Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1193/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili X3, Zərərçəkmiş şəxs iştirakları ilə, « 01 » dekabr 2020-ci il Bakı şəhərində xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Alıbəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, nömrəsiz yeni tikili evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bünyadzadə küçəsində, nömrəsiz evin qarşı hissəsində qonşusu Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər söyləməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinə qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sol tərəfli pnevmohemotoraksa (sol döş boşluğuna sərbəst havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının ara divarının plerva boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs İlə bir məhlədə böyümüşlər, həmişə mehriban münasibətləri olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evin yaxınlığında olarkən qonşusu Burhanı görüb salamlaşmış və halını-əhvalını soruşmuşdur. Həmin vaxt Burhan onun salamını qəbul etməmiş və demişdir ki, “mən kişilərlə salamlaşıram”. O, Burhana “nə üçün mənimlə belə danışırsan, nəsə problem var” soruşmuş, Burhan isə yuxarı səs tonunda kobud şəkildə “çıx get, mənim başımı xarab eləmə” demişdir. Burhandan birdaha onunla nə üçün yuxarı tonda kobud şəkildə danışmasının səbəbini soruşanda, Burhan isə gözləmədiyi halda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman aralarında sözlü mübahisələri yaranmış, mübahisə zamanı Burhan yenə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan Burhan ona demişdir ki, məhəllədə olarkən onun salamını almamışdır.O, Burhana bildirmişdir ki, ola bilsin ona salam verəndə görməmişdir. O, çıxıb getmək istəyən zaman Burhan arxadan ayağı ilə onun ayağına vurmuş və o, yerə yıxılmışdır. O, ayağa qalxmış və Burhanla əlbə-yaxa olmuşlar. Burhan onun sinəsindən itələyərək onu yenə təhqir etmişdir. O, bir daha Burhana bildirmişdir ki, söyüş söymə, sonu pis nəticələnəcək. Lakin Burhan onu yenə söyəndə o, artıq dözməmiş, Burhanın səbəbsiz yerə onu söyməsinə əsəbləşərək üzərində olan açılıb-qatlanan bıçaqla sol kürək nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Burhanın yerə yıxıldığını görüb onu yerdən qaldırmış, birlikdə maşın yoluna tərəf getmiş və yoldan keçən tanımadığı taksi maşını saxladıb Burhanı həmin taksi maşınına əyləşdirmiş, taksi maşınının sürücüsünə pul vermişdir ki, Burhanı təcili Sabunçu rayon 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırsın. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bir məhlədə böyümüşlər, münasibətləri yaxşı olmuşdur. xx xxx 2020-cİ il tarixdə saat 21 radələrində məhəllədə olarkən Təqsirləndirilən şəxs gəlmiş və ona salam verib kefini soruşmuşdur. Həmin vaxt o, Camalın salamını qəbul etməmiş və demişdir ki, “mən kişilərlə salamlaşıram”. Həmin vaxt Camal nə üçün onunla belə danışdığını soruşmuş,o, Camala bildirmişdir ki, getsin. Onun Camala dediyi sözlərdən sonra aralarında sözlü mübahisələri yaranmışdır, mübahisə zamanı Camalın ünvanına nalayiq ifadələr işlətmişdir. Camal ona demişdir ki, “bu nə hərəkətdir, məni niyə söyürsən”. O, bir daha Camalı təhqir etmiş və demişdir kİ, məhəllədə olarkən onun salamını almamışdır. Camal heç-bir söz deməmiş və onun yanından çıxıb getmək istəyən zaman, o, Camalı alçaltmaq mənasında ayağı ilə ayağına vurmuşdur. Camal yerə yıxılmışdır. Həmin vaxt Camal ayağa qalxmış, bir biriləri ilə əlbə-yaxa olmuşlar. Camalı itələyərək “get işinlə məşğul ol” deyib yenə təhqir etmişdir. Camal həmin vaxt ona yenə söyüş söyməməsini tələb etmiş, o isə davam edəndə Camal özündə olan bıçağı çıxardıb onun sol kürək nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. O, yerə yıxılmışdır. Camal onu yerdən qaldırmış və birlikdə maşın yoluna tərəf getmişlər, Camal yoldan keçən tanımadığı taksi maşını saxlatmış, və o, həmin taksi maşınına əyləşmiş, Camal taksi maşınının sürücüsünə pul vermiş və demişdir ki, onu təcili Sabunçu rayon 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırsın. O, həmin taksi maşını ilə Sabunçu rayobn 3 saylı şəhər Klinik xəstəxanasına gəlmiş, xəstəxananın cərrahiyyə şöbəsində onu əməliyyat etmişlər. Həkimlər ondan necə xəsarət aldığını soruşmuşlar, o, həkimlərə demişdir ki, yıxılmışdır. Lakin bir neçə dəqiqədən sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, hadisəni tam təfərrüatı ilə polis əməkdaşlarına danışmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı Şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inispektoru vəzifəsində xidmət edir. xx xxx 2020-ci il tarixdə işlədiyi 12-ci PŞ-də xidmətdə olduğu zaman Sabunçu rayon 3 saylı şəhər Klinik Xəstəxanasından, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində Zərərçəkmiş şəxs döş qəfəsindən bıçaqlanaraq xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Abbas Məmmədovla birlikdə Sabunçu rayon 3 saylı şəhər Klinik Xəstəxanasına getmişlər, xəstəxananın cərrahiyə şöbəsində Zərərçəkmiş şəxs həqiqətəndə bıçaqlanaraq xəstəxanaya daxil olduğunu görmüşlər. Sorğu zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 21 radələrində Bünyadzadə küçəsində qonşusu Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə zamanı Camalın ünvanına nalayiq ifadələr İşlətmiş, Camalla aralarında yaranmış mübahisə zamanı Camal onu bıçaqlayaraq xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs bıçaqlanaraq xəsarət alması faktı əsasında toplanmış material təhqiqatçı Abbas Məmmədov tərəfindən İŞ-nə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatrİya xəstəxanasının xx.xx.2020-ci il tarixli, 5502 saylı məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, Zəngilan rayonu, Alıbəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinin xx.xx.2019-cu il tarixli, 71 nömrəli göstərişinə əsasən yuxarıda adı göstərilən xəstəxanaya stasionar müayinəyə qəbul olunub. xx.xx.2019-cu il tarixdə Hərbi Həkim Komossiyasına təqdim olunub və həmin tarixdə xəstəxanadan evə yazılıb. Diaqnoz: Hal-hazırda psixi xəstəlik aşkar edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 689 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sol tərəfli pnevmohemotoraksa (sol döş boşluğuna sərbəst havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının plerva boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşyanın (alətin), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Məhkəmə-trasoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 3/943 №-li rəyindən görünür ki,tədqiqata təqdim edilmiş koftanın və maykanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə bir tərəfi kəsici ucu deşıci xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə qeyd edilən xassəyə malik olan bıçaq tiyələri də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlə ona məxsus paltarların üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər. Kompleks Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli, 2024 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir.Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Özünə qarşı hörmət tələb etmək, ünsiyyətçilİk, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyşiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyindən onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidi dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, lakin onun şəxsiyyətini, əvvəllər məhkum olunmadığını və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq cəza şərti olaraq tətbiq edilməli və sınaq müddəti təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi, yəni 6 ay 1 gün ev dustaqlığında olduğu müddət təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut- Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta və bir ədəd mayka zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 110 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi, yəni 6 ay 1 gün ev dustaqlığında olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Maddi sübut- Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta və bir ədəd mayka zərərçəkmiş şəxsə qaytarılsın. Ekspertiza xərci 110 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-1193/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1193/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver