Məhkəmə qərarları › İş №1(101)-1177/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1177/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1177/2022 25.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X1 və X2 iştirakı ilə, xx xxx 1981-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Tovuz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1963-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni və külli miqdarda pixotrop maddələri əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan qeyrisinin bank hesabına birlikdə topladıqları 1400 manat pulu köçürdükdən sonra sonuncu ilə Təqsirləndirilən şəxs1 telefonunda olan “WhatsApp” proqramı vasitəsi ilə əlaqə yaradaraq, 09 dekabr 2021-ci il tarixdə saat 00:45 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyrisinin dediyi yerə - Bakı şəhəri, Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyanın “Bravo” market tərəfə olan çıxışının yanına getmişlər. Orada işıq dirəyinin altından qeyrisinin istintaqla müəyyən edilməsi mümkün olmamış qaydada yerləşdirdiyi 01 ədəd sellofan torbanın içində 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 42,479 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 27,149 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və tərkibindəki əsas təsiredici maddə olan metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 03 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini - narkotik vasitə hesab olunan metadonu birlikdə götürüb əldə etməklə həmin narkotik vasitəni və psixotrop maddəni gələcəkdə istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satmaqla əldə olunacaq gəliri öz aralarında bölmək niyyəti ilə üzərində saxlamaqla daşımış, 09 dekabr 2021-ci il tarixdə gecə saat 03:45 dəqiqədə ünvan 2 ünvanının qarşısında Yasamal rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirilmiş, orada üzərlərinə şəxsi axtarış keçirilərkən əynindəki pencəyin sağ yan cibindəki polietilen torbada Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 42,479 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 27,149 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və tərkibindəki əsas təsiredici maddə olan metadonun ümumi miqdarı 1,2 qram təşkil edən 03 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbləri - narkotik vasitə olan metadon və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, Tovuz rayonunda qeydiyyatda olsa da, bir müddətdir ki, Bakı şəhərinə gəlmiş və daimi yaşayış yeri olmadığına görə sutkalıq kirayəyə verilən evlərdə yaşamışdır. O, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir. Tutulmazdan təxminən iki ay əvvəl sosial şəbəkədə Həsən adlı İran vətəndaşı ilə tanış olmuşdur. Həsən ona hər birinin qiyməti 15 manat olan heroin və “şüşə”, həmçinin bir listində 10 həb olmaqla bir listinin qiyməti 70 manat olan narkotik dərmanlar satdığını demişdir. O, iranlı Həsənlə razılaşmış və sonra sonuncu ona mobil telefon və hesab nömrəsini vermişdir. O, 08 dekabr 2021-ci il tarixdə Həsənin verdiyi hesaba 1400 manat pul köçürmüşdür. Həmin pulun 70 manatını ona da narkotik vasitə alması üçün tanışı Mahir Quluzadə vermişdir. O, alacağı heroinin 1,5 qramını Mahirə verməyi nəzərində tutmuşdur. Pulu iranlı Həsənin verdiyi hesaba ödəyəndən bir neçə saat sonra Həsən ona “WhatsApp” vasitəsi ilə narkotik vasitələri metronun “İnşaatçılar” stansiyasının yaxınlığında - “Bravo” market tərəfdən olan çıxışının yanındakı işiq dirəyinin altında qara rəngli sellofan torbaya qoyduğunu bildirmişdir. O, Mahirlə birlikdə 09 dekabr 2021-ci il tarixdə gecə saat 00:40 radələrində həmin yerə gedib içərisində narkotik vasitələr olan qara sellofan torbanı tapıb götürmüş və gödəkçəsinin cibinə qoymuşdur. Daha sonra gecələmək üçün yer tapmadıqlarına görə Nəsimi rayonu ərazisində olan sutkalıq kirayə verilən evlərə getmək qərarına gəlmişlər. Təxminən saat 03:45 radələrində Yasamal rayonunun A.Şaiq küçəsi ilə gedərkən polislər onlara yaxınlaşıb sorğu-sual etməyə başlamışlar. Onlar da polislərə narkotik vasitə aludəçisi olduqlarını və hal-hazırda üzərində narkotik maddələrin olduğunu demişdir. Bundan sonra onları Polis Bölməsinə aparmışlar. Orada vəkilin iştirakı ilə üzərlərində şəxsi axtarış keçirilmiş və qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. O da əynindəki pencəyin sağ cibindən şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Onun cibində narkotik vasitələrin və psixotrop maddənin olmağından Mahirin xəbəri olsa da, amma sonuncu həmin maddələrin miqdarını bilməmişdir. Həm tutulanda, həm də istintaqın ilkin mərhələsində izahat və ifadələrində Mahirin ona narkotik vasitə almaq üçün 400 manat pul verdiyini bildirmiş, amma sonradan həmin ifadələrinə dəyişiklik edərək Mahirin ona narkotik vasitə almaq üçün 70 manat pul verdiyini bildirmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Məhkəmədən himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınaraq əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, Gəncə şəhərində qeydiyyatda olub yaşasa da, tutulmazdan az əvvəl Bakı şəhərinə gəlmiş və daimi yaşayış yeri olmadığından sutkalıq kirayəyə verilən evlərdə qalmışdır. O, 1990-cı illərdən etibarən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs2la uzun müddətdir ki tanışdır, o da narkotik vasitə aludəçisidir. Tutulmazdan əvvəl görüşüb söhbətləşərkən Saleh ona Həsən adlı iranlı tanışının olduğunu və həmin iranlının münasib qiymətə narkotik vasitə satdığını demişdir. O da 08 dekabr 2022-ci il tarixdə öz istifadəsi üçün iranlıdan təxminən 1,5 qram heroin alması məqsədilə Salehə 70 manat pul vermişdir. Qabaqcadan razılaşmalarına əsasən 09 dekabr 2022-ci il tarixdə Salehi “Qış Parkı” adlanan yerdə avtobus dayanacağında gözləmişdir. Saleh gəlib çıxmış və öz telefonunda “WhatsApp” proqramı olmadığı üçün onun telefonundan istifadə etməklə tanımadığı şəxslə danışdıqdan sonra çıxıb getmişdir. Onun Salehin narkotik vasitəni almaq üçün hansı hesaba və necə pul köçürməsindən xəbəri olmamışdır. Saleh gecə saat 00:40 radələrində bir daha harayasa getmiş, sonra onun yanına qayıdıb gəlmişdir. Onlar təxminən saat 03:45 radələrində Yasamal rayonu ərazisində hərəkətdə olarkən təsadüfən polislər onlara yaxınlaşıb sorğu-sual etmişlər. Artıq polislərin onlardan şübhələndiklərini başa düşüb narkotik vasitə aludəçisi olduqlarını və hal-hazırda Salehin üzərində narkotik vasitələrin olduğunu etiraf etməyə məcbur olmuşlar. Bundan sonra onları Polis Bölməsinə aparmışlar. Orada vəkillər çağırılmış, şəxsi axtarışları keçirilmişdir. Saleh də üstündəkiləri təqdim etmiş, bununla da onları saxlayıb istintaqa vermişlər. O, əvvəlcədən də narkotik vasitəni öz istifadəsi üçün almaq niyyətində olmuş, Salehə də pulu həmin məqsədlə vermişdir. Saleh də onun dediyi narkotik vasitəni alıb gətirmişdir. Amma Salehin ümumilikdə hansı miqdar və hansı növdə narkotik vasitə, yaxud psixotrop maddə aldığını bilməmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini və istifadəçi kimi məhkum olunmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı tam, Təqsirləndirilən şəxs1 isə qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı Şahid2 göstərdi ki, o, 09 dekabr 2021-ci il tarixdə saat 03:45 radələrində Yasamal rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis serjantı Şahid1 Namiq oğlu ilə ünvan 4 ünvanın qarşısında xidmət apararkən iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşarkən sonuncuların qorxu keçirdiklərini hiss etmişlər və onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərdən gecə vaxtı orada nə etdiklərini soruşduqda, onlar özlərini itirmiş və narkotik vasitə aludəçiləri olduqlarını bildirmişlər. Daha sonra saxlanılan şəxsləri 27-ci Polis Bölməsinə dəvət etmişlər. Orada raportla bölmə rəisinə məruzə etdikdən sonra həmin şəxsləri Polis Bölməsinə təhvil vermişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs2 onda narkotik vasitə olduğunu və narkotik vasitəni birlikdə qəbul etmək məqsədi ilə əldə etdiklərini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə ayrı-ayrılıqda vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. O da əynindəki pencəyin sağ yan cibindən şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Bükülünün içərisindən bir ədəd avtomobil pultuna bənzər elektron tərəzi, şəffaf sellofan torbalarda bir ədəd içərisində ağımtıl rəngli və bir ədəd içərisində qəhvəyi rəngli kristal formalı maddələr aşkar edilmişdir. Bunlardan başqa sellofan torbada hər birində 10 ədəd həb olmaqla üç ədəd dərman preparatı qablaşdırılması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələrin heroin və metamfetamin, həblərin isə metadon olduğunu bildirmişdir. Həmin narkotik vasitələr və psixotrop maddə qablaşdırılıb möhürlənərək iştirakçıların imzaları ilə təsdiq edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 narkotik vasitələri və psixotrop maddəni Həsən adlı iranlının dediyi karta 1400 manat pul köçürərək aldığını, həmin maddələri gecə saat 0:40 radələrində metronun “İnşaatçılar” stansiyasının “Bravo” market tərəfə olan çıxışının yaxınlığında işıq dirəyinin altında adına pul köçürdüyü iranlının dediyi yerdən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs2 səmimi şəkildə Təqsirləndirilən şəxs1 də narkotik vasitə qəbul etdiyini, sonuncunun Həsən adlı iranlıdan narkotik vasitə almaq üçün ona 400 manat pul verdiyini bildirmişdir. Bundan sonra Mahir Quluzadənin üzərinə şəxsi axtarış keçirilmiş, amma qanunsuz heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 də narkotik vasitə istifadəçisi olduğunu və ona narkotik vasitə alması üçün tanışı Təqsirləndirilən şəxs2 400 manat pul verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin Post Patrul Xidmətinin digər əməkdaşı Şahid1 Namiq oğlu Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İlkin təhqiqat zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin iştirakı ilə verdikləri izahatlarında narkotik vasitə alınması üçün köçürülmüş cəmi 1400 manat pulun 400 manatının narkotik vasitə əldə etməsi üçün Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini bildirmişlər (cild 1, iş vərəqə 25-26, 51-52). Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 09 dekabr 2021-ci il tarixli protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 «kokos» əldə etmək üçün Təqsirləndirilən şəxs2 100 manat pul verdiyini bildirir (cild 1, iş vərəqə 47-48). Şəxsi axtarış və götürmə aparılması haqqında 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki tünd rəngli üzərində qırmızı zolaqları olan qış pencəyinin sağ yan cibindən şəffaf sellofana bükülmüş elektron tərəzini, iki ədəd bükülünü və hərəsində on həb olmaqla üç ədəd konvolyutu könüllü çıxarıb tədim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bükülülərin heroin və metamfetamin, həblərin isə metadon olduğunu, onları İran İslam Respublikası vətəndaşı Həsən adlı şəxsdən 1400 manata aldığını bildirmişdir. Həmin prosessual hərəkət zamanı videoçəkiliş aparılaraq protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 22-23, 167). Məhkəmə kimyəvi-ekspertizasının 09 dekabr 2021-ci il tarixli 6/5433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 42,479 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 27,149 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üç ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumi sayı 30 ədəd (hər konvolyutda 10 həb olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, bir ədəd elektron tərəzinin səthində heroin izləri vardır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 42,429 qram, metamfetaminin qalıq çəkisi 27,099 qram, metadon həblərinin qalığı 29 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 56-64). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 fevral 2022-ci il tarixli 579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 201-202). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 fevral 2022-ci il tarixli 711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 203-204). Baxış keçirmə haqqında 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid üç ədəd kartlar üzrə 07 yanvar 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək olan müddət ərzində 351 dəfə müxtəlif mədaxil-məxaric əməliyyatlarının aparılması və kartlara cəmi 9777,7 manat məbləğin mədaxil olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 213-227). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 17 dekabr 2021-ci il tarixli 1978 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 181). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 17 dekabr 2021-ci il tarixli 1980 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 182). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 14 noyabr 2008-ci il təvəllüdlü birazyaşlı uşağı vardır (cild 1, iş vərəqə 228). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 084031 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə cinayət törətmiş İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsi müəyyən etmək mümkün olmadığından ibtidai istintaq orqanının 16 aprel 2022-ci il tarixli qərarı ilə həmin şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 274-275). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 177-178, 256-259). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 Moskva vilayəti Eqorovsk Şəhər Məhkəməsinin 01 dekabr 2009-cu il tarixdə hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, Moskva şəhər Naqatino Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş və 05 sentyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 179-180). Moskva şəhər Naqatino Rayon Məhkəməsinin 03 iyun 2011-ci il tarixli hökmünün Azərbaycan Respublikasında tanınmadığı nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamalarına dair məhkəmədə verdiyi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 müharibə veteranı olmasını, hazırda məhkumluğunun olmamasını, habelə özünü qismən təqsirli bilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 09 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 14, 29, 120-123) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 42,429 qram təşkil edən heroin, qalıq çəkisi 27,099 qram təşkil edən metamfetamin, 29 ədəd metadon həbləri və 01 ədəd tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd CD disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 03 ədəd CD disk və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 13 vərəqədən ibarət bank kartı çıxarışları cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 40 (qırx) manat 91 (doxsan bir) qəpik olmaqla cəmi 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 57,346). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X4 və X5 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X4 və X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 42,429 qram təşkil edən heroin, qalıq çəkisi 27,099 qram təşkil edən metamfetamin, 29 ədəd metadon həbləri və 01 ədəd tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd CD disk, “Azerfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 03 ədəd CD disk və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 13 vərəqədən ibarət bank kartı çıxarışları cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən ayrı-ayrılıqda 40 (qırx) manat 91 (doxsan bir) qəpik olmaqla cəmi 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına vəkillər X4 və X2 hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar