Məhkəmə qərarları › İş №1(101)-1199/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1199/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1199/2023 08.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 3,791 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:30-da Yasamal Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanının yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 3,791 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman narkotik vasitə hesab edilən heroin qəbul etmişdir. Hər dəfə narkotik vasitələri ayrı-ayrı şəxslərdən alıb qəbul etmiş və həmin şəxsləri tanımamışdır. Belə ki, tutulmamışdan əvvəl, Nəsimi rayonu ərazisində yerləşən "Kubinka" adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi narkotik vasitə satan bir nəfər şəxsə 50 manat ödəyərək öz istifadəsi üçün 01 ədəd ağ rəngli kağız parçasına bükülmüş 01 qram miqdarında narkotik vasitə - heroini almışdır. Həmin narkotik vasitəni ağ rəngli kağız parçasına bükülmüş vəziyyətdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamışdır. Bundan sonra 09 dekabr 2022-ci il tarixdə, saat 17- 18 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanda olan zaman polis əməkdaşları evə gələrək onun narkotik vasitələrin qanunsuz dövrüyəsində şübhəli olduğunu bildirməklə onu Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində 01 qram narkotik vasitə heroin olmuş, həmin heroin polis əməkdaşları tərəfindən ondan götürülmüş və qablaşdırılmışdır. Daha sonra təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazılmış, həmçinin protokol tərtib etməklə ona hüquq, vəzifələrinə dair müvafiq bildirişlər verilmiş və üzərinə şəxsi axtarışbaxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. O, saxlanılan zaman üzərində ittihamda qeyd edildiyi kimi 3,791 qram narkotik vasitə - heroin olmamış, onun üzərində yalnız 01 qram narkotik vasitə olmuşdur. Belə ki, mütəmadi olaraq şəxsi istifadəsi üçün narkotik vasitə aldığı üçün 50 manat müqabilində ona 01 qram narkotik vasitə - heroin verilə biləcəyini bilmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun əməlinin AR CM-in 234.1-1-ci maddəsindən AR CM-in 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin X2 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 09 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, Həsənov X10 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumata əsasən onun tərəfindən raportla Yasamal RPİnin rəhbərliyinə məruzə edilmişdir. Həmin məlumatın yoxlanılması, cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilmiş, onun rəhbərliyi altında bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid2 ilə birlikdə Polis idarəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. həmin gün, yəni xx.xx.2022- ci il tarixdə, saat 20:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanın yaxınlığında görüb ona yaxınlaşaraq özlərini təqdim etməklə onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini ona təqdim edib qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatların olduğunu bildirərək ona Yasamal RPl-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nə gətirilməsi barədə raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 həvalə olunmuşdur. X7 Yasamal RPİ-nin TŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından vəkil X11 tərəfindən hüquqlarının müdafiə edilməsini, bildirmişdir. X7 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X8 Yasamal RPİ-nə dəvət etmişdir. Sonra X7 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, X7 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X7 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını və özü barədə anket məlumatlarını bildirmişdir. Bundan sonra X7 tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış etmişdir. Ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinə tələblərini izah etməklə üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra X7 həmin bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində qəhvəyi rəngli maddə aşkar olunmuş, təhqiqatçısı X16 Həsənova təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni hansı şəraitdə, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Ariz Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümün içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılmış və "Zərflər üçün 42 nömrəli” möhürlə möhürlənərək üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o, özü də həmin zərfin üzərinə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X7 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o, özü də protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş bükümün içərisində olan maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş bükümün içərisində təmiz çəkisi 3,791 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. O özü və xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qaydada təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirilmiş, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanında ailəsi və qohumları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur, həbs olunana qədər bir ailədə Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanında yaşamışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanın yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına aparılmış və onun üzərindən narkotik vasitə olan heroin aşkarlanmış, həbs edilmişdir. O, Taleyin narkotik vasitə istifadəçisi olmasını, narkotik vasitələri necə və haradan əldə etməsini bilməmiş və bu cür halların şahidi olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanında ailəsi və qohumları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir, həbs olunana qədər bir ailədə Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi, ev 185 ünvanında yaşamışlar. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanın yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına aparılmış və onun üzərindən narkotik vasitə olan heroin aşkarlanmış, nəticədə barəsində cinayət işi başlanaraq 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda o, Bakı istintaq təcridxanasında saxlanılır. O, Taleyin narkotik vasitə istifadəçisi olmasını, narkotik vasitələri necə və haradan əldə etməsini bilməmiş və bu cür halların şahidi olmamışdır. Bu barədə o, tutulanda bilmişdir. Əri Təqsirləndirilən şəxs tutulanadək mobil telefon işlətməmiş, ***-***-**-** nömrəsinin əri Təqsirləndirilən şəxs, digər qohum və ya tanışları tərəfindən istifadə edilməsinə dair heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və ya digər qanunsuz əşya saxlamamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6989 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,791 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına həmin heroinin 0,05 qram çəkidə hissəsi sərf edilmiş, 3,741 qram çəkidə hissəsi qalıq qalmışdır. (iş vərəqə 47) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 107 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul etməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 129-130) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X4 Publik Hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 37 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb, həmin dövrə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 131-132) İş materiallarında olan xx.xx.2022-ci il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanda axtarış zamanı heç bir narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya və predmetlər aşkar olunmamış, bu barədə həmin tarixdə protokol tərtib edilmişdir. (iş vərəqə 110-115) İş materiallarında olan xx.xx.2022-ci tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində polis əməkdaşları tərəfindən ünvan 6 ünvanı yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs üstünə həmin gün, saat 22:45-da «İphone” markalı mobil telefon vasitəsi ilə çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümünün içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişdən istifadə edilməklə görüntülər 01 ədəd elektron məlumat daşıyıcısına köçürülüb protokola əlavə edilmişdir. İş materiallarında olan 01 ədəd DVD-R formatlı diskə köçürülmüş video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X5, həmin Yasamal Rayon Polis İdarəsinin NMBnin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil bürosunun vəkili X6 iştirakları ilə xx.xx.2022-ci il tarixdə saat 20:30-da şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində xx.xx.2022-ci il tarixdə saat 22:45-də şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “İphone” markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, X7 şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, Cinayət-Prosessual Məcəlləsinin həmin maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümünü təqdim edərək masanın üzərin qoyması, bundan sonra X7 tərəfindən həmin bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində qəhvəyi rəngli maddə aşkar olunması, təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirməsi, daha sonra X7 tərəfindən Taleh Həsənovun üzərində şəxsi axtarış aparması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, daha sonra təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən Taleh Həsənovun üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənməsi, qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Taleh Həsənov, müdafiəçi Toğrul Şimiyev, polis əməkdaşları və X7 tərəfindən imzalanması, X7 şübhəli şəxs Taleh Həsənovdan götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək materiala əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığı bildirməsi müşahidə olunur. (iş vərəqə 95) İş materiallarında olan Yasamal Rayon Polis İdarəsi tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirlərinin nəticəsinə dair istintaqa daxil olmuş xx.xx.2022-ci il tarixli, 091-80049- 1222 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin əldə etdiyi mənbəni, onun hansı şəxslərə narkotik vasitə satmağa cəhd etməsini və ya hansı şəxslərin onunla bu sahədə alış-veriş etməsini müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 116) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-1267/2022 saylı qərarından görünür ki, AR DİN Yasamal rayon Polis İdarəsinin X2 baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 09 dekabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 93) Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilməsi, saxlanılan zaman onun üzərində ittihamda qeyd edildiyi kimi 3,791 qram narkotik vasitə - heroin olmaması, yalnız 01 qram narkotik vasitə olması barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirməyə yönəlməklə həqiqəti əks etdirmir, özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, iş materiallarında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-1267/2022 saylı qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 6/6989 saylı rəyi, xx.xx.2022-ci tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, 01 ədəd DVD-R formatlı diskə köçürülmüş video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadə verərəkən özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmişdir. (iş vərəqə 69-71) Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(004)-1267/2022 saylı qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6989 saylı rəyi, xx.xx.2022-ci tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, 01 ədəd DVD-R formatlı diskə köçürülmüş video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X4 Publik Hüquqi şəxsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 37 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 107 saylı rəyi və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Təqsirləndirilən şəxs götürülmüş 01 bükümdə təmiz çəkisi 3,791 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan əldə etmiş və üzərində saxlamaqla daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbyacan Respublikası Respublikası CM-nin 207-ci maddəsinin 2-ci hissəsilə ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum olunmuşdur. xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli “Amnistiya haqqında” qərarına əsasən cəzadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2005-ci il təvəllüdlü X13 olmaqla iki övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 4(004)-1062/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 24, 83-85) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 107 saylı rəyə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 3,791 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədiqatından sonra qalıq qalmış 3,741 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış və götürmə protokolunun videoyazısı olan 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədiqatından sonra qalıq çəkisi 3,741 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu gündən, Təqsirləndirilən şəxs isə təqdim edildiyi gündən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar