, sadəcə olaraq onlar nə qədər çox adam tutsalar, onlara deyirlər ki, bu yaxşı işləyir, ona görə də haq-naxaq tuturlar. Heç yerə şikayət etməmişdir, çünki şikayət edəndə axırda günahkar özü çıxır. Başına torba keçirmişlər, ona demişlər ki, stolun üstündəki narkotik vasitəni götürməlidir, elə bu da 234.1-dir, götürməsə kilo ilə narkotiki boynuna alacaq. Buna görə də razılaşmışdır. O, 234.1-1 maddəsinin olduğunu heç bilməmişdir. Onu sonra prokurorun yanına aparmışlar. Hər şeyi prokurora danışmışdır, demişdir ki, onu evdən götürmüş, üstünü dəyişməyə icazə vermişlər. O axmaq deyil ki, polislərlə çıxdığını bilə-bilə üstündə narkotik vasitə gəzdirsin. Prokuror da ona demişdir ki, onda onu tutmurlar, müstəntiq nə vaxt çağırarsa gələr. Müstəntiq nə vaxt çağırıbsa gəlmişdir, sonra məhkəmə çağırmış, o da gəlmişdir. Abşeron epizodu ilə də razı deyil, onun 5-ci məhkumluğudur, ona görə də nə desən ona yapışır, polislər də bundan istifadə edirlər. Abşeronda videoçəkiliş aparılmışdır, bildirmişdir ki, tanımadığı şəxsdən almışdır, vəkil də orada olmuşdur. Onu bir gündən sonra buraxmışlar. Müstəntiqə də eyni etirafedici ifadəni vermişdir. Vermişdir deyəndə ki, o latın əlifbasını bilmir, müstəntiq yazıb gətirmiş, demişdir ki, onsuz da ona qolbaq verəcəklər, qol çəksin, o da qol çəkmişdir. Nəsimidə də videoçəkiliş aparılmış, vəkil olmuşdur. Orada da bildirmişdir ki, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Orada da onu tutmamışlar. Müstəntiq yazmış, o da qol çəkmişdir. X11 Komisiyasının arxasında yeni tikilidə ev tutmuş, orada qalmışdır. Tutulmamışdan əvvəl Bibiheybətdə olan “Dostluq” çimərliyində nəzarətçi işləmişdir. İki uşağı var, birinin 13, o birinin 15 yaşı var. Narkotik vasitələrdən istifadə edir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Mütəmadi narkotik vasitə istifadə edir. Keçirilmiş tədbirlə əlaqədar demişdir ki, 14 oktyabr 2023-cü il tarixdə gecə saat 00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Kristal Abşeron 2 yaşayış kompleksinin yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə dəvət etmişdirlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmişdir. Rayon Polis İdarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videogörüntü və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində olan gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olmasını, narkotik vasitəni 13 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 20 manat məbləğində pul verməklə əldə etdiyini bildirmişdir. O bildirmişdir ki, həmin narkotik vasitə heroini yalnız öz şəxsi istifadəsi üçün əldə etmişdir və üzərində saxlamışdır. Qeyd etmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Bundan başqa o, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə 22:00 radələrində o “Papanin” adlanan ərazidən 01 bükümdə narkotik vasitə olan “heroin” tanımadığı şəxsdən 10 manata almışdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi 151 ünvanının qarşısında olan zaman ona 2 nəfər polis formasında olan şəxslər yaxınlaşmışdır. Özlərinin polis olduqlarını bildirib təqdim etdikdən sonra ondan özünü təqdim etməsini istəmişdir. O da özü haqqında anket məlumatlarını şifahi təqdim etmiş və bundan sonra onun özünü narkotik vasitənin təsiri altında şübhəli apardığını bildirmişdirlər. O səmimi olaraq üzərində narkotik maddə olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişdirlər. Nəsimi Rayon Polis idarəsinin 20-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində o könüllü olaraq dövlət tərəfindən müdafiəçi təyin olunmasını istəmişdir və onu müdafiəçi ilə təmin etmişdirlər. Belə ki, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsinə icazə vermişdir. Baxışda iştirak etmək üçün çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişdirlər. Ondan müdafiəçinin iştirakı ilə üstündə, paltarında və ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O da əynindəki şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da hər hansı bir əşya olmadığını bildirmişdir. Onun üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilmiş əşya tapılmamışdır. Ona təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında polis mayoru Şahid2la xidmətdə olarkən Rasim Səfərov küçəsində bir nəfər şəxsin özünü vizual cəhətdən şübhəli apardığını görmüş, yaxınlaşmış, özlərini təqdim etmiş və onu ərazi üzrə polis bölməsinə dəvət etmişlər. Narkotik vasitənin təsiri altında olması ilə bağlı onlarda şübhə yaranmış, ona görə də bölməyə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında baxış keçirilən zaman üzərində narkotik vasitə olması məlum olmuşdur. Narkotik vasitəni özü təqdim etmişdir. Üzərinə baxış bölmədə təhqiqatçının otağında keçirilmiş, o da iştirak etmişdir. Müdafiəçinin iştirakı ilə, videoçəkilişə axtarış aparılmışdır. Təqsirləndirilən şəxsin dedikləri yalandır, onu evdən yox küçədə saxlayıb bölməyə aparmışlar. Rasim Səfərov küçəsində saxlamışlar, orada mağaza olmamışdır. Nə onun polis əməkdaşlarına qarşı, nə dəki polis əməkdaşları tərəfindən ona qarşı hər hansı şiddət və təzyiq olmamışdır. Şəxsə qarşı hər hansı fiziki və psixoloji təsir olmamışdır. İbtidai araşdırma zamanı iş üzrə Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 11:00-da xidməti zərurət ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə polis bölməsinin inzibati ərazisi olan Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi 151 qarşısında olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Şifahi sorğu sual zamanı həmin şəxsin onlara vermiş olduğu cavablar onlarda həmin şəxsin üzərində qanunla qadağan ola biləcək əşyaların olmasına şübhə yaratdığı üçün onlar həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Polis şöbəsində olarkən onlar həmin şəxsin xx.xx.1974-cü il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdirlər. Daha sonra onlar həmin şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün raportla bölmə rəhbərliyinə müraciət etmişdirlər. Bölmənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə hüquq və vəzifələri izah edildikdən sonra həmin şəxsin hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişdir. Daha sonra həmin şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Daha sonra xidməti otaqların birində onun, müdafiəçinin, mütəxəssisin və bölmənin sahə rəisi Şahid2 iştirakı ilə videokamera vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən həmin şəxsə üzərində olan əşyaları təqdim etmək təklif edildikdə həmin şəxs ayağa qalxaraq əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər-hansı əşya aşkar edilməmişdir. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan qəhvəyi rəngli, toz şəkilli spesifik iyə malik maddə aşkar edilmiş və həmin maddənin nə olduğu soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “heroin” olduğunu və həmin narkotik vasitə “heroin”i Papanin adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almasını deyərək, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etmişdir. Bundan sonra həmin şəxsin könüllü təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Polis şöbəsində təqsirləndirilən şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin üzərindən bir büküm narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özü təqdim etmiş, narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs bildiyinə görə Papani deyilən ərazidə Rasim Səfərov küçəsində saxlanılmışdır. Onun saxlanılmasında iştirak etməmişdir, şahid qismində iştirak etmişdir. Şəxsə qarşı hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir, bunun şahidi olmamışdır. Şahid2 ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni istifadə etməsi ilə bağlı Şahid4 əməliyyat məlumatı daxil olmuşdur. Tərəflərindən əməliyyat tədbirləri keçirilərək şəxs saxlanılmış, idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə, videoçəkilişlə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitəni və psixotrop maddəni üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakı ilə sonuncu tərəfindən 14 oktyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 14 oktyabr 2023-cü il tarixdə saat 00:40-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid4 Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış kompleksinin yaxınlığında olan zaman orada piyada şəkildə dayanan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq həmin şəxsə özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar həmin şəxsə üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib həmin şəxsi Abşeron RPİ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir büküm qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman həmin şəxsin üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında həmin şəxsin təqdim etdiyi gümüşü rəngli kağıza bükülmüş toz şəkilli bir büküm heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Ramiz bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroindir. Həmin şəxs həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, ona Təqsirləndirilən şəxs narkotik vasitənin şəxsi istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Şəxsin yerini müəyyən etmiş, onu saxlamış, idarəyə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə, videoçəkilişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən çıxardığı 1 ədəd gümüşü rəngli kağıza bükülmüş maddə təqdim edərək həmin maddənin heroin olmasını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, Xutor qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 20 manat məbləğində pul verməklə əldə etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə qarşı hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi, gəzdirilməsi və saxlanılması qadağan edilmiş başqa hər hansı əşya və ya başqa qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır. Aşkar olunan 1 ədəd gümüşü rəngli kağıza bükülmüş maddə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/5399 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə.... (İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,355 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,305 qram narkotik maddə heroin maddi sübut kimi saxlanmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs tutulmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs 1 bükümdə olan maddənin narkotik vasitə “heroin” olmasını deyərək onu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını qeyd etmişdir. Bundan sonra iştirakçılara şəffaf sellofan kəsiyinə bükülmüş 1 ədəd bükümdə içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/5803 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 188” dairəvi möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülərək qablaşdırılan maddə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,181 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 2,081 qram narkotik maddə heroin maddi sübut kimi saxlanmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən, həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan (iltizamdan) görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 6958 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə görə Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlərin edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokollar, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq X3 tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun X7 daxil olarkən müayinəsi zamanı xəsarətinin aşkar edilmədiyi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığı və üzərinə qoyulduğu, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlərin edilməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən (hökmdən) görünür ki, təqsirləndirilən şəxs Naxçıvan Şəhər Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 15;95 maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15;95 maddəsi ilə ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5, 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5, 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən o, cəzadan azad edilmişdir. Qeyd olunanlara əsasən, Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Bununla yanaşı, cinayət işinin materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə tutulmadan azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə tutulmadan azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ümumilikdə 3 (üç) gün müddətində tutularaq saxlanılmışdır. Bundan sonra isə, Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək (ləğv edilərək) onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı tutulduğu 3 (üç) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın əvvəli 27 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 2,386 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu (həbsdə saxlanıldığı) 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılanqalıq çəkisi 2,386 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 194 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar