Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1179/2021 06.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqla müəyyən edilməyən mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 48,676 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi çəkisi 870,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək daşıyıb yaşadığı ünvan 3 ünvanının həyətyanı sahəsindəki toyuq hinində olan taxta qutunun altında sellofan bağlamalarda saxlamış, 23 noyabr 2020-ci ildə həmin narkotik vasitələrdən heroini şalvarının cibinə yerləşdirib daşıyarkən DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saat 13:30-da yaşadığı evin yaxınlığında Sabunçu qəsəbəsi, Dilməqani Kişvəri küçəsində saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üstünə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibindən polietilen bükümdə külli miqdarda təmiz çəkisi 48,676 qram narkotik vasitə heroin və həmin tarixdə əməliyyatın davamı olaraq yaşadığı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Dilməqani Kişvəri küçəsi ev 21 Z nömrəli evə baxış keçirilən zaman evinin həyətyanı sahəsindəki toyuq hinində olan taxta qutunun altındakı sellofan bağlamada ümumi çəkisi 870,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə İran İslam Respublikasının Məşədi şəhərində ziyarətdə olarkən Məhəmməd Rza adlı şəxslə tanış olmuş və onların münasibəti yaranmışdır. Təxminən 5-6 il bundan əvvəl Məhəmməd Rza anasının adına olan ***-***-**-** GSM nömrəsinə zəng edib hal-əhvalını soruşmuşdur. 2020ci ildə təxminən iyun-iyul aylarında Məhəmməd Rza istifadəsində olan xatırlamadığı GSM nömrəsinə “WhatsApp” vasitəsilə zəng etmiş, həmin vaxt Məhəmməd Rzanın evində Mərifət adlı qohumu qonaq olmuş və telefon danışığı görüntülü olduğundan həmin şəxsin narkotik vasitə tiryəkdən istifadə etdiyini görmüşdür. Mərifət ondan Azərbaycanda belə şeylərin olub-olmadığını və necə əldə edildiyini soruşduqda cavab olaraq marixuanadan istifadə etdiyini, ancaq çətinliklə tapdığını demişdir. Mərifət Azərbaycanda olanda Zığ kəndində yaşayan tanışından marixuana aldığını, həmçinin ona pay tiryək göndərəcəyini dedikdə tiryək istifadə etmədiyini bildirmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında və ya noyabr ayının əvvəllərində Məhəmməd Rza yenə xatırlamadığı nömrədən ona zəng edib Mərifətin onla danışmaq üçün nömrə istədiyini demişdir. O, razılıq verdikdən sonra bir qədər keçmiş Mərifət “WhatsApp” proqramı vasitəsi ilə görüntülü zəng edib Zığ kəndində yaşayan həmin tanışının özünə borcu olduğunu və həmin şəxsdə marixuana olduğunu bildirərək marixuananı götürüb əvəzində ona pul göndərməyini təklif etmişdir. O, marixuananın miqdarını soruşduqda 400 qram olduğunu deyib 1.500 manat istəmişdir. O həmin məbləğdə pulu olmadığını bildirdikdə isə hissə-hissə göndərməyi təklif etmiş, o da Mərifətin təklifi ilə razılaşaraq hesabına pul göndərməli olduğu nömrəni kağıza yazmışdır. Bir neçə gün sonra Ramana qəsəbəsində olan ödəmə terminalından həmin hesaba 300 manat pul köçürtmüşdür. Bundan sonra 2020-ci ilin noyabr ayının 14-də ailəsi ilə qayınatası Hacıbəy Allahverdiyevin yaşadığı Cəlilabad rayonunun Privolnoye kəndinə getmişdir. Saat 21 radələrində Cəlilabad rayonunun Göytəpə qəsəbəsinə çatanda Mərifət “WhatsApp” proqramı vasitəsi ilə zəng edib nə qədər pul göndərə biləcəyini soruşduqda 350 manat göndərə biləcəyini demiş və Mərifət pul göndərəcəyi hesabı deyəcəyini bildirmişdir. Bundan sonra Göytəpə qəsəbəsində marketin içərsinə daxil olub ödəmə terminalına yaxınlaşaraq Mərifətin zəng edib dediyi hesab nömrəsinə 350 manat pulu köçürtmüşdür. Mərifət ona Bakıya qayıdanda narkotik vasitənin veriləcəyini demişdir. 16 noyabr 2020-ci ildə Bakı şəhərinə çatıb ailəsini evə aparandan sonra avtomobili təhvil vermişdir. Növbəti gün Mərifətə “WhatsApp” proqramı vasitəsilə zəng edib Bakı şəhərində olduğunu bildirdikdə Mərifət Zığ dairəsinə gedib həmin adamla görüşüb marixuananı götürməyini tapşırmışdır. O da həmin şəxsin onu tanıya bilməsi üçün sərnişini olduğu taksinin nömrəsini və markasını Mərifətə demişdir. Zığ dairəsinə çatıb “WhatsApp” proqramı vasitəsi ilə Mərifətə zəng etmiş və sonuncu ona “xxxx” MMC-nin qarşısına getməyini, həmin şəxsin oraya gələcəyini demişdir. O da maşını həmin yerə sürdürmüş və ora çatanda təkrar Mərifətə zəng edib deyilən yerdə olduğunu bildirmişdir. Mərifət həmin şəxsin onu gördüyünü və yaxınlaşacağını demiş, o da gözləməyə başlamış, bu vaxt Mərifət yenidən ona zəng edib marixuananın gizlədildiyi yerin fotoşəklini göndərmişdir. Marixuana “xxxx” MMC-nin yaxınlığında yol işarələri olan tablonun yanındakı daşın altında olmuşdur. O, şəkillə içərisində marixuana olan sellofan torbanı tapıb götürmüşdür. Mərifətdən niyə həmin şəxsin özünün yaxınlaşmadığını soruşduqda ehtiyat etdiyini demişdir. Sellofan torbanın içərisində 400 qram marixuana olmuş, yaşadığı evə gəldikdə sellofan torbanı açaraq içərisindən istifadə etmək üçün 50 qram marixuana götürmüşdür. Bundan sonra 23 noyabr 2020-ci il tarixdə Mərifət yenə də “WhatsApp” proqramı vasitəsi ilə ona zəng edib həmin narkotik vasitənin səhvən verildiyini, aparıb yerinə qoyaraq özünə məlumat verməli olduğunu demişdir. O, torbanı açanda orada heroin görmüş və həmin narkotik vasitə ona lazım olmadığından tez aparıb yerinə qoymaq qərarına gəlmişdir. Marixuananı hində saxlamış, heroini götürüb evdən çıxarkən 11 nəfər polis əməkdaşı onu saxlayıb zorla evinə daxil olmuşlar. Polis əməkdaşları evinin həyətindəki hindən marixuananı aşkar edərək götürmüşlər. Sonra da onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Bakı şəhərində Mərifətlə görüşməmişdir. Mərifətin telefon nömrəsini xatırlamır, telefonunda Mərifətin və Məhəmmədin nömrəsi olmuşdur. Mərifətlə “İnstagram” və “WhatsApp” proqramları vasitəsilə əlaqə saxlamışdır. Üzərinə baxış videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Marixuanadan təxminən 2-3 il istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitəni geri qaytarmaq istəsə də, polis əməkdaşları onu saxladıqları üçün qaytara bilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 noyabr 2020-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dilməqani Kişvəri küçəsi 21 Z nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə rəhbərliyə məruzə edib Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün əməliyyat qrupunun təşkil olunmasına və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair icazə almışdır. Baş idarə rəisinin əmri ilə baş əməliyyat müvəkkilləri X6 və Şahid2 ibarət əməliyyat qrupu təşkil olunaraq həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi əraziyə getmişlər. Evin yaxınlığında əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi gördükdə saxlayıb özlərini təqdim edərək həmin şəxsin özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məlumat daxil olduğunu izah edib həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Narkotiklərlə Mübarizə İdarəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da razı olduqdan sonra onlarla birlikdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gəlmişdir. İdarədə şəxsi axtarışın və araşdırmanın aparılması təhqiqat qrupunun təhqiqatçısı Nizami Omarova tapşırılmışdır. X7 saxlanılan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutub hüquqlarının müdafiəsi üçün ərazidə fəaliyyət göstərən vəkil bürosundan vəkil dəvət etmişdir. Təqsirləndirilən şəxs hüquqları, eləcə də üzərində şəxsi axtarış aparılacağı elan edildikdə o, etirazının olmadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları təqdim etməyi təklif etdikdə o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofanı, sol cibindən isə 1 ədəd “İphone” markalı mobil telefonu çıxarıb masaya qoyaraq təqdim etmişdir. Sellofan açıldıqda içərisində açıq qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sellofanda olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdə 52,30 qram olması müəyyən edilmiş, sonra qablaşdırılıb möhürlənmişdir. Heroinə oxşar maddənin aşkar olunmasına dair protokol tərtib edilib imzalanmışdır. “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evin həyətindəki hində əlavə olaraq marixuana saxladığını və götürülməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra həmin evin həyətindəki hində saxladığı marixuananı götürmək üçün Təqsirləndirilən şəxs razılığı ilə Sabunçu qəsəbəsi, Dilməqani Kişvəri küçəsindəki 21 Z nömrəli evə getmişlər. Təqsirləndirilən şəxs həyətdəki hində olan taxta qutunun altından 1 ədəd sellofan bağlama çıxarıb təqdim etmişdir. Sellofanın içərisində bitki mənşəli narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunub zərfə qoyularaq qablaşdırılmışdır. Götürülmüş kütlə elektron tərəzidə çəkilərkən 873 qram olması müəyyən edilmişdir. Sonra bu barədə protokol tərtib edilib imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri “İnstagram” vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Mərifət adlı şəxsdən pulla özünün istifadəsi üçün əldə etdiyini, narkotik vasitənin pulunu ödəmə terminalı vasitəsi ilə göndərdiyini, narkotik vasitəni Mərifətin göstərdiyi fotoşəkil əsasında “xxxx” MMC-nin yanında daşın altından götürüb evə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2572 saylı 24 noyabr 2020 tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi 1 büküm heroinə bənzər kütlə” yazısı olan paketdəki 1 ədəd polietilen bükümdə təmiz çəkisi 48,676 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 20 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümumi çəkisi 48,676 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 48,576 qram (cild 1, iş vərəqə 45- 48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/819 saylı 24 noyabr 2020 tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan” sözləri yazılmış skoçla bağlanmış sellofan bağlamanın içərisində və skoçla bağlanmış qara rəngli sellofanda ümumi çəkisi 870 qram bitkili mənşəli kütlə tərkibində narkotik olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümumi çəkisi 870 qram, cəmi tədqiqata sərf edildi 0,1 qram, qalıq 869,9 qram, cild 1, iş vərəqə 51-52). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış və evindən narkotik vasitənin götürülməsi proseslərinin videogörüntülərinə baxış keçirilərkən şəxsi axtarış zamanı cibindən 1 ədəd polietilen torbada qəhvəyi rəngli maddəni təqdim etməsi, evindən isə 1 ədəd sellofan torbada bitki mənşəli kütləni verməsi tam təsdiqini tapmışdır (cild 1, iş vərəqə 31-33; 36-37). Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış 48,576 qram heroin və 869,9 qram qurudulmuş marixuana Sabunçu RPİ-nin saxlanc yerinə verilmiş, maddi sübut kimi tanınmış 2 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 66; 122-123). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 336 saylı 4 fevral 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 101-102). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 6 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satan şəxsi müəyyən etmək və narkotik narkotik vasitələrin satış faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (cild 1, iş vərəqə 200). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 92). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 4 azyaşlı uşağı var (cild 1, iş vərəqə 162-169). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). İş materiallarında olan Sabunçu rayon məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 noyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89-91). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 203 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan narkotik vasitə 48,576 qram heroin və 869,9 qram qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 203 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq olan narkotik vasitə 48,576 qram heroin və 869,9 qram qurudulmuş marixuana Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman aparılmış videoçəkilişin qeyd edildiyi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1179/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1179/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver