Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1177/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Kamil Çingiz oğlunun sədrliyi, hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada götürülməmiş və ya ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 03 dekabr 2024-cü il tarixdə, saat 13:48-də ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Şəfa” adlanan aptekə daxil olaraq üzərində olan cib bıçağı ilə həmin aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs1 üzərində olan silah qismində istifadə edilən bıçağı tətbiq etməklə nümayiş etdirib kassada olan pul vəsaitini ələ keçirmə məqsədilə sonuncunun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə pul vəsaitlərinin ona təqdim etməsini tələb etmiş, sonuncu isə həmin vaxt kassada olan Zərərçəkmiş şəxs2 MMC-ə məxsus 232 manat nağd pulu ona verdikdən sonra oradan uzaqlaşaraq, silah qismində istifadə edilən əşya tətbiq edilməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətə 232 (iki yüz otuz iki) manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki,. Özü əvvəllər “Oba” marketdə müdir işləmiş, hadisəni törətdiyi gün isə içkili olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı ödəmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkəmə məsuliyyətinə cəlb olunmuş, xx.xx.2023-cü il tarixdə barəsində hökm çıxarılmış, xx.xx.2023-cü il tarixdə azadlığa buraxılmışdır. Hadisəni xx.xx.2024-cü il tarixdə 7-ci mikrorayon ərazisində törətmiş, hadisədən 10 gün əvvəl “Oba” marketdəki işdən çıxmış, içkili olduğuna və maddi cəhətdən imkansız olduğuna görə hadisəni törətmişdir. Hadisə zamanı əlində olan bıçağı “Oba” marketdə işlədiyi zaman malları açmaq üçün istifadə etdiyindən köşkdən almış, sonradan isə üzərində gəzdirmişdir. Əvvəllər işləyərkən 650 manat əmək haqqı almış, iş rejimi çətin olduğuna görə işdən özü çıxmışdır. O, aptekin qabağında 3-4 dəqiqə dayanmış, məqsədi aptekə girmək olmuş, oraya girdikdə əczaçı xanım işçi olduğuna görə uşaq yeməyi olub-olmadığını soruşaraq aptekdən çıxmışdır. Bir qədər sonra yenidən qayıdıb hadisəni törətmişdir. İlk dəfə aptekdən çölə çıxanda düşünmüşdür ki, bu cinayəti eləməlidir. Yenidən aptekə içəri girəndə pul tələb etmiş, 232 (iki yüz otuz iki) manat pulu götürəndən sonra aptekdə olan xanımdan başqa heç nə tələb etməmiş, xanımdan seyfin yerini soruşub soruşmadığını xatırlamır. Tələb edərək aldığı pulu götürüb qaçmış, aptekdən çıxanda əczaçı xanıma qapıdan çölə çıxmamağı tənbehləmişdir. Tutulan zaman pulun bir hissəsi üstündə olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 03 dekabr 2024-cü il tarixdə aptekdən digər müştərilər çıxdıqdan sonra adının sonradan Nurlan olduğunu bildiyi təqsirləndirilən şəxs aptekə daxil olaraq uşaq yeməyi olub olmadığını soruşmuş, o, isə öz növbəsində aptekdə uşaq yeməyi olmadığını, yaxınlıqdakı “Araz” marketə yaxınlaşıb orda tapa biləcəyini demişdir. 10-15 dəqiqədən sonra Nurlan yenidən aptekə qayıtmış, marketə baxdığını və orada da həmin uşaq yeməyinin olmadığını deyərək çıxmış və aptekin yanında şüşəli yerdə dayanaraq telefonla oynamağa başlamışdır. Bir qədər sonra Nurlan yenidən aptekə daxil olmuş və içəri girən kimi əlində olan bıçağı ona tərəf yönəldərək kassa tərəfə keçib pulları ona verməsini tələb etmişdir, Bu zaman həyəcanlanlanmış, özü də şəkər xəstəsi olduğuna görə qorxaraq pulları sayıb cəmi 232 (iki yüz otuz iki) manat pulu Nurlana vermişdir. Nurlan aptekdən çıxanda geri dönüb “arxam ilə gəlmə, yoxsa geri qayıdıb xəsarət yetirərəm” demişdir. Hadisədən sonra Nurlanın valideynləri gəlib onunla barışmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olara Zərərçəkmiş şəxs1 bildirmişdir ki, hadisə 03 dekabr 2024-cü il günorta saat 12:00-13:00 arası baş vermiş, götürülən məbləğin yarısı qaytarılmış, Nurlanın valideynləri müdriyyətlə qalan məbləği hissə-hissə ödəyəcəkləri barədə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs aptekə girdiyi zaman onun içkili olduğunu hiss eləmiş, hadisə barədə dərhal aptekin müdiri Nümayəndə və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Əməkdaşı Sevinc xanım 03 dekabr 2024-cü il tarixdə ona zəng edərək aptekdə quldurluq hadisəsinin olduğunu demişdir. O, da ona polisə müraciət etməli olduğunu bildirdikdən sonra Sevinc xanım polisə müraciət etmişdir. Müraciət əsasında polis əməkdaşları təqsirləndirilən şəxsi saxlamışlar. Hazırda dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur (müvafiq ərizəsini təqdim edir). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 13:48-də işlədiyi ünvan 4 ünvanında yerləşən “Şəfa Aptek” də olarkən, əvvəllər tanımadığı bir nəfər şəxs aptekə daxil olub ona yaxınlaşaraq kassada olan pulları ona verməyi tələb etmiş o, həmin şəxsə pulları verməyəcəyini bildirdikdə, həmin şəxs əynində olan paltarın cibindən çıxartdığı cib bıçağını ona tərəf yönəldərək ondan kassada olan pulları verməyi tələb etmişdir. O,da həmin şəxsin hərəkətlərindən qorxaraq kassada olan 232 (iki yüz otuz iki) manat pulu götürüb həmin şəxsə əlbəəl vermiş, həmin şəxs də pulları götürdükdən sonra apteki tərk edərək oradan uzaqlaşmışdır (cild 1, iş vərəqə 6); xx.xx.2024-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 5 ünvanında yerləşən “Şəfa Aptek” mağazasına baxış zamanı məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən mağaza yaşıl rəngli fosadlıdır, 1 ədəd çölə açılan plastik pəncərə və 1 ədəd ağ rəngli plastik qapıdan ibarətdir. Aptekin daxili foyesinin uzunluğu təxminən 8 metr X 3,5 metrəyədir. Daxili foye əczaçı hissəsi və müştərilər üçün nəzərdə tutulan bərabər perimetrli hissələrə bölünmüşdür. Aptekə daxil olduqda əczaçı üçün nəzərdə tutulan yer sol tərəfdə yerləşir, ləvazimatlar üçün rəflərdən və satış üçün nəzərdə tutulan polkalardan ibarətdir. Həmin polkalar müştəri hissəsindən seksiyalı şüşələrdən ayrılmış vəziyyətdədir. Həmin şüşəli seksiyalarda alış-veriş üçün 2 ədəd keçid yeri ayrılmışdır. Aptekin sağ tərəfində 1-ci polkada qadın gigiyenası üçün nəzərdə tutulan 4 rəfli polkadan, daha sonra 2 ədəd polkada optik və günəş eynəkləri, 3-cü polkada isə təbii təbabət çayları və siropları yerləşdirilən 5 rəfli polka yerləşir. Aptekin yeri düzbucaqlı kafel ilə örtülüb. Giriş qapısının üstündə köhnə modelli “Arçelik” markalı kondisioner vardır. Əczaçılar hissəsində olan rəflərin üstündə müxtəlif markalı “pampers” ləvazimatları vardır. Aptekin daxili foyesi 6 ədəd lyumenesensialı işıq cihazı ilə işıqlandırılmışdır. Mətbəx, anabar, müdir otağı və sanitar qovşağından ibarətdir. Aptek mağazasının ümumi sahəsi təxminən 38 kv. metrdir. Əczaçıya aid olan foye hissəsində 2 ədəd komputer ilə təhciz edilmiş kassa aparatları vardır. Aptekin daxilində giriş qapısının üstündə 1 ədəd yanğına qarşı siqnalizasiya üçün nəzərdə tutulmuş detektor, həmçinin 3 ədəd kamera, Aptekin çöl qapısının üstündə isə 1 ədəd kamera vardır (cild 1, iş vərəqə 07-12); xx.xx.2024-ci il tarixli “Zərərçəkmiş şəxs qimsində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 16-17); “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 42-43); xx.xx.2024-cü il tarixli “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş şəxslərdən əli ilə Təqsirləndirilən şəxs göstərərk, istintaqa verdiyi ifadəsini təsdiqlədi (cild 1, iş vərəqə 56- 58); xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanmılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 61-63); xx.xx.2024-ci il tarixli “Zərərçəkmiş hüquqi şəxsin tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 77-78); xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 90-91); xx.xx.2024-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Adgözəlov X5 Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 129-130); 16 dekabr 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 3684 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllığı və ya sair psixi xəstəlik əlamətləri aşkar edilməyib. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxsona ittiham olunan əmə! barəsində ANLAQLİ hesab olnumalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 135-138); “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi” Publik Hüquqi şəxsinin verilmiş 587-2024/MTKS saylı rəyindən görünür ki, təqdim olunan bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 01, iş vərəqə 139-142); İsmayıllı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 1(037)-9/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla 15 dekabr 2022-ci il tarixdə saat 13:30-dan 16 dekabr 2022-ci il tarixə saat 18:40-dək tutulub saxlanıldığı 2 (iki) gün müddət, ona təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qətii olaraq 08 (ay) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanilmışdır. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verməmişdir (cild 01, iş vərəqə 157-166); xx.xx.2025-cü il tarixli toplanmış “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması və barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixdə seçilmiş "həbs" qismində qətimkan tədbiri nəzərə alınması, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolu, şəxsin tanınmaya təqdim edilməsi protokolu və ekspert rəyləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.3.2, 180.3.1, 181.3.1-ci maddələri cinayət təqibinin başlanması rədd edilsin. Oğurluq, soyğunçuluq və quldurluq cinayətləri müvafiq olaraq CM-nin 177.3.2, 180.3.1, 181.3.1-ci maddələri ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, həmin əməllər o vavt mütəşəkkil dəstə tərəfindən törədilən əməllər kimi qəbul edilir ki, bu dəstədə bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət cinayətkar qrup iştirak etmiş olsun. (CM-nin 34.3-cü maddəsi) Göründüyü kimi Təqsirləndirilən şəxs cinayəti tək törətdiyinə görə CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cinayət işi üzrə hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək basqın edib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə məxsus 232 manat məbləğində nağd pulu ələ keçirərək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə cəmi 232 (iki yüz otuz iki) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi kimi onun cəzasını ağırlaşdıran halın olması və onun əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab olunması nəzərə alınması, qəbul edilmiş qərar barədə iş üzrə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır (cild 1, iş vərəqə 167-174); Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 (xx.xx.2025-ci il tarixli) və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə (xx.xx.2025-ci il tarixli) məhkəməyə ərizələr təqdim edərək, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslə barışdıqlarını, vurulmuş ziyanın ödənildiyini bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz fikirlərini bildirmişlər, o təqsirləndirilən şəxscümlədən ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs pula ehtiyacı yarandığı üçün cinayət törətmək qərarına gəlmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə saat 13:48-də ünvan 6 ünvanında yerləşən "Şəfa Aptek”-ə girərək zərərçəkmiş şəxsin dayandığı piştaxtaya yaxınlaşaraq əlində tutduğu bıçağı ona tərəf yönəldərək kassada olan pulları tələb etmişdir. Zərərçəkmiş şəxs1 isə əlində bıçaq olan şəxsin qəflətən edilmiş qanunsuz əməllərindən qorxaraq kassada olan, 232 manat məbləğində pulu məcbur qalaraq qəflətən basqın edən Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşaraq kassada olan pulları ona verməyi tələb etmiş o, həmin şəxsə pulları verməyəcəyini bildirdikdə, həmin şəxs əynində olan paltarın cibindən çıxartdığı cib bıçağını ona tərəf yönəldərək ondan kassada olan pulları verməyi tələb etmişdir. Zərərçəkmiş şəxs1 isə əlində bıçaq olan şəxsin qəflətən edilmiş qanunsuz əməllərindən qorxaraq kassada olan, 232 manat məbləğində pulu məcbur qalaraq qəflətən basqın edən Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin törədilmə üsulu və mexanizmini, yəni günorta vaxtı, müəyyən müşahidələr apardıqdan sonra həmin cinayətin törədilməsini, cinayətin törədilməsinə təqsirkar Təqsirləndirilən şəxs tərəfindən bıçaqla silahlanaraq “Şəfa Aptek” də kənar şəxslərin olmadığı vaxtda daxil olmasını, əlindəki bıçaqla hədələməklə pul tələb etməsini, fiziki cəhətdən təqsirkardan zəif olan zərərçəkmiş şəxsin baş verən hadisədən qorxaraq işlədiyi “Şəfa Apteki”in kassasından pulu təqsirkara verməsini, zərərçəkmiş şəxsi bıçaqla hədələməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2024-cü il tarixdə, saat 13:48 radələrində məhz özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmə kollegiyası qeyd edilən nəticəyə gələrkən ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi baş verdikdən dərhal sonra polis orqanına müraciət edərək onun işlədiyi aptekə basqın edən şəxsin əlində bıçaq olduğunu, həmçinin basqın edən şəxsin ondan pul tələb etdiyini, əlindəki bıçaqla hədələdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə bu halları təsdiq etmişdir. Məhkəmə kollegiyası yuxarıda izahı verilən və məhkəmə istintaqında müəyyən edilmiş halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cavan olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə vurulmuş ziyanın onun yaxın qohumları tərəfindən ödənilməsini, qeyd edilən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad olunduqdan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilən halları və maddi hüquq nomalarının imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 04 dekabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 42-43, 110-115). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 04 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 1(bir) ədəd cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 200 (iki yüz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 04 dekabr 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 1(bir) ədəd cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 200 (iki yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(101)-1177/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1177/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver