Məhkəmə qərarları › İş №1(101)-1190/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1190/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1190/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X6 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Bəşram oğlunun, müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5, rus və azərbaycan dilləri üzrə tərcüməçilər – X1 və X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək müxtəlif hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaları haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 1(101)-1766/2022 saylı hökmü (hakimlər Səbuhi Hüseynov (sədrlik edən), Azad Məcidov və Zeynal Ağayev) və həmin məhkəmənin hazırki iş üzrə 04 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edilmiş və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilmişdir. Həmin cinayət işi 09 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ-nin) İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə başlanılmış, istintaq aparılmış və yekunlaşdırılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(101)-1766/2022 saylı hökmünün və həmin məhkəmənin hazırki iş üzrə 04 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsinə və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə göndərilməsinə əsas cinayət mühakimə icraatının aparıldığı dili bilməyən Təqsirləndirilən şəxs2 ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun cinayət işinin məhkəməyədək icraatı mərhələsində, həmçinin cinayət işinə baxan birinci instasiya məhkəməsi mərhələsində pozulması, eləcə də ona ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilməməsi olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(101)-1766/2022 saylı hökmünün və həmin məhkəmənin hazırki iş üzrə 04 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarının ləğv edilməsi barədə olan Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarı belə əsaslandırılmışdır ki, baxılan iş üzrə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs2 prosessual hüquqları ibtidai istintaq orqanı tərəfindən kobud şəkildə pozulmuş, onun tərcüməçinin köməyindən istifadə etmək hüququ olduğu halda, ibtidai istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 tərcüməçi ilə təmin etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 milliyyətcə ləzgidir, azərbaycan dilini yaxşı bilmir, o, 2014-cü ildə Qusar şəhər 3 saylı orta məktəbin rus bölməsinin 9-cu sinfini bitirmiş, sonradan isə təhsilini Rusiya Federasiyasının Dağıstan Respublikasında təhsilini rus dilində kollecdə davam etdirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 ana dilində və ya bildiyi başqa dildə tərcüməçinin təyin edilməsi barədə vəsatət qaldırılmasına baxmayaraq, birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və vəsatətin təmin edilməməsinin səbəblərini ümumiyyətlə əsaslandırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(101)-1766/2022 saylı hökmü və həmin iş üzrə 04 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv edillikdən sonra Təqsirləndirilən şəxs1 və qeyrilərinin barəsində olan həmin cinayət işi məhkəmənin icraatına daxil olmuş, cinayət işi 25 aprel 2023-cü il tarixə, məhkəmənin hazırlıq iclasına təyin edilməklə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Məhkəmə hazırlıq iclasında Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(101)-1766/2022 saylı hökmünün və həmin iş üzrə 04 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarının ləğvi əsaslarını müzakirə edib, cinayət prosesi iştirakçılarının mövqeyini dinləyib belə nəticəyə gəlmişdir ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində, işə Bakı Apellyasiya Məhkəməsində apellyasiya qaydasında baxılarkən müəyyən edildiyi kimi, milliyyətcə ləzgi olan, rus dilində təhsil almış, cinayət mühakimə icraatının aparıldığı azərbaycan dilini yaxşı bilməyən Təqsirləndirilən şəxs2 ilkin olaraq Azərbaycan Respublikası CPM-nin 91.5.11-ci maddəsində nəzərdə tutulan ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, CPM-nin 91.5.12-ci maddəsində nəzərdə tutulan tərcüməçinin köməyindən pulsuz istifadə etmək kimi hüquqları, eyni zamanda bu hüquqların pozulması ilə birbaşa əlaqəli olan, CPM-nin 91.5.1-91.5.10-cu və 91.5.13- 91.5.41-ci maddələrində nəzərdə tutulan müdafiə hüquqları ciddi şəkildə pozulmuşdur ki, bu pozuntuların məhkəmə baxışı mərhəlsində aradan qaldırılması mümkünsüzdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci tarixli, 153 nömrəli arayışdan görünür ki, milliyyətcə ləzgi olan Təqsirləndirilən şəxs2 2014-cü ildə N.Məmmədəliyev adına Qusar şəhər 3 saylı tam orta məktəbinin rus bölməsinin 9-cu sinfini bitirmişdir. Daha sonra cinayət işinin materiallarında olan xx.xx.2016-cı il tarixli, 637 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 təhsilini Rusiya Federasiyasının Dağıstan Respublikasında kollecdə rus dilində davam etdirmişdir. Azərbaycan Respublikası CPM-nin 26.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir: Həmin Məcəllənin 26.2.1-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək: Həmin Məcəllənin 26.2.2-ci maddəsinə əsasən ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş pozuntuların aradan qaldırılması məqsədilə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.2 və 303.3.7 maddələrinin tələblərinə görə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququ pozulduğu, eləcə də ona ana dilinə və ya bildiyi başqa dilə tərcümə olunmuş ittiham aktının surətinin verilmədiyi halda cinayət işinin baxılmasına xitam verilir və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə məhkəmə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 85.2.1-ci maddəsinə əsasən …… cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. Həmin Məcəllənin 85.3-cü maddəsinin tələblərinə görə cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-nin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edərkən həmin Məcəllənin 306cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələyə də baxmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(101)-1766/2022 saylı hökmü və həmin iş üzrə 04 oktyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarı ləğv olunarkən həm də həmin qərara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş “həbs” növündə qətimkan tədbiri birinci instansiya məhkəməsində hazırlıq iclasının qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələrinə tövsif edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Baxılan iş üzrə Təqsirləndirilən şəxs2 11 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CMin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs5 03 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən barəsində 09 may 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə ona ittiham elan edilmiş və həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən 09 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Ən nəhayət, Təqsirləndirilən şəxs4 27 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə ona Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.3 və 182.2.4cü maddələri ilə ittiham elan edilmiş və Nərimanov Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs4 barəsində xx.xx.2022-ci il tarixədək olan müddətə həbs qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bundan başqa, məhkəmə hazhırlıq iclasında müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 09 may 2022-ci il tarixədək, daha sonra həmin Məhkəmənin 29 aprel 2022-ci il tarixli qərarına əsasən 09 avqust 2022-ci il tarixədək, daha sonra həmin Məhkəmənin 02 avqust 2022-ci il tarixli qərarına əsasən 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarına əsasən 09 avqust 2022-ci il tarixədək, daha sonra həmin Məhkəmənin 02 avqust 2022-ci il tarixli qərarına əsasən 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qərarına əsasən 09 avqust 2022-ci il tarixədək, daha sonra həmin Məhkəmənin 02 avqust 2022-ci il tarixli qərarına əsasən 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarına əsasən 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarına əsasən 09 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Daha sonra, məhkəmə hazhırlıq iclasında müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində iş üzrə ittiham aktı 22 sentyabr 2022-ci il tarixdə, yəni təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətlərinin bitməsinə 17 (on yeddi) gün qalmış Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən təsdiq olunmuş və cinayət işi həmin tarixli müşaiyət məktubu ilə baxılması üçün məhkəməyə göndərilmiş və cinayət işi 23 sentyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Ümumilikdə müəyyən edilmişdir ki, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs1 08 yanvar 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək, yəni 10 ay 01 gün, Təqsirləndirilən şəxs2 11 yanvar 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək, yəni 09 ay 02 gün, Təqsirləndirilən şəxs5 03 mart 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək, yəni 07 ay 06 gün, Təqsirləndirilən şəxs3 21 aprel 2022-ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək, yəni 05 ay 18 gün və Təqsirləndirilən şəxs4 27 aprel 2022ci il tarixdən 09 oktyabr 2022-ci il tarixədək, yəni 05 ay 12 gün həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən baxılan iş üzrə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 182.2-ci maddəsi əməl olaraq, maddənin sanksiyasında on ilədək azadlıqdan məşrum etmə cəzası nəzərdə tutulduğundan, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məşrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, ağır cinayət törətməyə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı müddət məsələləri Azərbaycan Respublikası CPM-nin 159.7-ci, 159.8-ci və 159.9-cu maddəsinin tələbləri baxımından pozulmamışdır, yəni qanunda nəzərdə tutulan müddətlər keçməmişdir. Həmçinin məhkəmə bu məsələ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 159.10-cu madldəsinə əsasən bu Məcəllənin 303 və 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslərin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlama müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət edilməklə uzadıla bilər. Azərbaycan Respublikası CPM-nin 306.2 və 306.2.1-ci maddələrinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxılmalıdır. Həmin Məcəllənin 300.2.3-cü maddəsinə görə isə qətimkan tədbirinə dair məsələnin həlli məhkəmə hazırlıq iclasında həll edilən məsələlərdən biridir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması ilə əlaqədar təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri və onun həbsdə saxlanılma müddəti ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 azadlıqda qalacağı təqdirdə istintaqdan və ya məhkəmədə qaçıb gizlənmə, istintaqın və ya məhkəmə baxışının gedişatına maneçilik törətmə və ən nəhayət, yeni cinayətlər törədə bilmə ehtimalının olması nəzərə alınmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli, Azərbaycan Respublikası CPM-nin 306.2 və 306.2.1-ci maddələrinin tələbləri baxımından onların həbsdə saxlanma müddətinin başa çatmasına 17 (on yeddi) gün qalmasını nəzərə alınmaqla hazırkı mərhələdə həbsdə saxlama müddətləri uzadılmamalı, onların həbsdə saxlanma müddətinin daha sonra uzadılması məsələsinə baxılması cinayət təqibi orqanının səlahiyyətlərinə aid edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X4 haqqında xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 303.3.1, 303.3.2 və 303.3.7, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri, Təqsirləndirilən şəxs3 CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri, Təqsirləndirilən şəxs4 CM-nin 144.2.3,144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri və Təqsirləndirilən şəxs5 CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora (Azərbaycan Respublikasının Baş Prokurorluğu) qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X4 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar