Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1192/2023 14.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 və X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 7,891 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 2,177 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yolunda yerləşən yeni yaşayış massivinə daşımış, 09 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində qeyd olunan ünvanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümdə külli miqdarda - təmiz çəkisi 7,891 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və təmiz çəkisi 2,177 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci ilə təqsirli bilərək göstərdi ki, bir müddət narkotik vasitə istifadə etmiş, aludəçisinə çevrilmiş, tutulduğu vaxtdan xeyli əvvəldən başlayaraq isə qəbul etdiyi narkotik vasitənin miqdarını azaltmağa başlamış, narkotikdən qurtulmağı qarşısına məqsəd qoymuşdur. Amma kəskin ağrılar gələndə narkotik vasitə qəbul etmək məcburiyyətində qalmışdır. Ona görə də arabir çox az miqdarda narkotik vasitə əldə edib belə kəskin ağrılar zamanı qəbul etmək üçün saxlamışdır. Uzun müddət də evdən bayıra çıxmamış, məqsədi də ev şəraitində qalıb asılılıqdan qurtulmaq olmuşdur. Sonuncu dəfə 1,5 qram tiryək almış və kəskin ağrılar olacağı halda qəbul etməsi üçün evdə otağındakı siyirmədə saxlamışdır. 08 dekabr 2022-ci il tarixdə saat təxminən 11:12 radələrində mobil telefonuna əvvəllər tanıdığı Heybət adlı şəxs zəng edərək onun yaşadığı Maştağa- Nardaran yaşayış massivində Ləhiş bağlarında yerləşən evinin qarşısında olduğunu bildirərək onu elə-belə görüşmək üçün çölə dəvət etmişdir. O həyətdən çölə çıxdıqda Heybətin idarə etdiyi avtomobilin yolun yuxarı olan hissəsindən arxaya doğru verərək ona tərəf gəldiyini görmüşdür. Heybət ona çatıb avtomobili saxlamış və o, Heybətin sükan arxasında oturduğu tərəfə yaxınlaşdığı zaman Heybətin avtomobilinin qarşısında sürətlə gəlib çatan “Kia” markalı avtomobil, Heybətin avtomobilinin arxasında isə “Khazar” markalı avtomobil saxlamışdır. Heybətin avtomobilindən 3 nəfər, digər avtomobillərdən isə 7-8 nəfər şəxs düşərək özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun əlinə qandal vurub Heybətin idarə etdiyi avtomobilin arxa oturacağına əyləşdirmişlər. Arxa oturacaqda o, Heybət və aralarında tanımadığı özünü polis əməkdaşı kimi təqdim edən şəxs əyləşmişdir. Həmin polis ona fiziki və psixoloji təsir göstərmiş, hədə-qorxu gəlmiş, Şirəli adında polis əməkdaşı isə ondan yaşadığı evin arxa qapısını açmağı tələb etmiş, evdə narkotik vasitə olub-olmadığını soruşmuşdur. O da səmimi şəkildə etiraf edib özünün istifadəsi üçün evdə 1,5 qram tiryək alıb saxladığını bildirmiş, qoyduğu yeri də səmimi şəkildə başa salmışdır. O, arxa qapının kodunu bilmədiyini və müşahidə kamerası olduğu üçün polislərə qabaq qapıdan keçmələrini təklif etmişdir. Amma polis əməkdaşları hasardan tullanaraq mənzilinə daxil olmuşlar və evdən 1,5 qram tiryəki götürüb çölə çıxmışlar. Bu müddət ərzində onun özünü çöldə saxlamışlar. Sonra da onu evin qarşısından Polis Bölməsinə aparmışlar. Heybət isə elə oradan yoxa çıxmışdır. Polis Bölməsində onu təzyiq göstərən Şirəli və Elşad adlı polis əməkdaşları və adını bilmədiyi təhqiqatçı Şirəlinin onun qarşısına qoyduğu 8 qram çəkidə metamfetamini boynuna götürməyə məcbur etmişlər. O nə qədər etiraz etsə də hədə-qorxular altında məcbur olub onların təqdim etdiyi sənədləri imzalamışdır. Polislər həyətdən gedərkən həm də evə daxil olmaları barədə görüntülərin olduğu evlərindəki videomüşahidə kamerasının yaddaş qurğusunu da çıxardıb aparmışlar. O, heç bir İran vətəndaşını tanımır, bu kimi şəxslə əlaqəsi belə olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız narkotik vasitə tiryəkdən istifadə etmişdir. İbtida istintaqın əvvəlində onun adından yazılan və ona imzalatdırılmış ifadələr həqiqəti əks etdirmir. Sosial şəbəkədə heç bir Seyid adlı şəxslə tanış olmamışdır, bu adda heç bir şəxs tanımır. 1,5 qram tiryəki də metronun “Qara Qarayev” stansiyasının yaxınlığından götürməmişdir. Onun guya Seyid adlı şəxsin deyəcəyi yerlərə narkotik qoymaqla pul əldə etmək istəməsi barədə deyilənlər heç bir həqiqət deyil. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını, işinə obyektiv baxılaraq onda olmuş və səmimi olaraq etiraf etdiyi 1,5 qram tiryəkə görə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 dekabr 2022-ci il tarixdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat təxminən 01:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa- Nardaran yolunda yerləşən yeni yaşayış massivində nömrəsiz fərdi evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları ona külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu, 2 ədəd plastik bank kartını, şalvarın sağ yan cibindən isə psixotrop maddə metamfetamini, digərinin içərisində narkotik vasitə tiryək olan sellofan bükümləri təqdim etmiş və təqdim etdiklərindən başqa üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi sellofan bükümlərə baxış keçirildikdən sonra elektron tərəzi ilə çəkilərək zərfə qoyulmaqla qablaşdırılmışdır (cild 1, iş vərəqə 68-72). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirləri keçirilməsi üçün tərəfindən 08 dekabr 2022-ci il tarixdə qərar verilməklə idarə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında idarənin əməkdaşı ilə birlikdə 09 dekabr 2022-ci il tarixdə saat 01:30 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yolunda yerləşən yeni yaşayış massivində nömrəsiz evin yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılması barədə qərarla tanış edildikdən sonra ona üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmiş, sonuncu da etiraz etmədən əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd bank kartını, bir ədəd mobil telefonu, şalvarın sağ yan cibindən isə 2 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilən zaman bükümün birinin içərisində ağ rəngli kristall şəkilli metamfetaminə bənzər maddənin, digər bükümün içərisində isə qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərf üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə tiryək, digər sellofan bükümdə olan ağ rəngli kristall şəkilli maddənin isə metamfetamin olduğunu, həmin maddələri saxlanılmamışdan 4 gün əvvəl metronun “Qara Qarayev” stansiyasının yaxınlığından götürdüyünü, həmin maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Seyid adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin maddələri ona deyilən yerlərə qoymaqla 150 manat pul əldə etməli olduğunu bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələri satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə konkret faktlar müəyyən olunmamışdır. Polis əməkdaşlarının onların evinə daxil olub 1,5 qram tiryəki götürmələri və videomüşahidə kamerasının yaddaş qurğusunu çıxardıb aparmaları barədə təqsirləndirilən şəxsin ifadələri həqiqət deyildir. Onlar əslində Təqsirləndirilən şəxs evinə daxil olmamışlar. Əməliyyat keçirilərkən onların yanında Heybət adlı şəxs də olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərdi ki, 09 dekabr 2022-ci il tarixdə gecə saat təxminən 00:00-01:00 radələrində ailəsi ilə birlikdə evdə olmuşlar. Həmin vaxt Heybət adlı tanışından qardaşı Təqsirləndirilən şəxs zəng gəlmiş və sonuncu görüşüb danışmaq üçün çölə çıxmışdır. Qısa müddət sonra isə qapı döyülmüş və 11-12 nəfər mülki geyimli şəxslər evə daxil olmuşdur. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirsələr də bununla bağlı heç bir sənəd təqdim etməmişlər. Polis əməkdaşları evdə axtarış aparmağa başlamışlar və qardaşı Maarifin otağından tiryək aşkar etdiklərini bildirmişlər. Bu barədə bir az söhbət etdikdən sonra isə evdən çıxıb getmişlər. Polislər gedərkən həyətlərində quraşdırılan videokameranın yaddaş kartını da çıxarıb özləri ilə aparmışlar. Qardaşı Maarif əvvəllər narkotik vasitə istifadəçi olmuş, amma tutulmamışdan bir müddət əvvəl müalicə alaraq daha narkotik vasitə istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərdi ki, 09 dekabr 2022-ci il tarixdə təxminən saat təxminən 00:00-01:00 radələrində ailə üzvləri ilə birlikdə evdə olarkən qardaşı Maarifə zəng gəlmiş, sonuncu da həmin zəngdən sonra görüşüb danışmaq çölə çıxmışdır. Zəng edən şəxs Maarifin dostu Heybət olmuşdur. Az sonra təxminən 8-10 nəfər mülki geyimli şəxs “sakit olun polisdi” deyərək mənzilə daxil olmuş, mənzilin otaqlarını axtarmağa başlamış və qardaşının otağından balaca bir büküm aşkar etmişlər. Evdə axtarış aparılarkən Maarif evdə olmamışdır. Axtarışdan sonra çölə çıxanda Maarifin polis avtomobilində olduğunu görmüşdür. Maarifi polsilər evə gətirməmişlər. O, həmin bükümün içərisində nə olduğunu bilməmiş, lakin evdəki danışıqlardan onun tiryək olduğunu eşitmişdir. Təxminən dırnağın ucu boyda olan həmin bükümün çəkisinin nə qədər olduğunu bilməmişdir. Polislər evdən çıxarkən həyətlərində quraşdırılmış kameranın yaddaş kartını da götürüb getmişlər. Qardaşı Maarif əvvəllər narkotik vasitələrdən istifadə etsə də müalicə aldıqdan sonra istifadə etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 29-31, 55-56). Məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2022-ci il tarixli 6/6956 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,177 qram olan tündqəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, bir ədəd bükümdə təmiz çəkisi 7,891 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 7,481 qram, tiryəkin qalıq çəkisi 2,127 qram təşkil etmişdir (cild 1, iş vərəqə 39-45). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 dekabr 2022-ci il tarixli 7814 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 106-107). İbtidai istintaq orqanının 23 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən – cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 98). İbtidai istintaq orqanının 03 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin və onun əlbir olduğu “Seyid” adlı naməlum şəxs haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 171-172). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 84-85). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəni və narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni və narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Bakı şəhəri Sabunçu rayon Polis İdarsinin 42-ci Polis Bölməsinin 27 aprel 2023-cü il tarixli 1424 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni konkret olaraq kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə edilməsi, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 170). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların ədə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə 01 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək daxil olan və çıxan zənglərdən və smslərdən çıxarışlar, smslə ötürülən mesajların mətnləri, çıxarışda əks olunan abonentlərin anket məlumatları və ünvanları, həmin nömrənin qeyd edilən tarixlərdə hansı antenn dairələrində istifadə edilməsi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 15 dekabr 2022-ci il tarixli qərarı ilə təqdimat təmin edilmişdir. "xxxx" MMC-nin 06 mart 2023-cü il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar “CD” disk şəklində təqdim edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar, psixotrop maddənin və narkotik vasitənin satışı barədə danışıqların aparılması müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilərkən də cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (cild 1, iş vərəqə 54, 86-87, 90-91, 137,138). Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin növünün, çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin, psixotrop maddəni miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə psixotrop maddəni və narkoyik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs külli miqdarda - təmiz çəkisi 7,891 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 2,177 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, həmin maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan maddələri satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamla bağlı isə məhkəmə qeyd edir ki, həmin maddə ilə cinayət məsuliyyətinin yaranması üçün Məcəllənin 234.2, 234.3 və 234.3-1-i maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməlidir. Ona görə də satış məqsədini təsdiq edən heç bir sübutun olmadığı vəziyyətdə, ittiham tərəfinin belə əməlin həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlaməti ilə törədilməsinə dair israrının təkzibi üçün əlavə əsaslandırmaya zərurət olmaması qanuni və əsaslı qənaət kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə psixotrop maddənin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin ona heç bir aidiyyatının olmaması, narkotik vasitənin – tiryəkin isə yalnız 1,5 qramının ona aid olmasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə, digər mötəbər sübutların olmadığı bir vəziyyətdə polis əməkdaşlarının narkotik vasitəni – 1,5 qram çəkidə tiryəki təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar edib götürmələrinə dair mülahizələri müdafiə məqsədi ilə bağlı ifadə edilmiş mövqe kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 09 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 79-81). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 09 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,841 qram təşkil edən metamfetamin, qalıq çəkisi 2,127 qram təşkil edən tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 40, 192). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,841 qram təşkil edən metamfetamin və qalıq çəkisi 2,127 qram təşkil edən tiryək məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1192/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1192/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver