Məhkəmə qərarları › İş №1(101)-1197/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1197/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1197/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda - ümumi təmiz çəkisi 5,513 qram təşkil edən narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 3,241 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 31 avqust 2023-cü il tarixdə saat 15:40 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ərəblinski küçəsində özünü şübhəli apardığı üçün Azərbaycan Respublikası DİN X9 8-ci post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon Polis idarəsinin 14-cü Polis şöbəsinə gətirilmiş və polis şöbəsində videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd selofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,011 qram və 1,502 qram, ümumi təmiz çəkisi 5,513 qram təşkil edən qəhvəyi rəngli maddələr - xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd selofan bükümdə təmiz çəkisi 3,241 qram olan ağ rəngli kristallik formada maddə kütləsi - kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd üzərində psixotrop maddə olan metamfetaminin izləri olan qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində, həmçinin proses iştirakçılarının suallarına cavab olaraq göstərdi ki, hadisə ittiham aktında göstərilən kimi baş vermişdir. Ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəni məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı ona qarşı təsir və təzyiqlər olunmamışdır. Özü narkotik vasitə istifadəçisidir, buna görə özünü təqsirli bilir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsi barədə mövqeyi ilə əlaqədar məhkəmə iclasında onun ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, müəyyən bir müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 31 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən üzdən tanıdığı, lakin adını və digər məlumatları bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 150 manat pul ödəməklə 3 büküm mal almış, onlardan ikisi heroin, biri isə metamfetamin olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər polis geyim formasında ona yaxınlaşmış və X9 əməkdaşları kimi özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan sənədlərini təqdim etməyi tələb etmiş, lakin onda heç bir sənəd olmadığı üçün təqdim edə bilməmişdir. Daha sonra polis əməkdaşları onu 14-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində barəsində tutma protokolu tərtib edilmiş, vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra onu tutub polis bölməsinə gətirən əməkdaşların iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərində qanunla daşınması və gəzdirilməsi qadağan edilən əşya varsa, təqdim etməsi təklif olunmuş, o da, üzərində olan qara rəngli şalvarının sağ yan cibindən 3 selofanda olan bükülüləri və bir ədəd elektron tərəzini təqdim etmişdir. Bildirmişdir ki, 2 ədəd bükümdə olanlar heroin, bir ədəd bükülüdə olan isə metamfetamindir. Onları şəxsi istifadəsi üçün 150 manata Balaxanı qəsəbəsindən üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Daha sonra ondan aşkar edilən bükümlər və tərəzi zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. O, həm zərfi, həm də protokolu oxuyub tanış olduqdan sonra imzalamışdır (cild 1, iş vərəqi 48-50). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X9 8-ci postpatrul bölüyünün polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, 31 avqust 2023-cü il tarixdə saat 15:40 radələrində iş yoldaşı Şahid2la Maştağa qəsəbəsində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxsdən sənədlərini təqdim etməsini tələb etsələr də, o, heç bir sənədinin olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bundan sonra onlar həmin şəxsi Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra vəkil dəvət edilmiş və videoçəkilişlə onların iştirakı ilə şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 2 büküm heroini, bir büküm metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı o, həyat yoldaşını və anasını itirdikdən sonra narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, aşkar olunmuş maddələri tanımadığı şəxsdən 150 manata şəxsi istifadəsi üçün aldığını, tərəzini isə həmin maddələri alarkən aldanmamaqdan ötrü çəkisini müəyyən etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr və tərəzi zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X9 8-ci postpatrul bölüyünün polis nəfəri Şahid2 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilərək götürülməsi prosesində iştirak etdiyini bildirərək, həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü Polis şöbəsində «Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabı"nda 31 avqust 2023-cü il tarixdə 2295 nömrə ilə qeydiyyata alınmış raporta əsasən, Təqsirləndirilən şəxs 31 avqsut 2023-cü il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində özünü şübhəli apardığı üçün Azərbaycan Respublikası DİN X9 8-ci post-patrul bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 tərəfindən saxlanılmış və Sabunçu RPİ-nin 14-cü Polis şöbəsinə dəvət olunmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 31 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Sabunçu RPİ, 14-cü Polis şöbəsində vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki büküm heroin, bir büküm metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 22-23). Məhkəmə-kimyəvi ekspertizasının 01 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4641 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksləri, “..Saxlanılan (imza)..” yazıları və imzalar (4 imza) olan iki ədəd kağız zərfin içərisində 2 (iki) ədəd sellofan bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,011 qram, 1,502 qram ümumi təmiz çəkisi 5,513 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 3,241 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Bir ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahıl) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahıl) daxildir (cild 1, iş vərəqi 28-32). İbtidai istintaq orqanının 08 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 5,513 qram narkotik vasitə heroin, 3,241 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi subut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,313 qram çəkidə narkotik vasitə heroin, 3,141 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 74-79, 84). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 oktyabr 2023-cü il tarixli 6230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 72-73). Cinayət işinə əlavə edilmiş 04 sentyabr 2023-cü il tarixli bir ədəd videodiskə baxış keçirilməsi protokolundan görünür ki, polis bölməsində polis əməkdaşlarının iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmiş və şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qara rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşıdığı iki büküm narkotik vasitə heroini, bir büküm psixotrop maddə metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün 150 manata tanımadığı şəxsdən aldığını bildirmişdir (cild 1, iş vərəqi 66). Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Bətul və xx.xx.2021-ci il təvəllüdlü Mələk adlı iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 10 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs həyat yoldaşı X3, 12 aprel 2023-cü ildə isə anası X2 vəfat etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin arayışından, həmçinin ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X4 İ qrup gözdən əlildir, iki azyaşlı nəvələri hazırda babasının himayəsindədir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 15 sentyabr 2023-cü ii tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 68-69). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək hər hansı dəlil gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqların olmasını, həmçinin həyat yoldaşı və anasını itirməklə azyaşlı uşaqlarının gözdən əlil babasının yanında yaşamalarını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN X9 8-ci post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və Sabunçu rayon Polis idarəsinin 14-cü Polis şöbəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxsun 31 avqust 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 6230 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,313 qram çəkidə narkotik vasitə heroin, 3,141 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxsun şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 80 (səksən) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının ilkin mərhələsində Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 20 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Sabunçu RPİ-nin saxlancına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 5,313 qram çəkidə narkotik vasitə heroin, 3,141 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar