Məhkəmə qərarları › İş №1(101)-1197/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1197/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1197/2022 04.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli Sərəncamının 1.377-ci bəndinə əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Fizuli rayonu, Əbdürrəhmanlı ərazi dairəsi, Kürdlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məcburi köçkünlərin məskunlaşdığı bağçada yaşamış, 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Nömrə 1” adlı kafedə əmisi Zərərçəkmiş şəxs həmin vaxt onlarla eyni masada əyləşmiş X4 ilə kobud zarafat etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edib, kafenin normal iş rejimini pozmaqla, masaya limon doğramaq bəhanəsi ilə gətizdirdiyi müəyyən olunmamış bıçağı əlinə alıb hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bıçaqla bir dəfə qəsdən vuraraq ona daxili qanaxma, nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının sağ yan səthindən qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnməklə yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib, xuliqanlıq niyyətilə qəsdən sağlamlığına ağır zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 21 fevral 2022-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evə gəlmiş, bu zaman digər əmisi Əliyarın oğlu Bayramın atası ilə avtomobili düzəltdiklərini görmüşdür. Bayram Lökbatan qəsəbəsində yerləşən iş yerinə gedəcəyini, lakin tək getmək istəmədiyini deyərək birlikdə getməyi təklif etmişdir. Buna görə də o, Bayramın idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə gəlmişdir. Həmin vaxt Bayrama zəng gəlmiş və sonuncu, artıq işə getməyə ehtiyac olmadığını demişdir. Bu vaxt Bayram ac olduğunu deyərək kafeyə gedib çörək yeməyi təklif etmiş, o da, Bayramla razılaşmışdır. Onların birlikdə kafeyə getdikləri barədə Bayram əmisi Adilə zəng edərək demiş və Adili də çağırmışdır. Daha sonra o, Bayramla Lökbatan qəsəbəsindəki “Nömrə 1” adlı kafeyə getmişlər. Oraya çatanda Adilin artıq həmin yerdə onları gözlədiyini görmüşlər. Onların üçü də kafeyə girib bir masada əyləşmiş, onunla Adil birlikdə pivə içməyə başlamış, Bayram isə yemək yemişdir. Masada əyləşən zaman Adil xoşagəlməz hərəkətlər etməyə və pis danışmağa başlamış, Bayrama əl-qol atmışdır. O, bir neçə dəfə Adilə xəbərdarlıq edərək, belə etməməsini və danışığına fikir verməsini bildirmişdir. Onun sözlərinə baxmayaraq, Adil yenə də öz hərəkətlərinə davam etmişdir. Təxminən saat 22 radələrində Bayram işdən zəng gəldiyini və getmək istədiyini demiş, masadan qalxaraq tualetə gedəcəyini və oradan da işə gedəcəyini bildirmişdir. Bayram tualetə gedən zaman o, kafedə işləyən ofisiantı çağırmış və limon gətirməsini, həmçinin limonu doğramaq üçün bıçaq da gətirməyi demişdir. Bir müddət sonra ofisiant bir ədəd bıçaq və limon gətirmişdir. O, limonu kənara qoyub bıçağı əlinə götürmüş və Adilin üzərinə getmişdir. O, Adilə “stolda oturan adama artıq hərəkət eləmək olmaz” demiş, onlar tutaşmış və bir-birini itələməyə başlamışlar. Bu zaman o, əlində olan bıçaqla bir dəfə Adilin qarın nahiyəsindən vurmuşdur. Bundan sonra orada olan şəxslər onları ayırmışlar. O, Adili vurduğu bıçaqla kafedən çıxmış və çöldə həmin bıçağı yerə atmışdır. Daha sonra Bayramın avtomobilin yanında dayandığını görüb ona yaxınlaşmış və avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Onlar birlikdə Bayramın idarə etdiyi avtomobillə Səngəçal istiqamətində hərəkət etmiş, bu zaman Bayram ona Adillə dalaşıb-dalaşmadığını soruşmuşdur. O isə, Bayrama Adillə mübahisə etdiyini və bıçaqla onu vurduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı oğludur, aralarında heç bir ədavət olmamışdır. 21 fevral 2022-ci il tarixdə saat 21 radələrində digər qardaşı Əliyarın oğlu Bayram ona zəng edərək, harada olduğunu soruşmuş və gedib yemək yeməyi təklif etmişdir. O da, Bayrama Lökbatan qəsəbəsindəki “Nömrə 1” adlı kafeyə gəlməsini demiş və özü də kafenin qarşısına getmişdir. Bir müddət sonra Bayram idarə etdiyi avtomobillə onun yanına gəlmiş, həmin vaxt avtomobildə Bayramdan başqa Şirvanın da olduğunu görmüşdür. Onlar görüşmüş və içəri keçib kafedə masaların birində əyləşmişlər. Masada onunla üzbəüz Bayram əyləşmiş, sol tərəfində isə Şirvan oturmuşdur. Onunla Şirvan pivə içmiş, Bayram isə avtomobil sürdüyü üçün yemək yeyərək pivə içməmişdir. Bir qədər oturduqdan sonra Bayram ayağa qalxaraq tualetə getdiyini və oradan evə gedəcəyini demişdir. Bayram kafedən çıxan kimi Şirvan orada olan ofisianta limon gətirməsini, doğramamasını, bıçaq gətirməsini və limonu özünün doğrayacağını demişdir. Şirvanın sözünə görə ofisiant limon və kiçik ölçülü bıçaq gətirmişdir. Həmin vaxt o, geriyə dönüb digər masada olan şəxslərlə söhbət etmişdir. Bu zaman Şirvan masada olan bıçağı götürüb, onun sağ qarın nahiyəsindən bir dəfə vurmuşdur. O, Şirvanı itələyib özündən kənarlaşdırmış, orada olan digər şəxslər Şirvanı ondan ayırmışlar. Sonra Şirvan kafedən çıxaraq uzaqlaşmışdır. O, bir müddət keçdikdən sonra Bayrama zəng etmiş və Şirvandan onu nə üçün vurmasını soruşmağı demişdir. Bayram da özünün xəbəri olmadığını demiş və sağollaşmışdır. Bundan sonra o, kafedən çıxıb piyada yaşadığı evə getmiş, evdə olarkən yarasının ağrıdığını, qanın dayanmadığını görmüş və paltarlarını dəyişib 1 saylı X9 getmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi olmadığını bildirdi, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma əmisi, Təqsirləndirilən şəxs isə digər əmisinin oğludur. 21 fevral 2022-ci il tarixdə saat 15 radələrində o, Şirvanın yaşadığı evdə atası Xanəhmədlə birlikdə avtomobil təmir etmiş, bu zaman Lökbatan qəsəbəsində yerləşən iş yerinə getməli olduğunu demişdir. O, Şirvana tək getmək istəmədiyini deyərək birlikdə getməyi təklif etmiş, Şirvanla birlikdə onun idarə etdiyi avtomobillə Lökbatan qəsəbəsinə gəlmişlər. Həmin vaxt ona işdən zəng gəlmiş və işə gəlməyinə ehtiyac olmadığını demişlər. Bu vaxt o, ac olduğunu deyərək kafeyə gedib çörək yeməyi təklif etmiş, Şirvan da onunla razılaşmışdır. O, əmisi Adilə zəng edərək harada olmasını soruşmuş, Adil “Nömrə 1” adlı kafedə olduğunu deyərək onları da çağırmışdır. O, Şirvanla birlikdə həmin kafeyə getmişlər. Həmin vaxt Adil onları qarşılamış, üçü də bir masada əyləşmişlər. Şirvanla Adil birlikdə pivə içməyə başlamış, o isə, içki içməyərək yemək yemişdir. Təxminən saat 22 radələrində ona işdən zəng gəlmiş və o, getmək istədiyini demişdir. Sonra masadan qalxaraq tualetə gedəcəyini, oradan da işə gedəcəyini demişdir. Şirvan ona həyətdə onu gözləməyi tapşırmışdır. O, tualetə gedib bir az orada qalmış, sonra isə gedib avtomobilin mühərrikini işə salıb Şirvanı gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra Şirvan da gəlib avtomobilə əyləşmişdir. Bir müddət sonra Adil ona zəng edərək Şirvanın onu bıçaqla vurduğunu demiş, amma hansı səbəbə vurduğunu bilmədiyini bildirərək, bunun səbəbini soruşmağı xahiş etmişdir. O, Adillə danışıb sağollaşdıqdan sonra Şirvandan nə üçün əmisini vurduğunu soruşmuş, Şirvan isə ona “səhv elədi, mən də vurdum” demişdir. Lakin o, Şirvanın Adili bıçaqla vurmasını əvvəlcədən bilməmiş, nəyə görə vurması da indiyə qədər onun üçün qaranlıq olaraq qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Nömrə 1” kafesinin ofisiantı Şahid2 ifadəsində bildirdi ki, 21 fevral 2022-ci il tarixdə saat 21 radələrində işdə olarkən adlarını sonradan bildiyi Adil, Şirvan və Bayram gəlib masada əyləşmişlər. Onlar pivə və yemək sifariş vermişlər. Həmin vaxt kafedə müdir Ramil və onun iki dostu başqa masada əyləşmişlər. Bir müddət sonra Şirvan onu çağırıb, limon və bıçaq gətirməyi xahiş etmişdir. O, Şirvana bıçaq verə bilməyəcəyini desə də, sonuncu, yenidən onu çağırmış və limonu özü istədiyi kimi doğrayacağını deyərək bıçaqla limon gətirməyi xahiş etmişdir. O da, Şirvan istədiyi üçün boşqaba bir ədəd limon qoymuş və sarı rəngli tutacağı kiçik ölçülü limon bıçağı ilə birlikdə aparıb Şirvanın qarşısına qoymuşdur. Həmçinin həmin vaxt kafedə ərzaq qurtardığı üçün yaxınlıqdakı marketə getmişdir. Bir müddət sonra geri qayıdan zaman orada Adil, Ramil və sonuncunun yanındakı iki nəfər şəxsin qaldığını, Adilin qarın nahiyəsindən qan axdığını görmüşdür. Sonradan bilmişdir ki, o, getdikdən sonra orada mübahisə yaranmış və Şirvan onun gətirdiyi limon doğramaq üçün olan bıçaqla Adili qarın nahiyəsindən vurmuşdur. Daha sonra Adil də orada qalmayıb evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Nömrə 1” kafesinin icarədarı Şahid3 hadisə baş verərkən iki nəfər dostu ilə birlikdə kafedə olduğunu bildirərək, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş 21 fevral 2022-ci il tarixli raporta əsasən, həmin tarixdə saat 23:45-də X5 həkim Kərimova Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu polis bölməsinə məlumat verərək, Lökbatan qəsəbəsi, «Qobu park» yaşayış kompleksində yaşayan 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahiyəsinin ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə müraciət etdiyini bildirmişdir. Həmin raport bölmənin cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 21 fevral 2022-ci il tarixdə, 532 nömrə altında qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 7). Cinayət işində olan 17 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək, kafedə olan zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onu bıçaqla vurmasını bildirib, sonuncunun üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqi 131-133). İş materiallarına əlavə edilmiş 23 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, sonuncu, cinayət hadisəsinin baş vermə ardıcıllığını əyani şəkildə hadisə yerində göstərmişdir. İstintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə; 45-48). Məhkəmə-tibbi ekspertizasının 20 aprel 2022-ci il tarixli 256 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - daxili qanaxma, nazik bağırsağın və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının sağ yan səthindən qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (ola bilsin bıçaq) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasmı nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılma nəticəsində törənməsi az inandırıcıdır (cild 1, iş vərəqi 122-123). Kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 aprel 2022-ci il tariixli 1028 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 125- 126). İş materiallarında olan 16 mart 2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli Sərəncamının 1.377-ci bəndinə əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 93-94, 96-101). Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər, CM-nin 221.3cü maddəsi ilə nəzərdə tutulmuş əməl isə az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağın olması, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi isə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli Sərəncamının 1.377-ci bəndinə əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Lakin o, qeyd olunan cəzadan azad olunduqdan sonra yuxarıda göstərilən əmələ görə məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən o, həmin tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin İstintaq şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə baxışı zamanı isə Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkillərə - vəkil Bəybala Cəbrayılova ödənilməli olan 300 (üç yüz) manat məbləğində, vəkil Müdafiəçi ödənilməli olan 90 (doxsan) manat məbləğində pul vəsaiti qeyd olunan vəkil bürolarının hesablarına köçürülməlidir. İş üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmə məsrəfləri - dövlət büdcəsinin vəsaiti hesabına Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini ibtidai istintaq zamanı həyata keçirmiş Bakı şəhəri, 10 saylı Vəkil Bürosunun vəkili X2 ödəniləcək 300 (üç yüz) manat və məhkəmə baxışı zamanı müdafiəsini həyata keçirmiş Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödəniləcək 90 (doxsan) manat pul vəsaiti qeyd olunan vəkil bürolarının hesablarına köçürülsün. İş üzrə maddi sübutların olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar