Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-119/2023 30.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və nümayəndəsi - Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçilər - Bakı şəhəri, 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və “Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 08 yanvar 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli xuliqanlıq hərəkətləri törətməklə xuliqanlıq etmiş, qabaqcadan əlbir olub bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilməmiş iki nəfər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 iyul 2021-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində fərdi tikilmiş evinə gələrək, qeyrirəsmi nikahda olduğu X1 evin həyətlərində mütəmadi səs-küy saldığından irad tutmasını cüzi səbəb kimi bəhanə edərək, müəyyən edilməyən iki nəfər şəxslə bir qrup şəxs halında əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlərlə təhqir edib, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyət üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib xuliqanlıq edərək, müəyyən olunmamış iki nəfər şəxsin köməyi ilə onların Zərərçəkmiş şəxs müqavimət göstərməməsi üçün qollarından tutmasından istifadə edib Zərərçəkmiş şəxs yumruqla çənə nahiyəsindən zərbələr endirərək xuliqanlıq hərəkətlərini xususi qərəzli formada davam etdirib, orada olan sonuncunun oğlu xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid10 gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk edərək silah qismində istifadə etdiyi naməlum bərk predmetdən istifadə etməklə alın nahiyəsindən zərbə endirməklə alın sümüyünün yerini dəyişən basılmışqəlpəli sınığı kimi nəticələnmiş bədən xəsarətləri yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, bununla kifayətlənməyərək hərəkətlərini inadla davam etdirib zərbələri nəticəsində yerə yıxılmış Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Humay” marketin qarşısına qədər yerlə sürüyərək, əl və ayağı ilə vuraraq ona baş beyin silkələnməsi, alın nahiyəsinin dərialtı hematoması, alın, ənsə nahiyələrinin əzilmiş yaraları, sol yuxarı İ, İİ dişlərinin tac hissəsinin travmatik qopması, həmin səviyyədə üst dodağa qansızma kimi qəsdən sağlamlığa yüngül zərər vuraraq və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qeyri-rəsmi yaşadığı həyat yoldaşının qarşısını kəsib ünvanına təhqiramiz sözlər işlətmişdir. Buna 4-5 nəfər qonşuları da şahid olmuşlar. Bundan bir saat sonra həyat yoldaşı Kabutər ona zəng edib bu barədə məlumat vermişdir. O, evə gələn zaman Emilin “Humay“ mağazasının yanında avtodayanacaqda dayandığını görmüş, sonuncuya “əgər sözün varsa, mənə de, sənin qadınla nə işin var” sözlərini demişdir. Həmin vaxt Emill «əcəb etmişəm» cavabını qaytarmış və o, Emillə dartışmış, sonradan isə hər kəs öz evinə getmişdir. Təxminən 10-20 dəqiqə sonra Emil evdən bıçağı götürüb onların qapısına tərəf gəlmiş, onunla qapı arasında 10 metr məsafə olmuşdur. Bu vaxt həyat yoldaşı Kabutər Məmmədova onların arasına keçmiş, Emil əlində bıçaqla onu söyəsöyə onlara yaxınlaşıb Kabutəri bıçaqla vurmuşdur. Bunlar qonşuların gözü qarşısında baş vermişdir. Emil Kabutəri bıçaqla vurduqdan sonra o, cəld yerdən daş götürüb Emili daşla vuraraq əlindəki bıçağı almışdır. O, Emili vurandan sonra sonuncu silkələnib özünü itirmiş və başı üstə yerə dəymişdir. Həmin gün gecə Kabutəri təcili tibbi yardımla xəstəxanaya göndərmiş, özü isə 14-cü polis bölməsinə Emilin hərəkətləri barədə şikayət ərizəsi yazmışdır. Hadisə vaxtı o, özünü müdafiə etmək üçün Emili vurmuşdur. Belə ki, Emil əlində bıçaqla onların üzərinə gəldikdə, o, özünü itirmiş, Emilin Kabutəri vurmasından sonra onu da bıçaqla vuracağını fikirləşmişdir. O, həm özünü, həm həyat yoldaşını müdafiə etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, Emilin məhkəmə iclasında adlarını çəkdiyi Tural və Zeynalabdin adlı şəxslər hadisə vaxtı orada olmamışlar. Lakin hadisədən əvvəl onun “Humay” marketin yanında Emillə mübahisəsi zamanı Tural mübahisəni kənardan görmüş, Zeynalabdin də həmin yerdə olmuş, amma onlar Emilə qarşı heç nə etməmişlər. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Emillə aralarında əvvəllər heç bir problemi olmadığını, Emilin əlində bıçaq olduğunu və bıçağı onun əlindən aldığını qonşuları Mübarizin və Kənanın da gördüklərini, həmin gün Kabutəri xəstəxanaya apardıqlarını və onun bir gün xəstəxanada qaldığını, hadisə vaxtı o, daşı yerdən götürüb Emilin başına vurduğunu və həmin vaxt onların arasında olan məsafənin təxminən 2-3 metr olduğunu, Kabutərlə özünün 4 ildir ki, qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadıqlarını, zərərçəkmiş şəxsin qaldığı evin Kabutərin keçmiş həyat yoldaşının qardaşına məxsus olduğunu, zərərçəkmiş şəxsin öz evindən çıxıb əlində bıçaq onun üstünə gələndə həyat yoldaşının onların arasına girdiyini və Emilin həmin vaxt bıçaqla onu vurduğunu, həyat yoldaşının aldığı xəsarətlə bağlı ekspertizadan keçdiyini və bununla bağlı ekspert rəyinin də olduğunu bildirdi. İfadələri arasında ziddiyətlər olduğuna görə məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, hərbi xidmətdən qayıdandan sonra müxtəlif yerlərdə fəhlə və mühafizəçi kimi işləmiş, güləş və K1 adlı döyüş idman növləri ilə məşğul olmuşdur. Kabutər Məmmədovanı 5 ildir ki, tanıyır və həmin vaxtdan qeyri-rəsmi nikahda ər-arvad kimi yaşamışlar. Kəbutər «Savalan» yaşayış massivində özünə məxsus evdə 3 uşağı ilə birlikdə yaşamışdır. Təxminən 3 il bundan əvvəl Kabutərin yaşadığı məhəlləyə Emil adlı oğlan köçmüşdür. Emil həmin küçədə Kabutərin keçmiş həyat yoldaşının qardaşına məxsus evdə kirayədə yaşamışdır. Emillə çox yaxın münasibəti olmasa da, bir qonşu kimi münasibətləri olmuşdur. Təxminən bir il bundan əvvəl Kabutərin evinə gələn zaman onun Emillə Kabutərin evin qarşısında dayanıb söhbət etmələrini görmüşdür. Həmin gün onun ad günü mərasimi olmuş və Kabutərin evinə onun ailəvi tanışları yığışmışlar. Emil və Kabutərin söhbətlərinə müdaxilə edib başa düşmüşdür ki, Emil evlərində olan şənliklə əlaqədar yaranmış səs-küyə görə narazılığını bildirmişdir. O, Emilə qadına yox, ona sözünü deməyi məsləhət görmüş və onunla bir qədər kənara çəkilib anlaşılmazlığı aradan qaldırıb barışmışlar. Həmin söhbət zamanı Emilin yanında tanışı olmuşdur. Bundan sonra Emillə hər hansı söz-söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, 12 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində o, Kabutərin evinə gələrkən qonşuluqda yaşayan xatırlamadığı kimsə ona Emilin Kabutərlə bir qədər öncə mübahisə etdiklərini danışmışdır. O, Kabutərin evinə girib məsələni aydınlaşdırarkən ona məlum olmuşdur ki, Emil bir gün əvvəl evindən səs gəldiyindən narazı olmasını bildirmək üçün onun gəlişindən bir qədər əvvəl Kabutərin evinin qapısının qarşısında Kabutərlə görüşüb mübahisə etmiş, onun və Kabutərin barəsində təhqiredici ifadələr işlədib, onların bu məhəllədən köçməyini, çıxıb-getməsini demişdir. O, yaşadığı məhləyə getmiş və orada Emili görmüşdür. Həmin söhbətə aydınlıq gətirmək üçün Emilə yaxınlaşmış, Emillə elə Kabutərin evinin qarşısında sözlə mübahisə edərək, niyə görə onun barəsində təhqiredici ifadələr işlətdiyini soruşmuşdur. Emil yaxşı etdiyini, onların evindən onun evinə səs gəldiyini demişdir. O isə, cavab olaraq demişdir ki, öz evidir, özü bilər, əgər o, söyüş söysəydi, ondan da ona yaxın qalan qonşular gəlib narazılıqlarını bildirəcəkdilər. Onlar sözlə mübahisə edib tutaşıb itələşmişlər, lakin bir-birlərini vurmamışlar və səs-küyə yığışmış xatırlamadığı qonşuları onları ayırandan sonra Emil öz evinə girmişdir. Heç iki dəqiqə çəkməmiş Emil evindən əlində böyük mətbəx bıçağı ilə çıxıb üstünə gəlməyə başlamışdır. Həmin vaxt Kabutər də bayıra çıxmış və Emil söyüş ifadələri işlədib yanlarına gəlmişdir. Kabutər vəziyyətin kəskinləşməsini görüb onun qabağına keçmişdir ki, onlar dalaşmasınlar. Bu zaman Emil əlindəki bıçaqla Kabutərin qarnının aşağı sağ tərəfinə bir zərbə vurmuşdur. Həmin vaxt Kabutər bıçağı əli ilə tutmaq istəyərkən bıçaq əlini də kəsmişdir. O, Emili zərərsizləşdirmək üçün yerdən yarımçıq mişar daşı götürüb Emilə tərəf atmışdır. Həmin zaman aralarında 2-3 metr məsafə olmuşdur. Emil həmin zərbədən bir qədər sarsılmış, lakin yıxılmamışdır. Emil onun üzərinə bıçaqla gəlmişdir. Bundan sonra onlar tutaşmış və o, Emilin əlini buraraq onu yerə yıxmış və onun əlindən bıçağı götürmüşdür. Bıçağı əlindən alan kimi ətraflarına yığışan qonşuları onu ayırmışlar. O, Kabutərin həyətinə keçərək Emildən aldığı bıçağı orada yerə atmışdır. Bu zaman Kabutər təcili tibbi yardım və polisə zəng vurmuşdur. Bu hadisədən sonra o, Kabutərin evindən çıxmış və bir neçə saat sonra Emilin iki qardaşı və dostları təxminən 5-6 nəfər şəxs Kabutərin evinə əllərində beysbol taxtası ilə gəlib onu döymək üçün axtarmışlar. Bundan sonra onlar onun telefon nömrəsini tapıb görüşməyi təkid edib onu təhqir etmişlər (cild 2, iş vərəqi 121-124). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs onları qismən təsdiq etdiyini, hazırda məhkəmədəki ifadəsini düzgün ifadə kimi qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hadisə baş verməmişdən təxminən bir il əvvəl yay vaxtları evinin həyətində ailəsi ilə olarkən onlardan iki ev aralıda yaşayan Kabutər adlı qadının evindən nalayiq sözlərin danışıldığını eşitmişdir. Axşam olduğundan buna reaksiya verməmiş, lakin səhərisi gün işdən qayıdandan sonra saat 18 radələrində Kabutərin qonşusundan qadının evdə olub-olmamasını soruşmuş, qonşusu Kabutərin evində olmadığını dedikdə, o, qonşudan xahiş etmişdir ki, onun adından Kabutərə iradını bildirsin. Kabutər onun kirayədə qaldığı evin sahibinin qardaşı arvadıdır. Həmin gün Kabutəri görməsə də, səhərsi gün onu görüb, həyətindən söyüş ifadələri gəldiyinə görə iradını bildirmişdir. Kabutər isə kobud şəkildə «get öz hasarının içinin dərdini çək» demişdir. Eyni zamanda Elməddini çağıracağını, sonuncunun onu başa salacağını bildirmişdir. Elməddini o, təxminən 2 il bundan qabaq Kabutərin yanına gəlib-getdiyi üçün tanımış, sonra ona məlum olmuşdur ki, onlar qeyri-rəsmi ər-arvad kimi yaşamışlar. Kabutərlə söhbətləri elə bu sözlərlə bitmişdir. Ertəsi gün Elməddin onun evinin giriş qapısını döymüş və əsəbi formada onun mobil telefonunun nömrəsini alıb onunla söhbət edəcəyini bildirmişdir. Təxminən bir saat sonra Elməddin ona zəng vurmuş və onu evinin qabağında gözlədiyini demişdir. O, evdən çıxmış və evinin qabağında VAZ 2102 markalı açıq rəngli, üzərində boya ləkələri olan avtomobilin dayanmasını, avtomobildə sürücü ilə birlikdə 3 nəfər kişi cinsindən olan şəxslərin oduğunu görmüşdür. Onlardan biri Elməddin olmuş, digər iki nəfəri isə tanımamışdır. O, maşına oturmuş və sürücü maşını Ramana qəsəbəsinə tərəf sürmüşdür. Sürücü maşını Ramana qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığına sürmüş və çöllük bir yerdə saxlayandan sonra onlar maşından düşmüş və Elməddin onunla münasibətlərini aydınlaşdırıb mübahisə etməyə başlamışdır. Elməddin niyə görə Kabutərə irad tutuduğunu soruşub, sonuncunun evində söyüş söyülsə də, bunun ona aidiyyəti olmadığını, yaxşı etdiyini bildirmişdir. Onun qəzəblənməsini görüb yanında olan iki nəfər oğlan Elməddini sakitləşdirib onun haqlı olduğunu deyərək söhbətləri bitirməyini demişdir. Bununla da o, Elməddinlə münasibətlərini aydınlaşdırmış və həmin avtomobillə məhəlləyə qayıtmışlar. Bundan sonra aralarında heç bir mübahisə olmamış və qonşu kimi yaşamağa davam etmişlər. Zərərçəkmiş şəxs ifadəsinə görə, təxminən bir il sonra 11 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində o, evinin həyətində olarkən yenə də Kabutərin evindən söyüş sözlərinin işlədilməsini eşitmiş, lakin gecə olduğundan onlara heç nə deməmişdir. Səhəri günü saat 20 radələrində o, məhəllədən keçərkən Kabutərin qonşusundan onun evində olub-olmamasını soruşmuş, o isə, Kabutərin evində olmadığını demişdir. Lakin evinə tərəf gedərkən Kabutər qarşısına çıxmış və o, axşam evindən səs gəldiyinə görə iradını bildirmişdir. Kabutər onu təhqir etməyə başlayıb öz həyətinin içində nə istəyirsə, onu da edəcəyini bildirmişdir. O, evinə girmiş və saat 21 radələrində həyətin qapısının döyüldüyünü eşitmiş, qapını açdıqda Elməddinin daha iki nəfər tanımadığı 25-30 yaşlı oğlanlarla dayandığını görmüşdür. Həmin vaxt o, qardaşı İlhamla telefonla danışmış və Elməddini görəndə qardaşına demişdir ki, bir müddət əvvəl qapının qarşısında qonşu ilə mübahisə etmiş və Elməddin münasibətləri aydınlaşdırmaq üçün 2 nəfərlə gəlmişdir. Buna görə o da, qardaşına onlara gəlməyini xahiş etmişdir. Elə həmin anda Elməddin və yanında olan oğlanlardan biri onun qollarından tutub «kimin namusuna sataşmışıq?» deyə Elməddin sol əli ilə onun çənəsinin sağ tərəfindən bir yumruq vurmuşdur. Sonra əlini bel kəmərinə apararaq üzərində hansısa silah olmasının görüntüsünü yaradıb «səni öldürmürük» demiş və elə bu anda onlardan kimsə onun alnından beş barmaqla bir zərbə vurmuş və bu zərbədən o, huşunu itirmişdir. Bu hadisədən sonra o, artıq 3 saylı şəhər klinik xəstəxanasında ayılmışdır. Orada həkimin dediyindən bilmişdir ki, başının arxa tərəfində də bıçaq yaraları vardır. Müalicəni bitirib evə yazılandan sonra qonşularından eşitmişdir ki, o, iki dəfə - birinci dəfə öz qapısının qarşısında, sonra isə «Humay» marketin yanında döyülmüşdür. Qonşularından bir çoxu bu hadisəni görmüş, hətta «Humay» marketin yanında olan avtobus dayanacağında tanımadığı qəsəbə sakinləri də bu hadisəni görüb və onun özünə gəlməsi üçün üstünə su tökmüşlər. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq həmin şəxslərin onu azyaşlı uşaqlarının gözü qarşısında döydüklərini, Kabutər Məmmədovanın və Təqsirləndirilən şəxs hadisəni düzgün danışmadıqlarını, hadisə vaxtı Elməddinlə birlikdə daha 2 nəfərin də olduğunu, onlardan birinin onun qollarını tutduğunu, bu zaman Elməddin və yanındaki şəxsin onu döydüklərini, Kabutər Məmmədovaya xəsarət yetirmədiyini, hadisə vaxtı onun əlində bıçaq olmadığını bildirdi. Lakin məhkəmə baxışının sonunda 16 fevral 2023-cü il tarixli iclasda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs Elməddin Şxıyevin valideynləri tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, buna görə təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı hər hansı iddia tələbi və şikayətinin olmadığını, gələcəkdə də olmayacağını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, 12 iyul 2021-ci il tarixdə axşam saat 20 radələrində o, işdən evə qayıdan zaman qonşusu Mübariz onu görüb Emilin onu axtardığını demişdir. O, səbəbini soruşduqda, Mübariz demişdir ki, Emilin deməsinə görə, dünən axşam onun evində ucadan söyüş söyülüb, bu da Emilin narazılığına səbəb olmuşdur. Həmin vaxt Emilin yaşadığı ev tərəfdən ona tərəf qəzəbli formada gəldiyini görmüşdür. Emil ona yaxınlaşıb Elməddinin ünvanına «bu peysər haradadır?» dedikdə, o, nə baş verdiyini soruşmuş, Emil isə söyüş səsindən evdə otura bilmədiyini demişdir. O, Emilə söyüş söyməməyi, nə sözü varsa, Elməddinin özünə deməyi məsləhət görmüşdür. Emil ona Elməddinin onunla əlaqə saxlamasını bildirmişdir. Bir qədər sonra o, Mübariz və digər qonşularla küçədə söhbət edən zaman onlardan evindən söyüş səsi gəlib-gəlmədiyini soruşmuş, onlar heç bir səs gəlmədiyini demişlər. Bu zaman Elməddin ona zəng vuraraq evə gəldiyini, nəsə almaq lazım olub-olmadığını soruşmuşdur. O, Elməddinə Emilin onun ünvanına söyüş söydüyünü bildirmiş, Elməddin də ona gəlib Emillə söhbət edəcəyini demişdir. Onunla danışdıqdan təxminən 20-30 dəqiqə sonra Elməddin evə gəlmiş və ev paltarını geyinib bayıra çıxmışdır ki, Emili tapıb onunla söhbət etsin. O isə, evinin həyətində olmuşdur. Təxminən 15 dəqiqə sonra o, küçədən ucadan səs gəldiyini eşitmiş, küçəyə çıxanda Elməddinin qonşuları Mübariz, Məmməd və onun atası Şahbazla söhbət etdiklərinin şahidi olmuşdur. Bu zaman Emilin öz yaşadığı ev tərəfdən əlində bıçaqla Elməddinin dayandığı yerə gəldiyini və Elməddinə qarşı nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Emilin qarşısına çıxaraq xəta törətməsinin qarşısını almaq istəmiş, bu zaman Emil əlindəki mətbəx bıçağı ilə onun sağ budundan bir zərbə vurmuşdur. O, əvvəlcə bunu hiss etməmiş, yerə yıxılmış və Emili əlləri ilə tutmuşdur ki, onu vurmasın. Bu zaman Elməddinin və adlarını çəkdiyi qonşularının ona tərəf gəldiklərini görmüşdür. Elməddin onu qoruyub Emilin əlindən bıçaq almaq üçün yerdən daş götürüb onun başından vurmuş və sonra da Emili yerə yıxıb bir neçə dəfə yumruqla vurmuşdur. Sonra qonşuları onları ayırmışlar. O, ayağa qalxıb evinin qapısına yaxınlaşarkən Emilin bıçaq vurduğunu yerdən istilik hiss etmişdir. Sonra qonşusu Mübarizin həyat yoldaşı Xanım ona ilkin tibbi yardım göstərmiş və çoxlu qan itirdiyinə görə onu evinə aparıb şirin çay vermişdir. Elməddin isə oradan çıxıb getmişdir. O, Mübarizgilin evində olan zaman öz evinin həyət darvazasının bərkdən döyüldüyünü və qışqırıq səslərinin gəldiyini eşitmişdir. Küçəyə çıxanda görmüşdür ki, Elməddindən qisas almaq üçün Emil, iki qardaşı, anası onların həyətininin içərisinə giriblər. Həmin vaxtı qonşusu Mübariz və digər qonşular yanlarında olmuş, onları sakitləşdirmiş və Emilgil öz həyətlərinə keçmişlər. Sonra təcili tibbi yardım maşını gəlib onu 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Orada ona tibbi yardım göstərilmiş və yarasına tikiş qoyulandan sonra o, xəstəxanada qalmaqdan imtina edərək evə buraxılmışdır. Evə gəldikdə qapının qarşısında onu 14-cü polis bölməsinin əməkdaşları gözləmişlər. Ona məlum olmuşdur ki, Emil döyülmə ilə bağlı polisə şikayət etmişdir. Səhərsi gün o, Emilin onu vurduğu bıçağı polis işçilərinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, hadisə baş verən gün saat 19-20 radələrində oğlu Emilin arvadı Tünzalə ona zəng edib Kabutərin Emili öldürtdürdüyünü bildirmiş və onun tez gəlməyini demişdir. O, tez avtobusla Savalan qəsəbəsinə yola düşmüş, avtobusda olarkən Tünzalə ikinci dəfə ona zəng vurmuş və tez gəlməyini istəmişdir. O, Savalan qəsəbəsinə oğlunun evinə çatanda Emilin yerdə uzanmış vəziyyətdə olmasını, başından qan axmasını, övladlarının başının üstündə dayanıb ağlamalarını görmüşdür. O, tez Təcili tibbi yardıma zəng etmiş, həmin vaxt Emil huşsuz vəziyyətdə olmuşdur. Bu zaman oğlu Adil, bir qədər sonra isə digər oğlu İlham da gəlmişdir. Qonşu İlqarın arvadı da orada olmuş, həmin qadından nə baş verdiyini soruşduqda, adını bilmədiyi qonşu qadın bildirmişdir ki, Kabutərin əri və başqaları Emili vurmuşlar. Sonra Təcili tibb yardım briqadası gəlib Emili xəstəxanaya aparmışdır. Xəstəxanada müayinə ediləndən sonra bildirmişlər ki, Emili bıçaqla və beşbarmaqla vurublar. Xəstəxanada olarkən 1 saat sonra Kabutərin gəlməsini görmüş, lakin həmin qadının xəstəxanaya nə üçün gəlməsini bilməmişdir. O, gecəni Emilin yanında qalmışdır. Emil özünə gəlmiş və hadisəni ona danışmışdır. O, bildirmişdir ki, Kabutərin həyətində nalayiq ifadələr işlənilmiş, Emil və ailə üzvləri bunu eşitdiklərindən səhərisi gün Emil Kabutərə irad tutmuşdur. Kabutər isə əri kimi onunla yaşayan Elməddini Emilin üstünə göndərmişdir. Elməddin iki nəfərlə Emilin evinə gəlib və onu beşbarmaqla, təpiklə yumruqla döymüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qardaşı Şahid2 və həyat yoldaşı Şahid1 Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 2021-ci ilin iyul ayında Emilin övladları xəstələndiyi üçün o, gün ərzində iki dəfə onlara iynə vurmaq üçün getmişdir. 12 iyul 2021-ci ildə saat 20 radələrində növbəti dəfə iynə vurmaq üçün Zərərçəkmiş şəxs evinə getmiş, sonuncunun evinin yaxınlığındaki avtobus dayanacağında çoxlu adamların yığışmasını görmüşdür. O, kənardan baxanda, bir nəfərin qan içində yerdə uzanmış vəziyyətdə olmasını, üç nəfərin isə həmin şəxsi ayaqla, əllə vurmalarını, kiminsə ona su atmasını görmüşdür. Həmin vaxt o, uzanan şəxsi tanıyıb Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Emili döyənləri isə tanımamışdır. O, hadisədən qorxmuş və Emilgilə getməyib öz evinə qayıtmışdır. Hadisəni görəndə Emil artıq dayanacaqda yerdə uzanmış vəziyyətdə, üzü qan içində, paltarları cırılmış vəziyyətdə olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs döyənlərin birinin əlində daş, birinin əlində isə taxta olduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, 12 iyul 2021-ci il tarixdə saat təxminən 19 radələrində o, sərnişin avtobusunda olan zaman Elməddin və yanında tanımadığı adını Zeynal kimi bildiyi şəxs olmuşdur. O, Sabunçu rayonu, Savalan qəsəbəsinə işi ilə əlaqədar getmişdir. O, Elməddini görmüş, onunla salamlaşmış və Elməddin yeyib-içməyə getdiyini, onunla gəlməyini bildirmişdir. O isə, işi olduğunu deyərək sonra gələcəyini demişdir. O, Savalan qəsəbəsinə gedib orada işlədiyi pulu almışdır. Saat təxminən 21 radələrində Elməddin ona zəng edərək tez bir zamanda “Humay” marketin yanına gəlməyini, onun kiminləsə mübahisəsi olduğunu bildirmişdir. Elməddin ona yaşadığı qadının bıçaqlandğını, dava olduğunu və onun da tez bir zamanda gəlməsini bildirmişdir. O, avtobusa minərək Elməddinin dediyi yerə getmişdir. Oraya çatdıqda Elməddinin yaşadığı evin qarşısına çoxlu sayda adamların yığışdıqlarını görmüş, bu zaman bilmişdir ki, orada dava-dalaş olmuşdur. Həmin zaman orada Elməddini və sonradan adını Emil kimi bildiyi şəxsin olduğunu görmüşdür. Adam çox olduğuna görə o, həmin şəxslərə yaxınlaşmamış və oradan çıxıb yaşadığı evə getmişdir. Ondan sonra Elməddinlə heç bir danışığı olmamışdır. Zərərçəkmiş şəxs heç vaxt tanımamış, dava-dalaş zamanı orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, hadisə baş verən gün axşam saat 19-20 radələrində çöldən səs-küy eşitmiş, bayıra çıxanda qonşuları Kabutərlə Emilin sözlə mübahisə etdiklərini görmüşdür. Bu zaman Emil Kabutərə əl atmaq istəmiş, o, həmin şəxslərin arasına girərək buna imkan verməmişdir. Emil Kabutərə onun qeyri-rəsmi yaşadığı Elməddinin gəlməsini bildirmiş, Kabutər isə “Elməddin gələr, özün söhbət edərsən” demişdir. Bundan sonra onlar aralaşmış və o, öz yaşadığı evə getmişdir. Təxminən saat 23 radələrində təcili tibbi yardımın gəldiyini eşitmiş, nə baş verdiyi ilə maraqlandıqda, məlum olmuşdur ki, təcili tibbi yardım maşının biri Emil üçün, ikinci maşın isə Kabutər üçün gəlmişdir. Bundan sonra o, bilmişdir ki, onların arasında mübahisə olmuşdur. Lakin dava-dalaşın hansı səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, 12 iyul 2021-ci il tarixdə səhər saatlarında o, evinin qarşısında olan zaman Emil ona yaxınlaşmış və Kabutərlə birlikdə yaşayan Elməddinin gecə radələrində söyüş söydüyünü, buna görə aralarında söz-söhbət olduğunu bildirmişdir. O, saat 02 radələrində işdən evə gəldiyini, heç bir söyüş səsi eşitmədiyini demişdir. Bundan sonra o, Emildən aralaşmış və evinə getmişdir. Həmin gün axşam o, həyətdə Kabutərlə söhbət edən zaman Zərərçəkmiş şəxs onlara tərəf yaxınlaşmış və Kabutərlə sözlə mübahisə eləməyə başlamışdır. Emil uca səslə Kabutərə evindən səs-küy gəldiyini, söyüşlər söyüldüyünü, bununla onun və evdəkilərin istirahətinin pozulduğunu bildirmişdir. X8 çağırmasını bildirib, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Emil Elməddinin ünvanına “o kişi deyil, çağır gəlsin yanıma” sözlərini demişdir. Bundan sonra Kabutər evinə daxil olmuş, Emil də getdiyindən o, oradan uzaqlaşıb öz evinə getmişdir. Həmin gün saat 20 radələrində o, həyətdən səs-küy gəldiyini eşitmiş, tez çölə çıxmış və çöldə mübahisə olduğunu, ətrafa təxminən 15-20 nəfərə yaxın adamın yığışdığını, “Humay” marketin yanında Zərərçəkmiş şəxs oturmuş vəziyyətdə olduğunu görmüşdür. O, Emildən nə baş veridiyini soruşmuş, Emil huşsuz vəziyyətdə onu kimin vurduğunu ondan soruşmuşdur. O, Emilin vəziyyətinin yaxşı olmadığını görüb mağazadan onun üçün su almışdır. Lakin çölə çıxan zaman Emilin artıq orada olmadığını görmüş və öz evinə tərəf getmişdir. O, evə gedən zaman Emil qaçaraq onun yanından keçmişdir. O, Emilə dayanmasını, sakit olmasını bildirmiş, Emil isə onu dinləmədən qaçaraq yoluna davam etmişdir. O, Emilin arxası ilə bir qədər tez gedib ona çatmış, Emilin Kabutərin evinin qarşısında Elməddini axtardığını görmüşdür. Kabutər bu zaman Emilə “utanmırsan, sən mənim üzərimə bıçaqla gəlirsən” sözlərini bildirmişdir. Həmin zaman orada qonşusu Məmməd və tanımadığı 5-10 nəfər adam olmuşdur. Kabutərlə Emil bir-biri ilə ucadan söyüşlə danışmışlar. Bu zaman kənardan Elməddinin gəldiyini görmüş, həmin zaman Elməddin yerdən götürdüyü daş parçasını Emilə tərəf atmışdır. Bu zaman Kabutər Emilin yaxasından tutmuş vəziyyətdə olmuşdur. Həmin zərbədən Emil yerə yıxılmış, Kabutər də onun üzərinə yıxılmışdır. Elməddin Emilin üzərinə cumaraq ona təpik və yumruqla zərbələr endirmişdir. Onlar həmin şəxsləri ayırmış, Kabutəri isə evə salmışlar. Həmin zaman Kabutərin xəsarət almasını onlar birməmişlər. Sonra o, Kabutərdən ona nəsə olub-olmadığını soruşduqda, sonuncu ayağının qan olduğunu bildirmişdir. Bu zaman qonşusu Məmməd sarğı və digər tibbi ləvazimatlar gətirib Kabutərin ayağını sarımış və təcili tibbi yardım çağırmışlar. Bayıra çıxanda artıq Elməddinin olmadığını görmüş, bununla da hamı dağılışmışdır. Təxminən 1-2 saat sonra Kabutər onlarda olan zaman Emilin anası və qardaşı Kabutərin yaşadığı evə hücum çəkərək Elməddini çağırmışlar. O, Kabutərlə çölə çıxmış, bu zaman onlar Kabutərin yaşadığı həyətdə olmuşlar. Həmin zaman Emilin qardaşı onun üzərinə gələrək, onun da Emili vurduğunu bildirmiş, lakin o, Emili vurmadığını, sadəcə onları araladığını demişdir. Bundan sonra o, Elməddinin nömrəsini onlara vermiş və evə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 qonşu kimi 12 iyul 2021-ci il tarixdə baş vermiş hadisəni gördüyünü bildirərək, Şahid7 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan Şahid10 ifadəsində bildirdi ki, 12 iyul 2021-ci il tarixdə o, anası ilə birlikdə həyətdə oturmuş, həmin vaxt atası əmisi ilə telefonla danışmışdır. Bu zaman kiminsə qapını bərk döydüyünü eşitmiş, qapıya yxınlaşıb açmaq istəyən zaman atası onu dayandırmışdır ki, qapını özü açsın. Atası qapını açan kimi 3 nəfər şəxs içəri daxil olmuşlar. O, nə baş verdiyini anlamamışdır. Həmin şəxslər həyətdə atasını döyməyə başlamışlar. O, atasını bıraxmaları üçün qışqırmağa başlamış, lakin həmin 3 nəfər buna məhəl qoymayaraq, söyüşlər söyüb atasını döyməyə davam etmişlər. Onlardan biri atasının baş nahiyəsindən vurmuş və atası zərbədən yerə yıxılmışdır. Atası yerdə olan zaman ona çoxlu sayda zərbələr endirmişlər. Həmin şəxslər atasını əvvəlcə evin həyətində döymüş, daha sonra döyərək çölə çıxarmışlar. O, ağlayaraq atasına tərəf getmək istəmiş, lakin anası qoymamışdır. Bundan sonra ətrafda olan qonşular atasını döyən şəxsləri ayırmışlar. Anası təcili tibbi yardıma zəng vurmuş və maşın gələrək atasını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid5 bildirmişdir ki, xx.xx.2021-ci ildə saat 20 radələrində o, Elməddinlə Zabrat qəsəbəsində DYPŞ-nin yanındakı «Playstation» klubunda oyun oynamışlar. Bu an Elməddinə zəng gəlmişdir. Elməddin telefonla danışandan sonra ona demişdir ki, onunla getsin. O, nə baş verdiyini soruşanda, arvadına nəsə olduğunu və ağladığını bildirmişdir. Onunla birlikdə Savalan qəsəbəsinə gəlmişdir. Yolda Elməddinin arvadı təkrar zəng etmiş və kiminsə onu və Elməddini söydüyünü bildirmişdir. Onlar məhəlləyə daxil olanda Elməddin həmin şəxsi, sonradan adını bildiyi Emili görmüşdür. Emil «Humay» marketin yanında olmuşdur. Elməddin ona yaxınlaşmış, ondan nə baş verdiyini soruşmuşdur. Emil cavab vermişdir ki, «sən ağıllı ol, ağzını cıraram». Elməddin ondan nə üçün söyüş işlətməsinin səbəbini soruşmuş və yumruqla sinəsindən zərbə vurub söyüş işlətməməsini tələb etmişdir. Emil zərbədən yerə yıxılmışdır. O, Elməddini ondan ayırıb məhəllənin içərisinə Kabutərin evinə tərəf aparmışdır. X6 yaşadığı evinə gəlmişlər. Bu an Emil əlində bıçaqla nalayiq ifadələr işlədərək Elməddini çağırmışdır. Onun səsinə həyətdən çıxmışdır. Elməddinin və onun arxasınca Kabutər bayıra çıxmışdır. Kabutər onun əlində bıçaq görüb Emilin qarşısına çıxmışdır. Emil isə əlindəki bıçağı Kabutərə tərəf bir neçə dəfə istiqamətləndirmişdir. Kabutərin ayağı sürüşmüş və ikisi də üzü üstə yerə yıxılanda, Emil onun budundan bıçaqla vurmuşdur. O, özü Kabutərin üstünə yıxılmışdır. Kabutər yerdə onun ayağından yapışmışdır. Emil ayağa qalxıb bıçaqla Elməddinin üstünə gəlmşdir. Elməddin özünü müdafiə etmək üçün yerdən yarım mişar daşı götürüb Emilə atmış, daş onun sifət və başına dəymişdir. Zərbənin təsirindən o, yerə yıxılanda Kabutər qışqıraraq əlində qan olmasını söyləmişdir. Onlar Kabutəri evə aparmış və buduna baxanda bıçağın yarasını görmüşdür. Qonşular həmin şəxsin əlində olan bıçağı gətirərək həyətə qoymuşlar. Qonşular onun üzünə su vurub evinə aparmışlar. O, Elməddinlə Ramana qəsəbəsindəki «Göyçə» kafesinə gəlmişlər. O, Elməddinə Emili vurduğu üçün irad tutmuş və nə üçün onu vurduğunu soruşmuşdur. Elməddin söyüş işlətdiyinə görə vurduğunu bildirmişdir. Bir müddət keçmiş onun telefonuna zəng gəlmişdir. Telefona Elməddin cavab vermişdir. Zəng edən Emilin qardaşı olmuşdur. O, Elməddindən harada olmasını soruşmuş, Elməddin bildirmişdir ki, “kafedəyəm, istəyirsən gəl”. O, polislə gələcəyini bildirsə də, gəlməmişdir. Təxminən saat 23 radələrində onlar ayrılmış, o isə, evə getmişdir. Səhərisi həmin şəxs onun telefonuna zəng etmiş, xəstəxanada olmasını bildirib Elməddinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, həmin şəxsə bildirmişdir ki, onunla danışan Elməddin deyil, Zeynaldır. Elməddinin onun yanında olmadığını, ona zəng etməməsini bildirmişdir. Şahid5 ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs vurmadığını, Elməddin və Emil dalaşan zaman onları ayırdığını, Elməddinin Emili bir dəfə sinə nahiyəsindən əli ilə vurduğunu, sonra isə atdığı daş Emilin üz və baş nahiyəsinə dəydiyini bildirmişdir (cild 1, iş vərəqi 170-172). Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə verilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1033 saylı rəyi haqqında məhkəmə iclasında dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Məhkəmə Tibb ekspertizası mərkəzinin eksperti X5 ifadəsində göstərdi ki, tədqiq olunmuş rəy onun tərəfindən verilmişdir. Sınıglar 2 növdə - yerdəyişən və yerdəyişməyən olur, bunlara həm də xətti sınıq və yerdəyişən sınıq da deyirlər. Qəlpəli sınıq, qapalı basılmış qəlpəli sınıqlar olduqda, hər bir halda sümük yerini dəyişir. Yerdəyişmə sırf o demək deyildir ki, sümük orada yerini dəyişir, yəni bu çat deyildir. Yəni, yerdəyişmənin mənası odur ki, sümük orada xətt formasında deyildir, o, basılmış qəlpə vəziyyətindədir. Ona görə də, bu iş üzrə ekspertiza keçirilərkən onun gəldyi nəticə tibbi sənədlərə əsaslanmış, o, xəstənin tibbi kartasında qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətləri 9 fevral 1999-cu il tarixli Səhiyyə Nazirliyinin əsasnaməsində qeyd olunmuşdur. Həmin əsasnamədə «B» bəndinə əsasən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərindən biri də kəllə tağı və kəllə sümüklərinin sınığı, alın, təpə, ənsə sümüklərinin sınığı həyat üçün təhlükəli olan sınıqlar hesab olunur. Əgər xəsarət basılmış qəlpəli sınıqdırsa, orada çatdan söhbət gedə bilməz. Bu da birmənalı olaraq kəllə tağı sümüyünün basılmış qəlpəli yerdəyişən sınığıdır və birmənalı olaraq ağır xəsarət hesab edilməlidir. O, xəstəni xəstəxanada müalicə aldığı vaxt müayinə etmiş, müayinənin və tibbi kartada qeyd olunanların nəticəsi olaraq zərərçəkmiş şəxsin həm də ağır zərərvurmaya aid xəsarətlər alması nəticəsinə gəlmişdir. Həmin xəsarətlər küt əşyanın təsirindən yaranmışdır və o, istintaq orqanına təqdim etdiyi həmin rəyi müdafiə edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən, həmin istintaq hərəkətləri zamanı: - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs onu 3 nəfərin döydüyünü, onu uşaqlarının gözü qarşısında vurduqlarını, bir nəfər şəxsin onun qollarını tutduğunu, digərlərinin isə onu döydüyünü üzünə qarşı bildirmişdir (cild 1, iş vərəq 134-137). - Zərərçəkmiş şəxs və şahid X3 arasında üzləşdirmə keçirilmiş, bu zaman Zərərçəkmiş şəxs Kabutər Məmmədovaya xəsarət yetirmədiyini, onun əlində ümumiyyətlə bıçaq olmadığını üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 163-165). - Zərərçəkmiş şəxs və Şahid5 arasında üzləşdirmə keçirilmiş, bu zaman Zərərçəkmiş şəxs Kabutər Məmmədovanı bıçaqla vurmadığını, onun əlində bıçaq olmadığını bildirmişdir (cild 1, iş vərəqi 173-176). - Şahid5 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, bu zaman Şahid5 hadisə zamanı orada olduğunu, lakin heç kəsə xəsarət yetirmədiyini, Zərərçəkmiş şəxs yalnız Elməddinin vurduğunu bildirmişdir (cild 1, iş vərəqi 177-180). - Şahid7 ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, bu zaman Zərərçəkmiş şəxs Kabutər Məmmədovaya xəsarət yetirmədiyini, onu üç nəfərin döydüyünü və onun əlində bıçaq olmadığını bildirmişdir (cild 2, iş vərəqi 60-63). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1033 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs alın sümüyünün yerini dəyişən basılmış-qəlpəli sınığı, baş beyin silkələnməsi, alın nahiyəsinin dərialtı hematoması, alın və ənsə nahiyələrinin əzilmiş yaraları, sol yuxarı İ, İİ dişlərin tac hissəsinin travmatik qopması və həmin səviyyədə üst dodağa qansızma, bədənin çoxsaylı sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlər alın sümüyünün yerini dəyişən basılmış-qəlpəli sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, baş beyin silkələnməsi, alın nahiyəsinin dərialtı hematoması, alın, ənsə nahiyələrinin əzilmiş yaraları, sol yuxarı İ, İİ dişlərinin tac hissəsinin travmatik qopması və həmin səviyyədə üst dodağa qansızma, ümumilkdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, bədənin çoxsaylı sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqi 24-26). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 828 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 81-83). İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirmiş istintaqa məlum olmayan iki nəfər şəxsin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 103-106). İbtidai istintaq orqanının qərarı ilə X1 xəsarət yetirmiş istintaqa məlum olmayan şəxsin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 99-102). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Baş idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 61). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar özünü qismən təqsirli bilərək, hadisə vaxtı özünü müdafiə etmək üçün Emili vurduğunu, sonuncu əlində olan bıçaqla onların üzərinə gəldikdə, o, özünü itirdiyini, Emilin Kabutəri vurmasından sonra onu da bıçaqla vuracağını fikirləşdiyini, həm özünü, həm həyat yoldaşını müdafiə etdiyini bildirməklə öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan və məhkəmədə tədqiq olunmuş çoxsaylı sübutlarla - zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, həmçinin təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, üzləşdirmə protokolları, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri ilə tam təkzib edildiyinə görə təqsirləndirilən şəxsin gətirdiyi dəlilləri onun öz məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2022-ci il tarixdə isə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının sonunda Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil Müdafiəçi2 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkilə ödəniləcək 60 (altmış) manat məbləğində pul vəsaiti «Yusif Allahverdiyev və partnyorları» Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfləri - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi2 ödəniləcək 60 (altmış) manat məbləğində pul vəsaiti «Yusif Allahverdiyev və partnyorları» Vəkil bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-119/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-119/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver