Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1193/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X2, tərcüməçi: X4 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Qabişev küçəsi ev 58-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 28,129 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, təxminən 26 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış, 06 yanvar 2021-ci il tarixdə həmin narkotik vasitəni satış məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Zabrat-1 dəmir yolu vağzalının ərazisinə qanunsuz olaraq üzərində daşımış, həmin tarixdə saat 17:55 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Nəqliyyatda Baş Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ ön cibində olan “Vinston” markalı siqaret qutusunun içərisində saxladığı səffaf sellofana bükülmüş təmiz çəkisi 28,129 qram külli miqdarda olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olduğu üçün mütəmadi olaraq narkotik vasitədən istifadə edir. Tutulduğu gündən təxminən 10 gün əvvəl Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində olarkən yerdən selofana bükülmüş vəziyyətdə bir bükülü tapmış, həmin bükümü açdıqda içərisində yarım qramdan az miqdarda heroinə oxşar maddə olduğunu görmüşdür. İstifadəçisi olduğuna görə heroini götürərək cibinə qoymuşdur. 06.01.2021-ci il tarixdə təxminən saat 17:55 radələrində Sabunçu rayonu, Zabrat-1 dəmir yolu stansiyasının ərazisinə gələrək stansiya ərazisində yerləşən yerüstü keçiddən keçərək yaşadığı evə getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Nəqliyyatda baş polis idarəsinə gətirilmişdir. Orada üzərində olan həmin yarım qramdan az miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı bildirmişdir ki, həmin heroini Maştağa qəsəbəsinin ərazisindən təxminən 10 gün əvvəl taparaq özünün istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və üzərindən aşkar olunmuş heroini satmaq fikri olmamışdır. O, heroini yalnız özünün istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərində 28 qram heroin olmamışdır, həmin 28 qramdan onun məlumatı yoxdur, onun üzərində yalnız özünün şəxsi istifadəsi üçün yarım qramdan az miqdarda heroin olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən əsasən heroindən istifadə etmiş, narkotik vasitəni iynə vasitəsi ilə bədəninin müxtəlif yerlərinə vurmaqla qəbul etmiş, tutulduğu gündən təxminən 10 gün əvvəl Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində olarkən yerdən selofana bükülmüş vəziyyətdə bir bükülü tapmış, həmin bükümü açdıqda içərisində heroinə oxşar maddə olduğunu görmüş, istifadəçisi olduğuna görə heroini götürərək cibinə qoymuş, bir miqdarını 06 yanvar 2021-ci il tarixədək müxtəlif vaxtlarda istifadə etmiş, sonra isə qalan hissəsini olduğu kimi saxlayaraq müxtəlif vaxtlarda istifadə etmək məqsədilə boş siqaret qutusunun içinə yerləşdirib cibində gəzdirmişdir. 06.01.2021-ci il tarixdə təxminən saat 17:55 radələrində Sabunçu rayonu, Zabrat-1 dəmir yolu stansiyasının ərazisinə gələrək həmin bükümdən bir istifadəlik götürərək hazırlayıb şpris vasitəsi ilə bədəninə vuraraq istifadə etmiş, daha sonra stansiya ərazisində yerləşən yerüstü keçiddən keçərək yaşadığı evə getmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Nəqliyyatda baş polis idarəsinə gətirilmiş, orada hüquq və vəzifələri izah edildikdən sonra xidməti iş otağında polis əməkdaşlarının, dəvət edilmiş hal şahidlərinin, tərcüməçinin və vəkilin iştirakı ilə ona üzərində olan bütün əşyaları çıxarıb stolun üzərinə qoyması təklif edilmiş, o əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd alışqanı, qara rəngli cins şalvarın sağ ön cibindən isə “Winston” markalı siqaret qutusunun içində olan həmin heroini masanın üzərinə qoymuşdur. Sorğu zamanı o bildirmişdir ki, əynində olan qara rəngli şalvarın sağ ön cibindən çıxardığı həmin siqaret qutusunun içərisində olan bir ədəd bükümün içərisində olan narkotik vasitə heroindir və həmin heroini Maştağa qəsəbəsinin ərazisindən təxminən 10 gün əvvəl taparaq özünün istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və zərfin ekspertizaya təqdim edilməsi üçün möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, NBPİnin Narkotiklərlə mübarizə şöbəsinin rəis müavini vəzifəsində işləyir. “Vladimir” adlı şəxsin Zabrat-1 dəmir yolu stansiyasının ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı satqısı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən dərhal bu barədə rəhbərliyə raportla məruzə olunaraq təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etdiyini bildirmişdir. O, həmçinin rəhbərliyin göstərişinə əsasən özünün, eləcə də NBPİ-nin Narkotiklərlə mübarizə şöbəsinin təcrübəli əməkdaşlarından ibarət qrup yaradılmasını, qərar qəbul olunduqdan sonra qrup üzvləri ilə Zabrat dəmir yolu vağzalına gedib Vladimir adlı şəxsi müəyyən edib onun ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 06 yanvar 2021-ci il tarixdə, saat təqribən 17 radələrində deyilən nişanələrdə olan bir nəfərin vağzalının ərazisinə gəldiyini və özünü şübhəli apaldığını müşahidə etmişlər, dərhal ona yaxınlaşıb özlərini təqdim etməklə Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildirməklə, həmin şəxsi NBPİ-nin inzibati binasına gəlməsi üçün dəvət etmişlər. Həmin şəxsi Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər və dəvət edilmiş hal şahidlərinin, müdafiəçinin, tərcüməçinin iştirakı ilə otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən “Winston” markalı siqaret qutusunun içindən bir ədəd bükümdə heroin aşkar edilmişdir. Sorğu zamanı Vladimir əynində olan qara rəngli şalvarın sağ ön cibindən çıxardığı həmin siqaret qutusunun içərisində olan bir ədəd bükümün içərisində olan narkotik vasitə heroin olmasını və həmin heroini Maştağa qəsəbəsinin ərazisindən tutulduğu gündən təxminən 10 gün əvvəl taparaq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotikə bənzər maddə ekspertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və zərf möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyi və doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə sahid qismində dindirilmiş Şahid5 və Şahid4 Qeorgiyeviç Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 yanvar 2021-ci ildə saat 19 radələrində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasının qarşısından keçərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə polis idarəsinə gətirilmiş bir nəfərin üzərinə baxış keçirilərkən hal şahidi kimi iştirak etmələrini ona təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq idarənin inzibati binasına daxil olmuş, orada sonradan adı onlara məlum olan Vladimir adlı şəxsin saxlandığını görmüşlər. Binada otaqlardan birində vəkilin, tərcüməçinin və digər hal şahidinin iştirakı ilə saxlanılan şəxsə və onlara hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis işçiləri Vladimirə üzərində narkotik vasitə varsa könüllü olaraq təqdim etməyi təklif etmiş, o əynində olan qara rəngli cins şalvarın sağ ön cibində olan “Winston” markalı siqaret qutusunun içindən bir ədəd bükümdə narkotikə bənzər maddəni masanın üzərinə qoymuşdiur. Sorğu zamanı Vladimir bildirmişdir ki, əynində olan qara rəngli şalvarın sağ ön cibindən çıxardığı həmin siqaret qutusunun içərisində olan bir ədəd bükümün içərisində olan narkotik vasitə heroindir və həmin heroini Maştağa qəsəbəsinin ərazisindən tutulduğu gündən təxminən 10 gün əvvəl taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o, həmin protokolu imzalamışdır. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmuinlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərərk tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli üzərinə şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ ön cibində olan “Vinston” markalı siqaret qutusunun içərisində olan bükümdə narkotik maddə olan heroin aşkar edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimiyəvi ekspertizasının 07 yanvar 2021-ci il tarixli 6/63 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir bükümdə təmiz çəkisi 28,129 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 28 yanvar 2021-ci il tarixli 279 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, onun üzərində yalnız yarım qramdan az narkotik vasitə heroin olması, həmin heroini yalnız özünün istifadəsi ilə üzərində saxlaması, satış məqsədilə narkotik vasitə əldə etməməsi, daşımaması, üzərində 28 qram narkotik vasitə heroin olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «şəxsi axtarış və götürmə haqqında» protokolda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 09.02.2015-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08.01.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 06.01.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – NBPİ-nin X6 Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 28,079 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109,90 manat (bir yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – NBPİ-nin X6 Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 28,079 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109,90 manat (bir yüz doqquz manat doxsan qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Məhkəmə istintaqı zamanı vəkilin haqqı Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X5 240 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1193/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1193/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver