Məhkəmə qərarları › İş №1(101)-120/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-120/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-120/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X3, Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Sabirabad rayonunun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 206.3.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri tamah niyyəti və satış məqsədi ilə külli miqdarda qanunsuz əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə, habelə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin xeyli miqdarda əldə olunub Azərbaycan Respublikasında satış məqsədi ilə saxlanılması barədə 2019-cu ilin aprel ayının əvvəllərində Şirvan şəhərində qeyrisi ilə və şəxsiyyəti məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə o, idarə etdiyi «VAZ-21901» markalı **-GK- *** dövlət qeydiyyat nişanlı avtomobillə xx xxxxx 2019-cu ildə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» gömrük postundan keçməklə Rusiya Federasiyasına getmiş, həmin tarixdə cinayətkar qrupun Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayan şəxsiyyəti məlum olmayan üzvündən və mənbədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, tərkibindəki sibutramin güclü təsir edən maddəsinin təsiredici miqdarı külli miqdarda, yəni 6,75 qram olan 45 konvalyutda 450 həb «Reduksin 15 mq» dərman preparatını satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi «VAZ-21901» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, sürət ötürücüsü qutusunun örtüyünün alt hissəsində olan boşluqda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altında olan örtüyün arxasındakı boşluqda, nəqliyyat vasitəsinin hava filtrinin içərisində, arxa sağ və sol qapılarda olan örtüklərin arxasındakı boşluqlarda və avtomobilin yük yerində olan ehtiyat təkərinin içərisində gizlədib saxlamaqla qeyrisi ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 23 radələrində Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayətkar qrupun digər üzvü və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxxxx 2019-cu ildə X4 Respublikasının Mahaçqala şəhərində şəxsiyyəti məlum olmayan eyni mənbədən xeyli miqdarda, ümumilikdə 1465,35 manat dəyərində, bir konvolyutun dəyəri 1,10 manat olmaqla 27,50 manat dəyərində 25 konvolyutda 250 həb “Sulğfasalazin 500 mq”, bir konvolyutun dəyəri 7,60 manat olmaqla 30,40 manat dəyərində 4 konvolyutda 60 həb “İzoptin 240 mq”, bir konvolyutun dəyəri 0,40 manat olmaqla 104 manat dəyərində 260 konvolyutda 2600 həb “Midantan 100 mq”, bir konvolyutun dəyəri 0,85 manat olmaqla 25,50 manat dəyərində 30 konvolyutda 300 həb “Diltiazem 60 mq”, bir konvolyutun dəyəri 13,40 manat olmaqla 120,60 manat dəyərində 9 konvolyutda 90 həb “Akatinol 10 mg”, bir konvolyutun dəyəri 10,33 manat olmaqla 123,96 manat dəyərində 12 konvolyutda 120 həb “Makmiror 200 mq”, bir konvolyutun dəyəri 1,10 manat olmaqla 55 manat dəyərində 50 konvolyutda 500 həb “Metiluraüil 500 mq”, bir kovolyutun dəyəri 0,74 manat olmaqla 13,32 manat dəyərində 18 konvolyutda 180 həb “Bellotaminal”, bir konvolyutun dəyəri 2,35 manat olmaqla 84,60 manat dəyərində 36 konvolyutda 360 həb “PK-Merü 100 mq”, bir konvolyutun dəyəri 0,94 manat olmaqla 18,80 manat dəyərində 20 konvolyutda 200 kapsul “Troxevazin 300 mq”, bir konvolyutun dəyəri 2,45 manat olmaqla 36,75 manat dəyərində 15 konvolyutda 90 həb və 90 kapsul “Femibion”, bir konvolyutun dəyəri 4,30 manat olmaqla 258 manat dəyərində 60 konvolyutda 600 həb “Salofalğk 500 mq”, bir konvolyutun dəyəri 1,30 manat olmaqla 78 manat dəyərində 60 ədəd şam “Salofalğk 500 mq”, bir qutusunun dəyəri 6,22 manat olmaqla 24,88 manat dəyərində 4 qutuda 20 ampula və 20 flakonda tozdan ibarət “Qonadotropin xorioniçeskiy 500 ME”, bir qutuda 95,35 manat dəyərində 30 ədəd paketdə gel “Androqelğ 50 mq”, bir flakonun dəyəri 30 manat olmaqla 90 manat dəyərində 3 ədəd flakon “Neuleptil 4%”, bir flakonun dəyəri 33 manat olmaqla 132 manat dəyərində 4 ədəd flakonda 400 həb “Madopar 250”, bir flakonun dəyəri 9,20 manat olmaqla 36,80 manat dəyərində ədəd 4 flakon “Lazolvan 7,5 mq/ml”, bir flakonun dəyəri 10,35 manat olmaqla 62,10 manat dəyərində 6 flakonda 600 həb “Kortef 10 mq”, bir flakonun dəyəri 2,40 manat olmaqla 12 manat dəyərində 5 flakonda 150 həb “Pikamilon 20 mq”, bir flakonun dəyəri 2,65 manat olmaqla 13,25 manat dəyərində 5 flakonda 150 həb “Pikamilon 50 mq” və bir konvolyutun dəyəri 1,25 manat olmaqla 22,50 manat dəyərində 18 konvolyutda 180 həb “Diltiazem 90 mq” adlı dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən xeyli miqdarda dərman vasitələrini tamah niyyəti və satış məqsədi ilə idarə etdiyi «VAZ-21901» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, sürət ötürücüsü qutusunun örtüyünün alt hissəsində olan boşluqda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altında olan örtüyün arxasındakı boşluqda, nəqliyyat vasitəsinin hava filtrinin içərisində, arxa sağ və sol qapılarda olan örtüklərin arxasındakı boşluqlarda və avtomobilin yük yerində olan ehtiyat təkərinin içərisində yerləşdirməklə saxlamış, həmin dərman vasitələrini Azərbaycan Respublikasında satmaq məqsədi ilə gətirərkən, həmin tarixdə saat 23 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi baş Gömrük İdarəsinin «Samur» gömrük postunda nəqliyyat vasitəsinə keçirilmiş gömrük nəzarəti zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş və idarə etdiyi “VAZ 21901” markalı, 99GK207 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Dağıstan Respublikasının Dərbənd və Maxaçqala şəhərlərinə sərnişin aparıb gətirmişdir. xx xxxxx 2019-cu il tarixdə Şirvan şəhərində, üçbarmaq adlanan yerdə dayanıb sərnişin gözlədiyi zaman bir nəfər Zaur adlı şəxs ona yaxınlaşıb Maxaçqala şəhərinə gedib-getməyəcəyini soruşmuşdur. O, sərnişin olduqdan sonra Maxaçqalaya gedəcəyini bildirmiş, Zaurla razılaşaraq birlikdə yola düşmüşlər. xx xxxxx 2019-cu il tarixdə idarə etdiyi maşınla “Samur” gömrük postundan keçərək Maxaçqala şəhərinə getmişlər. Oraya çatdıqdan sonra Zaur maşını saxlayıb onu gözləməsini tapşırmışdır. O, avtomobili bir yerdə saxlamış, Zaur isə maşından düşərək apteklərə tərəf getmişdir. Təqribən 1 saatdan sonra Zaur əlində bir ədəd böyük korobka ilə gəlmişdir. Həmin qutuda nə olduğunu soruşduqda, Zaur dərmanların olduğunu bildirmişdir. Əvvəlcə həmin dərmanları maşınında daşımaqdan qorxduğunu bildirsə də, sonradan razılaşmışdır. Zaur ona nəqliyyat vasitəsini bina evlərinin olduğu yerə sürməsimi istəmiş, həmin yerə çatdıqları zaman Zaurun təklifi ilə maşını saxlamışdır. Dayandıqları yerdə təkər təmiri sexi də olmuş, Zaur onun maşınından ehtiyat təkəri götürüb dərmanlarla birlikdə təkər təmiri sexinə getmişdir. Bir qədər keçdikdən sonra Zaur geri qayıtmış, dərmanların bir hissəsini təkərin içərisində gizlətdiyini demişdir. O da, həmin təkəri götürüb maşının yük yerinə qoymuşdur. Zaur ona yerdə qalan dərmanları maşındakı boşluqlarda gizlədə biləcəyini demiş, onunla bu barədə razılığa gəldikdən sonra aldığı dərmanların bir hissəsini nəqliyyat vasitəsinin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlara və ön paneldə bardaçok altında olan örtüyün arxasındakı boşluqlara yığmışdır. Zaur ona həmçinin hava filtrinin içərisində və arxa sağ və sol qapılarda olan örtüklərin arxasındakı boşluqlarda da həmin dərmanları gizlədə biləcəyini demiş, onlar birlikdə dərmanların qalan hissəsini həmin yerlərdə gizlətmişlər. Dərmanları gizlətdikdən sonra Azərbaycana gəlmək üçün birlikdə yola düşmüşlər. Yolda ikən onlar həm də bazarlıq etmiş və bir qədər ərzaq almışlar. Təqsirləndirilən şəxs ifadəsinə görə, xx xxxxx 2019-cu il tarixdə saat təqribən 23:00 radələrində onlar “Samur” gömrük postunun qarşısına çatmışlar. Burada Zaur əl yükü olan ərzaq mallarını götürüb nəqliyyat vasitəsindən düşmüş və postu piyada xətti ilə keçmişdir. O isə, idarə etdiyi nəqliyyat vasitəsi ilə postun idxal gömrük nəzarəti xəttinə daxil olmuşdur. Posta daxil olduqdan sonra burada gömrük işçisi ondan nəqliyyat vasitəsində nə olduğunu soruşmuş, o, maşında ərzaq malları olduğunu deyərək bu barədə tərtib olunan bəyannamədə qeyd etmişdir. Lakin gizlətdikləri dərmanlar barədə o, gömrük işçisinə heç nə deməmişdir. Bundan sonra gömrük əməkdaşları nəqliyyat vasitəsini yoxlamağa başlamış və bu zaman maşında və yük yerindəki təkərin içərisində gizlədilmiş dərmanları və dərman qutularını aşkar etmişlər. Həmin dərmanlar gizlədildiyi yerlərdən çıxarılıb baxış keçirilmiş, sayılmış və bunların 6 ədəd plastik qab və digər müxtəlif qablarda yığılmış çoxlu sayda dərman preparatları olması gömrük işçiləri tərəfindən müəyyən edilmişdir. Aşkar olunmuş dərman vasitələrinin adlarının hamısı onun yadında qalmamışdır. Lakin istintaqa verdiyi ifadələrində həmin dərmanların hamısının adları, növü və sayı dəqiq göstərilmişdir. Ona görə də istintaqda yerdiyi ifadələrini təsdiq edir, həmin ifadələri məhkəmədə verilmiş ifadələr kimi qəbul etməyi xahiş edir. Maşına baxış keçirilib qurtardıqdan sonra gömrük işçisi ona üstünün də yoxlanılacağını bildirmiş və onu postun şəxsi yoxlama otağına aparıb üzərini yoxlamışdır. Lakin yoxlama zamanı üzərindən qadağan olunmuş heç nə aşkar edilməmişdir. Bundan sonra, gömrük işçisi bu işlə bağlı müəyyən sənədlər tərtib etmiş, o da, həmin sənədləri imzalamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs Maxaçqala şəhərində olanda Zaurun ona dərmanları açıq şəkildə keçirməyin mümkün olmayacağını və həmin şəkildə gömrükdə saxlana biləcəklərini söylədiyini, ona görə də dərmanları gizlətməklə keçirdiklərini, həmin dərmanları onun razılığı ilə nəqliyyat vasitəsində gizlətdiklərini, Zaurun ona zəhmət haqqı olaraq 250 manat pul verəcəyini bildirdiyini və həmin pulu gömrük sərhədini keçdikdən sonra Azərbaycanda Zaurun ona verməli olduğunu, lakin yaxalandıqlarına görə həmin pulun ona verilmədiyini, törətdiyi əməldən peşman olduğunu ifadəsinə əlavə etdi. Məhkəmə iclasında barəsində ayrıca icraata cinayət işi ayrılmış X8 təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayının təxminən 7-8 tarixlərində Şirvan şəhərində yaşayan bibisi Alidə Əhmədovanın yaşadığı ünvana qonaq qismində gedib qalmışdır. Həmin tarixlərdə müxtəlif şəxslərə borcu olduğuna görə Dağıstan Respublikasının Mahacqala şəhərindən müxtəlif növ dərman preparatları alıb Bakı şəhərinə satmaq məqsədi ilə gətirmək qərarına gəlmişdir. Həmin ərəfədə onun istifadəsində avtomobil olmadığına görə o, bir tanımadığı taksi tutaraq Mahaçqalaya getmək üçün xx xxxxx 2019cu il tarixdə səhər saatlarında taksi kimi fəaliyyət göstərən «VAZ 21901» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxslə Mahacqalaya gedib-qayıtmaq barədə razılığa gəlmişdir. Təxminən saat 11 radələrində onlar «Samur» gömrük postuna çatmış, o, piyada ixrac xətti ilə, Natiq isə avtomobil nəzarət xətti ilə gömrük sərhədini keçmişlər. Daha sonra o, yenidən Natiqin avtomobilinə oturub Mahaçqala şəhərinə getmişlər. O, «Qızılyel» xəstəliyindən əziyyət çəkdiyi üçün dərman almaq fikrində olmuş, orada dərmanların qiymətləri ilə maraqlananda Azərbaycandan ucuz olduğunu görüb, bir qədər dərman vasitələri alıb Bakı şəhərində satmaq qərarına gəlmişdir. Gündüz saatlarında onlar şəhərə çatmış, müxtəlif apteklərdən hissə-hissə dərmanlar almışlar. Aldıqları dərmanların adları və sayı hazırda dəqiq yadında qalmasa da, həmin dərmanların hamısı onun istintaqa verdiyi ifadəsində göstərilmişdir. Həmin ifadəsini təsdiq edir və məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş edir. Dərmanları alandan sonra bilmişdir ki, onlardan biri güclü təsir edən dərmandır. Onlar apteklərdən həmin dərman preparatlarını aldıqdan sonra Natiqə dərmanları gömrükdən keçirmək lazım olduğunu bildirmiş, Natiq ondan bunun müqabilində nə qədər pul verəcəyini soruşmuşdur. O, dərmanları satdıqdan sonra təxminən 500 manat qazancı olacağını bildirərək, ona həmin gəlirin yarısını, yəni 250 manatı verəcəyini söyləmişdir. Natiq onunla razılaşmış, bundan sonra onlar sərhəd nəzarət məntəqəsinə çatmamış piyada xətlə gömrük postunu keçmək üçün maşından düşmüşdür. Natiq isə dərmanları avtomobilin müxtəlif yerlərində gizlətmiş, bundan sonra gömrük nəzarəti xəttinə daxil olmuşdur. O, «Samur» gömrük postundan piyada çıxdıqdan sonra təxminən 3-4 saat Natiqi gözləmiş, lakin sonuncunun ləngidiyini görüb gömrük əməkdaşlarının maşından dərmanları tapdığını fikirləşmiş, buna görə yoldan keçən bir taksiyə oturub yenidən Şirvan şəhərinə qayıtmışdır. Daha sonra başa düşmüşdür ki, Natiqin avtomobilində olan dərmanlar tutulmuşdur, buna görə o, sonradan Bakı şəhərinə qayıtmış, törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs Zaur Tapdıqov törətdiyi əməldən peşman olduğunu, maddi vəziyyəti çətin olduğuna görə bu yola əl atdığını, Şirvandan Mahaçqalaya gedəndə üzərində təxminən 3100 manat pul apardığını, borca düşdüyünə görə dərmanları satıb pul əldə etmək və borclarını qaytarmaq fikrinə düşdüyünü, xəstəliyi ilə əlaqədar Bakıda çox apteklərə gedib-gəldiyindən dərmanların qiymətlərini təxmini bildiyini, buna görə ucuz dərmanlardan aldığını, həmin dərmanların içərisində «Reduksin» dərman preparatının güclü təsir edən maddələrə aid olmasını bilmədiyini, Şirvanda olarkən Natiqə niyyəti barədə demədiyini, yalnız Mahaçqalaya çatıb orada dərmanları aldıqdan sonra Natiqin maşınında dərmanları keçirmək barədə razılığa gəldiyini, bunun üçün Natiqə 250 manat pul verəcəyinə razılaşdığını, dərman preparatlarını öz seçimi ilə aldığını və ona heç kimin dərman siyahısı vermədiyini, Natiqə dərmanları ümumi şəkildə verdiyini, sonra da Natiqlə birlikdə həmin dərmanları avtomobilin salonunda və yük yerində gizlətdiklərini, 2019-cu ilin aprel ayında Rusiyadan qayıtdıqdan sonra Təqsirləndirilən şəxslə görüşmədiyini, 2019-cu ildə iki dəfə eyni tarixdə Rusiya Federasiyasına gedib-gəlməsini adi təsadüflə izah etdiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən şahid Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Skanlaşdırma və Texiniki Nəzarət şöbəsinin inspektoru Şahid1 ifadəsində bildirdi ki, xx xxxxx 2019-cu il tarixdə “Samur” gömrük postunda növbədə olmuşdur. Saat 23 radələrində Rusiya Federasiyası istiqamətindən postun idxal gömrük nəzarəti xəttinə Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21901” markalı, 99GK207 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuş, o, həmin gün postun ixrac gömrük nəzarəti xəttində onunla birlikdə xidmət aparan baş müfəttii Şahid2 ilə birlikdə avtomaşının gömrük yoxlamasını həyata keçirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda sürət ötürücü qutusunun örtüyünün alt hissəsində olan boşluqlardan, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altındakı örtüyün arxasından, hava filtrinin içərisindən, arxa sağ və sol qapılarda olan örtüklərin arxasındakı boşluqlardan və ehtiyat təkərin içərisindən gömrük nəzarətindən gizlədilmiş dərman preparatları aşkar edilmişdir. Bundan sonra, Şahid2 baxışla bağlı protokol tərtib edərək aşkar olunmuş predmetləri götürmüşdür. O da, tərtib olunan protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin «Samur» gömrük postunun baş müfəttişi Şahid2 şahid Ceyhun Niftalıyevin məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, xx xxxxx 2019-cu il tarixdə “Samur” gömrük postunun qarşısında dayanıb gözləyərkən saat 23:30 radələrində bir nəfər gömrük işçisi ona və onun kimi fəhləlik edən Şahid4 yaxınlaşaraq “Samur” gömrük postunda keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. O, buna etiraz etməmiş və yoxlamada iştirak etmək üçün onunla birlikdə “Samur” gömrük postuna daxil olmuşlar. Posta daxil olduqdan sonra adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21901” markalı, 99GK207 dövlət nömrə nişanlı avtomaşının yoxlamasında iştirak etmişlər. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlardan, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altında olan örtüyün arxasındakı boşluqdan, hava filtrinin içərisindən, arxa sağ və sol qapılarda olan örtüklərin arxasındakı boşluqlardan və yük yerində olan ehtiyat təkərin içərisindən dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından götürülmüş dərmanların adları və sayı hazırda yadında qalmamışdır. Lakin dərmanların hamısı onun istintaqa verdiyi ifadəsində göstərilmişdir. Həmin ifadəsini təsdiq edir. Bundan sonra gömrük işçisi yoxlama ilə bağlı protokollar tərtib etmiş, aşkar olunmuş malların siyahısını tərtib etmiş, o da, həmin protokolu və siyahını imzalamışdır. Məhkəmə iclasında Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan və tədqiq edilərkən onun Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21901” markalı, 99GK207 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilən yoxlamada hal şahidi qismində iştirak etməsi və Şahid3 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verməsi müəyyən edildi (cild 1, iş vərəqi 82-85). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslər və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsində tərtib olunmuş xx xxxxx 2019-cu il tarixli yoxlama protokoluna əsasən, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21091» markalı 99GK207 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda, sürət ötürücüsü qutusunun örtüyünün alt hissəsində olan boşluqda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerin altında olan örtüyün arxasındakı boşluqda, nəqliyyat vasitəsinin hava filtrinin içərisində, arxa sağ və sol qapılarda olan örtüklərin arxasındakı boşluqlarda və avtomobilin yük yerində olan ehtiyat təkərinin içərisində müxtəlif adda və sayda dərman vasitələri aşkar edilib qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 11-13). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 9925/9926 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs…» sözləri olan bir ədəd polietilen paketdəki üzərində «Reduksin 15 mq» göstəricisi ola bir ədəd dərman konvolyutunda 10 ədəd dərman kapsullarının əsas təsiredici maddəsi sibutramindir və həmin kapsulların tərkibində sibutraminin təsir maddəsinin ümumi miqdarı 1,5 qram (bir ədəd kapsulda 0,015 qram, 450 ədəd kapsulda sibutraminin ümumi miqdarı 6,75 qram) təşkil edir. Sibutramin xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş digər dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundur (təsiredici maddələrinin adları 1 №-li cədvəldə göstərilmişdir), «Azərbaycan Respublikasınn ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları»na və «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları»na daxil deyildir. Tədqiqata təqdim olunmuş dərman preparatlarının qablaşdırılması üzərindəki göstəricilərə görə yararlıq müddəti keçməmişdir. Eyni zamanda müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 28 adda dərman preparatlarının ümumilikdə orta bazar qiyməti 3218,43 müəyyən edilir. Həmin dərman preparatlarının ayrıayrılıqda qiymətləri 2 №-li cədvəldə göstərilmişdir (cild 1, iş vərəqi 40-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X7» MMC-dən daxil olmuş xx.xx.2019cu il tarixli 03/7850 №-li məktubdan görünür ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd edilən dərman vasitələrindən dövlət qeydiyyatı olan «Pronoran» 50 mg №30 tab. (istehsalçı ölkə Servier, Fransa), istifadəsinə göstəriş – qocalıqla əlaqədar cüzi nevropatoloji pozğunluqların müalicəsi, aşağı ətrafların arteritində (gəzinti zamanı ağrılı qıcolmalarla müşaiyət olunan ayaq arteriyalarının xəstəlikləri) əlavə müalicə qismində, qan dövranı mənşəli oftalmoloji xəstəliklərdə, parkinson xəstəliyinin bəzi formalarında, «Niakom» 250mg/25mg tab. (istehsalçı ölkə Lek, Sloveniya), istifadəsinə göstəriş – parkinson xəstəliyinin və parkinsonizm sindromunun müalicəsi, «Struktum» 500 mg tab. (istehsalçı ödkə X11 Prodakşn, Fransa), istifadəsinə göstəriş - osteoartroz, onurğanın osteoxondrozu, «Lozap plus» 50 mg/12.5 mg №30 tab. (istehsalçı ölkə «Zentiva k.s.», Çexiya Respublikası), istifadəsinə göstəriş – arterial hipertenziya və sol mədəciyin hipertoniyası, «Solkovagin» 0.5ml (istehsalçı ölkə X1 GmbH, İsveçrə), istifadəsinə göstəriş – uşaqlıq boynunun səthi toxumalarının xoşxassəli zədələnmələri: servikal ektopiya, tranformasiya zonası, nabot kistaları, servikal kanalın polipləri, əməliyyatdan sonrakı qranulemalar Respublika ərazisində fəaliyyət göstərən aptek təşkilatlarından Tarif şurası tərəfindən təsdiqlənmiş qiymətlə həkim resepti əsasında buraxılır. Həmçinin qeyd olunan məktubda siyahıda qeyd olunan və ölkədə dövlət qeydiyyatı olmayan digər dərman vasitələri haqqında məlumatlar aşağıda göstərilən cədvəldə təqdim olunmuşdur (cild 1, iş vərəqi 91-92). İbtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işi üzrə götürülmüş 6 konvolyutda 180 həb «Pronoran 50 mg», 240 konvolyutda 2400 həb «Nakom 250mg/25mg», 6 konvolyutda 120 kapsul «Struktum 500 mg», 18 konvolyutda 270 həb «Lozap plus 50 mg + 12.5 mg», 2 qutuda 4 ampula «Solkovagin 0.5ml», 25 konvolyutda 250 həb “Sulğfasalazin 500 mq”, 4 konvolyutda 60 həb “İzoptin 240 mq”, 260 konvolyutda 2600 həb “Midantan 100 mq”, 30 konvolyutda 300 həb “Diltiazem 60 mq”, 9 konvolyutda 90 həb “Akatinol 10 mg”, 12 konvolyutda 120 həb “Makmiror 200 mq”, 50 konvolyutda 500 həb “Metiluraüil 500 mq”, 18 konvolyutda 180 həb “Bellotaminal”, 36 konvolyutda 360 həb “PK-Merü 100 mq”, 20 konvolyutda 200 kapsul “Troxevazin 300 mq”, 15 konvolyutda 90 həb və 90 kapsul “Femibion”, 60 konvolyutda 600 həb “Salofalğk 500 mq”, 12 konvolyutda 60 şam “Salofalğk 500 mq”, 4 qutuda 20 ampula və 20 flakonda tozdan ibarət “Qonadotropin xorioniçeskiy 500 ME”, 30 ədəd paketdə “Androqelğ 50 mq”, 3 flakon “Neuleptil 4%”, 4 flakonda 400 həb “Madopar 250”, 4 flakon “Lazolvan 7,5 mq/ml”, 6 flakonda 600 həb “Kortef 10 mq”, 5 flakonda 150 həb “Pikamilon 20 mq”, 5 flakonda 150 həb “Pikamilon 50 mq”, 18 konvolyutda 180 həb “Diltiazem 90 mq” və 45 konvalyutda 450 həb «Reduksin 15 mq» dərman vasitələri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinə təhvil verilmişdir (cild 1, iş vərəqi 205-217). Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş idarəsinin xx.xx.2020-ci il tarixli 1000-154/1xx-xx/020707 №-li məktubu nəzərə alınaraq, iş üzrə maddi sübut hesab edilmiş bütün dərman preparatlarının məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilməsi təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik informasiya idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 61). Yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirən məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırda qüvvədə olan “Dərman vasitələri haqqında” xx xxxxxx 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən bioloji və farmakoloji fəallığa malik təbii (bitki, heyvan mənşəli, mineral və s.), sintetik, biotexnoloji mənşəli dərman maddələri və ya onların qarışığı, o cümlədən immunobioloji dərman preparatları dərman vasitələri hesab edilir. Qanunun tələbinə əsasən, dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması, əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun olaraq tədrisə cəlb edilməsi və sertifikasiyadan keçirilməsi, dərman vasitələrinin dövlət qeydiyyatı, dərman vasitələrinin sertifikatlaşdırılmasının təşkili, dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi kimi üsullarla həyata keçirilir. Həmin Qanunun 6-cı maddəsinin tələbinə görə, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. Dövlət qeydiyyatına alınan dərman vasitələrinə orijinal dərman vasitələri, dərman vasitələrinin analoqları, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin yeni kombinasiyaları, dövlət qeydiyyatı müddəti bitmiş dərman vasitələri, dərman vasitələrinin istehsalında təsiredici maddə kimi istifadə olunan dərman maddələri (dərman substansiyaları) aiddir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 528 saylı Fərmanına əsasən “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qeyrisi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməklə idxal etdiyi preparatlar dərman preparatları sayılmaqla, Azərbaycan Respublikasına idxalına və satışına yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra yol verilə bilərdi. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4cü maddəsinə əsasən on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 200-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə ayrıayrılıqda azadlıqdan məhrum etmə növündə əsas cəza, CM-nin 200-1.2-ci maddəsi ilə həm də dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan, habelə qeyri-dövlət (özəl) tibbi fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsasən iş üzrə maddi sübut hesab edilmiş bütün dərman preparatlarının məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 181 (yüz səksən bir) manat 82 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab olunan 181 (yüz səksən bir) manat 82 qəpik məbləğində pul vəsaitinin yarısı, yəni 90 (doxsan) manat 91 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 206.3.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 200-1.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan, habelə qeyri-dövlət (özəl) tibbi fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan, habelə qeyri-dövlət (özəl) tibbi fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı hökmün çıxarıldığı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - 6 konvolyutda 180 həb «Pronoran 50 mg», 240konvolyutda 2400 həb «Nakom 250mg/25mg», 6 konvolyutda 120 kapsul «Struktum 500 mg», 18 konvolyutda 270 həb «Lozap plus 50 mg + 12.5 mg», 2 qutuda 4 ampula «Solkovagin 0.5ml», 25 konvolyutda 250 həb “Sulğfasalazin 500 mq”, 4 konvolyutda 60 həb “İzoptin 240 mq”, 260 konvolyutda 2600 həb “Midantan 100 mq”, 30 konvolyutda 300 həb “Diltiazem 60 mq”, 9 konvolyutda 90 həb “Akatinol 10 mg”, 12 konvolyutda 120 həb “Makmiror 200 mq”, 50 konvolyutda 500 həb “Metiluraüil 500 mq”, 18 konvolyutda 180 həb “Bellotaminal”, 36 konvolyutda 360 həb “PK-Merü 100 mq”, 20 konvolyutda 200 kapsul “Troxevazin 300 mq”, 15 konvolyutda 90 həb və 90 kapsul “Femibion”, 60 konvolyutda 600 həb “Salofalğk 500 mq”, 60 şam “Salofalğk 500 mq”, 4 qutuda 20 ampula və 20 flakonda tozdan ibarət “Qonadotropin xorioniçeskiy 500 ME”, 30 ədəd paketdə “Androqelğ 50 mq”, 3 flakon “Neuleptil 4%”, 4 flakonda 400 həb “Madopar 250”, 4 flakon “Lazolvan 7,5 mq/ml”, 6 flakonda 600 həb “Kortef 10 mq”, 5 flakonda 150 həb “Pikamilon 20 mq”, 5 flakonda 150 həb “Pikamilon 50 mq”, 18 konvolyutda 180 həb “Diltiazem 90 mq” və 45 konvalyutda 450 həb «Reduksin 15 mq» dərman preparatlarının məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri hesab olunan 181 (yüz səksən bir) manat 82 qəpik ekspertiza xərcinin yarısı, yəni 90 (doxsan) manat 91 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar