Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1184/2020 20.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi: «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi Aydın qızının iştirakı ilə, xx xxxxx 1991-ci ildə Quba rayonu Hacıqayıb kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri 8-ci mikrorayon, ev 16/3, mənzil 6-da qeydiyyatda olub, Quba rayonunun Hacıqayıb kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin fevral-aprel ayları ərəfəsində Quba rayonunun Hacıqayıb kəndində yaşadığı evinin həyətyanı sahəsində olan tövləsində 3 ədəd, evin həyətində şaxlarla çəpərə alınmış təxminən 10 kv/metr sahədə 17 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq külli miqdarda kultivasiya edib əkib yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Quba rayonu Hacıqayıb kəndində onun evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı həmin Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq kultivasiya edilib əkib-yetişdirilmiş yaş vəziyyətdə ümumi 1.730 qram çəkidə tərkibində narkotik maddələr olan cəmi 20 ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin fevral ayında yaşadığı evin həyətində istifadə olunmayan tövlənin damını söküb, içərisində bir ədəd çətənə bitkisi əkmişdir. Cücərib çıxandan sonra kola vaxtaşırı qulluq etmiş, becərmiş, diblərini alaq otlardan təmizləmiş, suvarmış və kübrə kimi peyin vermişdir. Əkdiyi çətənə kolu xeyli böyümüşdür. Mart-aprel aylarında həmin yerdə daha 2 ədəd çətənə bitkisi əkmişdir. Daha sonra tövlənin qabaq tərəfində, təxminən 10 kv/metr sahəni çəpərə alıb orada 17 ədəd çətənə bitkisinin toxumlarını əkib onlara qulluq etməyə başlamışdır. Toxumların hamısı cücərdiyindən onlara vaxtaşırı qulluq etmiş, diblərini alaq otlardan təmizləmiş, suvarmış, vaxtı-vaxtında kübrə kimi peyin vermişdir. x xxxx 2020-ci il tarixdə saat 23 radələrində polis əməkdaşları onun yaşadığı evə gəlib, narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu bildirib, həyətə baxış keçirmək istədiklərini bildirmişlər. O, etiraz etməmiş və həyətdə çətənə bitkilərini əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Baxış videoçəkiliş aparılmaqla keçirilmiş və onun müdafiəçisi də iştirak etmişdir. Polis əməkdaşları tövlədə bir ədəd hündürlüyü 150 sm olan çətənə bitkisi və 2 ədəd kiçik ştillər, tövlənin qarşısında çəpərə aldığı hissədə isə əkdiyi 17 ədəd müxtəlif ölçüdə olan çətənə bitkisinin ştillərini aşkar etmişlər. Həmin ştillər onun iştirakı ilə kökləri ilə birlikdə çıxarılıb, polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra sənədləşmə aparılmasından ötrü onu rayon polis şöbəsinə dəvət etmişlər. 2012-ci ildən bəri bədənində ağrıları olmuşdur. Çətənə bitkisi toxumlarının immuniteti gücləndirdiyini eşitmiş, buna görə də həmin kolları əkib, çətənə toxumu əldə etmək fikrinə düşmüşdür. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun böyük oğludur, subaydır və onunla bir evdə yaşayır. x xxxx 2020-ci il tarixdə saat 23 radələrində polis əməkdaşları onların yaşadığı və gəlib Farizin çətənə bitkilərini əkibbecərməyində şübhəli olduğunu deyib, həyətlərinə baxış keçirmək istədiklərini bildirmişlər. Fariz etiraz etməyib, həyətdə əkdiyi çətənə bitkilərini polislərə göstərmişdir. Polis əməkdaşları tövlədə bir ədəd 150 sm hündürlükdə çətənə bitkisini, 2 ədəd kiçik ştilləri, tövlənin qarşısında çəpərə aldığı hissədə isə 17 ədəd müxtəlif ölçüdə olan çətənə bitkisinin ştillərini aşkar etmişlər. Həmin kollar onun iştirakı ilə kökləri ilə birlikdə çıxarılaraq, polietilen torbada qablaşdırılmış və götürülmüşdür. Bundan sonra Farizi sənədləşmə aparılmasından ötrü rayon polis şöbəsinə dəvət etmişlər. O, ümumiyyətlə çətənə bitkisini tanımır, Farizin həyətdə çətənə kollarını əkdiyindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Quba RPŞ-nin CAB-nin əməkdaşıdır. x xxxx 2020-ci il tarixdə cinayət-axtarış bölməsinə Quba rayonu Hacıqayıb kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik xassəli çətənə bitkisi kollarını əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Dərhal əməliyyat qrupu yaradılmış, təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərar tərtib olunaraq, əməliyyat tədbiri keçirilmişdir. Polis əməkdaşları ilə x xxxx 2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba rayonu Hacıqayıb kəndindəki evə getmişlər. Təqsirləndirilən şəxs narkotik xassəli bitkiləri əkib becərməkdə şübhəli olduğunu deyib, həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Sonuncu etiraz etməyərək yaşadığı evin həyətinə baxış keçirilməsinə razılıq verməsi barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs Quba rayon Hüquq Bürosunun vəkili X2 təqdim etmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyətində çətənə bitkilərini əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Baxış zamanı həyətdəki tövlədə bir ədəd 150-160 sm hündürlükdə çətənə bitkisi, 2 ədəd kiçik ştillər, tövlənin qarşısında çəpərə alınmış hissədə isə 17 ədəd müxtəlif ölçülərdə olan çətənə bitkisinin ştilləri aşkar edilmişdir. Aşkar edilmiş çətənə bitkiləri Təqsirləndirilən şəxs iştirakı ilə kökləri ilə birlikdə çıxarılaraq polietilen torbaya qoyularaq götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis-aqronom çətənə kollarına aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Sonra baxışın nəticələrinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Fizuli oğlu Şahid3 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, 2017-ci ildən Quba RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. x xxxx 2020-ci il tarixdə şöbəyə Quba rayonu Hacıqayıb kənd sakini Təqsirləndirilən şəxs evinin həyətində narkotik xassəli çətənə bitkisi kollarını əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Quba rayonunun Hacıqayıb kəndindəki evə getmişlər. Sonuncuya narkotik xassəli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu deyib, evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Ona hüquqlarının müdafiəsi üçün vəkil X2 təqdim etmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla evin həyətinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həyətdə əkdiyi çətənə bitkilərini göstərmişdir. Baxış zamanı həyətdə damı sökülmüş tövlədə bir ədəd 150-160 sm hündürlükdə çətənə bitkisi, 2 ədəd kiçik ştillər, tövlənin qarşısında şax çəpərə alınmış hissədə isə 17 ədəd müxtəlif ölçüdə olan çətənə bitkisinin ştilləri aşkar edilmişdir. Həmin bitkilər kökləri ilə birlikdə çıxarılaraq polietilen torbaya yerləşdirilmişdir. Baxışda mütəxəssis-aqronom da iştirak etmiş və götürülən çətənə kollarına aqrotexniki qulluğun olunması barədə rəy vermişdir. Sonda baxış barədə protokol tərtib edilmiş və bütün iştirakçılar, o, cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İşin 18-19-cu vərəqələrindəki «baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış keçirilən zaman videoçəkiliş aparılmış, həmin videoçəkiliş CD diskdə köçürülərək cinayət işinə əlavə edilmişdir. İşin 89-cu vərəqəsindəki «CD diskdə olan videoçəkilişə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə x xxxx 2020-ci il tarixdə baxış keçirilərkən aparılmış videoçəkilişin görüntülərinin köçürüldüyü CD diskdə baxış keçirildikdə müəyyən edilmişdir ki, həqiqətən də bir ədəd tövlə binasında Təqsirləndirilən şəxs əkib-becərib yetişdirdiyi hündürlüyü təxminən 150 sm olan çətənə bitkisini və 2 ədəd kiçik çətənə ştilləri, tövlənin qarşısında şax çəpərə aldığı hissədə isə əkib becərdiyi daha 17 ədəd müxtəlif ölçüdə olan çətənə bitkisinin ştilləri (cəmi 20 ədəd) aşkar olunaraq, onun özünün, müdafiəçisinin və aqronom-mütəxəssisin iştirakı ilə kökləri ilə birlikdə polis əməkdaşları tərəfindən çıxarılaraq, polietilen torbada qablaşdırılıb götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının x xxxx 2020-ci il tarixli 7/306 saylı rəyindən görünür ki, tədqiqat üçün təqdim edilmiş «Vət. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən...» yazıları və imzalar olan bir ədəd sintetik torbadakı 20 (iyirmi) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 1730 qram (1 kq 730 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator X1 x xxxx 2020-ci il tarixli 1867 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli 1411 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 147-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 86-cı vərəqəsindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən protokol tərtib edilməklə götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi 1.730 qram olan 20 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi nümunələri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İşin 78-ci vərəqəsindəki Quba RİHB-nın Hacıhüseynli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 21-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 62-63-cü vərəqələrindəki Quba rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İşin 81-ci vərəqəsindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən x xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Quba RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən protokol tərtib edilməklə götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi 1.730 qram olan 20 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən x xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Quba RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən protokol tərtib edilməklə götürülmüş yaş vəziyyətdə ümumi təmiz çəkisi 1.730 qram olan 20 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1184/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1184/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver