Məhkəmə qərarları › İş №1(101)-119/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-119/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-119/2024 08.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qorçulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Qorçulu kəndində qeydiyyatda olub, Bakı şəhəri Xətai rayonu, ünvan 1-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan «Nihad» adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə «Nihad» adlı şəxslə birlikdə külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 288,136 qram çəkidə narkotik vasitə heroini və 440 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib aralarında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroinin 8,136 qramını bir bükümdə qablaşdıraraq üzərində, qalan 280 qramını bir ədəd bağlamada və qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir ədəd bağlamada qablaşdırıb yaşadığı Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 21:10-da Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində yerləşən «Bravo» marketin qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8,136 qram çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki bir ədəd sellofan bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 avqust 2022-ci İl tarixdə saat 00:26-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 280 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bağlamada və 440 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bağlamada olmaqla mənzilin yataq otağında yerləşən paltar dolabından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tutulanadək narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 10 ilə yaxın Türkiyənin İstanbul şəhərində yaşamışdır. Tutulmamışdan 7-8 ay əvvəl oradan deportasiya olunmuş və bir müddət Naxçıvanda yaşamışdır. Orada iş tapa bilmədiyindən Bakı şəhərinə gəlib kirayədə yaşamış, gündəlik avtomobil icarəyə götürüb fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisədən bir qədər əvvəl Günəşli qəsəbəsində yaşayan Nihad adlı şəxslə tanış olmuş və sonradan münasibətləri yaranmışdır. Sonuncunun narkotik vasitələrin həm satışı, həm də qəbul etdiyi ona məlum olmuşdur. Bundan sonra lazım olanda Nihaddan narkotik vasitə marixuana almağa başlamışdır. Bir neçə dəfə də Nihadla birlikdə narkotik qəbul etmişdir. 30 avqust 2022-ci il tarixdə axşam saatlarında Nihadla birlikdə Əhmədli qəsəbəsində olmuşdur. Sonuncunun xahişi ilə onu idarə etdiyi avtomobillə Yeni Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən «Bravo» marketin yaxınlığına gətirmiş və orada hər ikisi polis əməkdaşları tərəfindən tutulmuşdur. Həmin vaxt avtomobilində az miqdarda narkotik vasitə marixuana olmuşdur. Daha sonra polis əməkdaşları onu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə polis əməkdaşları tərəfindən üzərinə 8 qram heroin qoyulmuş, videoçəkilişlə keçiriləcək şəxsi axtarış zamanı həmin heroinin özünə məxsus olmasını deməyi tələb etmişlər. Razılaşmadığı üçün polislər tərəfindən döyülmüş və nəticədə döş qəfəsində çat əmələ gəlmişdir. Bədəninin xarici səthində gözlə görünən hansısa bir xəsarəti olmamışdır. Polis əməkdaşlarına heç bir qanuna zidd əməl törətmədiyini bildirib, onu sərbəst buraxmalarının xahiş etmişdir. Sonuncular bunun üçün ondan 20 min manat pul tələb etmişlər. Pulu olmadığını bildirdikdə, imkanlı bir nəfər şəxsin adını deməsini tələb etmişlər. Polis əməkdaşlarına elə bir tanışının olmadığını bildirmişdir. Bundan sonra o, ailə üzvləri ilə təhdid edilmiş, onları da cinayət məsuliyyətinə cəlb edəcəkləri bildirilmişdir. Əlacsız qalıb sonuncuların təklifi ilə razılaşıb, polislərin diktəsi ilə hərəkət etmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitə heroinin özünə məxsus olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları onun idarə etdiyi avtomobildən Nihadın qaldığı evin açarını götürüb evə baxış keçirmiş və evdən ittiham aktında qeyd edilən narkotik vasitələri aşkar edib videoya çəkmişlər. Polislərin diktəsi ilə Nihadın yaşadığı evi özünün yaşadığı ev kimi, evdən aşkar edilən Nihada məxsus narkotik vasitələri də özünə məxsus narkotik vasitələr kimi təqdim etmişdir. 1 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Elə həmin tarixdə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsnin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Polis əməkdaşlarının qorxusundan hakimə döyüldüyünü və narkotik vasitələrin ona məxsus olmadığını deməmişdir. İstintaq təcridxanasına qəbul edilərkən müayinə zamanı aldığı xəsarətləri barədə məlumat vermişdir. Saxlanılan zaman avtomobilində az miqdarda marixuana olmuşdur. Üzərində başqa növ narkotik vasitə olmamışdır. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Narkotik vasitə olan marixuananı yalnız şəxsi istifadəsi üçün əldə edib, üzərində saxlamışdır. İbtidai istintaq zamanı adından yazılmış ifadələri oxumadan təzyiq altında imzalamışdır. Həmin ifadələri təsdiq etmir. Tutulmamışdan qabaq ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi isə Nihada məxsusdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. 30 avqust 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olduğu barədə məlumat daxil olmuşdur. Sonuncunun ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və onun rəhbərliyi ilə baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində yerləşən «Bravo» marketin qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və o, vəkillə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmışdır. Onların təklifi ilə Təqsirləndirilən şəxs üzərində «kola» və «şüşə» kimi tanıdığı narkotik vasitələr olduğunu bildirib, əynində olan göy rəngli cins şortikin sol yan cibindən iki ədəd sellofan bükümü, şortikin sol arxa cibindən bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Sonuncunun təqdim etdiyi 2 ədəd sellofan büküm açıldıqda birinci bükümün içərisində psixotrop maddə metamfetaminə, ikinci sellofan bükümün içərisində isə narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin, Təqsirləndirilən şəxs üzərindən başqa bir əşya və yaxud predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddələr sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu, ünvan 1-də də narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin yəni, 30 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs yaşadığı mənzilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı sonuncu yaşadığı mənzilin giriş qapısını özündə olan açarla açıb iştirakçıları yaşadığı mənzilə dəvət edib, mənzilin yataq otağının içində giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının orta qapısını açıb oradan bir ədəd sarı rəngli sellofan torbanı götürüb təqdim edib, içərisində «nəşə», «kola» və «şüşə» kimi tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Həmin torba açıldıqda içindən üç ədəd sellofan bağlama aşkar olunmuşdur. Bağlamalar açıldıqda birində qurudulmuş marixuanaya, birində narkotik vasitə heroinə, digərində isə kristal şəkilli ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bağlamalar iş üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri birlikdə satışı ilə məşğul olduqları Nihad adlı şəxsin 30 avqust 2022-ci il tarixdə ona satmaq üçün verdiyini, satışından əldə olunacaq pulun 10 faizinin ona qalacağını, bir ədəd bükümdə «kola», bir ədəd bükümdə «şüşə» kimi tanıdığı narkotik vasitə və psixotrop maddəni Nihadın tapşırığı ilə Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən «Bravo» marketin yaxınlığında bir yerdə gizlədib, fotoşəkillərini mobil telefon vasitəsi ilə çəkib sonuncuya verməli olduğunu bildirmişdir. Sonda mənzilə baxış keçirilməsinin nəticələrinə dair protokol tərtib edilmiş, oxunduqdan sonra iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, yanında kimsə olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs nə fiziki, nə də psixi təsir-təzyiq göstərilməmişdir. ona ailə üzvlərinin də tutulacağı barədə heç bir psixoloji təzyiq göstərilməmişdir. Şəxsi axtarış və mənzilə baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifindən sonra narkotik vasitə və psixotrop maddələri sərbəst şəkildə çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. İşin 27-30-cu vərəqlərindəki 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı sonuncu əynində olan göy rəngli cins şortikin sol yan cibindən iki ədəd sellofan bükümü, şortikin sol arxa cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqdim edilən iki ədəd sellofan büküm açıldıqda birinci bükümün içərisində psixotrop maddə metamfetaminə və ikinci sellofan bükümün içərisində isə narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. İşin 32-34-cü vərəqlərindəki 31 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvana onun razılığı və iştirakı ilə baxış keçirilərkən sonuncu yaşadığı mənzilin yataq otağına daxil olaraq otağın içində giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının orta qapısını açıb oradan bir ədəd sarı rəngli sellofan torbanı götürüb təqdim etmiş, içərisində «nəşə», «kola» və «şüşə» kimi tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Həmin torba açıldıqda içindən üç ədəd sellofan bağlama aşkar olunmuşdur. Bağlamalar iştirakçıların şahidliyi ilə açıldıqda birində qurudulmuş marixuanaya, birində narkotik vasitə heroinə, digərində isə kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. İşin 48-52-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2022-ci il tarixli 6/4658 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 8,136 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində: «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bağlamada təmiz çəkisi 280 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 288,136 qramdır. Həmin heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı və imzalar olan kağız paketdəki təmiz çəkisi 2,840 qram və üzərində « şübhəli şəxs: Təqsirləndirilən şəxs nun yaşadığı ünvandan aşkar edilmiş…» yazısı olan paketdəki təmiz 87,138 qram ağ rəngli, parlaq kristallardan ibarət maddələrin tərkibində narkotik vasitələrin, psixotrop və gülclü təsir edən maddələrin komponentləri aşkar edilmədi. İşin 54-56-cı vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 31 avqust 2022-ci il tarixli 7/969 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı … narkotik vasitə və psixotrop maddələrə oxşar maddələr…» yazısı və imzalar olan zərfdə 1 ədəd sellofan paketdə təmiz çəkisi 440 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin 143-144-cü vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 22 oktyabr 2022-ci il tarixli 6251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 115-122-ci vərəqlərindəki 19 sentyabr 2022-ci il tarixli «mobil telefon aparatına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefona aparatına keçirilmişdir. Baxış zamanı mobil telefonun «Foto» bölümündə müxtəlif işarələnmiş fotoşəkillərin olduğu, həmin işarələrlə narkotik vasitələrin gizlədildiyi yerlərin istiqaməti və yerləşdiyi məkanların göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda telefonun həmin bölümündə özündə narkotik vasitələrin və psixotrop maddələrin bükümlər, bağlamalar halında elektron tərəzilərdə çəkilmiş, eləcə də onların yan-yana düzülümüş fotoşəkillərin olduğu müəyyən edilmişdir. Fotoşəkillərin bir neçəsinin surətləri iş materiallarına əlavə edilmişdir. Məhkəmədə "xxxx" MMC-dən 27 oktyabr 2022-ci il tarixli məktubla daxil olmuş diskdəki məlumatlara keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrədən istifadə etmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi isə ona məxsusdur. ***-***-**-** saylı mobil telefon nömrəsinə; «Rahib o sefdi budu esas bidene butov kola bide xais edrem onuq agdan ozume», «Rahib bagsda mama cani seher iyirmi manat alacam indi vermeliydi qaldi sshere yuz faizdi utanram vallaa sene demeye indi ola bier versin gece yenede goturub gelerem seher vezyetden cixmaga hecneyim yoxdu olar gelim bidene yari ver seher yeni kelmede sendedi utanram bele demeyem mene basva domum bir soz de masin var gelim», «niye bele edirsen ay rahib orxan meselesine gire incidin menen sen cani ac bir kelme de acmirsan», «Qardaşim gör imkan olsa bidene balaca daş qoyarsan menim ucun axşam», «Qardaşim elave 10 luq ag men 4 yoldayam», «Qardaşim imkan olsa biraz mene torpaq verersen qadan alaram», «Gör ne deyirem bidenede putov qara götür qardaşim», «Xalam oglu mene yixda 2dene qara putov imkan olsa mene daş verersen», «Qardaşim torpaq temiz olsun ki ozume goturmurem terezileri var», «Qaqa gelim kolanı ver bular da meni surundurur sen ol 08 zad ele», «İki dene butov kola bidenede yarİ ağdan bidenede besdik pati ozume» və s., ***-***-**-** saylı mobil telefon nömrəsinə «1 qram kola 0.5 kola 5 pati imkan olsa menede biraz pati duzub qoşarsan zeng ele naxadu gelim abi», «Qaqi hardasa 2 saata zeng eliyecem 2 qiram kola birde 0.5 kola qardaşimsan qirami 30 dan eliyek onsuz gun erizinde xeyir verirem ne deyirsen razisan?», «2 butov qara bidene 0.5 qara fiso mene pati normal verersen fiso men catdim calis tez gel qardasim» kimi narkotik maddələrin satışını və qanunsuz dövriyyəsini həyata keçirməsi ilə əlaqədar smslərin daxil olması müəyyən edilmişdir. İşin 104-106-cı vərəqlərindəki qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 440 qram çəkidə narkotik vasitə marixuana, 280 qram və 8,136 qram çəkilərdə narkotik vasitə heroin iş üzrə maddi sübut hesab edilməklə, tədqiqatdan sonra qalıq qalan iki ədəd kağız paketdə qablaşdırılan 279,9 qram və 8,036 qram çəkidə narkotik vasitə heroin və 439,950 qram çəkidə narkotik vasitə marixuana saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşin 153-163-cü vərəqlərindəki 5 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını, mənzilə baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk və onun üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinə əlavə edilmiş, mobil telefon isə saxlanılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşin 165-166-cı vərəqələrindəki 5 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbə xüsusatına görə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İşin 126-127-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 19-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 sentyabr 2022-ci il tarixdə qeyd edilən təcridxanaya gətirilmiş, sorğu zamanı o, xəsarət almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmamışdır. İşin 93-97-ci vərəqlərindəki Nərimanov rayon məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən törədilmiş cinayətdə özünü təqsirli bilib, narkotik vasitələrdən istifadə etmədiyini, polis əməkdaşlarının aşkar etdiyi narkotik vasitələri dostu ilə birlikdə Günəşli qəsəbəsində qeyd edilən ünvana yerləşdirib pul qazanmaq istədiklərini bildirmişdir. Polis əməkdaşları tərəfindən psixi təsir və fiziki təzyiqə məruz qaldığı barədə heç bir məlumat verməmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 oktyabr 2012-ci il təvəllüdlü Nihad Məmmədov adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək yalnız idarə etdiyi avtomobildə narkotik vasitə marixuana olduğu, üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə heroin qoyulduğu, fiziki və psixoloji təzyiq altında şəxsi axtarış zamanı həmin həminin özünə məxsus olmasını deməyə məcbur edildiyini, Nihad adlı şəxsin yaşadığı mənzilə baxış keçirildiyini, oradan aşkar edilmiş narkotik vasitələrin sonuncuya məxsus olmasını, ***-***-**-** saylı mobil telefon nömrəsinin Nihada məxsus olmasını bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri (i.v.67-70, 79-82), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin Nihada məxsus olmasını bildirsə də, onun bu ifadəsi "xxxx" MMC-dən 27 oktyabr 2022-ci il tarixli məktubla daxil olmuş diskə keçirilmiş baxışla təkzib olunur. Belə ki, baxış zamanı müəyyən olunmuşdur ki, telefon nömrəsinə daxil olmuş SMS-lərdə həmin nömrənin istifadəçisinə «Rahib» kimi müraciət edilmişdir. SMS-lərin məzmunundan Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtimal etməyə kifayət qədər əsaslar vardır. Qeyd edilən hallar həmin telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olmasını və sonuncunun aşkar edilmiş narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs halında məhz satış məqsədi ilə əldə etməsini sübut edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 30 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 440 (tədqiqatdan sonra qalıq 439,950) qram çəkidə narkotik vasitə marixuana, 280 (tədqiqatdan sonra qalıq 279,9) qram və 8,136 (tədqiqatdan sonra qalıq 8,036) qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefon onun qohumlarına qaytarılmalı, onun üstünə şəxsi axtarış və götürmə aparılmasının, mənzilə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən iki ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 202 (iki yüz iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 440 (tədqiqatdan sonra qalıq 439,950) qram çəkidə narkotik vasitə marixuana, 280 (tədqiqatdan sonra qalıq 279,9) qram və 8,136 (tədqiqatdan sonra qalıq 8,036) qram çəkilərdə narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş özünə məxsus bir ədəd «Samsung» markalı mobil telefon onun qohumlarına qaytarılsın. Onun üstünə şəxsi axtarış və götürmə aparılmasının, mənzilə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən iki ədəd DVD disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 202 (iki yüz iki) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 300 (üç yüz) manat onun işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar