Məhkəmə qərarları › İş №1(101)-1179/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1179/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1179/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu, Şorəli kəndində yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Baba» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Baba» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək, köməklik etmiş, bu məqsədlə «Baba» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 3895 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumi təmiz çəkisi 1150 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Baba» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla satışını həyata keçirmək məqsədi ilə qeyd edilən narkotik vasitə heroinin külli miqdarda bir ədəd bükümdə olan 405 qram çəkidə və psixotrop maddə metamfetaminin külli miqdarda bir ədəd bükümdə, olan 105 qram çəkidə hissəsini üzərində, qalan külli miqdarda 3490 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1045 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bərdə rayonu, Şorəli kəndində yaşadığı evin yataq otağında olan zirzəmidə xüsusi düzəldilən gizli saxlanc yerində olan bir ədəd qutunun içərisində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 405 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gödəkçənin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 105 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 06 mart 2022-ci il tarixdə saat 04:15-dən etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə Bərdə rayonu, Şorəli kəndində yaşadığı evə baxış keçirilən zaman həmin evin yataq otağında olan zirzəmidə xüsusi düzəldilən gizli saxlanc yerində olan bir ədəd qutunun içərisindən iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1805 və 1685 qram olmaqla ümumi təmiz çəkisi 3490 qram öz aralarında və üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1045 qram üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Bolt taksi şirkətində işləmişdir, avtovağzalda olan vaxt ona Whatsapp mobil tətbiqindən zəng olunaraq, bir yükü bir yerə aparmaq lazım olduğu bildirilmişdir və təyinat yerinin koordinatı ona göndərilmişdir. O təyinat nöqtəsinə çatmış, bu vaxt həmin yerdə heç kəs olmamışdır və o sifarişçiyə zəng vuraraq həmin yerdə heç kəsin olmadığını bildirmişdir. Sifarişçi rayon qeydiyyat nişanlı avtomobilin gözləmədən ora zənbil qoyub getdiyini bildirib onun həmin zənbili götürməyini istəmişdir. O da oradakı qara zənbili götürmüşdür. Zənbil çox şübhəli imiş, o da şübhələnmişdir. Həmin şəxs ona zəng edərək ona koordinat göndərəciyini və zənbili həmin yerə aparmağını istəmişdir. O isə həmin zənbildən şübhələndiyi üçün nə edəcəyini bilmirmiş. Buna görə də həmin zənbili götürüb avtomobilinə əyləşib, Bərdə rayonuna gedib orada basdırmışdır. Həmin zənbili bıçaqla açıb baxdıqdan sonra onun narkotik vasitə olacağını da ehtimal etmişdir. Bundan 10 gün sonra o Lökbatan qəsəbəsi ərazisində Bərdə rayonuna getmək üçün müştəriləri toplayırmış. Bu vaxt 6-7 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq onu döyməyə başlamışlar və ondan iranlının narkotik vasitəsinin harada olmasını soruşmuşlar. O isə onlardan iranlı şəxsin kim olduğunu, bir neçə gün əvvəl onun başına şübhəli hadisə gəlməsini haradan bildiklərini soruşmuşdur. Həmin ərazidə kameralar da var imiş. O onlarla mübahisə etmiş və bu vaxt Yol Patrul Xidmətinin əməkdaşı gələrək, yolu niyə kəsdiyini soruşmuşdur. Polis bölməsinə getmişlər və orada polis əməkdaşlarına bir neçə gün əvvəl başına şübhəli hadisə gəlməsini, şübhələndiyi və qorxduğu üçün zənbili torpağa basdırdığını bildirmişdir. Polis əməkdaşları üzərinə dərhal baxış keçirməmişlər, idarədə 5-6 saatda sonra üzərinə şəxsi axtarış keçirmişlər və cibinə narkotik vasitə yerləşdirmişlər və ona təzyiq etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə zənbili basdırdığı yerə getmişlər və onlara zənbili təhvil vermişdir. Evinə baxış keçirilərkən videoçəkilişdən istifadə olunmuşdur. Sonuncu dəfə keçən ilin may ayında narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Zənbilin sahibinin kim olduğunu bilməişdir, onun sahibi onu tapıb güllələyə bilərmiş, ona görə də zənbili polisə aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 05 mart 2022-ci il tarixdə axşam saatlarında tərəflərindən əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində olan bir bükümdə heroin, bir bükümdə metamfetamin olmaqla iki bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin qalan hissəsini Bərdə rayonunda yaşadığı evdə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxsla birgə onun Bərdə rayonunda yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs həmin evdə yataq otağında olan zirzəmidə gizlətdiyi narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitələr müdafiəçinin də iştirakı ilə götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin iranlının malı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid1 Şahid3 verdiyi ifadəsinə uyğun ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından həmin ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, qeyd olunan əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxsin narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik göstərməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsindən görünür ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. Hazırkı iş üzrə isə narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilmir, qeyd edilən malların ölkə xaricindən gəlməsi təqdirində belə, təqsirləndirilən şəxsin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu keçirilməsinə köməklik göstərməsini dair hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir”. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinə köməkçi qismində təqsiri iş materialları ilə sübut edilmədiyindən, onun narkotik vasitəsinin ölkə xaricindən gəlməsini və şəxsin İran İslam Respublikasının vətəndaşı olması ilə əlaqələndirirək bu cür nəticəyə gəlməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitənin satışında təqsirli bilməməsi və üzərində narkotik vasitənin olmaması və eyni zamanda polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2022-ci il tarixli, 6/1349 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N7” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd karton qutuda olan:üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan..” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bağlamada 405,0 qram nəm vəziyyətdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bağlamada təmiz çəkisi 105,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.-üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd karton qutuda iki ədəd bağlamada ayrı- ayrılıqda təmiz çəkisi 1805,0 qram, 1685,0 qram ümumi təmiz çəkisi 3490,0 qram nəm vəziyyətdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bağlamada təmiz çəkisi 1045,0 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Tədqiqata təqdim edilmiş ümumilikdə üç ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir.-Tədqiqata təqdim edilmiş ümumilikdə iki ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Heroinin təmiz çəkisi - 3895,0 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 3894,85 qram. Metamfetaminin ümumi təmiz çəkisi -1150,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 1149,9 qram. (ekspertiza tədqiqatın dəyəri 65 (atmış beş) manat Cinayət işindən müəyyən edilir ki, 20 aprel 2022-ci il tarixdə anten məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ***- ***-**-** sayli mobil nömrə vardır. xx/xx/2021-ci il tarixdə saat 18:18:51 radələrində ***-***- **-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “saxi duwmedi ozun duwerdin bilirsen lokmadayam hemin ki raminsende bir iki adam mal tapan kimi deyiwirsen birde yigma me i”, xx/xx/2021-ci il tarixdə saat 14:04:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Menim şeyim qalmıyıbki qutrdı.1 paproş qalıb.gelmirsan bura”, xx/xx/2021-ci il tarixdəı saat 11:09:35-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**- ** saylı mobil nömrəyə “,Mesur menem Fezai. Telfonuda acma ey hecvaxt ! Mene naxadi alnrsa 2 karobqa lazmdi cavab de menolum tez.” xx/xx/2021-ci il tarixdə saat 04:18:23-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qardaş salam menede 25 q götür xayiş edirem” tipli mesajlar yazılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun baş təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 mart 2022-ci il tarixdə saat 20:40-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsi yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər, həmin gödəkçənin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 06 mart 2022-ci il tarixdə saat 04:15- dən etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə Bərdə rayonu, Şorəli kəndində yaşadığı evə baxış keçirilən zaman həmin evin yataq otağında olan zirzəmidə xüsusi düzəldilən gizli saxlanc yerində olan bir ədəd qutunun içərisindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və hər biri ayrı-ayrılıqda diskə köçürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 11 aprel 2022-ci il tarixli 1733 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbul edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir. ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 05 mart 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon prokurorluğundan tələb olunan 374-C-22 saylı materialdan görünür ki, material üzrə təyin edilmiş ekpertin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs olan xəsarətlər onun öz boyu hündürlüyündən yıxılaraq əmələ gəlməsi mümkün hesab edilmişdir və sağlamlığa zərərvurmayan xəsarətlər aid olduğundan dərəcələri təyin edilmir. Prokurorluğun müstəntiqi Anar İskəndərli xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda 05 mart 2022-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq-3894,85 qram heroin, qalıq-1149,9 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 2 ədəd DVD formatlı disk, 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə məsrəflərini təşkil edən 65 (atmış beş) manat məbləğində ekspertiza xərci digər Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi barədə qərar qəbul edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlundan ekspertiza xərci təşkil edən 65 (atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİnin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq - 3894,85 qram heroin, qalıq -1149,9 qram metamfetaminin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, 2 ədəd DVD formatlı disk, 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar