Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1187/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1997-ci il sentyabrın 07-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, dönərçidə kuryer işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 72,051 qram çəkidə, yəni külli miqdarda açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanan narkotik vasitə heroini və iki ədəd konvalyutdakı üzərində «F/M40» yazısı olan qəhvəyi rəngli dairəvi formalı hər biri 0,04 qram olmaqla ümumilikdə 0,08 qram narkotik vasitə metadon tərkibli dərman preparatını əldə edib əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlamaqla daşımış, 2021-ci il yanvarın 16-da saat 15:00-da ünvan 1 ünvanının qarşısında tanışı Şahid5 0,371 qram narkotik vasitə heroini istifadə etmək üçün pay vermiş və həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saat 15:50-də göstərilən ünvanın qarşısında saxlanaraq idarəyə gətirilmiş, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 71,680 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd konvalyutda üstündə «F/M40» yazısı olan qəhvəyi rəngli dairəvi formalı hər biri 0,04 qram olmaqla ümumilikdə 0,08 qram narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində göstərdi ki, təxminən iki ildir narkotik vasitə heroini çəkmək yolu ilə istifadə edir. 2021-ci il yanvarın 16-da saat 11 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən hamamın yanında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən narkotik vasitə heroinin bir qramını 20 manata və iki ədəd tablet şəkilli narkotik vasitə metadonu 30 manata əldə etmiş, həmin tarixdə saat 15 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında olduğu zaman yanındakı Şahid5 adlı tanışına çəkmək üçün heroin vermişdir, bu vaxt mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib narkotik vasitənin gəzdirilməsində, saxlanmasında və satışında şübhəli olduğunu deməklə onu Bakı şəhərinin Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər, polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməyi təklif olunmuş, etiraz etməyərək əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən narkotik vasitələr olan şəffaf sellofandakı bir qram çəkidə heroini və iki konvalyutdakı metadonu çıxarıb polis işçilərinə təqdim etdikdə göstərilən maddələr götürülməklə zərfə qoyularaq qablaşdırılmış, üzəri özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, onun baxış keçirilən evindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, tutulanda üzərində yalnız bir qram heroin və iki ədəd konvalütdakı iki həb metadon olmuş, narkotik vasitə aludəçisi olmaqla heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, hadisə ərəfəsində polis baş leytenantı olub Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadə edilməsi və daşıması barədə daxil olan məlumatın yoxlanılmasından ötrü raportla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəhbərliyinə məruzə olunub müvafiq sənədləşmə işləri aparılmaqla tərəflərindən əməliyyat tədbirləri həyata keçirilərək 2021-ci il yanvarın 16-da saat 15:50-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanınınn qarşısında saxlanmaqla polis idarəsinə gətirilmişdir. Sonuncunun paltarında, əşyalarında və bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimalı nəzərə alınaraq hüquqları və vəzifələri izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması keçirilməyə başlananda Təqsirləndirilən şəxs onların qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətə malik ola biləcək digər əşyaların və ya sənədlərin olduğu halda könüllü sürətdə təqdim etməsi təklifi ilə razılaşıb əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və iki ədəd qəhvəyi rəngli tabletka şəkilli həbləri təqdim etməklə polietilendə «kokos» deyilən narkotik vasitə heroin, iki ədəd konvalyutdakı həblərin isə metadon olduğunu, özünün istifadəsi üçün aldığını bildirmiş, həmin maddələr zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilib imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçiriləndə evindən heç bir cinayət xarakterli əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri polis leytenantları Şahid1 və X4, habelə bölmənin rəisi polis mayoru olmaqla əməliyyat-axtarış qrupunun rəhbəri Şahid4 Şahid2 ilə analoji ifadə verdilər. İş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, bir ildən çoxdur «şüşə» kimi tanıdığı psixotpor maddəni çəkmək yolu ilə istifadə edir. 2021-ci il yanvarın 16-da saat 15 radələrində dostu Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsindəki evin qarşısında olduğu zaman sonuncudan çəkmək üçün narkotik vasitə istədikdə Ceyhun ona bir büküm narkotik vasitə heroin vermişdir. Bu zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitənin gəzdirilməsində, saxlanmasında və satışında şübhəli olduğunu deyərək onu və Ceyhunu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə axtarış zamanı könüllü şəkildə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etməklə həmin maddəni Ceyhunun ona verdiyini bildirmiş, büküm polis işçisi tərəfindən götürülərək zərfə qoyulub qablaşdırılmış, tərtib olunan protokolun düzgünlüyü onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə 2021-ci il yanvarın 16-da saat 16 radələrində saxlanaraq gətirildiyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində şəxsi üzərində axtarış vaxtı şəxsi istifadəsi üçün aldığı bir sellofan bükümün içərisində narkotik vasitə heroin və iki həb metadon aşkarlandığını göstərsə də 2021-ci il yanvarın 18-də təqsirləndirilən şəxs qismindəki ifadəsində özünü təqsirli bilməmiş, 2021-ci il mayın 06-da isə özünü qismən təqsirli bilib üzərində 71 qram narkotik vasitə heroin olmamaqla yalnız bir qram heroin və iki ədəd konvalyutdakı iki həb metadon olduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 37-38, 59-61, 74-76 və 196-197). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2021-ci il yanvarın 16-da tərtib etdiyi tarixli raportlardan, eyni tarixli Ə50-096-21 №-li əmrindən və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 18 yanvar tarixli qərarının surətindən görünür ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 15:50-də ünvan 1 ünvanının qarşısında saxlanıb idarəyə gətirilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar məhkəmə tərəfindən qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 3- 8 və 90-92). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 16 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 28). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 16 yanvar tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və iki ədəd qəhvəyi rəngli konvalyutu təqdim edərək bükümdə narkotik vasitə heroin, konvalyutda isə narkotik vasitə metadon olduğunu, göstərilən maddələri 2021-ci il yanvarın 16-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Anar adlı türk vətəndaşından aldığını, həmçinin yaşadığı ünvan 1 ünvanında narkotik vasitələr saxladığını bildirmişdir (1-ci cild, iş vərəqi 32-33). İş materiallarındakı 2021-ci il 16 yanvar tarixli ərizədən və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs razılığı əsasında sonuncunun yaşadığı ünvan 1 ünvanına videoçəkilişlə baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik heç bir əşya və ya predmet aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 34 və 36). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 18 yanvar tarixli 6/218 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitələr...» sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 71,680 qram olan açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd konvalyutda üzərində «F/M40» sözləri olan qəhvəyi rəngli dairəvi həb metadon tərkibli dərman preparatıdır; iki ədəd həbdən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,08 qramdır; narkotik vasitə heroinin və metadonun tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 71,480 qram və bir ədəd həb təşkil etməklə ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 44-48). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 18 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 62-63). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 18 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 65-66). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 18 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il yanvarın 16-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 87-89). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 12 mart tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 2021-ci il yanvarın 16-da müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd DVD diskinə baxış vaxtı sonuncunun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü və iki ədəd qəhvəyi rəngli konvalyutu təqdim edərək bükümdə narkotik vasitə heroin, konvalyutda isə narkotik vasitə metadon olduğunu, göstərilən maddələri 2021-ci il yanvarın 16-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində Anar adlı türk vətəndaşından aldığını, həmçinin yaşadığı ünvan 1 ünvanında narkotik vasitələr saxladığını bildirməsi müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 97). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 2021-ci il 10 aprel tarixli 096/45204-1121 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 71,680 qram heroini və iki ədəd metadon həbini satan şəxsi müəyyən etmək mümkün olmamış, sonuncunun narkotik vasitə heroini tanışı Şahid5 istifadə etməsi üçün verməsi müəyyənləşdirilmiş, lakin başqa şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 136). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 22 aprel tarixli 1213 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 145-146). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 26 aprel tarixli 6/1375 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilməklə üzərində Ədliyyə Nazirliyi MEM-nin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketlərdəki Şahid5 üzərindən aşkarlanıb götürülən heroin Təqsirləndirilən şəxs üzərindən aşkarlanan heroinlə kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynidir, Şahid5 və Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 0,301 qram və 71,460 qram təşkil etməklə ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 148-152). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 16 aprel tarixli 798 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkarlanmaqla onu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir, sonuncuda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir (1-ci cild, iş vərəqi 154-155). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 2021-ci il mayın 16-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 163-164). İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 06 may tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əlavə və dəyişikliklər olunmaqla Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 71,460 qram və bir ədəd qalıqları idarənin məsul saxlancına təhvil verilmiş, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və metadonu əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi ayrılmışdır (1-ci cild, iş vərəqi 173-180, 182-184 və 188-189). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 2021-ci il 16 fevral tarixli 1/242 №-li məktubundan görünür ki, 2018-ci il yanvarın 31dən 2018-ci il fevralın 02-dək müalicədə olan Təqsirləndirilən şəxs «Yüngül ifadəli olunmuş dissosiativ-konversion pozuntusu, səthi özünü kəsmələr» diaqnozu, 2018-ci il dekabrın 19-dan 2018-ci il dekabrın 21-dək müalicədə olan sonuncuya «Mülayim ifadəli olunmuş dissosiativ-konversion pozuntusu, səthi özünü kəsmələr» diaqnozu qoyulmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni tutulanda üzərində yalnız bir qram heroin və iki ədəd konvalyutdakı iki həb metadon olması, narkotik vasitə aludəçisi olmaqla heç vaxt narkotik satışı ilə məşğul olmaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadonun şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və 2021-ci il mayın 06-da təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cavanlığını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 71,460 qram və bir ədəd qalıqları məhv edilməli, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 228 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il yanvarın 16-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il yanvarın 16-dan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 228 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin məsul saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkarlanıb götürülən narkotik vasitə heroinin və metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 71,460 qram və bir ədəd qalıqları məhv edilsin, bir ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1187/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1187/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver