Məhkəmə qərarları › İş №1(101)-1190/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1190/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1190/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Abşeron Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 27.10.2020-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinin ərazisində naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq 50 manat müqabilində külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil edilmiş bir ədəd bükümdə təmiz çəkisi 2,077 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, həmin günü saat 17:30 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində saxlanılaraq Abşeron rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada onun şəxsi axtarışı aparılan zaman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,077 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarının sol yan cibindən bir ədəd «Diamond» markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 27.10.2020-ci il tarixdə saat 16 radələrində narkotik vasitə almaq üçün Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmişdir. Orada tanımadığı bir nəfər şəxsdən 50 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alıb yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə qayıdan zaman saat 17:30 radələrində 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ondan adını və soyadını soruşduqdan sonra üzərində narkotik vasitələrin olması ilə bağlı şübhəli olduğunu və onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə getməyini demişlər. O, etiraz etməyib onlarla birlikdə Abşeron Rayon Polis İdarəsinə gəlmişdir. Orada ona vəkil təqdim olunmuş və video çəkilişlə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Baxış zamanı o, əynində olan qara rəngli şalvarının sağ yan cibində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini və elektron tərəzini könüllü olaraq təqdim etmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə kağız zərfə qoyularaq möhürlənmişdir. Sorğu zamanı o, bildirmişdir ki, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Onda tərəzi aşkar olunmuşdur.O, narkotik vasitələrdən tez-tez istifadə etdiyi üçün tərəzini həmin narkotiki alanda çəkisini müəyyən etmək üçün istifadə etmişdir. Narkotik vasitəni alanda narkotiki çəkmək üçün tərəzini üzərində gəzdirmişdir. Ondan aşkar olunmuş narkotik vasitə heç bir qram da olmamış, 1 qramdan da az olmuşdur. Polis əməkdaşları tərəfindən ona hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili işləyir. 27.10.2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə ondan və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ünvana yollanmışlar. Məlumatda göstərilən xarici görkəmi və əlamətlərinə oxşayan Təqsirləndirilən şəxs yaxınlaşaraq özümüzü təqdim edərək, həmin şəzxsin də Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra narkotik vasitələri qanunsuz əldə etməsində və saxlamasında şübhəli olduğunu Ağahüseynə bildirərək onlarla birlikdə Abşeron RPİ-nə getməsini təklif etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Polis idarəsinə gətirmiş və yol boyu onun üstündə olduğu etimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis İdarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı İlkin Ağayevə həvalə olunmuşdur. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması Təqsirləndirilən şəxs təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim edib həmin maddənin heroin olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri Corat qəsəbəsindən tanımadığı bir nəfər şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şalvarının digər cibindən elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzini narkotik vasitələri alan zaman istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən həm zərf, həm də protokol imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs özü könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Təqsirləndəirilən şəxsin narkotik vasitəni satması müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsin yaşadığı mənzilə baxış keçirilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, sonuncu Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27.10.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən istifadəsində olan mobil telefona özünü Abşeron rayon polis idarəsinin əməkdaşı kimi təqdim edən şəxs zəng vurub oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirdiyi üçün tutulduğunu bildirmişdir. Oğlunun narkotik vasitə istifadə etməsi barədə məlumatı olmamış, bu barədə məlumatı polis əməkdaşlarından almışdır. Təqsirləndirilən şəxs tutulandan sonra yaşadığı evə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, evində qanunla qadağan edilmiş heç bir əşya həmçinin narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsinə olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 27 oktaybr 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı əldə edilmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 oktyabr 2020-ci il tarixli Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsində narkotik vasitə olan heroini satması, saxlaması və üzərində daşıması və qəbulu ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış və onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızında bükülünü çıxarıb təqdim edərək, içərisində narkotik vasitə olan heroin olduğunu, ona məxsus olduğunu və istifadəsi üçün 27.10.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını, qiymətinin 50 manat olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilən «Diamond» yazılan elektron tərəzini Təqsirləndirilən şəxs narkotik vasitəni alan zaman istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli 6/2301 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə» sözləri qeyd olunan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,077 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 59-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktyabr 2020-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 27.10.2020-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirib üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində narkotik vasitə heroin sol yan cibindən və bir ədəd «DİAMOND» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 27.10.2020-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən 2 nəfər polis əməkdaşı tərəfindən saxlanılıb Abşeron RPİ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində narkotik vasitə heroin sol yan cibindən və bir ədəd «DİAMOND» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 70-ci vərəqəsində oln Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Cinayət işinin 71-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya premet aşkar edilməmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 140-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 29 mart 2021-ci il tarixli, 128349-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə etdiyi mənbənin müəyyən edilməsi zamanı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin 153-160-cı vərəqələrində oln Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitnı X1 10 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi olan ********* saylı cinayət işinin istintaq materillarından külli miqdarda narkotik vasitənin əldə edildiyi mənbə ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 noyabr 2020-ci il tarixli tələbnamədən və cinayət işinin 148-152-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 1(012)-293/2018 saylı hökmündən görünür ki, Həsənov X4 Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycn Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 98-ci vərəqəsində olan Abşeron RİHB-nın Sary qəsəbə İƏDÜ nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilmişdir. Cinayət işinin 88-91-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin Qətnaməsi ilə müəyyən edilmişdir ki, 06 may 2009-cu il təvəllüdlü X5 və 12 dekabr 2011-ci il təvəllüdlü X2 anaları X6 yanında qalmaları müəyyən edilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.01.2018-ci il təvəllüdlü X3 vardır. Cinayət işinin 133-134-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının 10 mart 2021-ci il tarixli 711 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-psixiatrik Ekspertiza Mərkəzi X12 ambulator məhkəmə psixiatrik ekspertizasının 04 mart 2021-ci il tarixli 481 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisəni törədərkən etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən və müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun vəziyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən, cinayətlərin residivi zamanı, qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 27 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 18-ci vərəqəsində olan 27 oktyabr 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 66-69-cu vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 4(012)-535/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1,977 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməli, bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 1,977 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin Bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar