Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1180/2022 25.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Samir Əliyev İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Salyan rayonunun Qaraçala kəndində doğulmuş, ailəli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən yataqxananın 802 nömrəli otağında yaşamış, 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən yataqxananın 802 nömrəli otağında səs-küy olduğu üçün qonşusu Zərərçəkmiş şəxs1 onun mənzilinin qapısını döyərək yaranmış səs-küylə bağlı iradını bildirib sinəsindən itələyib yıxması səbəbindən aralarında yaranmış mübahisə zamanı, sonuncunun arxasınca gedərək mübahisəni davam etdirib mənzildən çıxarkən özü ilə götürdüyü soyuq silah hesab edilməyən turist bıçağı ilə yaşadıqları yataqxananın 9-cu mərtəbəsində olan pilləkəndə Zərərçəkmiş şəxs1 onun boğazından tutub sıxarkən, sonuncunu sağ əlində olan bıçaqla bel, sol ayaq və sol döş nahiyəsindən qəsdən bir neçə dəfə zərbə vuraraq, bel nahiyəsinin, sol budun, sol baldırın deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya və döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edərək soltərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarətlər yetirdikdən sonra, sonuncu bıçaq zərbəsini pilləkənlə aşağı düşərək onların yanından keçib getmək istəyən Zərərçəkmiş şəxs2 sol kürək nahiyəsindən qəsdən bir dəfə vuraraq, Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının arxa divarının sol deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən iki şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün işdən evə gəlmiş, özü ilə pivə alıb gətirərək içmişdir. O, evdə uşaqla oynamış, səsi bir az ucadan gəlmişdir. Bu vaxt qapı döyülmüş, həyat yoldaşı qapını açmış, o da, yoldaşının arxası ilə qapıya yaxınlaşmışdır. Qapını döyən şəxsin adını sonradan bildiyi Elçin adlı qonşusunun olduğunu görmüşdür. Elçin qapıdan içəri keçib həyat yoldaşının və uşağının yanında onu vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Elçin onun boğazından tutub sıxmış, bu vaxt həyat yoldaşı Cəmilə ona yaxınlaşıb dava etməməyi xahiş etmişdir. Bundan sonra Elçin onun boğazından əlini çəkmiş və çıxıb getmişdir. O, özünü ailəsinin yanında alçalmış hesab etmiş və əsəbləşərək evdən bıçağı götürüb bloka çıxmışdır. Həmin vaxt Elçinin blokda olduğunu görmüş və onun arxasınca pilləkanla yuxarı qalxmışdır. Həmçinin bir nəfər şəxsin pilləkanın yuxarı hissəsində olduğunu və aşağı doğru düşdüyünü də görmüşdür. Orada yenidən Elçin onu sinə nahiyəsindən tutub pilləkanın divarına sıxdığı üçün o, özü ilə götürdüyü bıçaqla sonuncuya bir neçə bıçaq zərbəsi atmışdır. O, həmin zərbələrdən sonuncunun Elçinin ayaq nahiyəsinə dəydiyini başa düşmüş və Elçin onu buraxmışdır. Sonra o, yaşadığı mənzilə geri qayıtmışdır. Bundan bir qədər sonra Xətai rayonu 35-ci Polis bölməsinin əməkdaşları yaşadığı mənzilə gəlmiş və o, hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Polis bölməsində olan zaman bilmişdir ki, bıçaqla Elçini vurub xəsarət yetirən zaman həmin bıçaq zərbəsindən biri pilləkanla aşağı düşən, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 sol kürək nahiyəsindən dəymişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs Şahid ilə qeyri-rəsmi nikahla ailəli olduğunu, azyaşlı qızın Cəmilənin birinci ərindən olan uşağı olduğunu, Elçinə iki bıçaq zərbəsi vurduğunu, hadisə vaxtı onlardan yuxarıdakı pilləkanda da qonşuların olduğunu, Elnuru əvvəldən tanımadığını və onu bıçaqla vurduğunu hadisə vaxtı bilmədiyini, Elnuru bıçaqla vurmaq istəmədiyini, bıçağın həmin vaxt ona təsadüfən dəydiyini, Elçini birinci dəfə budundan, ikinci dəfə isə bıçaqla bədənindən vurduğunu, həmin vaxt orada ondan, Elçindən və Elnurdan başqa, heç kimin olmadığını, hadisə zamanı o, heç bir xəsarət almadığını, dava-dalaşın təxminən 4-5 dəqiqə davam etdiyini və əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında yerləşən yataqxanada ailəsi ilə birlikdə yaşayır. Yaşadığı bina 9 mərtəbədən və iki blokdan ibarət olmuşdur. O, binanın birinci blokunda yaşamış, digər blokda 9-cu mərtəbədə isə tanışı Vüsal ailəsi ilə birlikdə yaşayır. O, hərdən Vüsalın evinə “Wifi" vasitəsi ilə internetə qoşulmaq üçün getmişdir. 10 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı mənzildən çıxaraq Vüsalın yaşadığı mənzilin qarşısına getmiş və Vüsal evdə olmadığı üçün o, dəhlizdə dayanaraq Vüsalın yaşadığı mənzildə olan internetə qoşulmuşdur. Həmin vaxt binanın 8-ci mərtəbəsində yerləşən dəhlizdən səs-küy gəldiyini eşidib aşağı düşmüş və adının sonradan Orxan olduğunu öyrəndiyi şəxsin binanın dəhlizində nalayiq ifadələr işlətdiyini, onunla eyni binada qonşu yaşayan Elçin adlı şəxsin arasında mübahisə olduğunu və çəkişdiklərini görmüşdür. Lakin, o, əhəmiyyət verməyib yenidən pilləkanla binanın doqquzuncu mərtəbəsinə qalxmışdır. Bundan sonra onun arxasınca Elçin pilləkanla 9-cu mərtəbəyə doğru qalxaraq 8-ci mərtəbə ilə 9-cu mərtəbənin arasında olan dəhlizdə dayanmışdır. Həmin vaxt Orxan pilləkanla yuxarı doğru qalxaraq Elçinə yaxınlaşmışdır. O, yaşadığı mənzilə getmək üçün aşağı düşən zaman Elçinlə Orxanın pilləkanda dayanıb çəkişdiklərini görmüş və sonuncuların yanından keçib yaşadığı mənzilə getmək istəmişdir. Bu zaman Orxanın Elçinə vurmaq üçün atdığı ilk zərbə onun sol kürək nahiyəsindən dəymişdir. Buna baxmayaraq o, əhəmiyyət verməyib binanın 7-ci mərtəbəsinə düşən zaman sol kürək nahiyəsində güclü ağrı hiss etmiş və sol kürək nahiyəsinə baxan zaman qan axdığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, Orxan Elçini bıçaqla vurmaq istəyən zaman atdığı bıçaq zərbəsi ona dəyərək xəsarət yetirmişdir. Buna görə də, tez binanın həyətinə düşərək 7 sayı X5 Stansiyasına getmişdir. Bundan sonra orada onu X5 avtomobilinə qoyaraq 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Orada həkimlər tərəfindən əməliyyat olunmuşdur. Xəstəxanada olan zaman ona məlum olmuşdur ki, baş vermiş hadisə zamanı Orxan ondan başqa Zərərçəkmiş şəxs1 da bıçaqla vuraraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs2 əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, aralarında heç bir ədavət və düşmənçilyi olmadığını, hadisə zamanı Orxanın əlindəki bıçaqla onu sol kürək nahiyəsindən bir dəfə vurduğunu, hazırda tam sağaldığını və Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi olmadığını bildirərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışı zamanı digər zərərçəkmiş şəxsin məhkəmədə iştirakının təmin olunması üçün bütün tədbirlər görülməsinə baxmayaraq, bu mümkün olmamış, həmin şəxsin ölkə hüdudlarından kənara uzunmüddətli səfərə getməsi müçyyən edilmişdir. Bu səbəbdən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı bina 9 mərtəbədən ibarətdir və yaşadığı mənzilin 8-ci mərtəbədə yerləşir. Onunla bir mərtəbədə qonşuluqda 802 nömrəli mənzildə adını sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs təxminən 6 ay olar ki, kirayə olaraq ailəsi ilə birlikdə yaşamışdır. Orxan ailəsi ilə qeyd olunan mənzilə köçdükdən sonra mütəmadi olaraq gecələr yaşadığı mənzildə səs-küy yaradaraq onları narahat etməyə başlamışdır. Orxan tez-tez spirtli içki qəbul edərək yaşadığı mənzildə qışqıraraq hay-küy salmış, arvadı ilə tez-tez dalaşıb nalayiq ifadələr işlədərək ətrafda narahatçılıq yaratmışdır. Buna görə də, bir neçə dəfə qonşular Orxanın yaşadığı mənzilə gedərək, sonuncuya bu barədə xəbərdarlıq etmişlər. 10 fevral 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı mənzildə olan zaman Orxanın yaşadıqları binanın dəhlizində nalayiq ifadələr işlətdiyini eşidərək mənzildən çölə çıxmışdır. O, mənzildən çölə çıxan zaman Orxanın yaşadığı mənzilə daxil olaraq mənzilin qapısını bağladığını görmüşdür. Orxanın yaşadığı 802 saylı mənzilin qarşına gedərək qapını döymüşdür. Həmin vaxt Orxan mənzilin qapısını açan zaman gözləmədiyi halda ona yumruq zərbəsi atmış və o, geri çəkildiyi üçün Orxanın atdığı yumruq zərbəsi ona dəyməmişdir. Həmin vaxt o, Orxana binanın dəhlizində ifadələr işlətdiyi üçün Orxan yenidən onun üzərinə gələrək onu vurmaq istəmişdir. O da, özünü müdafiə etmək üçün Orxanı mənzilin içərisinə doğru əli ilə itələmiş və Orxan geriyə gedərək yerə yıxılmışdır. Həmin vaxt Orxanın arvadı da onların yanına gələrək üzrxahlıq edərək bir də belə bir hadisənin olmayacağını bildirmişdir. Həmin vaxt yaşadığı binanın 9-cu mərtəbəsində yaşayan adını bilmədiyi qonşu yanında Elnur adlı şəxslə birlikdə Orxanın yaşadığı mənzilə doğru gəldiyini görüb, sonuncuya əli ilə işarə verib geri qayıtmalarını demiş və özü də Orxanın yaşadığı mənzilin qarşısından uzaqlaşıb onlara yaxınlaşmışdır. Bundan sonra onlar birlikdə pilləkanla yaşadığı binanın 9-cu mərtəbəsinə doğru qalxan zaman Orxan pilləkanla yuxarı qalxıb arxadan sol qabırğa və arxa nahiyəsinə vurmuşdur. O, geri çevrilən zaman Orxan iki dəfə də onu sol bud nahiyəsindən vurmuşdur. Həmin vaxt pilləkan qaranlıq olduğu üçün Orxanın onu nə ilə vurduğunu görə bilməmişdir. Bu zaman Orxanın arvadı yaxınlaşıb Orxanın əlindən tutaraq ağlayaraq «eləmə-eləmə» sözlərini demişdir. O, artıq Orxanın onu bıçaqla vurduğunu başa düşüb, sonuncunun boğaz nahiyəsindən tutub pilləkanın tutacağına doğru sıxaraq saxlamışdır. Orxana onu bıçaqla vurduğunu bildirmiş və Orxanın arvadı onu götürüb yaşadığı mənzilə aparmışdır. Həmin vaxt oraya gəlmiş adını bilmədiyi qonşular X4 zəng vuraraq hadisə yerinə həkim briqadası çağırmışlar. O, həmin vaxt sol ayağından, sol qabırğa nahiyəsindn qan axdığını görmüşdür. Bundan sonra X5ın həkim briqadası gələrək onu 3 saylı Şəhər Klinik xəstəxanasına aparmışlar. Orada həkimlər tərəfindən əməliyyat olunmuşdur. Xəstəxanada olan zaman ona məlum olmuşdur ki, baş vermiş hadisə zamanı Orxanın atdığı bıçaq zərbəsindən biri yanında olan Zərərçəkmiş şəxs2 dəyərək xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Baş vermiş hadisə zamanı Orxan əlində olan bıçaqla ilkin olaraq onun sol qabırğa və arxa nahiyəsindən, iki dəfə sol bud nahiyəsindən vurmuşdur. Həmin vaxt orada o, Orxan, Orxanın arvadı, Elnur və adlarını bilmədiyi qonşular olmuşdur. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 4-5 dəqiqə davam etmişdir. Baş vermiş mübahisə zamanı Orxanı vurmamışdır. Sadəcə olaraq, Orxan onu vurub xəsarət yetirən zaman özünü müdafiə etmək üçün Orxanın boğaz nahiyəsindən tutub pilləkanın tutacağına doğru sıxıb saxlamışdır. Hadisə zamanı pilləkan qaranlıq olduğu üçün Orxanın onu və Elnuru vuraraq xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Lakin həmin vaxt Orxanın arvadının sözündən Orxanın onu bıçaqla vurduğunu başa düşüb, sonuncunu tutaraq saxlamışdır. Zərərçəkmiş şəxs2 isə hadisə zamanı xəsarət almasını xəstəxanada olan zaman öyrənmişdir (cild 1, iş vərəqi 116-119). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, rəsmi nikah bağlamasalar da, Təqsirləndirilən şəxs ilə evlidir. Hadisə zamanı onlar ünvan 1 ünvanında yerləşən yataqxanada 802 nömrəli otaqda əri Orxan və azyaşlı qızı Zəhra ilə yaşamışlar. Zəhra onun birinci evliliyindən olan övladı olsa da, Orxan onunla evləndiyi üçün həm də qızını qəbul etmişdir. Yaşadıqları bina 9 mərtəbən ibarət olmuş, onlar binanın 8-ci mərtəbəsində yerləşən mənzildə yaşamışlar. Zərərçəkmiş şəxs1 da həmin binada ailəsi ilə birlikdə onların yaşadığı mənzilin üst hissəsində yerləşən mənzildə yaşamışdır. Həmin yataqxanada yaşadıqları müddətdə Zərərçəkmiş şəxs1 bir neçə dəfə onların mənzilinin qapısını döyərək, yaşadıqları mənzildən səs gəldiyini və bir qədər sakitçiliyə riayət etmələrini bildirmişdir. 10 fevral 2021-ci il tarixdə saat 20 radələrində Orxan pivə alaraq mənzilə gəlmiş və mənzildə bir qədər qızı ilə oynadıqdan sonra aldığı 4 ədəd pivəni və bir qədər araq içmişdir. Bundan sonra Orxan qızı Zəhra ilə oynamağa başlamışdır. Saat təxminən 23 radələrində mənzilin qapısı döyülmüş və Orxan qapını açmaq üçün mənzilin girişinə doğru getmişdir. O da, Orxanın arxasınca getmiş və qapı açılan zaman qapını döyən şəxsin Zərərçəkmiş şəxs1 olduğunu görmüşdür. Həmin vaxt Elçin yenidən Orxana evdə yaranmış səs-küyə görə iradını bildirmiş, əslində isə həmin vaxt onların evində heç bir səs-küy olmamış, sadəcə onlar televizora baxaraq uşaqla oynamışlar. Elçin içəri girmək istəyəndə, Orxan sonuncunu itələyib qapını bağlamaq istəmişdir. Buna baxmayaraq Elçin Orxanı sinəsindən yaşadıqları mənzilin içərisinə doğru itələmiş və Orxan arxaya gedərək yerə yıxılmışdır. Həmin vaxt Orxan ayağa qalxmağa çalışsa da, Elçin sonuncunu tutub yerə sıxdığı üçün ayağa qalxa bilməmişdir. Həmin vaxt o, yaxınlaşıb Elçindən Orxanı buraxmasını tələb etmişdir. Elçin onun sözündən sonra Orxanı buraxıb mənzildən çölə çıxmışdır. Bundan sonra Orxan yerdən qalxaraq mənzildə dolabın içərisində olan bıçağı götürüb Elçinin arxasınca mənzildən çölə çıxdığı üçün o da, Orxanın arxasınca getmişdir. O, Orxanın arxasınca binanın 9-cu mərtəbəsinə doğru qalxan zaman 8-ci mərtəbədən 9-cu mərtəbəyə qalxan pilləkanda Elçinin yanında bir nəfər tanımadığı şəxsin olmasını görmüşdür. Həmçinin o, Elçinin Orxanın sinə nahiyəsindən tutub pilləkanın tutacağına sıxdığını və Orxanın əlində olan bıçaqla ona tərəf zərbələr atdığını görmüşdür. Orxan evdən çıxan zaman özü ilə bıçaq götürdüyü üçün o, tez yaxınlaşıb Orxanın əlindən tutaraq «eləmə-eləmə» sözlərini demişdir. Orxan onun bu sözündən sonra sakitləşmiş və o, Orxanı götürüb yaşadıqları mənzilə aparmışdır. Bundan bir qədər sonra Xətai rayon 35-ci Polis bölməsinin əməkdaşları yaşadığı mənzilə gəlmişlər. Orxan polis əməkdaşlarına baş vermiş hadisə barədə məlumat verib hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. Polis bölməsində olan zaman ona demişlər ki, Orxan bıçaqla Elçini vurub xəsarət yetirən zaman həmin bıçaq zərbəsindən biri Elçinin yanında olan Zərərçəkmiş şəxs2 dəymişdir. O, Zərərçəkmiş şəxs2 bıçağın dəydiyini görməmişdir. Məhkəmə iclasında şahid Təqsirləndirilən şəxs Budaq oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 2009-cu ildən məhkəmə-tibbi eksperti kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 21 fevral 2022-ci il tarixdə Xətai RPİ-nin İŞ-nin müstəntiqi Elmin Abdullayevin xx.xx.2022-ci il tarixli qərarı əsasında məhkəmə tibbi ekspertizasından keçirilməsi üçün ona təqdim olunmuşdur. Buna görə də onun tərəfindən Zərərçəkmiş şəxs1 barəsində 25 fevral 2022-ci il tarixdə 193 saylı və Zərərçəkmiş şəxs2 barəsində 03 mart 2022-ci il tarixli 225 saylı rəy tərtib olunaraq təqdim edilmişdir. 25 fevral 2022-ci il tarixdə 193 saylı rəyə əsasən Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edərək soltərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin, sol budun, sol baldırın deşilmiş-kəsilmiş yaralan müəyyən edilmişdir. 03 mart 2022-ci il tarixli 225 saylı rəyə əsasən Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının arxa divarının sol deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər iti uca və kənara malik əşyanın təsirindən törənmiş, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edərək soltərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Bildirirəm ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət iti uca və kənara malik əşyanın təsirindən törənmişdir, böyük ehtimal bıçaqla yetirilmişdir, Həmin xəsarət Zərərçəkmiş şəxs2 sol arxa kürək nahiyəsindən yetirilmişdir (cild 1, iş vərəqi 164-166). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maddi sübutun könüllü təqdim edilməsi haqqında protokola əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına könüllü sürətdə təqdim edərək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 14-16). Cinayət işində olan ifadənin yerində yoxlanılması haqqında 12 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmış, istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs istintaqa verdiyi sərbəst ifadələrini bir daha təsdiqləyərək, hadisə yerini göstərmiş və hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 77-85). İş materiallarına əlavə edilmiş istintaq eksperimentinin keçirilməsi haqqında 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətində Təqsirləndirilən şəxs və MTE və PA Birliyi PHŞ Xətai rayon şöbəsinin məhkəmə-tibb eksperti Təqsirləndirilən şəxs Budaq oğlu iştirak etmiş, təqsirləndirilən şəxs hadisə yerində cinayətin baş vermə hallarını ətraflı təsvir etmiş, ekspert Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldıqları xəsarətlərin göstərilən şəraitdə ala bilməsinin mümkün olduğunu bildirmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 155-163). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsi tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli 193 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edərək soltərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin, sol budun, sol baldırın deşilmiş-kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edərək soltərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 141- 142). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinin 03 mart 2022-ci il tarixli 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının arxa divarının sol deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşyanın təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 143-144). Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/280 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, məişət turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir (cild 1, iş vərəqi 145-147). İbtidai istintaq orqanının 26 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirdiyi 1 ədəd turist bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 169-179, 212). Məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2022-ci il tarixli 724 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 148-150). Elektron Məhkəmə portalı sistemindən çıxarılmış məlumatdan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 05:50:24-də Heydər Əliyev adına Beynəlxalq aeroportundan keçməklə İstanbul istiqamətində ölkə hüdudlarından kənara getmişdir (cild 1, iş vərəqi 249). Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik informasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 130-131). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü qismən təqsirli bildiyini, Elçinə iki bıçaq zərbəsi vurduğunu, hadisə vaxtı onlardan yuxarıdakı pilləkanda da qonşuların olduğunu, Elnuru əvvəldən tanımadığını və onu bıçaqla vurduğunu hadisə vaxtı bilmədiyini, Elnuru bıçaqla vurmaq istəmədiyini, bıçağın həmin vaxt ona təsadüfən dəydiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinin tələblərinə görə, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 binanın yuxarı mərtəbəsindən aşağı düşərək onlara tərəf gəldiyini, onun Zərərçəkmiş şəxs1 qarşı istifadə etdiyi bıçağı sağa-sola tərəf fırlatmaqla pilləkanla aşağı düşən Zərərçəkmiş şəxs2 da dəyə bilməsi və ona da xəsarət yetirə bilməsi ehtimalını qabaqcadan görmüş, bunu bilmiş və dərk etmişdir. Lakin buna baxmayaraq o, öz hərəkətlərini davam etdirərək, əlindəki bıçağı Zərərçəkmiş şəxs1 qarşı dəfələrlə atmaqla, Zərərçəkmiş şəxs2 da döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edərək sol tərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməsə də, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Bu səbəbdən, məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 münasibətdə əməli birbaşa qəsdlə, Zərərçəkmiş şəxs2 münasibətdə isə dolayı qəsdlə törətməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir, təqsirləndirilən şəxsin məhkəmədə tutduğu mövqeyini isə onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs2la barışıq əldə edilməsini Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eyni zamanda cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi 1 (bir) ədəd turist bıçağı məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə baxışı zamanı Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 11 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri, Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 (bir) ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1180/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1180/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver