Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1186/2025 25.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X6 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu qanunla ödənilməmiş və ya götürülməmiş olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzanın sonu ilə azad edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 10-cu küçə, ev 43 saylı ünyanda qeydiyyatda olan, həbs olunanadək ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,431 qram çəkidə narkotik vasitə heroini və 1,985 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2024-cü il tarixdə saat 20:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,303 qram və 0,682 qram olmaqla ümumi təmiz çəkisi 1,985 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 bükümdə təmiz çəkisi 2,431 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 dekabr 2024-cü il tarixdə Polis şöbəsinə Kamran adlı şəxsin 20 Yanvar küçəsində narkotik vasitəsilərin istifadəsində, daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın düzgünlüyünü yoxlamaq üçün əməliyyat qrupu yaradılmış və həmin gün saat 19:00 radələrində şöbənin digər əməliyyat müvəkkili Şahid2 ilə birlikdə sözügedən hadisə yerinə yaxınlaşmışlar. Onlar hadisə yerinə yaxınlaşandan təxmini bir saat sonra Kamran adlı şəxs həmin yerə gəlmiş, Kamrana yaxınlaşaraq özlərini təqdim edərək şəxsdən anket məlumatlarını öyrənmiş və Təqsirləndirilən şəxs saxladıqdan sonra Polis şöbəsinə dəvət etmişlər. 19-cu Polis şöbəsində onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bağlamada olmaqla heroin və metamfetamin aşkarlanmışdır. Bağlamanın içərisindən aşkarlanmış narkotik vasitə və psixotrop maddələr 3 ədəd bükümdə olmuşdur. Videoçəkiliş zamanı təhqiqatçı həmin narkotik vasitəni və psixotrop maddələri hansı məqsədlə əldə etməsini Kamrandan soruşmuş, Kamran isə həmin narkotik vasitəni və psixotrop maddələri bir yerdən başqa yerə daşımaqda məqsədinin daşımanı yekunlaşdıracağı təqdirdə özünün də şəxsi istifadəsi üçün müəyyən miqdarda narkotik vasitə əldə etməsi olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs saxlanılan zaman və daha sonra ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onun qardaşı və nənəsi hadisə yerində olmamışdır. Təqsirləndirilən şəxs binanın blokunun içərisində deyil, məhz binanın məhəlləsində saxlanılmış və o, saxlanılan zaman narkotik vasitələri udmamış, narkotik vasitələr onun üzərindən aşkarlanmışdır.
4. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir.
5. Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü və şalvarının sol yan cibindən üzərində ***-***-**-** saylı nömrəsi olan "Samsung” (“Huawei”) markalı mobil telefonu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş. Şübhəli şəxs deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddəyə baxış keçirilməsinə başlanmış. Təqdim olunan 01 ədəd ağ kağız bükümün içərisində olan 03 ədəd bükülülərə baxış keçirilmişdir. Şübhəli şəxs həmin 02 ədəd bükülülərin içində şüşə" adlı maddənin və 01 ədəd bükümün içərisində "heroin" olduğunu bildirmişdir. Bükülülərə baxış zamanı şəffaf rəngli sellofana bükülü halda olmaqla içində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin və qəhvəyi rəngli toz şəkilli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetaminə bənzər maddəni və narkotik vasitə olan heroinə bənzər maddəni Biləcəri qəsəbəsindən İran vətəndaşı kimi tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsini təmin etmək üçün satış məqsədi ilə 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə və 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması və sübut əhəmiyyəti kəsb etdiyi üçün özünün və müdafiəçisinin iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq, bundan əlavə Təqsirləndirilən şəxsnin təqdim etdiyi üzərində ***-***-**-** saylı nömrəsi olan "Samsung" markalı mobil telefon subut əhəmiyyəti kəsb etdiyindən İstintaq orqanına təhvil verilməsi üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 187 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 01; i.v. 40-42).
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5383 saylı rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlar Nazirliyi Arayışlar üçün №187” dairəvi möhür əksi olan Təqsirləndirilən şəxs (imza)..." sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,303 qr., 0,682 qr., ümumi təmiz çəkisi 1,985 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 2,431 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixiatrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi- 2,431 qram tədqiqata sərf edildi- 0,100 qram, qalıq - 2,331 qram, Metamfetaminin təmiz çəkisi- 1,985 qram tədqiqata sərf edildi- 0,050 qram, qalıq – 1,935 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manatdır. (cild 01; i.v. 56- 58).
7. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli protokoldan və ona əlavə olunmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdirki, həmin mobil telefonun modeli cinayət işinin bəzi sənədlərində qeyd olunduğu kimi “Samsung” markalı mobil telefon deyil “Huawei” markalı mobil telefondur. Mobil telefonun ön hissəsinin yuxarı sağ hissəsində kiçik həcimli cızıq olmuş, mobil telefonun korpus hissəsi mavi rəngdə, telefonun parolu, Təqsirləndirilən şəxs təvəllüdünə uyğun olaraq 050990 rəqəmlərindən ibarət olmuşdur. Mobil telefonun SMS qutusuna baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı xüsusat aşkar edilməmişdir. Mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mobil tətbiq üzərindən o, müxtəlif şəxslərlə narkotik vasitə və psixotrop maddələri ödəniş qarşılığında tapıb onların istifadə etməsi üçün gətirəcəyini vəd edir. Bunlardan iş üçün əhəmiyyət kəsb edənlərdən: “Səməd Brat 274” ləqəbli istifadəçi ilə ona narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi məzmununda müxtəlif yazışmalar aparılmış. “Səməd Brat 274”- Dişim öldürür uje ağrıdan, “Səməd Brat 274”-Sən nə vaxt çatarsan?, “Səməd Brat 274”-Mal buraxıb, “Səməd Brat 274” – Yaman ağrıyır, ***-***-**-** Təqsirləndirilən şəxs – cavab mesajlarını səsli mesaj olaraq göndərir: “Səməd Brat 274”-Sən necə görməmiş insansan, ***-***-**-** Təqsirləndirilən şəxs- bayaqdan dayanıb qatar gəlirəm 28dəyəm, “Səməd Brat” Lomkadan əsəbdən kazinoda 50 manat uduzdum hammısını gəl çixda, “Səməd Brat 274”- Deyirlər indi iki qarda mal satır demirlər ki, Kamran tək satır. Ay belə eleyim başını buraxacam ay elə eləyim başını buraxacam xuyy sən elə belə də gedəcəksən mane olan olmasa sənə, yalandan deyirsən yuz iki yüz manat tutum çəkiləcəm. “Fikrət” adlı istifadəçi ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi məzmununda müxtəlif yazışmalar aparılır. “Fikrət” -Abi neynirsən deyəcəksən Fikrət Başladı, ***-***-**-** Təqsirləndirilən şəxs- heçnə yol gedirəm avtobusda, “Fikrət” -.hara gedirsən qaqa Qaqaş 10 manat var uşaqlarda yığıb məni, ***-***-**-** Təqsirləndirilən şəxs Qayıdım gəlim görüşərik, “Fikrət”- Nə vaxt gəlirsən ki, abi 40 dəqiqə zad mkr-na gəlsəm alınar Əldən çıxmasın bu, ***-***-**-** Təqsirləndirilən şəxs Qaqa mən yol gedirəm hövsana hələ çatmamışam götürüb qayıdacam da hardasa 1 saata, “Fikrət” – qaqa mən gəlim yavaş yavaş, ***-***-**-** Təqsirləndirilən şəxs bart bax indi bu dəqiqə götürdüm hövsandayam gəlirəm sən rasçotuvu (hesabıvı) tut təxminən 1 saata gəlirəm. “Fikrət” – gəl taksiylə qayıdırsan 18 manat pul var neynəmək olar bir damcı 2 nəfərdilər birdə mən 3, ***-***-**-** Təqsirləndirilən şəxs yoldayam çatıram. “Fikrət” -Qaqa sən canı çayan kimi birinci məni yola sal şamaxinkada gözləyirəm hardasan?, ***-***-**-** Təqsirləndirilən şəxs – Ulduzda, “Fikrət” – Sən bildin mən səndən nə istədim, ***-***-**-** Təqsirləndirilən şəxs hə qaqaş bildim amma biraz gözləməli olacaqsan çünki 3-4 nəfər üçün düzəltməliyəm vaxt aparacaq, “Fikrət” Bildimee Abi dünəndən pisdir vəziyyət belə onsuz gözləyirəm, ***-***-**-** Təqsirləndirilən şəxs Sənə nə düzəldim? “Fikrət” Qaqa 18 manat pul var neynəmək olar bir damcı daşnan 2 nəfərdilər birdə mən 3, ***-***-**-** Təqsirləndirilən şəxs yaxşı bir şey düzəldərəm, “Emin Tatar” adlı istifadəçi ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi məzmununda müxtəlif yazışmalar aparılır. “Emin Tatar” – neynirsən yetim nə var nə yox, haralardasan, getmirsən hələ? ***-***-**-** Hövsan tərəfdəyəm, sən bir dənə pul düz-qoş elə də mənə, o qalıq varidi onu birdənə düz qoş tez bazar atda mənə pul lazımdır. “Emin Tatar” – Nəsə götürürsən?, ***-***-**-** Təqsirləndirilən şəxs-Hə götürürəm götürməyinə sən bir dənə pulu düz qoşda, ***-***-**-** nömrəli istifadəçi ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi məzmununda müxtəlif yazışmalar aparılır. Qaqaş neynirsən neyniyə bildin nə qərara gəldin, əgər səndə varsa bir tikə ver mənə Rüfətə pulu verim göndərsin də sənə. Təqsirləndirilən şəxs-Təşkil elə deyəndə ki, qardaşım ora getməliyəmdə bir damcı nədiyə heç bir krapovikdə yoxdur. (gicitkən) “Fəxi” adlı istifadəçi ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi məzmununda müxtəlif yazışmalar aparılır. “Fəxi” -adlı istifadəçi 24 saniyədən ibarət olan aydın şəkildə eşidilməyən səsli mesaj göndərir. Buna cavab olaraq, Təqsirləndirilən şəxs – hə əxi necəsən nə var nə yox, belə boşsan maşınlasan bir yer var gedək gələk yoxduda gedirəm götürməyə getmək istəyirəm benzində tökərdim, borclu qaldığın 6 manatda qalsın səndə, razısansa gedəy gələy işimizdə tez həllini tapsın. “Fəxi” vallah maşın yoxduda motoru stuk vurub, belə amma istəyirsən maşın düzüm qoşumda gedəy gələy, Təqsirləndirilən şəxs- tanış maşın var Hövsana gedib gəlməyə? “Fəxi” – qaqaş bəlkə taksi ilə gedəy gedib gəlməyə nə qədər yazacaq bəyəm lap taksinində pulunu verərdim sənə, Təqsirləndirilən şəxs- tuta obratnı (gediş-gəliş) 25 manat eliyərdə yəgin - məzmunlu sms mətn mesajları daxil olmuşdur . Mobil telefona baxış keçirilən zaman, istifadə olan “Samsunq S24 ultra” markalı mobil telefon vasitəsi 6 dəqiqə 32 saniyəlik videogörüntü çəkilmiş, həmin video görüntü 01 ədəd DVD diskə köçürülərək iş materiallarına əlavə olunmuşdur. (cild 01; i.v.118-121).
8. “Maddi sübut kimi tanıma haqqında” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsindən sonra qalıq qalmış təmiz çəkisi 1,935 qram psixotrop maddə metamfetamin və 2,331 qram narkotik vasitə heroin, “Huawei” markalı mobil telefon maddi sübutun saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 01; i.v. 148).
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarı əsasında Azərbaycan Respublikası daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş telefon danışıqlarına və onların anten dairəsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +994-070 *** ** ** saylı GSM mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində aparılmış danışıqlar, onların anten dairəsi, həmçinin daxil olan və çıxan ismarıcların mətnləri 05 02.2025-ci il tarixli 20/1-922m məktubuna əlavə olunmuş 01 ədəd CD 04 ədəd excel faylları açıldıqda +994-070 *** ** ** saylı mobil telefon nömrəsi ilə aparılmış zənglərə uyğun coğrafi kordinatlar üzrə yerdəyişmələr, göndərilmiş və qəbul edilmiş mesajlar və zənglərlə bağlı məlumatların olması müəyyən edilmişdir. Baxış keçirilən zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar olunmuşdur. (cild 01; i.v. 158-167).
10. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7656 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 170-171).
11. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 01; i.v.172- 175)
12. “Sübutların qiymətləndirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbrinin keçirilməsinə, şübhəli şəxsin üstünə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd disk, təqdim edilmiş əşyaya baxış keçirilməsini özündə əsk etdirən 01 ədəd disk, Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş 01 ədəd diskin maddi sübut kimi tanınanaq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Huawei” markalı mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.189-202).
Təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:
13.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü qismən yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, hadisə günü işdən çıxıb evə gedən zaman mənzilinin qarşısında polis əməkdaşları, təxmini 7-8 nəfər olmaqla ona yaxınlaşmışlar. Polis əməkdaşları ona təzyiq göstərərək Polis İdarəsinə aparmışlar. Həmin zaman hadisə yerində nənəsi və qardaşı da olmuşlar, polis əməkdaşları nənəsi və qardaşına qarşı da təzyiq göstərmişlər. Qardaşı və nənəsi həmin şəxslərin polis əməkdaşları olduğunu bilməmişlər, qardaşına da xəsarət yetirmişlər, nənəsi isə yıxıldıqda polislər nənəni necə gəldi götürüb kənara atmışlar və nəticədə nənəsi də müəyyən xəsarətlər almışdır. Polis İdarəsində ona üzərində nəyin olduğunu soruşduqda, o üzərində olan telefonu və narkotik vasitəni təqdim etmişdir. Bundan sonra polislər təqdim etdiyi narkotik vasitəni haradan aldığını soruşmuşlar. O, həmin narkotik vasitələri Hövsan qəsəbəsindən aldığını bildirmiş. Bir qədər keçdikdən sonra videoçəkiliş başlanmamışdan əvvəl polislər ona bildirmişdilər ki, çəkiliş zamanı həmin narkotik vasitəni 40 manata aldığını desin. Videoçəkilişdən əvvəl polis əməkdaşları ona həmin narkotik vasitəni satış məqsədinin olmadığını, lakin narkotik vasitəni daşımaq müqabilində özünə də müəyyən miqdarda narkotik vasitənin qalması müqabilində narkotik vasitəni bir yerdən başqa yerə daşımaqla razılaşdığını deməyi bildirmişdilər. O, narkotik vasitə pulsuz qalsın deyə kiməsə narkotik vasitə daşımamış, yəni heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi üçün bir gün bir şəxsə narkotik vermiş, elə gün də gəlib ki, həmin şəxs də, ağrıda olduğu zaman ona narkotik vasitə vermişdir.
14. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs Bağıyev X3 istintaq zamanı ona təzyiq göstərildiyini və heç vaxt narkotik vasitə satmadığını bildirmişdır. Narkotik vasitələri adətən tanımadığı şəxslərdən aldığını, 3-4 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, qazancını əsasən usta işləməklə əldə etdiyini göstərmişdir. Eyni zamanda qeyd etmişdir ki, narkotik vasitəni öz istifadəsi üçün (070) ***-**-** mobil nömrəsində olan vatsap vasitəsilə online şəkildə almışdır. Polis əməkdaşları onu saxlayarkən özlərini təqdim etməmişlər. O, saxlanılarkən üzəridə narkotik vasitə olmamış, çünki o saxlanılanadək həmin narkotik vasitəni udmuşdur. Onda 2 büküm metamfetamin olmamış, bir büküm heroin, bir büküm də metamfetamin olmuşdur. O, aldığı bükümü tam açıb baxmadığından ola bilsinki, həmin bükülünün içərisində olan metamfetamin elə iki büküm olmuşdur. Üzərində aşkarlanmış heroini və metamfetamini Hövsan qəsəbəsindən tanımadığı şəxsdən almışdır. Saxlanılarkən üzərində bir büküm metamfetamin, bir büküm də heroin, habelə bir ədəd “Huawei” markalı telefon olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə işə baxan hakimə polislər tərəfindən döyüldüyünü deməmiş, polislər izi qalmayan xəsarətlər yetirdiyinə görə şikayət etməmişdir. ***-***-**-** mobil nömrəsi onun üzərində olmuşdur. Qardaşı ona yazdığı sms-lərdə belə işlərlə məşğul olmamağı bildirmişdir. Fikrət və Emin onun məhəllə uşağıdır. Fikrətlə heçnə yazışmamış, Fikrət ona narkotik vasitə lazım olanda onu da vəziyyətdən çıxarmasını demişdir. Emin də ona satışda metamfetaminin olmasını təklif etmişdir. Emin ondan narkotik vasitə almamışdır. Emin ona demişdir ki, düz qoş elə gedək bir yerdə narkotik vasitə alaq. Fəxinin kim olduğunu bilmir. O, üzərindən çıxan narkotik vasitəni və psixotrop maddəni İran vətəndaşından deyil, tanımadığı başqa şəxsdən 40 manat müqabilində almış, sonradan isə özünə narkotik pulsuz qalsın deyə yarısını ona sifariş vermiş şəxsə vermək məqsədi olmuş, sadəcə ibtidai istintaq zamanı polis əməkdaşları üzərindən aşkarlanmış həmin vasitələrin guya adını bilmədiyi İran vətəndaşından almasını söyləməsini tələb etdiklərindən həmin vaxt bu məzmunda ifadə vermişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
15. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir.
18. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir.
19. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
20. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
21. “Şübhəli şəxsin tutulması haqqında” 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə, saat 20:00-dan tutulmuş hesab edilmişdir (cild 01; i.v.26).
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 4(006)-696/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.100-103).
23. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə görə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2024-cü 1 tarixdə isə cəzanın sonu ilə azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir.
24. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
25. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır.
26. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
27. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
28. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
29. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
30. 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur.
31. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
32. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
33. 65.2-ci maddəsinə əsasən Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.
34. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
37. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
38. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
39. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
40. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 2,431 qram çəkidə narkotik vasitə heroini və 1,985 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2024-cü il tarixdə saat 20:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,303 qram və 0,682 qram olmaqla ümumi təmiz çəkisi 1,985 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və 01 bükümdə təmiz çəkisi 2,431 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.
41. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Sözügedən qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
43. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir.
44. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir.
45. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.
46. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2-ci və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır.
47. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs idai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
48. İş materiallarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs sadəcə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əldə olunmuş razılığa əsasən həmin şəxsdən təmiz çəkisi 1,985 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 2,431 qram olan narkotik vasitə heroini əldə edərək daşımışdır ki, bu da onun həmin şəxslə sadəcə narkotik vasitənin əldə edilməsi ilə bağlı həmin şəxsin ona narkotik vasitə göndərməsi ilə əlaqədar razılaşmalarının olmasının göstəricisidir.
49. Məhkəmə iclasında da təqsirləndirilən şəxsə bir neçə dəfə ünvanlanmış suala cavab olaraq o, üzərində aşkarlanmış heroini və metamfetamini adını bilmədiyi şəxsdən aldığını, həmin şəxslə narkotik vasitələrin və ya psixotrop maddələrin satışına dair aralarında hər hansı razılaşmanın olmadığını, həmin şəxsin heç vaxt ondan narkotik vasitə və ya psixotrop maddələri hər hansı ünvana çatdırmasını istəmədiyini, sadəcə həmin şəxsdən 40 manat müqabilində üzərindən aşkar edilmiş bükümü aldığını, məqsədinin həmin narkotik vasitənin və psixotrop maddələrin bir hissəsini başqa şəxsə verməklə qalan hissənin isə özünə pulsuz qalması olduğunu bildirmişdir.
50. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
51. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
52. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
53. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
54. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
55. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
56. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi”-ni göstərməklə kifayətlənmişdir.
57. Göründüyü kimi, həmin qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa (məhkəmə istintaqı zamanı isə ümümiyyətlə üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün 40 manat müqabilində aldığını bildirir) hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur.
58. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
59. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
60. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır.
61. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
62. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
63. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
64. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
65. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
66. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
67. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqla müəyyən edilməyən vaxtda həmin şəxsin göstərişi ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
68. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 500 qramdan artıq olduqda külli miqdar, təmiz halda 5 qramdan artıq olduqda xeyli miqdar hesab olunur.
69. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı qanunsuz əşyaların külli miqdarda olmaqla bir neçə növ narkotik vasitə və psixotrop maddə (2,431 qram çəkidə narkotik vasitə heroin və 1,985 qram çəkidə psixotrop maddə metamfetamin) olması, habelə ibtidai istintaqda öz əməlini etiraf etməsi, müvafiq əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar (cinayət işinin materiallarında olan çoxsaylı mesajlar və şahid ifadələri) onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
70. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
71. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
72. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən hökmün təsviri hissəsində sadalanmış qanunvericilik aktlarının, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarının müddəalarını da nəzərə alır.
73. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
75. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
76. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
77. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halın olmadığını qeyd edir.
78. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.
79. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və cəzanı ağırlaşdıran hal (residiv müəyyən edilmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına, eləcə də ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır.
80. İş üzrə maddi sübut 1,935 qram olan psixotrop maddə metamfetamin və 2,331 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır.
81. Ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
82. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
83. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
84. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
85. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
86. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
87. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06(altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə verilmiş 1,935 qram olan psixotrop maddə metamfetamin və 2,331 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut- Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd , “Huawei” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 04 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Kamil Əliyev
Hakimlər: Nigar İmanova
Vüqar Seyidov