Məhkəmə qərarları › İş №1(101)-1184/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1184/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1184/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 avqust 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,101 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:40-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi 1,101 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə “Babək” adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1235 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 1000 qram çəkidə psixotrop maddə metafetamini əldə edib özündə saxlamaqla daşımış, 10 fevral 2022-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol yan cibindən 1 bükümdə təmiz çəkisi 1235 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 1 bükümdə təmiz çəkisi 1000 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 yanvar 2022-ci ildə ağrıları olduğuna görə narkotik almaq qərarına gəlmişdir. Balaxanı qəsəbəsində satanların olduğunu bildiyi üçün Sabunçu rayonu, Balaxanı qəsəbəsinə gedib saat 11:00 radələrində orada ilk gəfə gördüyü, əvəllər tanımadığı narkomana oxşatdığı şəxsə ağrıları olduğunu deyib narkotik vasitə istədiyini bildirmişdir. Həmin şəxs ondan 15 manat alıb uzaqlaşmış və təxminən 15 dəqiqə sonra ona yaxınlaşıb 1 büküm şəffaf sellofanda heroin verib getmişdir. 31 yanvar 2022-ci il tarixdə saat 12:40 rədələrində ünvan 6 ünvanda yerləşən evindən əlverişli yer tapıb heroindən ineksiya yolu ilə istifadə etmək üçün küçəyə çıxmışdır. Evindən təxminən 10 metr aralanan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin 15-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib onu 15-ci Polis Bölməsinə dəvət etmişlər. Könüllü olaraq onlarla birgə bölməyə getmiş, bölmədə hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində qanunsuz hər hansı maddə olub-olmadığı soruşulduqda əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş heroini təqdim etmişdir. Həmin narkotik vasitə heroin zərfə qablaşdırılmış, zərfin üzəri imza edilmiş, protokol tərtib olunmuş, protokolla tanış olub onu imzalamışdır. 10 fevral 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, sonra üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra əynində olan qara rəngli gödəkcənin sol yan tərəfində gizlətdiyi qara rəngli bağlamadakı 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroini, 1 bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metafetamini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 10 manat pul və **********465750 nömrəli bank kartı aşkar olunmuş, daha sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 279 qram olmuşdur. Daha sonra metafetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 24 qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və bank kartı götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmış, üzərindən aşkar olumuş narkotik maddələri Nəsimi rayonunda gizlədilən yerdən sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə deyiləcək ünvanlara çatdırmaq məqsədi ilə əldə etmişdir. ***-***-**-** nömrəsini işlətmişdir. Polis əməkdaşlarına hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, məcbur qalıb pula ehtiyacı olduğu üçün narkotik maddələrin dövriyyəsini təşkil etdiyini, əməlindən peşman olduğumu, bundan əvvəl bir dəfə də “Babək” adlı şəxslə əlbir olub Nəsimi rayonunda əvvəlcədən təyin olunmuş gizlin yerdən 1 bükümdə heroini götürüb Nəsimi rayonunda yerləşən “Təzə Bazar” deyilən yerin yaxınlığındakı “Bolmart” marketin yaxınlığında yol kənarına yerləşdirdiyini, əvəzində ona 200 AZN pul verilməli olduğunu, üzərindən aşkar olunan narkotik maddəni isə lazımi yerə çatdırdıqdan sonra Babəkin 2.000 AZN pul göndərməyə söz verdiyini, ancaq tutulduğu üçün pulu ala bilmədiyini, narkotik vasitəni və psixotrop maddəni Nəsimi rayonunda yerləşən “Təzə Bazar” deyilən yerdən götürdüyünü, “Babək” adlı şəxslə danışdığı zaman götürdüklərini “Sirk” deyilən yerdə “Bolmart” marketin yaxınlığında bir yerə qoyacağını dediyini bildirmişdir. Üzərinə axtarış videoçəkilişlə təhqiqatçı tərəfindən aparılmışdır. Tanışlarına ağrıları olduqda onlar üçün narkotik vasitə və ya psixotrop maddə tapmağını xahiş etdiklərində müxtəlif vaxtlarda onlar üçün narkotik vasitə və psixotrop maddəni alıb vermişdir. Tanışları çəkdiyi xərci geri ödəmiş, əsasən, onlarla mobil telefon vasitəsilə əlaqə saxlamış, lakin onların nömrələrini telefonundan silmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin və psixotrop maddənin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsindən məlumatı olmamışdır. Əlavə olaraq istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəni ondan başqa heç kim istifadə etməmişdir. Babək adlı şəxslə ancaq “WhatsApp” vasitəsilə əlaqə saxlamış, ona nömrə ilə SMS göndərməmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən çıxarılmış SMS mətnlərinə baxış əsasında tərtib olunmuş protokolla tanış olmuş, həmin SMS-lər ona göndərilmişdir. Ona sms yazan şəxslərin vəziyyəti pis olduqda ondan narkotik vasitə istəmişlər, o da həmin şəxslər üçün narkotik vasitə və ya psixotrop maddə alıb gətirmiş, onlar da həmin aldıqlarının pulunu vermişdir. 4.10.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olmuş “uşaq var yanımda ona görə adını çəkmirəm. Kolanı mütləq həll elə qardaşımsan, ölərəm.” SMS mətnində “kola” dedikdə həmin şəxs heroin nəzərdə tutmuşdur. 1.10.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən istifadəsində olmuş ***- ***-**-** saylı nömrəyə daxil olmuş “Qaqa 4m pulum var pt lazımdır, almırsa çıxıb çölə yığım sənə “SMS mətnində “pt” dedikdə həmin şəxs patı nəzərdə tutmuşdur. 30 yanvar 2022-ci ildə aldığı narkotikə görə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Babək” adlı şəxslə sosial şəbəkədə tanış olmuşdur. Narkotik vasitə və psixotrop maddəni Babəkin dediyi yerdən götürüb müxtəlif şəxslərə çatdırmışdır. 1 büküm narkotik vasitəni və 1 büküm psixotrop maddəni gödəkcəsinin cibində gizlətmişdir. Narkotik vasitələri və psixotrop maddələri verdiyi şəxslərin şəxsiyyəti ona məlum olmamış, üzdən tanımışdır. Tutulanadək istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Tutulan zaman tək olmuşdur. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmişdir. Hər iki şəxsi axtarışın həyata keçirilməsi zamanı videoçəkilişdən istifadə edilmişdir. Üzərindən aşkar olunan bank kartı ona məxsus olmuşdur. Narkotik vasitələri satan zaman ödənişlər nağd olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat yoxlanılması məqsədi ilə Sabunçu RPİ 15-ci PB-nin rəisinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması və cinayət törədərkən yaxalanması məqsədi ilə həmin tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, 31 yanvar 2022-ci il tarixdə saat 12:40-da Təqsirləndirilən şəxs yaşadığı evin, yəni ünvan 8 ünvanın yaxınlığında olarkən saxlanılaraq Sabunçu rayonu, Zəbrat qəsəbəsi, ünvan 9 ünvanda yerləşən Sabunçu RPİ 15-ci PB-nə gətirilmişdir. PB-nin inzibati binasında təhqiqatçı İsmayıl İsmayılovun xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl iştirakçılar və saxlanılan şəxs şəxsi axtarışın videoçəkilişlə aparılması barədə xəbərdar edilmişdir. Videoçəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz edilməmişdir. Bundan sonra təhqiqatçı İsmayıl İsmayılov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmiş və barəsində axtarış və götürmənin aparılması haqqında qərarla tanış edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy fəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli tozşəkilli heroinə bənzər maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kakos” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan büküm təhqiqatçı İsmayıl İsmayılov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçıların imzaları ilə təsdiq edilmiş, bu barədə protokol tərtib olunmuş, iştirakçılar protokolla tanış olaraq protokolu imzalamışlar. Məhkəmə-kimyəvi ekspertizasının rəyindən həmin bükümdə heroin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümü 1 gün əvvəl Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümü şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə məlumat daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən BNMİ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Bundan sonra o və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 10 fevral 2022-ci il tarixdə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 23 ünvanın yaxınlığına yollanmış və birlikdə 10 fevral 2022-ci il tarixdə, saat 14:50 radələrində həmin ünvanda bir müddət gözlədikdən təxminən 10 dəqiqə sonra, yəni saat 15:00-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini ona təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı məlumatlı olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq 21-ci PB-na gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 21-ci PB-nın inzibati binasının xidməti otaqların birində DİN-nin BNMİ-nin təhqiqat qrupunun baş təhqiqatçısı Nəcəf Aburşu tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, BNMİ-nin baş əməliyyat müvəkkili Şahid4, eləcə də təyin edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan tərəfində gizlətdiyi qara rəngli bağlamadakı 1 bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 1 bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metafetaminə bənzər kütlələri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, sonuncunun əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 10 manat pul və **********465750 nömrəli bank kartı aşkar olunmuşdur. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 279 qram olmuş, metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 24 qram olmuşdur. Həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanıb götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar və pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni internetdə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Babək” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs başqa heç yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Əməliyyata o rəhbərlik etmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni deyiləcək yerlərə çatdırmaq üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 Bəhrəm oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 161-164). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 bükümdə şəffaf selofana bükülmüş qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 201-202). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibində gizlətdiyi qara rəngli bağlamada 1 bükümdə ağ rəngli psixotrop maddə metafetaminə bənzər maddə və 1 bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 33-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 31 yanvar 2022-ci il tarixli 6/623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,101 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 1,101 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,051 qram cild 1, iş vərəqə 209-212). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza 11 fevral 2022-ci il tarixli 6/840 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə təmiz çəkisi 1235 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 1000 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 999,9 qram, heroinin ümumi təmiz çəkisi 1235 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1234,9 qram, cild 1, iş vərəqə 43-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 14 mart 2022-ci il tarixli 1283 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 277-280). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 11 aprel 2022-ci il tarixli, 883 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadəsində onda hər hansı bir pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs halhazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamışdır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək, həmin əməli idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 274-276). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, qeyd olunan “Samsung” markalı mobil telefona baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyətli mobil telefonda “WhatsApp” proqramında Babək adı ilə qeyd olunmuş +**********61 saylı mobil nömrədən qırmızı oxla işarələnmiş 5 ədəd şəkillər göndərilməsi aşkar edilmişdir. Baxış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs şəkillərdəki oxla işarənin narkotik vasitənin olduğu yeri tapmaq üçün “Babək” adlı şəxs tərəfindən işarələndiyini bildirmişdir. Baxış zamanı +**********61 , +098936264-92-86 saylı ad kimi İbrahim olaraq qeyd olunmuş şübhəli nömrələr aşkar olunmuşdur. Baxış zamanı əlavə şübhəli hər hansı bir mobil nömrə, SMS mətn, fotoşəkil, video və ya səsyazı, eləcə də mobil tətbiq proqramı aşkar edilməmişdir. Aşkar olunmuş şəkillər protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 73-78). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan ***-***-**- ** saylı mobil nömrəyə dair əldə edilmiş Nəsimi rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli 5(006)-79/2022 nömrəli qərarı ilə "xxxx" MMC-dən götürülmüş SMS məlumat tarixçəsinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı SMS məlumatlar aşkar edilmişdir: 1) 30/01/2022,19:39:22,**********50,**********12,Gagas camatin puludumeni diriyibler 20 manati gaytar men sene verdiyin mali gaytaracam brat 2) 25/11/2021, 20:59:44, **********49, **********12 Qaqa necesen neynirsen otu nece edek barter ederdik cola ya pencereynen ya deneynen yayewiknen axirida vererdik bunu tema alardiq 2 qaqa dincelerdiy 3) 25/11/2021,00:34:00,**********49,**********12, Qaqaw neyniesen geldin? O otuda gotrum gelende? İstiyen var otu? Bele ozmuzcun gotrum cekmeye 4) 04/11 /2021,21:02:49,**********54,**********12,BİR TİKE OZUMNEN SABAX SEHER GETMELİYEM İRA DANİN YANİNA LOMKADAGETMİYİM? 5) 25/10/2021,19:48:22,**********69,**********12,Xiyar ac telefonu soxum senin pativa menim kanalim powdu lomkadan olurem pulunan torpaxgotumey olar pdaraz indi sen meni cixart 6) 25/10/2021,04:32:44,**********12,**********91,YETİM NEYNİRSEN ELE EHTİYATLİ OL SAATİ ELE ELE GORMESİN BİLDİNDE NEYİ DEYİREM 7) 04/10/2021,18:17:04,**********90,**********12,qerdes geliriy o sabina cirilir ageiyir pis xesdelenib, terefe, 8) 04/10/2021,00:03:11,**********77,**********12,Uwaq var yanimda ona.gore adni cekmirem.Kolani mutleq hel ele qardawimsan.Olerem 9) 03/10/2021,23:56:25,**********77,**********12,Oca yari kola.10 15m dawlomkada 10) 01/10/2021,17:13:19,**********90,**********12,brat qalmiwiq, gelim o terefe ? 11) 30/09/2021,22:03:19,**********90,**********12, yavas yavas geliriy siz terefe qardasim bizi yola sal gedey evimiz 12) xx/xx/2021,03:59:3 8,9945 05197012,**********7,Blokaneatirsandalbayobs an 80 manat pul vurmusam bonus payimi istiyirem bloka atirsan 13) 01/10/2021,17:13:19,**********90,**********12, brat lomkada qalmiwiq, gelim o terefe ? 14) 01/10/2021,22:04:20,**********90, **********12,qaqa niye bele eliyirsen, seni gozluyureme men saat 4 den lomkada 15) 01/10/2021,22:28:50,**********94,**********12,Qaqa 4m pulim var pt lazimdi alinirsa cixib cole yigim sene (cild 1, iş vərəqə 138-150). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,051 qram və 1234,9 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 999,9 qram olan psixotrop maddə metafetamin və “Samsung” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, maddi sübut kimi tanınmış 2 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqə 39- 52). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 118-119). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 190). Cinayət işinin materiallarında olan 1 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, iş vərəqə 238-240). Cinayət işinin materiallarında olan 1 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 241-243). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 266-269). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdən 1 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 162 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,051 qram, 1234,9 qram olan narkotik vasitə olan heroin və 999,9 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli; -2 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdən 1 fevral 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 10 (on) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 162 Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,051 qram, 1234,9 qram olan narkotik vasitə olan heroin və 999,9 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin; -2 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar