Məhkəmə qərarları › İş №1(101)-1180/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1180/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1180/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı Şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Yuxarı Hacıqasımlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "həbs"' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır xəsarət yetirmişdir. Belə ki, o, 2021-ci ilin fevral ayının 8-də saat 20 radələrində Sumqayıt şəhəri, 16-cı mkr, fərdi evdə bacısı Zərərçəkmiş şəxs həyat yoldaşıyla mütəmadi olaraq mübahisə etməsi, başqa oğlanlarla münasibəti olmasını eşitməsi, şəhərdə yaşayaraq işləmək istəməsini israr etməsi və onunla mübahisə edərək ona qarışmamasını deməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarnından bıçaqla bir dəfə vuraraq insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməli üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ailədə 3 uşaq olmuş, ondan başqa iki bacısı da var, hər iki bacısı evlidir. Böyük bacısı Zərərçəkmiş şəxs 2010cu ildə Şahid2la ailə həyatı quraraq Sumqayıt şəhərində yaşayır, üç övladı var. Bacısı Elnurla ailələrinin icazəsi olmadan qaçaraq evlənib və onlar evləndikdən sonra mütəmadi olaraq aralarında mübahisələr olmuş, gah Pərigül uşaqları götürüb rayona gəlmiş, gah da o və ya atası Sumqayıta gələrək onları barışdırmışdır. Pərigül 2020-ci ilin yanvar ayında Elnurdan boşanaraq Bakı şəhərində yaşayan digər bacısı Jalə Mikayılovagildə qalmış, Jalə onlara Pərigülün boşanaraq onlarda qaldığını, mağazada satıcı işlədiyini, uşaqların isə Elnurda qaldığını demiş, onlar da əsəbiləşərək Pərigüllə telefonla danışaraq demişlər ki, uşaqları da götürüb rayona gəlsin, işdən də çıxsın. Pərigül isə gəlməyəcəyini demiş, bir müddətdən sonra da başqa-başqa adamlardan bacısının başqa oğlanlarla münasibətdə olduğunu eşitmiş, həmin söhbət də kəndə yayıldığından yenə bacısına rayona gəlməsini demiş, lakin bacısı gəlməyəcəyini demişdir. Bir müddətdən sonra Jalədən Pərigülün bir oğlanı sevdiyini, hətta onunla evlənmək istədiyini eşitmiş, o da, atası da, anası da Pərigülə bu fikirdən dönməyini, uşaqları olduğunu, təzə boşandığını söyləmiş, Pərigül isə öz bildiyini etmişdir. Ondan sonra Pərigül bir müddət də Bakıda yaşayan bibisigildə qalmış, sonra atası və əmisi Bakıya gələrək bacısını uşaqlarla birlikdə rayona gətirmişdir. O, bacısı rayonda olduqda rayonda adına sözlər gəzdiyini, ona görə də telefon işlətməməsini, evdən bayıra da çıxdıqda o və ya atası ilə bir yerdə çıxmasını demiş, bacısı da bir müddət onların dediklərini etmiş, lakin sonradan atasının telefonu ilə gah Elnurla, gah da rəfiqələri ilə danışmış, nə səbəbə yenidən danışdığını dedikdə bildirmişdir ki, uşaqların alimenti ilə bağlı danışır. 2020-ci ilin axırlarında Pərigül o və atası olmadan uşağı məktəbə apardığı üçün ona əsəbiləşmiş və şillə ilə onun sifətindən vurmuş, Pərigül də həmin vaxtı uşaqları evə qoyaraq onlardan xəbərsiz evdən qaçmışdır. Əvvəlcə onun hara getdiyini bilməsələr də, sonradan eşitmişlər ki, o Elnurun yanındadır, barışmışlar. Onlar da uşaqları Sumqayıta göndərmişlər, həmin ərəfələrdə Elnur onlara zəng edərək Pərigülün uşaqları da götürüb evdən getmək istədiyini, hansısa sığınacaqda yerləşəcəyini söyləmiş, atası da həmin vaxt Sumqayıta gələrək Pərigülü fikrindən döndərməyə çalışsa da, döndərə bilməmişdir. Atası ona zəng edərək Pərigülün öz fikrindən dönmədiyini, evdən getmək istədiyini demiş, o da atasına Pərigülü evdən bayıra qoymamasını, özünün də oraya gələcəyini demiş və səhərisi gün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə Elnurgilin yaşadığı evə gəlmişdir. O və atası Pərigüllə nə qədər danışsa da, fikrindən döndərə bilməmişlər, Pərigül onlara işinə qarışmamaqlarını, öz həyatını yaşamaq istədiyini demiş, onlar da ya Elnurla tam barışıb bir yerdə yaşamasını, yaşamaq istəməsə də onlarla rayona gəlməyini, burada tək qalmasına icazə verməyəcəklərini demişlər , Pərigül həmin günü özünü də öldürəcəyini deyərək bıçaqla boğazını da azca kəsmişdir ki, onu rayona aparmasınlar. Lakin sonra o, rayona getməyə razılıq vermiş, o, atası, Pərigül və 3 uşaq rayona getmək üçün Bakı şəhəri, 20 yanvar metrosunun yanına gələrək fikirləşmişlər ki, oradan Saatlıya gedən taksiylə rayona getsinlər. Pərigül onlara tualetə getmək istədiyini söyləmiş onlar da etiraz etməmiş, daha sonra Pərigülün özünü yol polisi avtomobilinin qabağına ataraq polislərə onu məcbur rayona apardıqlarını, onun başına oyun açacaqlarını, sığınacağa getmək istədiyini, onlarla rayona getmək istəmədiyini demişdir. Onlar da daha Pərigülü apara bilməyəcəklərini düşünərək rayona getmişdir. Pərigül təxminən 2021-ci ilin yanvar ayının əvvəllərinə kimi sığınacaqda qalmış, sonra onun sığınacaqdan çıxdığını, yenidən Elnurla barışaraq Sumqayıt şəhəri, 16-cı mkr, fərdi evdə kirayə yaşadığını eşitmişlər. Fevral ayının əvvələrində Elnur yenə atasına zəng edərək Pərigülün onunla yaşadığını, yenə öz bildiyini etdiyini və işləmək istədiyini söyləmiş, o da bu münasibətin uzun müddət davam edə bilməyəcəyini fikirləşmiş və özü də kənddə biyabır olduğundan bacısıyla ətraflı danışmağı, ya ailəsiylə yaşamasını, yada ki, boşanaraq onlarla yaşamasını deməyi düşünərək 04.02.2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq Bakı şəhərinə gəlib digər bacısı Jaləgildə qalmışdır. 05.02.2021-ci il tarixdə səhər saatlarında Elnura zəng edərək Sumqayıt şəhərində görüşməklərini və söhbət etməyi demiş, Elnur da onunla həmin günü görüşmüş, onlar Sumqayıt şəhərində yerləşən kafelərdən birində oturaraq söhbət etmişlər. Elnurdan bundan sonrakı münasibətlərinin necə olacağını soruşmuş, Elnur da ona Pərigüllə danışdığını, uşaqlara görə barışacaqlarını və bir yerdə yaşayacaqlarını, yenidən nikaha girəcəklərini söyləmişdir. Elnura bu barədə bacısı ilə da danışmaq istədiyini deyərək həmin günü də Elnurgilə gedib Pərigüllə də danışmış, Pərigül də ona uşaqlara görə Elnurla yenidən nikaha giərəcəyini, heç yerdə işləməyəcəyini, mübahisə etməyəcəklərini demişdir. Onlara 06.02.2021-ci il tarixdə onunla bir yerdə Asan xidmətə getməklərini, onun gözünün qabağında nikaha girəcəklərini söyləmiş, bacısıyla Elnur da demişlər ki, problem yoxdur . 06.02.2021-ci il tarixdə Asan xidmət işləmədiyindən Elnurgilə zəng edərək 1-ci gün Asan xidmətə gedəcəklərini demişdir. 07.02.2021-ci İl tarixdə Elnur ona zəng edərək Pərigülün fikrindən döndüyünü, nikaha getmək istəmədiyini söyləmiş, o da əsəbiləşərək Elnura 08.02.2021-ci il tarixdə onlara gələcəyini demişdir. O, 08.02.2021ci il tarixdə təxminən 16.radələrində onlara gedib bacısıyla xeyli söhbət etmiş, bacısı ona demişdir ki,hələlik nikah lazım deyil, özü də işləyəcək, onun işinə heç kəsin qarışmasın. Həmin günü axşam saatlarına kimi bacısıyla söhbət edərək onu fikrindən döndərməyə çalışsa da Pərigül öz fikrindən dönməmiş, ona öz həyatını yaşamaq istədiyini demişdir. Həmin günü saat təxminən 20 radələrində bacısıyla eyni otaqda olduqda bacısı yenə ona öz bildiklərini dediyindən, fikrindən dönmədiyindən o, əsəbiləşmiş, aralarında söz mübahisəsi yaranmış, Pərigül ona öz həyatını yaşamaq istədiyini dedikdə o, daha da əsəbiləşərək arxa cibindən Saatlıdakı evdən gətirdiyi mətbəx bıçağını çıxardaraq həmin vaxtı otaqda olan taxtın üzərində oturmuş bacısının qarnından bir dəfə bıçaqla vurmuşdur. Pərigül əlini qarnına tutaraq qışqırmış, o da əsəbi halda evdən bayıra çıxmışdır. Həmin vaxtı Elnur Pərigülü xəstəxanaya aparmağa çalışmış, o da daha sonra “102” xidmətinə zəng edərək bacısını bıçaqla vurduğunu söyləmiş və polis əməkdaşlarına hər şeyi səmimi deyərək bıçağı da təhvil vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs doğma bacısı ilə barışmasını, əməlindən səmimi peşman olmasını, gözdən əlil olmaqla gənc olmasını və anası İ qrup gözdən əlil olduğundan onun qulluğuna ehtiyacı olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı cinayət işinin aşağıda şərh edilən halları ilə də tam sübuta yetirilir: Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid2 ilə 2010-cu il tarixdə evlənmiş, onların 3 uşağı var. Valideynləri onu Elnura vermədiklərindən Elnur onunla razılaşaraq onu qaçırtmış, onlar evlənərək əvvəlcə Elnurun anasıgilin yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşamışlar. Elnurla aralarında tez-tez mübahisə olmuş, o, həm evə baxmamış, həm də səbəbsiz yerə evdə mübahisələr etmiş və ona nalayiq sözlər demiş, onun valideynlərinə zəng edərək ondan gileylənmişdir. O da bir neçə dəfə evdən çıxaraq atasıgilə getmiş, lakin sonradan Elnur onunla barışaraq onu yenidən evə gətirmiş və 2020-ci ilin yanvar ayında boşanmışlar. Uşaqlar bir müddət Elnurla qalmış, özü isə həmin müddətdə Bakı şəhərində bacısı Jaləgildə qalmış, orada qaldığı müddətdə mağazada iş taparaq bir müddət işləmiş, işdən çıxdığından sonra bir neçə gün bibisigildə qalmışdır. Daha sonra atası Şahid1 əmisiylə birlikdə bibisigilə gələrək onu götürmüş, uşaqları da Elnurdan götürərək Saatlı rayonuna aparmışlar. O, təxminən 3-4 ay atasıgildə qalmış, həmin ərəfələrdə evdə qardaşı və atasıyla arasında mütamadi olaraq mübahisələr olmuş, qardaşı yerli-yersiz onu hər kəsə qısqanmışdır. O, boşandığından və mağazada işlədiyindən qardaşı onun kimlərləsə münasibəti olduğundan şübhələnmiş, onun haqqında kənddə yalandan yalan-yalan sözlər danışıldığından qardaşı da həmin sözlərdən əsəbiləşərək onunla tez-tez mübahisə etmişdir. O, daha dözə bilmədiyindən 2020-ci ilin axırlarında evdən qaçaraq Elnura zəng etmiş, Saatlıdan qaçdığını, onun yanına gəldiyini evdən heç kəsin bilmədiyini, kim soruşarsa yanında olmağını deməməyini xahiş etmiş və həmin günü Elnurla görüşərək onların yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gəlmişdir. Elnur uşaqları da onların yanına gətirmiş və atasıgilə də onun burada olduğunu bildirmişdir. Sonra aralarında yenidən mübahisələr başladığından Elnura uşaqları da evdən götürüb gedəcəyini, hansısa sığınacaqda qalacağını demiş, Elnur icazə verməyərək münasibətlərin düzələcəyini demiş, lakin onun düzəlmədiyini görüb evdən getmək istəmişdir. Həmin ərəfədə atasıyla qardaşı Əlivasi onlara gəlib onu rayona aparmaq istəmiş, o isə nə rayona getmək, nə də Elnurla yaşamaq istəmədiyini demiş, atasıgil ondan əl çəkmədiyindən onlarla getməyə razılıq vermişdir. Bakı şəhəri, 20 Yanvar metrosunun yanında olduqda o, uşaqları da götürüb atasıgildən xəbərsiz onların yanından qaçıb uşaqlarla birlikdə təxminən 2021-ci ilin yanvar ayına kimi Bakı şəhərində yerləşən sığınacaqların birində qalmışdır. Elnur həmin müddət ərzində dəfələrlə uşaqları götürmək istəsə də uşaqları ona verməmiş, atasıgil də rayona rayona getməmişlər. 2021-ci ilin yanvar ayında sığınacaqdan çıxdıqdan sonra Elnura zəng edərək gəlib uşaqları aparmasını, sığınacaqdan çıxdıqlarını demiş, Elnur da gəlib uşaqlarla birlikdə onu Sumqayıt şəhərinə aparmış, qərara gəlmişlər ki, barışsınlar və birlikdə Sumqayıt şəhəri, 16-cı mkr, fərdi evdə kirayə yaşamağa başlamışlar. Bir müddət hər şey qaydasında olmuş, daha sonra aralarında yenə mübahisələr başlamış, Elnur evə vaxtı-vaxtında baxmamış, hər mübahisə olduqda Elnur zəng edərək atasıgilə bu barədə məlumat vermişdir. 05.02.2021-ci il tarixdə uşaqlarla evdə olduqda qardaşı Əlivasi Elnurla evə gəlmiş, Əlivasi onlarla söhbət edərək sonrakı proseslərin necə olacağını soruşmuş, o da Əlivasiyə uşaqlara görə yenidən nikaha girəcəklərini, heç yerdə işləməyəcəyini, mübahisə etməyəcəklərini söyləmiş, Elnur da hər şeyin qaydasında olacağını demişdir. Əlivasi də onlara 6-cı gün, yəni 06,02.2021-ci il tarixdə bir yerdə Asan xidmətə getməklərini, orada onun gözünün qabağında nikaha girəcəklərini söyləmiş, onlar da etiraz etməmişlər. 6-cı gün Asan xidmət işləmədiyindən Əlivasi onlara zəng edərək 1-ci gün Asan xidmətə gedəcəklərini demiş, o isə indi qaçaqaç olmadığını, sonra nikaha girəcəyini söyləmişdir. Əlivasi də Elnura zəng etdikdə Elnur ona sonra gedəcəklərini söyləmiş, Əlivasi də 08.02.2021-ci il tarixdə onlara gələcəyini demişdir. 08.02.2021-ci il tarixdə təxminən saat 16 radələrində Əlivasi gəlib onunla xeyli söhbət etmiş, o da qardaşına tezliklə nikaha girəcəklərini, ailə işlərinə çox qarışmamasını, başqa-başqa adamların sözləriylə qızışıb ondan şübhələnməməsini demişdir. Əlivasi isə özü burada olduqda nikaha girməklərini söyləmiş, o isə razılaşmamaışdır. O, yataq otağında taxtın üzərində oturaraq əlində olan paltarları səliqəyə saldıqda birdən Əlivasi əsəbiləşərək əlində bıçaq onun üzərinə gəlib bıçaqla onun qarnından bir dəfə vurmuş, o da əlini qarnına tutaraq ağrıdan qışqırmışdır. Bu vaxtı Elnur da otağa gəlmiş və Əlivasi əsəbi halda evdən bayıra çıxmış, Elnur onu xəstəxanaya gətirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs olan doğma qardaşı ilə barışmasını, ondan hər hansı şikayət və ya tələbi olmamasını, hadisənin onun təqsiri üzündən baş verməsini, qardaşının gözdən əlil olmaqla gənc olmasını və anasının İ qrup gözdən əlil olduğundan qardaşının qulluğuna ehtiyacı olmasını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs 2010-cu ildə Şahid2la ailə həyatı quraraq Sumqayıt şəhərində yaşamış, onların üç övladı var. Qızı Elnurla onların icazəsi olmadan evlənib və evləndikdən sonra mütamadi olaraq aralarında mübahisələr olmuş, gah Pərigül uşaqları götürüb rayona gəlmiş, gah da o və ya oğlu Əlivasi Sumqayıta gələrək onları barışdırmışdır. Qızı təxminən 2020-cİ ilin yanvar ayında aralarında olan mübahisəyə görə Elnurdan boşanaraq Bakı şəhərində yaşayan digər qızı Jalə Mikayılovagildə qalmışdır. Jalə onlara Pərigülün boşanaraq onlarda qaldığını, maqazində satıcı işlədiyini, uşaqların da Elnurda qaldığını demiş, onlar da əsəbiləşərək telefonla danışaraq Pərigülə uşaqları da götürüb rayona gəlməyini, işdən də çıxmağını bildirmişlər. Pərigül gəlməyəcəyini demiş, bir müddətdən sonra eşitmişlər ki, qızı başqa-başqa oğlanlarla münasibətdədir. Bu söhbət də kəndə yayıldığından yenə qızına rayona gəlməsini demiş, qızı isə gəlməyəcəyini demişdir. Bir müddətdən sonra Jalədən Pərigülün bir oğlanı sevdiyini, hətta onunla evlənmək istədiyini eşitmiş, o da, oğlu da, həyat yoldaşı da Pərigülə bu fikirdən dönməyini, uşaqları olduğunu, təzə boşandığını söyləmiş, Pərigül isə öz bildiyini etmişdir. Ondan sonra Pərigül bir müddət də Bakıda yaşayan bibisigildə qalmış, sonra onunla qardaşı Bakıya gələrək qızını uşaqlarla birlikdə rayona gətirmişdir. Oğlu Əlivasi qızı rayonda olduqda ona boşanmış olduğu üçün rayonda adına sözlər gəzdiyini, ona görə də telefon işlətməməsini, evdən bayıra da çıxdıqda o və ya oğluyla bir yerdə çıxmasını söyləmiş, qızı da bir müddət onların dediklərini etmiş, lakin sonradan onun telefonu ilə gah Elnurla, gah da rəfiqələri ilə danışmışdır. Əlivasi ona Elnurla boşandığını, nə səbəbə onunla yenidən danışdığını dedikdə o, uşaqların alimenti ilə bağlı danışdığını demişdir. Bir dəfə Əlivasi onun telefonla çox danışdığını görüb əsəbiləşərək telefonu ondan alaraq sındırmışdır. 2020-ci ilin axırlarında Pərigül onunla Əlivasi olmadan uşağı məktəbə apardığı üçün ona əsəbiləşmiş və şillə ilə onun sifətindən vurmuş, o da həmin vaxtı uşaqları evə qoyaraq onlardan xəbərsiz evdən qaçmışdır. Əvvəlcə onun hara getdiyini bilməsələr də sonradan eşitmişlər ki, o, Elnurun yanındadır, barışmışlar. Həmin ərəfələrdə Elnur onlara zəng edərək Pərigülün uşaqları da götürüb evdən getmək istədiyini, hansısa sığınacaqda yerləşəcəyini söyləmiş, o da həmin vaxtı Sumqayıta gələrək qızını fikrindən döndərməyə çalışsa da döndərə bilməmiş, buna görə də Əlivasiyə zəng edərək Pərigülün öz fikrindən dönmədiyini, evdən getmək istədiyini demiş, Əlivasi də ona Pərigülü evdən bayıra qoymamasını, özünün də gələcəyini demiş və səhərsi gün Elnurgilin yaşadığı evə gəlmişdir. Onunla oğlu Pərigüllə nə qədər danışsa da onu fikrindən döndərə bilməmişlər, Pərigül onlara onun işinə qarışmamaqlarını, öz həyatını yaşamaq istədiyini demiş, onlar da ona rayonda adına sözlər çıxdığını, onları da fikirləşməyini, ya Elnurla tam barışıb bir yerdə yaşamasını, yaşamaq istəməsə də onlarla rayona gəlməyini, burada tək qalmasına icazə verməyəcəklərini söyləmişlər. Pərigül hətda həmin günü özünü də öldürəcəyini deyərək bıçaqla boğazını da azca kəsmişdir ki, onu rayona aparmasınlar. Lakin sonradan onlarla rayona getməyə razılıq vermiş, o, Əlivasi, Pərigül və 3 uşaq Sumqayıtdan rayona getmək üçün Bakı şəhəri, 20 yanvar metrosunun yanına gəlmişlər ki,, oradan taksiylə Saatlıya getsinlər. Həmin vaxtı Pərigül onlara tualetə getmək istədiyini söyləmiş, onlar da etiraz etməmişlər. Sonra da Pərigülün özünü yol polisi avtomobilinin qabağına atdığını, polislərə onların onu məcbur rayona apardıqlarını, onun başına oyun açacaqlarını, sığınacağa getmək istədiyini, onlarla rayona getmək istəmədiyini deyərək sığınacaqda yerləşmiş, onlar da rayona getmişdir. Pərigül təxminən 2021-ci ilin yanvar ayının əvvəllərinə kimi sığınacaqda qalmış, sonra onun sığınacaqdan çıxdığını, yenidən Elnurla barışaraq Sumqayıtda kirayə yaşadığını eşitmişlər. Fevral ayının əvvələrində Elnur yenə ona zəng edərək Pərigülün onunla yaşadığını, yenə öz bildiyini etdiyini və işləmək istədiyini söyləmiş, Əlivasi də bu münasibətin uzun müddət davam edə bilməyəcəyini fikirləşmiş, özləri də kənddə biabır olduğundan Sumqayıta gələrək Pərigüllə ətraflı danışmağı, ya ailəsiylə yaşamasını, yada ki, boşanaraq onlarla yaşamasını deməyi düşünərək fevral ayının 4-də yaşadığı evdən çıxaraq Bakı şəhərinə gəlmişdir. Onlar 08.02.2021-ci il tarixdə axşam saatlarında Əlivasi ilə Pərigül arasında mübahisə olduğunu, Əlivasinin əsəbiləşərək Pərigülə bıçaqla xəsarət yetirdiyini eşitmişlər. Bildirir ki, Saatlı rayonunda onunla birlikdə yataq xəstəsi olmaqla 1-ci qrup əlil olan həyat yoldaşı və oğlu Əlvasi yaşamışdır. Yataq xəstəsi olan həyat yoldaşına Əlvasi qulluq etmişdir. Özü isə qoca və xəstədir, Əlvasi hazırda həbsdə olduğundan kənar şəxsin köməyinə ehtiyacı olan həyat yoldaşının vəziyyəti daha da pisləşmişdir. Xahiş edir ki, oğluna azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilsin. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2010-cu ildə Pərigüllə evlənmişlər. Ev işlərinə baxmaması, uşaqlarla maraqlanmamasına görə Pərigüllə aralarında tez-tez mübahisə olmuş, hərdən Pərigülün valideynlərinə də bu barədə məlumat vermiş, Pərigül isə gah evdən çıxaraq atasıgilə getmiş, gah da valideynləri gələrək onları barışdırmışlar. Təxminən 2020-ci ilin yanvar ayında boşanmışlar. Boşandıqdan sonra uşaqlar onunla qalmış, Pərigül də gah Bakı şəhərində yaşayan bacısıgildə, gah da bibisigildə qalmış, arada bir zəng edərək uşaqlarla maraqlanmışdır. Onun maqazində satıcı işlədiyini, başqa-başqa adamlarla münasibətdə olduğunu, sonra da atası və əmisinin gəlib onu yaşadıqları Saatlı rayonuna apardıqlarını eşitmişdir. 2020-ci ilin axırlarında Pərigül ona zəng edərək Saatlıdan qaçdığını, evdən heç kəsin bilmədiyini, onun yanına gəldiyini, kimsə soruşarsa yanında olmağını deməməyini xahiş etmiş, o da onu evlərinə gətirmiş, lakin onun yanında olması ilə bağlı heç kəsə heç nə deməmişdir. Sonra atasıgilin dayanmadan onu axtardıqlarını görüb, atasına Pərigülün onun yanında olduğunu demiş, uşaqlar da onların yanına gəlmiş, birlikdə Sumqayıt şəhəri, H,.Z.Tağıyev qəsəbəsində yaşamışlar. Pərigül ona barışaraq bir yerdə yaşamaq istədiyini demiş, problemsiz yaşamışlar. Bir müddət sonra Pərigül ona uşaqları da evdən götürüb gedəcəyini, hansısa sığınacaqda yerləşəcəyini demiş, o da Pərigülə icazə verməmiş, lakin onun qəti olaraq getmək istədiyini görüb atasına bu barədə məlumat vermişdir. Pərigülün atası Yunis və qardaşı Əlivasi də gələrək Pərigüllə uşaqları da da götürüb rayona aparmaq üçün Bakı şəhərinə getmişlər. Bir neçə gündən sonra Pərigülün rayona getmədiyini, uşaqlarla birlikdə Bakı şəhərində hansısa sığınacaqda qaldığını eşitmiş, uşaqları Pərigüldən almaq istəmiş, lakin Pərigül uşaqları verməmişdir. Onlar 2021-ci ilin yanvar ayına kimi orada qalmışlar, sonra da Pərigül ona zəng edərək sığınacaqdan çıxdıqlarını, qalmağa yeri olmadığını, uşaqlara görə barışmaqlarını demiş, o da uşaqlara görə barışmağı fikirləşmiş və birlikdə Sumqayıt şəhəri, 16-cı mkr, fərdi evdə kirayə yaşamağa başlamışlar. Pərigül bir müddət ağıllı olmuş, lakin sonra yenə də öz bildiyini etmiş və işləmək istəmişdir. O da bacara bilmədiyini görüb, Pərigülün atasına bu barədə məlumat vermişdir. 05.02.2021-ci il tarixdə səhər saatlarında Pərigülün qardaşı Əlivasi ona zəng edərək görüşmək istədiyini demiş, onlar görüşərək Sumqayıt şəhərində yerləşən kafelərdən birində oturaraq söhbət etmişlər və Əlivasi ondan bundan sonrakı münasibətlərin necə olacağını soruşmuş, o da Əlivasiyə Pərigüllə danışdığını, uşaqlara görə barışacaqlarını, bir yerdə yaşayacaqlarını, yenidən nikaha girəcəklərini söyləmişdir. Əlivasi də bu barədə Pərigüllə də danışmaq istədiyini demiş və həmin günü də onunla gedərək Pərigüllə danışmış, Pərigül də uşaqlara görə yenidən nikaha girəcəklərini, heç yerdə işləməyəcəyini, mübahisə etməyəcəyini demişdir. Əlivasi də onlara demişdir ki, 06.02.2021-ci il tarixdə, yəni 6-cı gün bir yerdə Asan xidmətə gedib onun gözünün qabağında nikaha girsinlər, onlar da etiraz etməmişlər. 6-cı gün Asan xidmət işləmədiyindən Əlivasi onlara zəng edərək 1-ci gün Asan xidmətə gedəcəklərini deyərkən Pərigül sonra nikaha girəcəklərini bildirdiyindən, o da Əlivasiyə sonra gedəcəklərini söyləmiş və ona Pərigülün elə dediyini bildirmişdir. 08.02.2021-ci il tarixdə saat 16 radələrində Əlivasi onlara gəlmiş və Pərigüllə xeyli söhbət etməyə başlamış, həmin ərəfələrdə uşaqlar o biri otaqda olmuş, özü də gah Əlivasigilin olduğu otaqda olmuş, gah da uşaqların yanına keçmişdir. Həmin günü saat təxminən 20 radələrində o, Əlivasi ilə Pərigülün mübahisə etdiklərini, Əlivasinin əsəbiləşdiyini görmüş, həmin vaxtı da Pərigül otaqda olan taxtda əyləşmiş, birdən Pərigülün səsini eşidərək tez ora tərəf qaçdıqda Əlivasinin əsəbiləşərək bıçaqla onu vurduğunu görmüş, o, nə baş verdiyini soruşduqda Əlivasi əsəbi halda bayıra çıxmış, daha sonra orada olan qonşulardan birinin maşını ilə Pərigülü xəstəxanaya gətirmişdir. Hazırda Pərigüllə barışaraq uqları ilə birlikdə bir yerdə yaşayırlar. Cinayət işinin 134-136-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 03.04.2021-cİ il tarixli, 253 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarın ön divarının daxilə keçərək bağırsağı, bağırsaq müsariqəsini, piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası xəsarətləri var. Qeyd olunan xəsarət deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 08.02.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin 147-151-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X3» X7 16.04.2021-ci il tarixli, 807 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda Öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ünsiyyətcil, emosional, hər kəslə yaxşı yola gedə bilən, konfliktə meyilli olmayan şəxsdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabilliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslik yaranmış, hadisə zamanı həmin hiss və yaşantıları dərinləşərək onun davranışını müəyyən etmişdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt vəziyyətində olmamışdır. Cinayət işinin 137-141-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 02.04.2021-ci il tarixli, 163/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu-O/l/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus kofta üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan bıçaq üzərində qan aşkar olunmadı. Cinayət işinin 142-146-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X7 20.04.2021-ci il tarixli, 143/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur, Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 100-104-cü vərəqlərində olan protokol və fotocədvəldən görünür ki, hadisə yeri Sumqayıt şəhəri, 16-cı mkr, fərdi evdir. Cinayət işinin 152-163-cü vərəqlərində olan qərardan görünür ki, istintaqa təqdim edilmiş 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qara rəngli uzun qol köynək əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs etirafedici ifadəsi şahidlərin ifadələri, ekspert rəyi, maddi sübutlarla, habelə məhkəmədə tədqiq edilərək araşdırılmış protokollarla tam təsdiq olunduğuna görə, məhkəmə sadalananları və Təqsirləndirilən şəxs ifadəsini iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbu edir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətləri protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 29-30-cu vərəqlərində olan protokoldan və 80-84-cü vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-cü vərəqində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs 16.04.2021-ci il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin İŞ-nə müraciət edərək bildirmişdir ki, hazırda qardaşı Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 128-129-cu vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 130-132-ci vərəqlərində olan xasiyyətnamə və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Məzrəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda atası və 1-ci qrup əlil olan anası ilə birlikdə yaşayır. Yaşadığı müddətdə kənd camaatı ilə yaxşı münasibət saxlamış, kəndin ümumi işlərində camaatla bərabər olmuş, kənddə keçirilən bütün tədbirlərdə fəal iştirak etmiş, dövlət və dövlətçilili müdafiə edən kəndin fəal gənclərindən sayılır və qəbul edilir. Cinayət işinin 133-cü vərəqində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir (ömürlük) və əlil kimi 110 manat sosial müavinat alır. Məhkəməyə təqdim edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, təqsirləndirilən şəxs doğma və yeganə qardaşıdır, hadisədən sonra barışmışlar, qardaşına qarşı heç bir şikayəti yoxdur. Ona şərti cəza verilməyini xahiş edir. Məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs anası X2 1ci qrup əlildir və hazırda aöır yataq xəstəsi olaraq görmə və hərəkət qabiliyyətini tam olaraq itirib, nitqində qüsurlar yaranıb. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxsin onun yaxın qohumu olması, əvvəllər məhkum olunmaması, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, özünün 3-cü qrup, anasının 1-ci qrup olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində deyilir ki, CM-nin 59.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 60-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02.04.2012-ci il tarixli qərarının 3-cü bəndində deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında əsas cəza tədbiri qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, özünün və anasının əlil olması kimi yüngülləşdirici halların məcmusunu, habelə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə mənfi münasibəti, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə bacı-qardaş olması kimi halları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, 1-ci qrup əlil olan anasını ciddi məhrumiyyətlərə düçar edər, eləcə də zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasına dair xahişinin nəzərə alınmaması ilə nəticələ bilər və faktiki mahiyyətini itirə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixdən hazırki vaxtadək tutulduğu, həbsdə olduğu müddət təyin olunacaq cəzaya daxil edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mıəhkəmə məsrəfi, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut olaraq Sumqayıt Şəhər Polis İdarəsinndə saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd qara rəngli uzun qol köynək müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, 9 fevral 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanıldığı 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərində 2 (iki) il 7 (yeddi) ay 2 (iki) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilsin və üzərində saxlanılan cəza şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olaraq Sumqayıt Şəhər Polis İdarəsinndə saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd qara rəngli uzun qol köynək məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar